Məhkəmə qərarları › İş №2-1(112)-4381/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4381/2020

23.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4381/2020 23.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili X1, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı «məlumat vərəqəsinin aidiyyəti orqana göndərilməsi» barədə iddia tələbinə üzrə inzibati işə məhkəmənin binasında (ünvan: Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı onun (iddiaçının) DİO-da uzun müddətli xidmət illərinin təqvim hesablanması ilə 15 il, 11 ay, 22 gün və imtiyazlı hesablama ilə 28 il, 11 ay, 22 gün təşkil etdiyi nəzərə alınmaqla məlumat vərəqəsinin Dövlət X8 X5 İdarəsinə göndərilməsi tələbini irəli sürərək iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilmişdir ki, iddiaçı (İddiaçı) Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 399 saylı xx xxxxxxx 1988-ci il tarixli əmri ilə daixi işlər orqanlarının sıravi heyətinə xidmətə qəbul olunmuş və həmin İdarənin xx xxxxxx 2003-cü il tarixli 10 saylı əmri ilə DİO-dan xaric edilmişdir. O, DİO-da xidmət illərinin barəsində “məlumat vərəqəsi”nin AR ƏƏSM Nazirliyi yanında DSMF-nin müvafiq orqanına göndərilməsi ilə bağlı x xxxxx 2019-cu il tarixdə AR Daxili İşlər Nazirliyinə müraciət etmişdir. Nazirliyin X10 İdarəsi tərəfindən xx xxxxx 2019-cu il tarixli 024-11891B-3219 saylı məktubla ona ünvanlanmış cavabda göstərilir ki, DİO-da xidmət müddəti təqvim hesablaması ilə 14 il 2 ay 17 gün, imtiyazlı hesablama ilə 22 il 3 ay 9 gün təşkil etdiyindən ona pensiyanın təyin olunması üçün “məlumat vərəqəsi”nin tərtib olunması mümkün olmamışdır. Eyni zamanda onun müraciətinə əsasən Bakı şəhəri Binəqədi RPİ-nin müraciətinə əsasən ona ünvanlanmış xx xxxxx 2019-cu il tarixli 059-14465-1219 saylı cavab məktubunda DİO-da xidmət illəri təqvim hesablaması ilə 16 il 2 ay 17 gün, imtiyazlı hesablama ilə 21 il 3 ay 29 gün kimi götərilmişdir. Göründüyü kimi, onun xidmət illəri barədə “məlumat vərəqəsi”ni verməli orqanın vahid mövqeyi yoxdur. Buna səbəb DİO-da xidməti illər hesablanarkən Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinin tələblərinin nəzərə alınmamasıdır. Beləliklə, onun НЗ ******* saylı hərbi biletində aparılmış qeydə əsasən xx xxxxx 1984-cü il tarixdən xx xxxx 1986-cı il tarixədək olan 1 il 11 ay 5 gün təşkil etmiş, xx xxxxxxx 1988-ci il tarixli 399 nömrəli əmrlə DİO-ya daxil olmuşdur. xx xxxxxx 2003-cü il tarixli 10 saylı əmrlə öz arzusu ilə DİO-dan xaric olunduğundan, təqvim hesablaması ilə 15 il 11 ay 22 gün kimi hesablanmalı, imtiyazlı xidməti illərlə hesablanarkən Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinin, Azərbaycan Respublikası Nazirlər Kabinertinin 531 nömrəli xx xxxxxx 1992-ci il tarixli qərarının tələbi nəzərə alınmalı idi. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçuların hərbi qulluqçu kimi xidmət illərinə görə əmək pensiyası almaq hüququ vardır. DİO-dan xaric olunduğu vaxt, yəni xx xxxxxx 2003-cü il tarixdə onun xidmət illəri təqvimi hesablama ilə 15 il, 11 ay 14 gün və imtiyazlı xidmət müddəti 28 il 11 ay 22 gün olmuşdur. Buna görə də onun DİN xətti ilə xidmət illərinə görə pensiya təyin edilməsi müvafiq qanunvericiliyin, «Hərbi qulluqçuların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının xx xxxxx 1992-ci il tarixli Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının, başqa hərbi birləşmələrin zabit heyəti, praporşikləri, miçmanları və müddətindən artıq xidmət hərbi qulluçuları, müvafiq icra hakimiyyəti orqanlarının sıravi və rəis heyəti bu Qanunla müəyyən edilmiş müddət ərzində hərbi xidmət və orqanlarda xidmət etdikdə ömürlük pensiya hüququna malik olurlar. Göstərilənlərə və İPM-in 45, 46-cı maddələrinə, «Hərbi qulluqçuların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 12, 16-cı maddələrinə, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.5, 20.14, 31.1, 37.7-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 531 nömrəli qərarının müddəalarına əsaslanaraq, onun DİO-da uzun müddətli xidmət illərinin təqvim hesablanması ilə 15 il, 11 ay, 22 gün və imtiyazlı hesablama ilə 28 il, 11 ay, 22 gün təşkil etdiyi nəzərə alınmaqla məlumat vərəqəsinin DSMF X5 İdarəsinə göndərilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinin tələblərinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və opna əlavə olunmuş sənədlərin surəti cavabdehə təqdim edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış xx xxxxxx 2019-cu il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: - İddiaçı xx xxxxx 1984-cü il tarixdən xx xxxxx 1986-cı il tarixədək həqiqi hərbi xidmətdə olmuş, orta təhsillidir, xx xxxxxx 1988-ci il tarixdən xx xxxxxx 2003-cü il tarixədək DİO-da xidmət etmişdir. Bakı şəhəri Binəqədi RPİ-nin xx xxxxxx 2003-cü il tarixli 10ş/h nömrəli əmri ilə «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»nin 135-ci maddəsinin 1-ci bəndinə əsasən (öz arzusu ilə) DİO-da xidmətdən xaric edilmişdir. Xaric edilərkən xidmət müddəti təqvimi hesablama ilə 14 il 2 ay 17 gün, imtiyazlı hesablama ilə 22 il 3 ay 9 gün təşkil etmişdir. “«Hərbi qulluqçuların pensiya təminatı haqqında» və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2014-cü il tarixli qərarına əsasən «Hərbi qulluçuların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavə edilməsi barədə Azərbaycan Respublikasının 2004-cü il 1 sentyabr tarixli 728-İİQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək xidmət illərinə görə güzəştli şərtlərlə ömürlük pensiya hüququ əldə etmiş hərbi qulluqçulara pensiyanın təyin edilməsi həmin hüququ əldə edildiyi zaman qüvvədə olmuş «Hərbi qulluçuların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş tələblərə müvafiq həyata keçirilməlidir. Göründüyü kimi, AR Konstitusiya Məhkəməsinin Plenumunun qeyd olunan qərarı Azərbaycan Respublikasının 2004-cü il 1 sentyabr tarixli sözügedən Qanununun qüvvəyə mindiyi günədək xidmət illərinə görə güzəştli ömürlük pensiya hüququ əldə etmiş hərbi qulluqçulara aiddir. İddiaçı x xxxxxxxx 2004-cü il tarixdə güzəştli şərtlərlə ömürlük pensiya hüququ əldə etmədiyindən, bu Qərarı ona şamil etmək olmaz. Belə ki, x xxxxxxxx 2004-cü il tarixdə İddiaçı xidmət müddəti təqvimi hesablama ilə 14 il 2 ay 17 gün, imtiyazlı hesablama ilə 22 il 3 ay 9 gün təşkil etdiyindən, onu pensiya hüququ yaranmamışdır. İddiaçı DİO-dan xaric olunduğu tarixdə və hazırda qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının x xxxxxx 2006-cı il tarixli 54 İİİ-Q nömrəli Qanununun 9.5.1-ci maddəsinə və «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»nin 144-cü maddəsinə əsasən xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin xidmət illərinə görə əmək pensiyası almaq hüququ vardır. İddiaçı x xxxxxxxx 2004-cü il tarixdə, yəni «Hərbi qulluçuların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavə edilməsi barədə Azərbaycan Respublikasının 2004-cü il 1 sentyabr tarixli 728-İİQD nömrəli Qanunu qüvvəyə mindiyi gündə xidmət müddəti imtiyazlı hesablama ilə 22 il 3 ay 9 gün təşkil etdiyindən və xidmətdən buraxıldığı gün, yəni xx xxxxxx 2003-cü il tarixdə təqvim xidməti müddəti 14 il 2 ay 17 gün təşkil etdiyindən, onun əmək pensiyası hüququ yaranmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə mılumatların təqdim olunması Qaydaları»nın 3-cü bəndinə əsasən hərbi qulluçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar əmək pensiyası hüququnun yarandığı tarixdən qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən 15 iş günü müddətində tərtib olunaraq Dövlət X9 təqdim olunur. Göstərilənlərtə əsasən hesab olunur ki, İddiaçı barəsində “Əmək pensiyası təminatı üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxs) haqqında məlumat vərəqi” tərtib olunmamalıdır. Qeyd olunanlara əsaslanaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. İPM-in 54.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı məhkəməyə “iddianın dəyişdirilməsi barədə” əlavə ərizə təqdim etmiş və ərizəsində müvafiq məlumat vərəqəsi tərtib edilərkən 14 il 2 ay 17 gün təqvimi hesablama ilə, 22 il 3 ay 9 gün imtiyazlı hesablama ilə xidmət illərinin nəzərə alınması qeyd olunmuşdur. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2218/2019 saylı x xxxxxx 2019cu il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardadda İPM-in 35.1-ci maddəsinə əsaslanaraq, məhkəmənin mövqeyi belə olmuşdur ki, iş üzrə iddiaçı vaxtilə Bakı şəhəri Binəqədi RPİ-nin kiçik rəis heyətində xidmət etdiyindən və həmin İdarənin xx xxxxxx 2003-cü il tarixli əmri ilə DİO-da xidmətdən azad olunduğundan, onun qaldırdığı məsələ üzrə cavabdeh AR Daxili İşlər Nazirliyi deyil, xidmət etdiyi Bakı şəhəri Binəqədi RPİ çıxış edə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.2-ci maddəsinə əsaəsn inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. İddiaçı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2218/2019 saylı x xxxxxx 2019-cu il tarixli qərardadından apellyasiya şikatəti verərək, həmin qərardadın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin x xxxxxx 2020-ci il tarixli qərardadı ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edlərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)-2218/2019 saylı x xxxxxx 2019-cu il tarixli qərardadı ləğv edilmiş və iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiya məhkəməsinin qərardadında məhkəmə kollegiyası «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatın təqdim olunması Qaydaları”nın müddəalarına istinadən qeyd etmişdir ki, cavabdeh inzibati orqanın (AR Daxili İşlər Nazirliyinin) formalaşdırdığı inzibati praktikaya əsasən DİO-da xidmət etmiş şəxslərə əmək pensiyasının təyin edilməsi üçün məlumat vərəqəsi qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən deyil, mərkəzləşdirilmiş qaydada AR Daxili İşlər Nazirliyi X10 İdarəsi tərəfindən tərtib olunur və AR ƏƏSM Nazirliyi yanında DSMF-yə təqdim edilir. Məhz bu səbəbdən də iddiaçının iddia qaldırmamışdan əvvəl müvafiq tələblə AR Daxili İşlər Nazirliyinə müraciət etməsi mübahisə doğurmamış, sonuncu tərəfindən müraciət araşdırılmış və iddiaçıya xx xxxxx 2019-cu il tarixli imtina məktubu ünvanlanmışdır. Birinci instansiya məhkəməsinin iddianın düzgün olmayan cavabdehə qarşı qaldırılmasına əsaslanmaqla iddianın mümkün saymaması İPM-in 35.1-ci maddəsinin tələblərinə uyğun olmamışdır. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2019-cu il tarixli 1325 nömrəli Fərmanının 1-ci və 2-ci bəndlərinə əsasən 2020-ci il yanvarın 1-dən Naxçıvan şəhərində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi və Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi, Bakı şəhərində Bakı İnzibati Məhkəməsi və Bakı Kommersiya Məhkəməsi, Gəncə şəhərində Gəncə İnzibati Məhkəməsi və Gəncə Kommersiya Məhkəməsi, Sumqayıt şəhərində Sumqayıt İnzibati Məhkəməsi və Sumqayıt Kommersiya Məhkəməsi, Şirvan şəhərində Şirvan İnzibati Məhkəməsi və Şirvan Kommersiya Məhkəməsi, Şəki şəhərində Şəki İnzibati Məhkəməsi və Şəki Kommersiya Məhkəməsi təşkil edilmiş, Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, Gəncə İnzibati-İqtisadi Məhkəməsi, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi, Şirvan İnzibati-İqtisadi Məhkəməsi və Şəki İnzibati-İqtisadi Məhkəməsi ləğv edilmişdir. İş materialları Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra işə mahiyyəti üzrə baxılması üçün işin şifahi məhkəmə baxışı ilə bağlı iclas təyin edilmiş və bu barədə məlumat verilmişdir. Tərəflərə məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X3 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia ərizəsində göstərilənləri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2014-cü ilin iyun ayında və 2015-ci ilin may ayında qəbul etdiyi müvafiq qərarının müdadəalarını nəzərə alaraq iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 təmsil etdiyi qurumun iddiaya qarşı yazılı münasibətində göstərilənləri təsdiq etdi, yazılı münasibətdə göstərilənləri və AR Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2020-ci il tarixli qərarının müdadəalarını nəzərə alaraq iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitiusiyasının 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 13-cü maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı – əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur, 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Azərbaycan Respublikasının xx xxxx 2001-ci il tarixli 168-İİQ saylı Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə» preambulasında göstərilmişdir ki, bu Əsasnamə polisdə və müvafiq icra hakimiyyəti orqanı sisteminə daxil olan digər orqan və hissələrdə xidmət keçmənin qaydalarını və şərtlərini, bu orqanların vəzifəli şəxslərinin hüquqi vəziyyətinin əsaslarını müəyyən edir. Azərbaycan Respublikasının x xxxxxxxx 2005-ci il tarixli 977-İİQD nömrəli Qanunu ilə «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»nin 144-cü maddəsinə dəyişiklik edilmişdir, sözügedən maddə həmin dəyişiklikdən əvvəl və sonra aşağıdakı redaksiyalarda verilmişdir: - (əvvəlki redaksiyada) Xidmət illərinə görə pensiya hüququna, xidmətdən buraxılanadək 25 il və daha çox xidmət etmiş əməkdaşlar malikdirlər (imtiyazlı hesablama ilə). - (hazırkı redaksiyada) Xidmət illərinə görə pensiya hüququna, xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox xidmət etmiş əməkdaşlar malikdirlər. AR Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 135 nömrəli qərarı ilə «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları»nın 1-ci bındinə görə bu Qaydalar «Əmək pensiyaları haqqında» AR Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara – Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Müdafiə Nazirliyində, Daxili İşlər Nazirliyində, Ədliyyə Nazirliyində, Fövqəladə Hallar Nazirliyində, Hərbi Prokurorluğunda, Dövlət Təhlükəsizliyi Xidmətində, Xarici Kəşfiyyat Xidmətində, Dövlət Sərhəd Xidmətində, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə – Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Gömrük Komitəsi orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən DSMF-yə təqdim olunması qaydalarını müəyyən edir. Qaydaların 2-ci bəndinə əsasən «Əmək pensiyaları haqqında» AR Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) və artımlardan ibarət olan məbləğdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx xxx 2020-ci il tarixdə xüsusi konstitusiya icraatı üzrə “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” müvafiq sorğu əsasında konstitusiya işinə baxaraq qərara almışdır: - «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1, 20.1.11, 20.14 və 22.4-cü maddələrinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli 73 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis əməkdaşlarına verilən fasiləsiz xidmət illərinə görə haqqın, əlavə haqqın, kompensasiyaların, müavinətlərin və başqa ödənişlərin məbləği və təyin edilməsi Qaydaları”nınm 1-ci bəndinin, Azərbaycan Respublikası Nazirlər Kabinetonin 2004-cü il 22 iyul tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Daxili işlər orqanlarının əməkdaşlarına fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illərinin hesablanması Qaydası”nın 1 və 6-cı bəndlərinin müddəalarına uyğun olaraq pensiya təyin edilməsi və hesablanması ilə bağlı fasiləsiz xidmət illərinə güzəştli xidmət müddətinin yenidən daxil edilməsi pensiya təyin edilərkən nəzərə alınan güzəştli dövrün faktiki olan təkrar hesablanması ilə nəticələndiyindən yolverilməzdir; - «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdən artımları nəzərdə tutur; - «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq etdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə tərəflərin mübahisələndirdiyi hal DİO-nun sabiq əməkdaşı kimi iddiaçının adına “məlumat vərəqəsi”nin verilməsi üçün müvafiq həddə xidmət illərinin toplanmasıdır. İddiaçı tərəf onun xidmət illərinin imtiyazlı hesablama ilə nəzərə alınmaqla müvafiq həddə olmasını əsas gətirərək «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»nin 144-cü maddəsinə istinadən pensiya hüququnun yarandığını və pensiya təyinatı ilə əlaqdar DSMF orqanına “məlumat vərəqəsi”nin göndərilməsini iddia edir. Cavabdeh tərəf isə, iddiaçının Azərbaycan Respublikasının x xxxxxxxx 2005-ci il tarixli müvafiq Qanunu ilə həmin Əsasnaməyə dəyişiklik edilənədək imtiyazlı hesablama ilə 25 il xidmət ilinin, dəyişiklikdən sonrakı tələblərə uyğun şəkildə isə 20 ilin, yəni təqvim ilinin toplanmadığnı əsas gətirərək iddianı qəbul etmir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Məhkəmənin mövqeyi isə belədir ki, iddiaçı 2003-cü ilin yanvar ayınadək DİO-da xidmət etdiyindən mövcud qanunvericilik onun pensiya hüququnun yaranmasını xidmət illərinin 20 təqvim ili və ya imtiyazlı hesablama ilə 25 il olması ilə şərtləndirir. Halbuki, iddiaçı xx xxxxxx 1988-ci il tarixdən xx xxxxxx 2003-cü il tarixədək DİO-da işləməklə 20 təqvim ili və imtiyazlı hesablama ilə 25 il stajı toplamamışdır. Odur ki, onun DİO-da xidmət etmiş şəxs kimi pensiya hüququ yaranmadığından, aidiyyəti DSMF orqanına onun barəsində “məlumat verəqəsi” də göndərilə bilməz. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuna zidd sayılmamalı və iddiaçının hüququnun pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı «məlumat vərəqəsinin aidiyyəti orqana göndərilməsi» tələbinə dair iddiası təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 4.1, 23.1, 52, 58.7, 69, 75, 78 – 79, 81 və 85ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı «məlumat vərəqəsinin aidiyyəti orqana göndərilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar