Məhkəmə qərarları › İş №2-1(112)-4380/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4380/2020

14.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4380/2020 14.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdehnə qarşı «sənədlərin götürülməsi»nə dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdeh MTK-ya qarşı «sənədlərin götürülməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilmişdir ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdərəsinin “səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx xxxx 2020-ci il tarixli **********198642 nömrəli qərarı ilə Cavabdeh MTK-ya səyyar vergi yoxlaması təyin edilmişdir. AR Vergi Məcəlləsinin 42-ci maddəsinə əsasən vergi ödəyicisinə bu Məcəllə ilə müəyyən edilmiş qaydada x xxxxx 2020-ci il tarixli **********198657 nömrəli Tələbnamə təqdim edilmişdir. Lakin səyyar vergi yoxlaması zamanı yoxlama ilə əhatə edilən dövrdə tələb edilən aşağıdakı sənədlər: x xxxxxx 2017-ci il tarixdən x xxxxxx 2020-ci il tarixədək olan dövr üzrə gəlir və xərcləri təsdiq edən sənədlər, sərəncam, lisenziya, layihə-smeta sənədləri, işçi və eskiz layihə, podrat müqavilələri, sobrodrat müqavilələri, beton sınaq nəticələri, əmək müqavilələri, sədr, baş mühasib və maddi məsul şəxslər barədə məlumat, debitor və kreditor borclar barədə məlumatlar, qaimə-fakturalar, vergi hesab-fakturaları, YGB, təhvil-təslim aktları, ödəniş sənədləri, alış və atış sənədləri, satış müqavilələri, kassa sənədləri, bank sənədləri, əsas vəsaitlər – maşın mexanizmlər barədə məlumatlar, baş kitab, kassa kitabı, nəzarət kitabçası, dövriyyə cədvəlləri, elektron məlumat daşıyıcıları və digər ilkin mühasibat sənədləri yoxlamanı keçirən Baş İdarənin vəzifəli şəxslərinə təqdim edilməsindən imtina edildiyi üçün yoxlamanın keçirilməsi mümkün olmamışdır. Yoxlamanın aparılması üçün zəruri olan sənədlər təqdim edilmədiyindən, AR Vergi Məcəlləsinin 43-cü maddəsində nəzərdə tutulmuş qaydada “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx xxxxx 2020-ci il tarixli **********199126 nömrəli qərar çıxarılmışdır. Göstərilənlərə və AR Vergi Məcəlləsinin 43.11-ci maddəsinə əsaslanaraq, Cavabdeh MTK-da səyyar vergi yoxlamasının aparılması üçün zəruri olan sənədlərin (x xxxxxx 2017-ci il tarixdən x xxxxxx 2020-ci il tarixədək olan dövr üzrə gəlir və xərcləri təsdiq edən sənədlər, sərəncam, lisenziya, layihə-smeta sənədləri, işçi və eskiz layihə, podrat müqavilələri, sobrodrat müqavilələri, beton sınaq nəticələri, əmək müqavilələri, sədr, baş mühasib və maddi məsul şəxslər barədə məlumat, debitor və kreditor borclar barədə məlumatlar, qaimə-fakturalar, vergi hesab-fakturaları, YGB, təhvil-təslim aktları, ödəniş sənədləri, alış və atış sənədləri, satış müqavilələri, kassa sənədləri, bank sənədləri, əsas vəsaitlər – maşın mexanizmlər barədə məlumatlar, baş kitab, kassa kitabı, nəzarət kitabçası, dövriyyə cədvəlləri, elektron məlumat daşıyıcıları və digər ilkin mühasibat sənədləri) götürülməsinə dair qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinin icraatına daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət bildirilməsi üçün cavabdehə göndərilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxx 2019-cu il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikasının Antiinhisar və X3 Dövlət Agentliyi müvafiq dövlət xidmətləri statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilmiş və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yeni strukturu təsdiq edilmişdir. Fərmanla təsdiq olunmuş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturu”nda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti nəzərdə tutulmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının nümayəndəsi gəlmiş, cavabdeh tərəf isə gəlməmişdir. Məhkəmə iş materiallarına əsaslanaraq və İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, inzibati işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün saydı. İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə bildirişində məhkəməyə çağırılan şəxsin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyi halda da onun iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını arşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, İPM-in 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüquqları sırasındadır. Həmin Məcəllənin 36.1-ci maddəsinə görə vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Həmin Məcəllənin 42.1-ci maddəsinə görə səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 38.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. Sənədlərin və ya elektron faylların verilməsi barəsində tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 15 iş günü müddətində vergi orqanına təqdim etməlidir. Həmin Məcəllənin 42.2-ci maddəsinə görə səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının vəzifəli şəxsinə tələb olunan sənədlər vergi ödəyicisi tərəfindən bu Məcəllənin 42.1-ci maddəsinin ikinci abzasında göstərilən müddətdə təqdim edilmədikdə və ya həmin sənədlərin və ya elektron faylların onda olmaması vergi ödəyicisi tərəfindən bildirildikdə, yoxlamanı həyata keçirən vergi orqanının vəzifəli şəxsləri və vergi ödəyicisi tərəfindən imzalanan akt tərtib edilir. Vergi ödəyicisi həmin aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda qeyd edilir. Tərtib olunmuş aktın surəti vergi ödəyicisinə verilir. Tələb olunan sənədləri və ya surətlərini səyyar vergi yoxlamasının keçirildiyi müddətdə digər mənbələrdən əldə etmək mümkün olmadıqda, həmin akta əsasən vergi orqanının ödənilməli olan vergi məbləğlərini bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada müəyyən etmək hüququ vardır. Həmin Məcəllənin 42.3-cü maddəsinə görə səyyar vergi yoxlaması üçün zəruri olan vergi orqanı tərəfindən tələb edilən sənədlərin və ya elektron faylların vergi ödəyicisi tərəfindən vergi orqanına verilməsindən imtina edilməsi və ya bu Məcəllənin 42.1-ci maddəsində göstərilən müddətdə təqdim edilməməsi qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. Bu maddədə göstərilən qaydada sənədlərin və ya elektron faylların təqdim edilməsindən imtina edildikdə, səyyar vergi yoxlamasını həyata keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş qaydada sənədlərin götürülməsini həyata keçirə bilər. Həmin Məcəllənin 43.1-ci maddəsinə görə sənədlərin və nümunə kimi əşyaların götürülməsinə səyyar vergi yoxlaması və operativ vergi nəzarəti keçirildikdə yol verilir. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən səyyar vergi yoxlaması keçirildikdə yoxlamanın predmetinə aid olan və vergilərin hesablanması üçün tələb olunan vergi ödəyicisi tərəfindən təqdim olunan sənədlərin və əşyaların öyrənilməsinə əlavə vaxt tələb olunduğu halda, həmçinin təqdim olunmuş sənədlərdə vergi qanunvericiliyinin pozulması halları müəyyən edildikdə və ya bu pozuntular bilavasitə əşyalarla bağlı olduqda, səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 42ci maddəsinə müvafiq olaraq ona təqdim edilmiş sənədləri və nümunə kimi əşyaları götürə bilər. Vergi ödəyicisi tərəfindən yoxlamanı bilavasitə həyata keçirən vəzifəli şəxsə verilən sənədlərin və nümunə kimi əşyaların götürülməsi vergi orqanının rəhbərinin (onun müavininin) əsaslandırılmış qərarı ilə həyata keçirilir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən sənədlərin vergi ödəyicisi tərəfindən təsdiq olunmuş surətləri götürülür. Həmin Məcəllənin 43.4-cü maddəsinə görə sənədlər və nümunə kimi əşyalar vergi ödəyicisinin iş vaxtı (faktiki iş vaxtı) ərzində götürülür. Həmin Məcəllənin 43.5-ci maddəsinə əsasən səyyar vergi yoxlaması zamanı vergilərin hesablanması üçün zəruri olmayan sənədlərin və nümunə kimi əşyaların götürülməsi qadağandır. Həmin Məcəllənin 43.6-cı maddəsinə görə sənədlərin və nümunə kimi əşyaların götürülməsi sənədləri və əşyaları götürülən şəxslərin və (və ya) onların nümayəndələrinin iştirakı ilə həyata keçirilir. Zəruri hallarda sənədlərin və nümunə kimi əşyaların götürülməsində iştirak etmək üçün mütəxəssis dəvət oluna bilər. Həmin Məcəllənin 43.7-ci maddəsinə əsasən vergi orqanının vəzifəli şəxsi sənədlərin və nümunə kimi əşyaların götürülməsinə qədər götürülmə barədə vergi orqanının rəhbərinin (onun müavininin) əsaslandırılmış qərarını təqdim edir və iştirak edən şəxslərə onların hüquq və vəzifələrini izah edir. Həmin Məcəllənin 43.8-ci maddəsinə əsasən sənədlərin və nümunə kimi əşyaların götürülməsi barədə bu Məcəllənin 48-ci maddəsinin tələblərinə riayət etməklə protokol tərtib edilir. Həmin Məcəllənin 43.11-ci madddəsinə əsasən vergi ödəyicisinin bu maddədə nəzərdə tutulmuş qaydada sənədləri və əşyaları vermədiyi halda həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı madəssinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İşdə olan sənədlər əsasında aparılmış məhkəmə araşdırılması ilə müəyyən edilir ki, vergi orqanının qərarı ilə vergi ödəyicisi olan hazırkı Cavabdehndə 2017-ci ilin yanvar ayının 1-dən 2019-cu ilin dekabr ayının 1-dək olan fəaliyyət dövrü üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama zamanı tələb edilən sənədlər vergi orqanına tam təqdim edilmədiyindən, yoxlamanın keçirilməsi mümkün olmamışdır. MTK-ya Vergi Məcəlləsinin 42-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada x xxxxx 2020-ci il tarixli tələbnamə verilmişdir. Lakin tələbnamə üzrə tələb olunan sənədlər vergi orqanına tam təqdim edilməmişdir. AR Vergi Məcəlləsinin 23 və 43-cü maddələrinə əsasən “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx xxxxx 2020-ci il tarixli qərar qəbul edilmişdir. Bundan sonra hazırkı iddiaçı Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdeh MTK-dan sənədlərin götürülməsi tələbi ilə hazırkı iddianı qaldırmışdır. Məhkəmə tərəfindən sübut qismində qəbul edilmiş, iş materiallarında olan sənədlərə əsasən müəyyən edilir ki, səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlər iddiaçı Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qanunla müəyyən edilmiş qaydada cavabdehdən tələb edilsə də, cavabdeh tərəfindən vergi orqanına təqdim edilməmişdir. Məhkəmə işin faktiki hallarını sadalanan qanunvericilik normalarına tətbiq edərək, eləcə də vergi orqanı tərəfindən həyata keçirilən müvafiq səyyar vergi yoxlamasının tam, hərtərəfli və obyektiv apaarılması zəruriliyini nəzzərə alaraq belə qənaətə gəlir ki, iddiaçının tələbi qismən yəni, “elektron məlumat daşıyıcıları” hissəsi istisna olmaqla cavabdehdən müvafiq səyyar vergi yoxlamasının dövrünə və yoxlamanın predmetinə aid olan sənədlərin götürülməsi hissəsində əsaslıdır və təmin olunmalıdır. İddia tələbində “elektron məlumat daşıyıcıları”nın da götürülməsi göstərilsə də, məhkəmə həmin daşıyıcılarda digər məlumatların, o cümlədən şəxsi yazışma və bu qəbildən olan digər məlumatların olmasının istisna olunmadığını nəzərə alaraq, məhkəmə həmin hissədə iddianın təmin olunmamasını məqsədəuyğun sayır. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, Cavabdeh MTK-da səyyar vergi yoxlamasının aparılması üçün zəruri olan x xxxxxx 2017-ci il tarixdən x xxxxxx 2020-ci il tarixədək dövr üzrə gəlir və xərcləri təsdiq edən sənədlər, sərəncam, lisenziya, layihə-smeta sənədləri, işçi və eskiz layihə, podrat müqavilələri, sobrodrat müqavilələri, beton sınaq nəticələri, əmək müqavilələri, sədr, baş mühasib və maddi məsul şəxslər barədə məlumat, debitor və kreditor borclar barədə məlumatlar, qaimə-fakturalar, vergi hesab-fakturaları, YGB, təhvil-təslim aktları, ödəniş sənədləri, alış və atış sənədləri, satış müqavilələri, kassa sənədləri, bank sənədləri, əsas vəsaitlər – maşın mexanizmlər barədə məlumatlar, baş kitab, kassa kitabı, nəzarət kitabçası, dövriyyə cədvəlləri və digər ilkin mühasibat sənədləri gəmin qurumdan götürülməli, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. Cavabdeh MTK-da səyyar vergi yoxlamasının aparılması üçün zəruri olan x xxxxxx 2017-ci il tarixdən x xxxxxx 2020-ci il tarixədək dövr üzrə gəlir və xərcləri təsdiq edən sənədlər, sərəncam, lisenziya, layihə-smeta sənədləri, işçi və eskiz layihə, podrat müqavilələri, sobrodrat müqavilələri, beton sınaq nəticələri, əmək müqavilələri, sədr, baş mühasib və maddi məsul şəxslər barədə məlumat, debitor və kreditor borclar barədə məlumatlar, qaimə-fakturalar, vergi hesab-fakturaları, YGB, təhvil-təslim aktları, ödəniş sənədləri, alış və atış sənədləri, satış müqavilələri, kassa sənədləri, bank sənədləri, əsas vəsaitlər – maşın mexanizmlər barədə məlumatlar, baş kitab, kassa kitabı, nəzarət kitabçası, dövriyyə cədvəlləri və digər ilkin mühasibat sənədləri Cavabdeh MTK-dan götürülsün. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar