Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-438/2021 28.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı diplomun verilməsi tələbinə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus diplomun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2003-cü ildə daxili testlə Azərbaycan Respublikasının Azərbaycan Beynəlxalq Universitetinin «tarix və ictimaiyyət» fakultəsinə qiyabi qəbul olmuşdur. Belə ki, hər ay vaxtlı-vaxtında müntəzəm olaraq dərslərdə iştirak etmiş, təhsil haqqını vaxtlı-vaxtında keçirtmişdir. 5 il qiyabi təhsil aldıqdan sonra dövlət imtahanı olmuş, dövlət imtahanında hamı kimi o da iştirak etmişdir. Onlara bildirmişlər ki, “dövlət imtahanını keçibsən diplomunu 15 oktyabrdan 15 noyabra kimi gəlib götürərsən”. O, ailə qurduğundan, övladı azyaşlı olduğuna görə dedikləri ayda gedə bilməmişdir. Bir neçə vaxt keçmiş, diplomların verildiyi şöbəyə yaxınlaşmış və diplomunu istəmişdir. Hazır olduğunu, amma Azərbaycan Beynəlxalq Universitetə Nazirlikdən yoxlama gəldiyini bildirmiş, “sonra gəl götür” demişlər. O da insan olaraq anlayışla qəbul etmiş və evinə geri dönmüşdür. Bir müddətdən sonra eşitmişdir ki, Universitet bağlanıb, amma Universiteti bitirən şəxslərin və dövlət imtahanında iştirak edib keçən tələbələrin diplomu paylanır. O da dərhal təcili olaraq Universitetə getmiş və görmüşdür ki, onun kimi hər kəs diplomu üçün gəlib və sıra ilə diplomları verilir. Növbə ona gəldikdə bildirilmişdir ki, daxili test qrupasının bütün tələbələrinin qiymət vərəqəsi ilə birlikdə diplomunu təhvil vermişlər Azərbaycan Respublikasının Təhsil Nazirliyinə. O da getmişdir qiymət vərəqəsini Nazirlikdən almışdır, lakin diplomunu verməmişlər ki, bilinmir hardadır başqa vaxt gəlsin verilsin. Hər dəfə getmiş və günü bu günə kimi dəfələrlə yalandan ibarət sözlərlə get gəl ediblər onu. Azərbaycan Respublikasının Təhsil Nazirliyi qiymət vərəqəsini özü verdiyi halda və diplomunu da gəl götür dediyi halda sonradan onun işlərini Asiya Universitetinə yollamışlar deyə onu aldatmışlar. Hər dəfə belə yalanlarla onu günü bu günə kimi aldatmaqda davam edirlər. O, tənha qadındır, işləmir heç yerdə, bir övladı himayəsindədir. Övladının atası tərəfindən maddi dəstəyi yoxdur. Ona diplom lazımdır ki, sağlam ayağının üstündə durub işləsin, övladını boya başa çatdırsın. Uşağının elə yaşıdır ki, hazırlıqlara getməlidir təhsil almalıdır. Çarəsizlikdən məcbur qalıb iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı və cavabdehin səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: -Azərbaycan Respublikası vətəndaşının AZE ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1987-ci ildə Xanlar rayonunda doğulmuşdur. - Azərbaycan Beynəlxalq Universitetinin rektoru X1 ilə X2 arasında bağlanmış 23.08.2003-cü il tarixli müqavilədən görünür ki, Universitet İddiaçı əgər müsabiqədən keçərsə “Tarix və İctimaiyyət” ixtisasının qiyabı şöbə üzrə tələbə sırasına qəbul etməyi və onu ali təhsilli mütəxəssis kimi yetişdirmək üçün zəruri şərait yaratmağı öhdəsinə götürmüşdür. - Azərbaycan Beynəlxalq Universiteti tərəfindən verilmiş 03/548 №-li, 2003-cü il tarixli tələbə biletinin surətindən görünür ki, İddiaçı təhsil forması qiyabi olmaqla “Tarix və İctimaiyyət” fakültəsinin tələbəsi olmuşdur. - Azərbaycan Beynəlxalq Universitetinin fakultə dekanı tərəfindən verilmiş 04.09.2003-cü il tarixli, 3/228-1 nömrəli əmrin surətindən ki, 2003/2004-cü tədris ilində İddiaçı “Tarix və İctimaiyyət” fakültəsinin İ kursuna qəbul edilmiş, bölmə azərbaycan, təhsil forması qiyabi. Əsas TQDK-nın balı, Azərbaycan Respublikası Təhsil Qanununun 21-ci maddəsi, ATM Əsasnaməsinin 12-ci maddəsi, ABU-nun Nizamnaməsinin 6-cı maddəsi, qəbul komissiyasının protokolu. - Azərbaycan Beynəlxalq Universitetinin fakultə dekanı tərəfindən verilmiş 30.06.2004-cü il tarixli, 3/474-1 nömrəli əmrin surətindən ki, “Tarix və İctimaiyyət” fakültəsinin qiyabi şöbə üzrə İ kurs tələbəsi İddiaçı İ kursun tədris yükünü tam yerinə yetirdiyinə görə İİ kursa keçirilmişdir. - Azərbaycan Beynəlxalq Universitetinin fakultə dekanı tərəfindən verilmiş 01.07.2005-ci il tarixli, 3/784-1 nömrəli əmrin surətindən ki, “Tarix və İctimaiyyət” fakültəsinin qiyabi şöbə üzrə İİ kurs tələbəsi İddiaçı İİ kursun tədris yükünü tam yerinə yetirdiyinə görə İİİ kursa keçirilmişdir. - Azərbaycan Beynəlxalq Universitetinin fakultə dekanı tərəfindən verilmiş 30.06.2006-cı il tarixli, 3/564-1 nömrəli əmrin surətindən ki, “Tarix və İctimaiyyət” fakültəsinin qiyabi şöbə üzrə İİİ kurs tələbəsi İddiaçı İİİ kursun tədris yükünü tam yerinə yetirdiyinə görə İV kursa keçirilmişdir. - Azərbaycan Beynəlxalq Universitetinin fakultə dekanı tərəfindən verilmiş 30.06.2007-ci il tarixli, 3/926-1 nömrəli əmrin surətindən ki, “Tarix və İctimaiyyət” fakültəsinin qiyabi şöbə üzrə İV kurs tələbəsi İddiaçı İV kursun tədris yükünü tam yerinə yetirdiyinə görə V kursa keçirilmişdir. - 29.09.2003-cü, 25.01.2005-ci, 09.01.2006-cı, 02.06.2008-ci və 08.02.2008-ci il tarixli kassa mədaxil orderinin qəbzlərinin surətlərindən görünür ki, İddiaçı müvafiq olaraq 2003/2004-cü tərdis ili üçün (1-ci kurs) 1 188 000 manat, 2004/2005-ci tədris ili üçün (2-ci kurs) 1 188 000 manat, 2005/2006-cı tədris ili üçün (3-cü kurs) 220,80 manat və 2007/2008-ci tədris ili üçün (5-ci kurs) 116,20 manat təhsil haqqlarını Azərbaycan Beynəlxalq Universitetinin hesabına ödəmişdir. - Azərbaycan Beynəlxalq Universitetinin məzun tələbənin tədris planını icra etməsi haqqında fakültə dekanlığının arayışından görünür ki, İddiaçı 2003-2008-ci illərdə “Tarix və İctimaiyyət” ixtisası üzrə azərbaycan bölməsinin qiyabi şöbəsində “Tarix və İctimaiyyət” fakültəsində təhsil almışdır. Universitetdə oxuduğu müddətdə ixtisası üzrə Azərbaycan Respublikası Təhsil Nazirliyinin bakalavr pilləsi üçün 12.04.2000-ci il tarixdə təstiq etdiyi tədris planını tam yerinə yetirmiş, göstərilən nəzəri fənlər, praktik və laborator işlər və istehsalat təcrübəsi üzrə qiymətlər almışdır. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış A-5502/01/05-24 №-li, 18.07.2018-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Beynəlxalq Universitetinin Nazirlikdə olan arxivində onun adına diplom aşkar edilməmişdir. - Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış 18- 18-51/12 №-li, 28.08.2020-ci il tarixli məktubdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin Təhsil Nazirliyinə təqdim etdiyi tələbə kontingentinə aid məlumat bazasında İddiaçı adı aşkarlanmamışdır. Eyni zamanda 2007/2008-ci tədris ilinin “Tarix və ictimaiyyət” ixtisası üzrə buraxılış imtahanlarını müvəffiq qiymətlərlə başa vuran məzunların ali məktəbi bitirmiş hesab edilməsinə dair Azərbaycan Beynəlxalq Universitetinin əmrlərində İddiaçı adı qeyd edilməmişdir. - Azərbaycan Respublikası X5nin 04/04-08/1643 №-li, 05.08.2020-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Beynəlxalq Universitetinə tələbə qəbulu ləğv edilmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən 1998-2008-ci illərdə həyata keçirilmişdir. - Azərbaycan Respublikası X5 tərəfindən məhkəməyə ünvanlanmış 09/04-09/2804 №-li, 13.11.2020-ci il tarixli məktubdan görünür ki, 16 avqust 1987-ci il təvəllüdlü X3 (şəxsiyyət vəsiqəsinin FİN kodu: xxxxxxx) 2003-cü ildə ali təhsilin bakalavriat səviyyəsinə İİİ ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında iştirak etmiş, 700 ballıq şkala üzrə DT altqrupunda 103.519, XH altqrupunda 115.376 bal toplamış, heç bir təhsil müəssisəsinə qəbul olmamış və barəsində X5 (ləğv edilmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyası) tərəfindən hər hansı təhsil müəssisəsinə qəbul əmri verilməmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun: - 26.1-ci maddəsinə əsasən ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu vətəndaşların təhsil hüququnu tam təmin etməklə, müvafiq təhsil səviyyəsinə uyğun olan təhsil proqramlarını daha yaxşı mənimsəmiş qabiliyyətli və hazırlıqlı abituriyentlərin ixtisası və təhsil müəssisəsini sərbəst seçimi əsasında, bu Qanunun 26.5-ci və 26.5-3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, müsabiqə yolu ilə həyata keçirilir. - 26.2-ci maddəsinə əsasən ali və orta ixtisas təhsili müəssisələrinə, həmçinin hazırlıq qruplarına tələbə qəbulu biliyin qiymətləndirilməsi üzrə keçirilən imtahanlarda abituriyentlərin əldə etdikləri nəticələrə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. - 26.4-cü maddəsinə əsasən ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu zamanı abituriyentlərin əvvəlki təhsil pilləsində əldə etdikləri nailiyyətlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada nəzərə alınır. - 29.0.9-cü maddəsinə əsasən peşə, оrta iхtisas və ali təhsil müəssisələrinə müvafiq ixtisaslar üzrə tələbə qəbulunu müəyyənləşdirmək dövlətin vəzifəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 30 mart tarixli 72 nömrəli qərarı ilə təsdiq olunmuş və 21 yanvar 2011-ci il tarixədək qüvvədə olmuş “Ali təhsil müəssisəsi haqqında” Əsasnamənin: - 11-ci bəndinə əsasən dövlət ali təhsil müəssisələrində vətəndaşlar pulsuz təhsil almaq hüququna malikdirlər, həmin tədris müəssisələrində əlavə pullu təhsil qrupları da yaradıla bilər. Qeyri-dövlət ali təhsil müəssisələrində vətəndaşlar ödənişli və ödənişsiz təhsil ala bilərlər. Həmin müəssisələrdə ödəniş haqqının miqdarı onların rəhbərliyi tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasında ali məktəblərə tələbə qəbulu Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən müəyyən olunmuş qaydada həyata keçirilir. - 14-cü bəndinə əsasən ali təhsil müəssisələrinə qəbul olunmaq üçün minimal keçid balı Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 21 yanvar tarixli 9 nömrəli qərarı ilə təsdiq olunmuş və 15 yanvar 2019-cu il tarixədək qüvvədə olmuş “Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin 2.1-ci bəndinə əsasən ali təhsilin bakalavr səviyyəsinə tam orta təhsili və orta ixtisas təhsili olan şəxslər, magistratura səviyyəsinə isə bakalavr səviyyəsini bitirən şəxslər ixtisasın və təhsil müəssisəsinin sərbəst seçimi əsasında, müsabiqə yolu ilə, müəyyən olunmuş qaydada qəbul oluna bilərlər. Azərbaycan Respublikasında tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün ali təhsil müəssisələrinə tələbə qəbulu biliyin qiymətləndirilməsi üzrə keçirilən imtahanlarda abituriyentlərin əldə etdikləri nəticələrə əsasən Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən həyata keçirilir. Məhkəmə araşdırılması zamanı İddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada ali təhsil müəssisəsinə daxil olması, orada təhsil alması və oranı bitirməsi müəyyən edilməmişdir. Məhkəmə iddiaçının təqdim etdiyi təhsil müəssisəsi ilə bağlanmış 23.08.2003-cü il tarixli müqaviləni, mədaxil qəbzlərini isə təhsil müəssisəsinə daxil olmasının və təhsil almasının qanuniliyini təsdiq edən sübut kimi qəbul etmir. “İnzibati icraata haqqında” Azərbaycan Respublikası Qanunun 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. “Van de Huk Niderlanda qarşı” iş üzrə 19 aprel 1994-cü il tarixli Qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur . "Mahmudov Rusiyaya qarşı iş üzrə" İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 26.07.2007-ci il tarixli qərarında isə məhkəmə qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq affırmamti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçıya qanuni əsaslarla qəbul edilmiş, təhsilini başa vurmuş tələbələrlə eyni statusla yanaşılması “İnzibati icraata haqqında” Azərbaycan Respublikası 12.3-ci maddəsinin tələblərinə də zidd ola bilərdi. “İnzibati icraata haqqında” Azərbaycan Respublikası Qanunun 12.3-ci maddəsinin tələblərinə əsasən inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin əsası kimi istinad edilən hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından, cavabdeh inzibati orqanı tərəfindən qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilmədiyindən iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-438/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-438/2021
28.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver