Məhkəmə qərarları › İş №2-1(112)-4380/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4380/2021

18.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4380/2021 18.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X7 nümayəndəsinin iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) qarşı “kompensasiyanın ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək sərəncamda olduğu dövrdə 24 noyabr 2012-ci il tarixdən 05 mart 2016-cı il tarixədək hərbi rütbə və axırıncı əsas vəzifə maaşları, həmçinin qanunla nəzərdə tutulmuş digər təminat növlərinə uyğun olaraq kompensasiyanın hesablanıb ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması tələbini irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, o, 01 mart 1992-ci il tarixdən 01 mart 2012-ci il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müxtəlif hərbi hissələrində zabit kimi həqiqi hərbi xidmətdə olub. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin müvafiq maddəsinə uyğun olaraq 2010-cu il tarixdə həqiqi hərbi xidmətdə olmanın son yaş həddinə çatmağına görə ehtiyyata buraxılmağını xahiş etsə də, 05 dekabr 2011-ci il tarixdə aşağı vəzifəyə keçirilib. 24 noyabr 2012-ci il tarixdə N saylı hərbi hissənin baş mühasibi vəzifəsindən Müdafiə Nazirinin müavinin sərəncamına keçirilməklə Azərbaycan Respublikası Müdafiə Nazirinin əmri ilə 05 mart 2016-ci il tarixədək sərəncamda olub. “Hərbi xidmətkeçmə haqqında ” əsasnamənin 156-cı maddəsinin “b” bəndinə əsasən 05 mart 2016-ci il tarixdən (yaşa görə) N saylı hərbi hissənin baş mühasibi vəzifəsindən ehtiyata tərxis olunub. O, 05 mart 2016-ci il tarixdə qanunsuz olaraq N saylı hərbi hissənin baş mühasibi vəzifəsindən tərxis olunduğu üçün yenidən əvvəlki vəzifəsindən Hərbi hava X2 rəisi, N saylı hərbi hissənin maliyyə xidmət rəisi vəzifəsindən məhkəmə qərarı icra olunaraq tərxis olunub. Sərəncamda olduğu 24 noyabr 2012-ci il tarixdən 05 mart 2016-ci il tarixədək o nə hər hansı vəzifəyə bərpa olunub, nə də ki qanunda nəzərdə tutulmuş müddətdə ehtiyata tərxis olunub. Uzun müddət hər hansı vəzifəyə bərpa oluna bilmədiyi və tərxis oluna bilmədiyim üçün heç bir gəlir əldə edə bilmədi. Həmin müddətdə maddi vəziyyəti ağırlaşmışdır. Ona sərəncamda olduğu müddətdə ödənilməyən əmək haqqımın və digər təminatlara görə müvafiq kompensasiyanın ödənilməsi ilə bağlı cavabdeh Müdafiə Nazirliyinə müraciət etsə də, cavabdeh əsassız olaraq boşdayanmaya görə ödənilməli olan əmək haqqını və digər təminatla üzrə ödənişlərin ödənilməsindən imtina etmişdir. 24 noyabr 2012-ci il tarixdən 05 mart 2016-ci il tarixədək Müdafiə Nazirliyinin vəzifəli şəxslərin səhlənkarlığı nəticəsində o sərəncamda qalıb. Halbuki, artıq 31 dekabr 2011-ci il tarixdə o, xidmətdə olmanın son yaş həddinə çatdığına görə "Hərbi xidmətkeçmə haqqında " əsasnamənin 156-cı maddəsinin "b" bəndinə əsasən Ordu Sıralarında tərxis olunmalı olduğu halda Müdafiə Nazirliyinin vəzifəli şəxslərin səhlənkarlığı nəticəsində dəfələrlə müraciət etməyinə baxmayaraq, onu tərxis etməyiblər. Hətta onun qanunsuz olaraq aşağı vəzifədən tərxis etdikləri üçün bu barədə məhkəməyə müraciət etdi və məhkəmə qərarı ilə sonuncu vəzifəsi ilə onu ordu sıralarından tərxis ediblər.

3. Cavabdeh tərəfindən iddiaya yazılı olaraq təqdim edilmiş etiraza əsasən bildirilmişdir ki, İddiaçı Oktay oğlu 20.02.2010-cu il tarixdən 15.03.2012-ci il tarixədək N nömrəli hərbi hissənin maliyyə xidmətinin rəisi vəzifəsində xidmət etmişdir. N nömrəli hərbi hissənin maliyyə xidməti rəisi kimi vəzifəsi - N nömrəli hərbi hissənin və onun tabeliyində olan 951, 952, 955, 981, 984, 988, 991, 998, 054, 411, N və N nömrəli hərbi hissələrin maliyə-təsərrüfat fəaliyyətinə rəhbərlik və nəzarət etməkdən ibarət olmuşdur. 2011-ci ilin oktyabr ayında Maliyyə Nazirliyinin mütəxəssisləri tərəfindən N nömrəli hərbi hissənin maliyyə xidmətində aparılan yoxlama zamanı hərbi hissənin maliyyə xidmətinin sabiq rəisi İddiaçı öz qulluq mövqeyindən istifadə edərək sənədləri saxtalaşdırmaqla külli miqdarda pul vəsaitinin talanmasına yol verdiyi müəyyən edilmişdir. Bakı Hərbi Məhkəməsinin 18.11.2014-cü il tarixli 1(093)-200/2014 nömrəli hökmü ilə İddiaçı öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş 399 937,12 (üç yüz doxsan doqquz min doqquz yüz otuz yeddi manat 12 qəpik) məbləğində dövlət vəsaitinin mənimsəmə və israf etmə yolu ilə talaması sübuta yetirilmişdir. İddiaçı Bakı Hərbi Məhkəməsinin 18.11.2014-cü il tarixli 1(093)- 200/2014 hökmü ilə Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təqsirli bilinib 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir və Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla ona təyin olunmuş cəza 2 il sınaq müddəti verilməklə şərti hesab edilmişdir. Xidməti fəaliyyətində yol verdiyi nöqsanlara görə iddiaçı Səfərov X5 nazirinin 31.12.2011 -ci il tarixli müvafiq əmri ilə iş həcmi az olan aşağı vəzifəyə - N nömrəli hərbi hissənin baş mühasibi vəzifəsinə təyin olunmuşdur. N nömrəli hərbi hissədə aşkar olunmuş dövlət vəsaitinin mənimsənilməsi hallarının araşdırılması, istintaq işlərinin yerinə yetirilməsi və məhkəmələrdə işə baxılması ilə əlaqədar İddiaçı Müdafiə nazirinin müvafiq əmri ilə 24.11.2012-ci il tarixdə N nömrəli hərbi hissənin baş mühasibi vəzifəsindən azad edilərək Müdafiə nazirinin müavininin sərəncamına götürülmüşdür. Əlavə olaraq nəzərinizə çatdırıram ki, Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 158-ci maddəsinin 11-ci abzasına əsasən barələrində istintaq işi aparılan, yaxud məhkəmədə cinayət işinə baxılan hərbi qulluqçular bu işlər üzrə qərar çıxarılanadək həqiqi hərbi xidmətdən buraxıla bilməzlər. Bu səbəbdən İddiaçı barəsində qəbul edilmiş Ali Məhkəmənin 12.02.2016-cı il tarixli qərarından sonra 05.03.2016-cı il tarixdə hərbi xidmətdən tərxis olunmuşdur. Azərbaycan Respublikası Müdafiə nazirinin 05.06.2002-ci il tarixli 220 nömrəli əmri ilə qüvvəyə minmiş və 19.10.2017-ci il tarixədək qüvvədə olmuş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi qulluqçuların pul təminatı haqqında” Əsasnamənin 68-ci maddəsinə uyğun olaraq sərəncamda olan hərbi qulluqçulara sərəncamda olmanın birinci 2 ayı üçün hərbi rütbə və vəzifə maaşları, sonrakı 2 ay üçün isə yalnız hərbi rütbə maaşları ödənilir. Sərəncamda olmanın birinci 2 ayı bitdikdən sonra zabitlərin vəzifə maaşları sonrakı iki ay ərzində Müdafiə nazirinin və ya onun müavinlərinin qərarı ilə ödənilir. Müdafiə Nazirliyinin İşlər İdarəsindən aldığımız məlumata görə sərəncamda olduğu dövrdə İddiaçı aşağıda göstərilən pul təminatı və digər təminat növləri ödənilmişdir: 2012-ci ilin dekabr və 2013-cü ilin yanvar-mart ayları (cəmi 4 ay) üzrə pul təminatı; 2013-cü ildə 43 gün, 2014-cü ildə 30 gün, 2015-ci ildə 45 gün və 2016-cı ildə 45 gün məzuniyyətə çıxarkən həmin dövrlər üçün aylıq pul təminatı; 2012-2016-cı illər üzrə maddi yardım; 2012-2016-cı illər üzrə məzuniyyətə çıxarkən əlavə pul təminatı. Bundan əlavə sərəncamda olduğu bütün dövr ərzində İddiaçı hər ay ərzaq payı əvəzinə pul kompensasiyası və müharibə veteranları üçün nəzərdə tutulmuş müavinət tam həcmdə ödənilmişdir. Ümumilikdə İddiaçı sərəncamda olduğu (24.11.2012-05.03.2016cı il) dövrdə Müdafiə Nazirliyi tərəfindən ona 16881,43 manat məbləğində pul vəsaiti ödənilmişdir. “Hərbi qulluqçulara hər il ödənilən qoşunların yüksək döyüş hazırlığının saxlanılması, xidməti vəzifələrin vicdanla yerinə yetirilməsi və nöqsansız intizama görə birdəfəlik pul mükafatı”- törətdiyi cinayətə və yol verdiyi nöqsanlara görə İddiaçı ödənilməmişdir. Eyni zamanda nəzərinizə çatdırıram ki, sərəncamda olduğu dövrdə İddiaçı aparılan istintaq işləri ilə əlaqədar hər hansı bir xidməti vəzifəni icra etməmişdir. Sərəncamda olduğu dövrdə Bakı Hərbi Məhkəməsinin 18.11.2014-cü il tarixli 1(093)- 200/2014 hökmündən göründüyü kimi İddiaçı cinayət işi ilə əlaqədar 10.02.2014-cü il tarixdən 18.03.2014-cü il tarixədək (1 ay 8 gün) həbsdə, 18.03.2014-cü il tarixdən 18.11.2014-cü il tarixədək (8 ay) ev dustaqlığında olmuşdur. İddiaçı öz iddia ərizəsində göstərir ki, o sərəncamda olduğu müddətdə heç bir gəlir əldə edə bilməmiş və onun maddi vəziyyəti ağırlaşmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı 24.11.2012-ci il tarixdən 05.03.2016-cı il tarixədək cəmi 39 ay sərəncamda olmuşdur. Sərəncamda olduğu dövrdən həbsdə və ev dustaqlığında olduğu 9 ayı çıxandan sonra, cəmi 30 ay sərəncamda olmuşdur və bu müddət ərzində onun alıq gəliri orta hesabla 562,71 manat olmuşdur (16881,43:30=562,71). Bundan əlavə İddiaçı iddia edir ki, cavabdeh əsassız olaraq boşdayanmaya görə ödənilməli olan əmək haqqının və digər təminatlar üzrə ödənişlərin ödənilməsindən imtina etmişdir. Bu düzgün deyil, belə ki: birinci - Əmək Məcəlləsinin 169-cu maddəsinə uyğun olaraq işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir; ikinci - Əmək Məcəlləsinin 62-ci maddəsinin 3-cü hissəsinə uyğun olaraq işdən kənar edilən vaxt ərzində işçiyə əmək haqqı ödənilmir. Göründüyü kimi xidməti fəaliyyətində yol verdiyi nöqsanlara görə iddiaçı Səfərov X5 nazirinin 24.11.2012-ci il tarixli müvafiq əmri ilə tutduğu vəzifədən kənarlaşdırılaraq sərəncama çıxarılmışdır. Bundan əlavə hərbi qulluqçulara əmək haqqı deyil, pul təminatı ödənilir. Onu da qeyd etmək istəyirəm ki, Əmək Məcəlləsinin 6-cı maddəsinin "a" bəndinə uyğun olaraq Əmək Məcəlləsi hərbi qulluqçulara şamil edilmir. Müdafiə nazirinin 05.06.2002-ci il tarixli 220 nömrəli əmri ilə qüvvəyə minmiş və 19.10.2017-ci il tarixədək qüvvədə olmuş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi qulluqçuların pul təminatı haqqında” Əsasnamənin 82-ci maddəsinə əsasən istintaq və məhkəmə orqanları tərəfindən həbs edilmiş hərbi qulluqçulara həbs olunma günündən pul təminatı ödənişi dayandırılır. Əsasnamənin 84-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə cinayət törədilməsində təqsirli bilinən hərbi qulluqçulara həbsdə olma müddəti üçün pul təminatı məhkəmənin tətbiq etdiyi cəza tədbirinin xarakterindən asılı olmayaraq, o cümlədən şərti məhkum etmə haqqında hökm çıxarıldığı halda da ödənilmir. Nəticə olaraq bildirirəm ki, İddiaçı Müdafiə Nazirliyinə qarşı kompensasiyanın ödənilməsi tələbinə dair iddiası əsassızdır. 1 saylı Bakı inzibati-iqtisadi Məhkəməsinin 2-1 (81 )-3195/2017 nömrəli, 17 iyul 2017-ci il tarixli qərarı tam həcmdə icra olunmuşdur. Belə ki, İddiaçı Müdafiə nazirinin 30.12.2017-ci il tarixli müvafiq əmri ilə N nömrəli hərbi hissənin maliyyə xidməti rəisi vəzifəsindən ehtiyata buraxılmışdır və N nömrəli hərbi hissənin maliyyə xidməti rəisi vəzifəsi üzrə vəzifə maaşı əsas götürülməklə 21.02.2018-ci il tarixdə məlumat vərəqi tərtib olunaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsinə göndərilmişdir. Bu səbəbdən iddiaçıya kompensasiyanın ödənilməsinə aid iddia ərizəsinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

4. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də məhkəmə baxış iclasında iştirak edən iddiaçı, eləcə də onun vəkili (nümayəndəsi) iddia tələbinin məzmununa uyğun olaraq izahat verərək cavabdeh qurum tərəfindən ona 24 noyabr 2012-ci il tarixdən 05 mart 2016-cı il tarixədək olan dövr üzrə N saylı hərbi hissənin maliyyə xidmətinin rəisi kimi hərbi rütbə və axırıncı əsas vəzifə maaşları, həmçinin qanunla nəzərdə tutulmuş digər təminat növlərinə uyğun olaraq kompensasiya ödəməli olduğunu, qeyd edilən müddətdə cəmi 16881,43 (on altı min səkkiz yüz səksən bir manat qırx üç qəpik) manat ödənildiyini bildirdi.

5. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də məhkəmə baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etdi.

6. Cavabdeh tərəfindən iddiaya etiraz olaraq iddiaçının məhkumluğuna dair məhkəmə aktları təqdim edilmişdir. Həmin aktlara əsasən, İddiaçı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təqsirli bilinib müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 10 fevral 2014-cü il tarixdən 18 mart 2014-cü il tarixədək həbsdə saxlanıldığı və 18 mart 2014-cü il tarixdən 18 noyabr 2014-cü il tarixədək ev dustaqlığında olduğu müddət ona təyin olunan cəzadan çıxılmaqla qəti cəza təyin edilmiş, elədə də İddiaçı Müdafiə Nazirliyinin büdcəsinə artıq olaraq ödədiyi 339.847, 26 manat ona qaytarılması müəyyən edilmişdir.

7. Məhkəmənin hazırki iş üzrə 23.02.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi üçüncü şəxs qismində cəlb edilmişdir. Üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişdir.

II. İddianın növü və mümkünlüyü

8. İddianın növü İPM-in 2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddiadır.

9. İddianın mümkünlüyünü istisna edən şərt yoxdur. İddia mümkündür.

III. Məhkəmə tərəfindən tədqiq olunan sübutlar

10. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3195/2017 saylı iş üzrə qəbul etdiyi 17.07.2017-ci il tarixli qərarı ilə İddiaçı N saylı hərbi hissənin maliyyə xidməti vəzifəsindən azad edilərək N saylı hərbi hissəyə baş mühasib vəzifəsinə təyin olunması barədə Azərbaycan Respublikası Müdafiə Nazirinin 0418 nömrəli 24.11.2012-ci il tarixli əmrin ona aid hissəsində etibarsız hesab edilməsi və ehtiyata buraxılmağı barədə Azərbaycan Respublikası Müdafiə Nazirinin 098 №-li 09.02.2016-cı il tarixli əmrində dəyişiklik edilərək onun “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “b” bəndinə (yaşa görə) uyğun olaraq ehtiyata buraxılmaq hüququnun yarandığı vaxta – 22.12.2010-cu il tarixə yuxarı vəzifədən – N saylı hərbi hissənin “maliyyə xidməti rəisi” vəzifəsindən ehtiyata buraxılmaq haqqında yeni əmr verilməsi və N saylı hərbi hissənin maliyyə xidməti rəisi vəzifə maaşı əsas götürülməklə yeni məlumat vərəqəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə göndərilməsi vəzifəsinin (həmin vəzifədə xidmət edərkən aldığı pul təminatının bütün növləri göstərilmək şərti ilə) Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilmişdir. Həmin qərar hazırda qüvvədədir (iş hazırda Bakı İnzibati Məhkəməsinin arxivindədir və hazırlıq icraatı zamanı məhkəmə tərəfindən iş materiallarına baxış keçirilmişdir). Qeyd edilən iddiaya Müdafiə Nazirliyinin nümayəndəsi tərəfindən yazılı münasibət bildirilərək qeyd edilmişdir ki, iddiaçının 48 yaşı tamam olduğuna görə ehtiyata buraxılmaq arzusunu bildirsə də, müvafiq vəzifəli şəxslər tərəfindən aidiyyəti üzrə vəsatət verilməmiş, bu səbəbdən iddianın təmin olunmasına dair etiraz yoxdur. Müdafiə Nazirliyinin hüquq idarəsi 22.09.2016-cı il tarixdə həmin qərarın icra edilməsi üçün Şəxsi heyət Baş İdarəsi Kadrlar İdarəsinə göndərmiş və icrası barədə məhkəməyə məlumat verilməli olduğu bildirilmişdir.

11. Məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş Azərbaycan Respublikası Müdafiə nazirliyinin şəxsi heyət üzrə 24 noyabr 2012-ci il tarixli №0418 əmrindən çıxarışa əsasən, xidməti zərurətlə əlaqədar olaraq Bakı gəmi təmiri zavodunun (328№-li hərbi hissə) Baş mühasibi polkovnik-leytenant İddiaçı tutduğu vəzifədən azad edilmiş və Müdafiə Nazirinin sərəncamına keçirilmişdir.

12. Məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş Azərbaycan Respublikası Müdafiə nazirliyinin şəxsi heyət üzrə 04 fevral 2016-cı il tarixli №098 əmrindən çıxarışa (§2) əsasən, polkovnik-leytenant İddiaçı, Müdafiə nazirilinin şəxsi heyət üzrə müavini-Şəxsi Heyət Baş İdarəsi rəisinin sərəncamında olan (328№-li hərbi hissənin sabiq baş mühasibi) “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “b” bəndinə (yaşa görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır.

13. Məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nizami hissə üzrə 05 mart 2016-cı il tarixli №065 əmrindən çıxarışa (§3) əsasən, polkovnik-leytenant Səfərov X6 Nazirliyinin Şəxsi Heyət üzrə müavini-Şəxsi Heyət Baş İdarəsi rəisinin sərəncamında olan (N nömrəli hərbi hissənin sabiq baş mühasibi), Azərbaycan Respublikası müdafiə nazirinin 04 fevral 2016-cı il tarixli 098 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “b” bəndinə (yaşa görə) müvafiq olaraq ehtiyata buraxıldığına görə, 05 mart 2016-cı il tarixdən Müdafiə Nazirliyinin Aparatının şəxsi heyətinin sırasından, bütün növ təminatlardan çıxarılmış və hərbi uçota durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon idarəsinə göndərilmiş, polkovnik-leytenant İddiaçı ehtiyata buraxılması ilə əlaqədar beş aylıq maaş miqdarında birdəfəlik pul müavinəti ödənməsi əmr edilmişdir.

14. Əmək pensiyası təminatı üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxs) haqqında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim olunan məlumat vərəqinə əsasən, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı HHQ-nin X3 qərargahının maliyyə xidməti rəisi-baş mühasib vəzifəsindən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “b” bəndinə (yaşa görə) 04.02.2016-cı il tarixdən tərxis olunduğu göstərilmişdir (cəmi pul təminatı 1209,70 manat).

15. İddiaçının kompensasiya tələbinə dair müraciətinə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən 11.03.2019-cu il tarixli məktubla bildirilmişdir ki, Azərbaycan Respublikasının Müdafiə nazirinin 05.06.2002-ci il tarixli 220 nömrəli əmri ilə qüvvəyə minmiş və 19.10.2017-ci il tarixədək qüvvədə olmuş “Azərbaycan Respublikası Silahlı qüvvələrində hərbi qulluqçuların pul təminatı haqqında” Əsasnamənin 68-ci maddəsinə uyğun olaraq zabitlərə, gizirlərə və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına sərəncamda olmanın birinci iki ayı üçün hərbi rütbə və hərbi vəzifə maaşları, sonrakı ay üçün isə yalnız hərbi rütbə maaşları nəzərə alınmaqla pul təminatı ödənilir. Sərəncamda olmanın birinci iki ayı bitdikdən sonra zabitlərin vəzifə maaşları sonrakı iki ay ərzində Azərbaycan Respublikası Müdafiə nazirinin və ya onun müavinlərinin qərarı ilə ödənilir. Müdafiə Nazirliyi İşlər İdarəsinin maliyyə bölməsində saxlanılan şəxsi hesab kartınızda olan məlumatlardan göründüyü kimi ona 2012-ci ilin dekabr və 2013-cü ilin yanvar-mart ayları üçün pul təminatı tam miqdarda ödənmişdir. Eyni zamanda bildirilmişdir ki, həmin Əsasnamənin 82-ci maddəsinə əsasən istinraq və məhkəmə orqanları tərəfindən həbs edilmiş hərbi qulluqçulara həbs olunma günündən pul təminatı ödənişi dayandırılır. Əsasnamənin 84-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə cinayət törədilməsində təqsirli bilinən hərbi qulluqçulara həbsdə olma müddəti üçün pul təminatı məhkəmənin tətbiq etdiyi cəza tədbirinin xarakterindən asılı olmayaraq, o cümlədən şərti məhkum etmə haqqında hökm çıxarıldığı halda da ödənilmir. Maliyyə və Büdcə İdarəsində olan pensiya şəxsi işindən görünür ki, o cinayət işi ilə əlaqədar 10.02.2014-cü il tarixdən 18.03.2014-cü il tarixədək həbsdə, 18.03.2014-cü il tarixdən 18.11.2014-cü il tarixədək ev dustaqlığında olub. Odur ki, sərəncamda olduğu dövrdə qüvvədə olan rəhbəredici sənədlərə əsasən ona pensiya təminatı düzgün olaraq hesablanıb ödənib. IV. Məhkəmənin mövqeyi

16. İddiaçının cavabdeh quruma müraciətlərindən, iddia tələbindən və məhkəmədə verdiyi izahatdan onun N nömrəli hərbi hissənin maliyyə xidməti rəisi kimi vəzifə maaşı əsas götürülməklə həmin dövr üzrə pul təminatının hesablanmalı olduğu, qərarın icra olunmaması nəticəsində ona zərər vurulduğu bildirilsə də, həm iddiaçıya verilən cavablarda, həm də məhkəmədəki etirazlarda iddiaçının tələbinə Müdafiə Nazirinin müavininin əmri ilə onun sərəncamında olduğu 24.11.2012-ci il tarixdən 05.03.2016-cı il tarixədək olan dövrdə N saylı hərbi hissənin baş mühasibi kimi ona ödənilməli pul təminatı kimi qiymətləndirilmişdir. Həmin dövrdə o həbsdə olduğu, eləcə də sərəncamda olduğundan Azərbaycan Respublikasının Müdafiə nazirinin 05.06.2002-ci il tarixli 220 nömrəli əmri ilə qüvvəyə minmiş və 19.10.2017-ci il tarixədək qüvvədə olmuş “Azərbaycan Respublikası Silahlı qüvvələrində hərbi qulluqçuların pul təminatı haqqında” Əsasnamənin 68-ci maddəsinə uyğun olaraq pul təminatı ödənilmişdir.

17. Hazırki iddia faktiki olaraq qüvvəyə minmiş məhkəmə qərarının lazımınca icra edilməməsi nəticəsində vurulmuş zərərin nəticəsidir.

18. Məhkəmə cavabdeh qurumun yanaşmasını əsaslı hesab etmədiyindən ödənilmiş pul təminatının hesablanması qaydasına və bununla bağlı rəhbəredici sənədə münasibət bildirmir.

19. X8 Məhkəməsinin presedent hüququndan: - Dövlət qulluqçuları ilə əlaqədar olan işdə X8 Məhkəməsinin qəbul etdiyi yeni yanaşmaya əsasən, polis əməkdaşlarının xüsusi müavinət almaq hüququ ilə bağlı mübahisə 6-cı maddənin 1-ci bəndinin “mülki hüquq və vəzifələr” başlığı altına düşür (Vilho Eskelinen və başqaları Finlandiyaya qarşı [Böyük Palata] (Vilho Eskelinen and Others v. Finland [GC]), ərizə № 63235/00); - Məhkəmə hesab edir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 3195/2017 saylı iş üzrə qəbul etdiyi 17.07.2017-ci il tarixli qərarla iddiaçının pensiya təminatı hüququ təmin edildiyindən (məlumat vərəqəsi verilməli olması göstərilməklə) həmin hissədə “mülki hüquq və vəzifələr” müəyyən edilmiş hesab edilməli, bu səbəbdən X8 Konvensiyasının 6 § 1 təminatları tətbiq edilməlidir; - Maddə 6 § 1 işin mahiyyəti üzrə qərarın çıxarılmasından sonrakı mərhələ də daxil olmaqla, "... mülki hüquq və vəzifələrin müəyyən edilməsi" üzrə məhkəmə araşdırmasının bütün mərhələlərinə tətbiq olunur. Hər hansı məhkəmə tərəfindən verilən qərarın icra edilməsi 6-cı Maddənin məqsədləri çərçivəsində "məhkəmə araşdırmasının" ayrılmaz hissəsini təşkil etməlidir (Hornsby Yunanıstana qarşı, § 40;) - Konvensiya nəzəri və xəyali hüquqları deyil, praktik və effektiv hüquqları təmin etmək üçün nəzərdə tutulmuşdur (Airey İrlandiyaya qarşı, § 24). - Hüquqi müəyyənlik prinsipi qanunun aliliyi prinsipinin əsas elementlərindən biridir (Beian Ruminiyaya qarşı (№ 1), § 39); - Konvensiyanın mənası çərçivəsində demokratik cəmiyyətdə ədalətli məhkəmə araşdırması hüquqi elə mühüm yer tutur ki, 6 § 1 Maddənin məhdud şəkildə şərhi bu müddəanın məqsəd və məramı ilə uyğun gəlmir (X1rşı, § 37);

20. “xxxx” Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 10 iyun 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 fevral 2021-ci il tarixli qərarında ifadə edilən hüquqi mövqeyə görə: - Qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə 2014-cü il 6 iyun tarixli Qərarı); - Məhkəmənin qanuni qüvvəyə minmiş qərarları preyudisial əhəmiyyətə malikdir. Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 2015-ci il 15 iyul tarixli və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarları).

21. İPM-in 78-ci maddəsinə əsasən (məhkəmə qərarının qanuni qüvvəyə minməsinin hüquqi nəticələri) mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir.

22. Məhkəmə müəyyən edir ki, qüvvədə olan məhkəmə qərarına əsasən iddiaçıya hüququnun yarandığı 22.12.2010-cu il tarixə yuxarı vəzifədən – N saylı hərbi hissənin “maliyyə xidməti rəisi” vəzifəsindən ehtiyata buraxılmaq haqqında yeni əmr verilməsi və N saylı hərbi hissənin maliyyə xidməti rəisi vəzifə maaşı əsas götürülməklə yeni məlumat vərəqəsinin verilməsi öhdəliyinin cavabdeh Müdafiə Nazirliyinin üzərinə qoyulmasına baxmayaraq (bax 10-cu bənd), cavabdeh qurum qərarı olduğu kimi icra etməmiş, iddiaçını hüququnun yarandığı 22.12.2010-cu il tarixdən deyil, 04.02.2016-cı il tarixdən tərxis etməklə məlumat vərəqini həmin tarixə uyğun tərtib edərək göndərmiş (bax 12-14-cü bəndlər), bununla, iddiaçıya maddi ziyan vurmuşdur və həmin ziyan cavabdeh qurum tərəfindən hesablanaraq iddia tələbində göstərilən göstərilən dövrlər üzrə ona ödənilməlidir.

23. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının N saylı hərbi hissənin maliyyə xidməti rəisi vəzifə maaşı əsas götürülməklə 22.12.2010-cu il tarixdən 04.02.2016-cı il tarixədək olan dövr üzrə tərtib olunmalı məlumat vərəqəsinə əsasən pul təminatının ödənilməsini tələb etmək hüququ yaransa da, iddiaçının tələbi sərəncamda olduğu 24.11.2012-ci il tarixdən hesablanmaqla 05.03.2016-cı il tarixədək hərbi rütbə və axırıncı əsas vəzifə maaşı, həmçinin qanunla nəzərdə tutulmuş digər təminat növlərinə uyğun olaraq kompensasiyanın hesablanıb ödənilməsi olduğundan kompensasiyanın hesablanmasının başlanğıcı 24.11.2012-ci il tarixdən axırıncı N saylı hərbi hissənin maliyyə xidmətinin rəisi vəzifəsi üzrə nəzərə alınmalı və faktiki tərxis olunduğu 04.02.2016-cı il tarixədək (əmək pensiyası təminatı üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxs) haqqında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun aidiyyəti qurumuna təqdim olunan məlumat vərəqəsi həmin tarixə verilmişdir) olan müddətdə hərbi rütbə və axırıncı əsas vəzifə maaşları, həmçinin qanunla nəzərdə tutulmuş digər təminat növlərinə uyğun pul təminatının tam məbləğində deyil, məlumat vərəqəsinə əsasən göstərilməli məbləğə uyğun hesablanmalı, kompensasiya ödənilərkən iddiaçıya qeyd edilən müddətdə (24.11.2012-ci il tarixdən 04.02.2016-cı il tarixədək) ödənilmiş vəsait (16881,43 manat) çıxılmalıdır.

24. Bu nəticəyə gələrkən məhkəmə İPM-in 52-ci maddəsini rəhbər tutur. Həmin maddəyə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

25. Məhkəmənin qeyd edilən qənaətə gəlməsi ilə cavabdeh qurumun iddiaya etirazında göstərilmiş əsaslar təkzib edilmiş olur. Belə ki, məhkəmə qərarının lazımi qaydada icra olunması (tərxis əmrinin və məlumat vərəqəsinin 22.12.2010-cu il tarixdən qüvvəyə mindiyi göstərilməklə verilməsi) iddiaçıya həmin tarixdən pensiya təminatı hüququna imkan vermiş olur ki, həmin hüquq cavabdeh qurumun etirazında göstərdiyi dəlillərdən asılı olmur (yəni əmək pensiyaçısının həbsdə və ya sərəncamda olması onun pensiyasının ödənilməsi hüququnu istisna etmir).

26. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

27. Kompensasiya məbləği məhkəmənin hüquqi mövqeyinə uyğun olaraq riyazi metodla hesablanmalıdır.

28. Məhkəmənin hüquqi mövqeyi isə ondan ibarətdir ki, iddia qismən təmin edilməli, İddiaçı sərəncamda olduğu dövrdə 24 noyabr 2012-ci il tarixdən 04 fevral 2016-cı il tarixədək N nömrəli hərbi hissənin maliyyə xidməti rəisi kimi hərbi rütbə və axırıncı əsas vəzifə maaşları, həmçinin qanunla nəzərdə tutulmuş digər təminat növlərinə uyğun pul təminatının məlumat vərəqəsinə əsasən hesablanıb kompensasiya kimi ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmalı (iddia tələbinin qismən təmin olunması kompensasiyanın hərbi rütbə və axırıncı əsas vəzifə maaşları, həmçinin qanunla nəzərdə tutulmuş digər təminat növlərinə uyğun pul təminatının tam məbləğdə deyil, əmək pensiyası təminatı üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxs) haqqında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun aidiyyəti qurumuna təqdim olunan məlumat vərəqəsinə əsasən hesablanmalı olan məbləğdə və iddia tələbində göstərildiyi 05 mart 2016-cı il tarixədək deyil, 04 fevral 2016-cı il tarixədək hesablanmasında ifadə olunur); kompensasiya hesablanarkən iddiaçıya ödənilmiş 16881,43 (on altı min səkkiz yüz səksən bir manat qırx üç qəpik) manat nəzərə alınmalı; iddia qalan hissədə təmin edilməməlidir.

29. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia qismən təmin edilsin. İddiaçı sərəncamda olduğu dövrdə 24 noyabr 2012-ci il tarixdən 04 fevral 2016-cı il tarixədək N nömrəli hərbi hissənin maliyyə xidməti rəisi kimi hərbi rütbə və axırıncı əsas vəzifə maaşları, həmçinin qanunla nəzərdə tutulmuş digər təminat növlərinə uyğun pul təminatının məlumat vərəqəsinə əsasən hesablanıb kompensasiya kimi ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Kompensasiya hesablanarkən İddiaçı ödənilmiş 16881,43 (on altı min səkkiz yüz səksən bir manat qırx üç qəpik) manat nəzərə alınsın. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar