Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4381/2021 04.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Nəzərova Fatimə Fəxrəddin qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına (üçüncü şəxslər: Azərbaycan Respublikası Maliyyə Nazirliyi və ləğv prosesində olan "xxxx" ASC) qarşı “kompensasiyanın hesablanması və adının siyahıya daxil edilməsi” barədə iddia tələbi üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları:
1. İddiaçı (bundan sonra – İddiaçı) Azərbaycan Respublikasının Mərkəzi Bankına (bundan sonra – Cavabdeh) müraciət edərək ona kompensasiyanın ödənilməsini xahiş etmişdir.
2. Cavabdeh 26-17707-2020 nömrəli, xx.xx.2020-ci il tarixli məktubunda göstərmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanla əlaqədar müraciətlərə baxılmasını təmin etmək məqsədilə ak.cbar.az elektron səhifəsi yaradılmışdır. İddiaçının müraciəti göstərilən elektron səhifədə qeydiyyatdan keçirilmiş və barəsində xx.xx.2019-cu il tarixində qərar qəbul edilmişdir. Qərara əsasən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı çərçivəsində kompensasiya məbləğləri və ya restrukturizasiya olunacaq borclar Mərkəzi Kredit Reyestrinin və müvafiq kredit təşkilatlarının təqdim etdiyi məlumatlar əsasında hesablanır. İddiaçı kredit tarixçəsi barədə kredit təşkilatları tərəfindən təqdim olunan məlumatların düzgün olub-olmamasını müəyyən etmək mümkün olmamışdır.
3. Bundan sonra iddiaçı xx.xx.2021-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona qanunvericiliyin və müqavilənin tələblərinə uyğun olaraq kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. Məhkəmənin xx.xx.2021-ci il tarixli, 2-1(112)-4381/2021 saylı qərardadı ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və ləğv prosesində olan "xxxx" ASC hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər.
5. Məhkəmənin xx.xx.2021-ci il tarixli, 2-1(112)-4381/2021 saylı qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi icraata qəbul edilmiş, iddia tələbi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının tələblərinə əsasən İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə bağladığı xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən kompensasiyanın hesablanması və onun adının kompensasiya ödənişi ediləcək fiziki şəxslərin siyahısına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” şəklində müəyyən edilmişdir. İİ. Tərəflərin əsaslandırması:
6. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, onun "xxxx" ASC ilə bağlanmış ********* saylı, xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən götürmüş olduğu kredit üzrə kreditor qarşısında qalıq borcu olan 5217,77 ABŞ dolları məbləğində vəsait 17 fevral 2017-ci il tarixdə konvertasiya edilərək (1 ABŞ dolları 1,4 manat olmaqla) restrukturizasiya edilmiş, bundan sonra yaranan ümumi qalıq borc 7304,88 manat təşkil etmiş və buna dair yeni müqavilə bağlanmışdır. Həmin müqavilədən irəli gələn öhdəliklər iddiaçı tərəfindən tam icra olunmuşdur. Müqavilə üzrə öhdəlik icra olunduqdan sonra kompensasiya hesablanması barədə iddiaçının müraciətinə "xxxx" ASC-nin əməkdaşları tərəfindən hər iki mərhələ üçün kompensasiya hesablandığı və qaytarılacaq ümumi məbləğin təxminən 6600 manat təşkil etdiyi və yaxın günlərdə iddiaçının hesabına ödəniləcəyi bildirilmişdir. Lakin iddiaçıya bu günədək kompensasiya ödənilməmişdir.
7. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2021-ci il tarixli iddiaya münasibətində bildirmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının (Fərman) icrası Mərkəzi Bankın xx.xx.2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirilir. Palatanın məlumat bazalarında vətəndaşın kredit tarixçəsinə daxil edilmiş, ləğv prosesində olan "xxxx" ASC-nin xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə borclarının şəxsiyyətini təsdiq edən məlumatlar, eləcə də bank İD və hesab nömrəsi məlumat bazasına düzgün ötürülməmiş, bu səbəbdən həmin kredit müqaviləsi üzrə əsl borcalanın şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır.
8. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi.
9. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi O.Xaspoladov müvafiq sənədlər təqdim edildikdən sonra iddiaya münasibət bildiriləcəyini qeyd etmişdir. İİİ. Məhkəmənin mövqeyi
10. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.
11. Belə ki, üçüncü şəxs ləğv prosesində olan "xxxx" ASC tərəfindən təqdim edilmiş və iş materiallarında olan "xxxx" ASC-nin Qusar filialı ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsindən görünür ki, bank tərəfindən İddiaçıya 36 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 10 200 ABŞ dolları məbləğində kredit verilmişdir (bu müqavilə etibarsız hesab olunmamış, hər iki tərəf belə bir müqavilənin mövcudluğunu qəbul etmişdir) Sonradan xx.xx.2017-ci il tarixli əlavə sazişlə kredit valyutadan manata restrukturizasiya edilərək əsas borc qalığı 7304.88 manat, illik faiz dərəcəsi 20 faiz müəyyən edilmiş, restrukturizasiya edilmiş kreditin müddəti xx/xx/2019-cu il tarixinədək uzadılmışdır.
12. İş materiallarında olan **********761 nömrəli, xx.xx.2021-ci il tarixli məktubuna əsasən xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixinə, bank əməliyyat sistemində 9037,51 ABŞ dolları məbləğində, xx.xx.2015-ci il tarixinə 6848,47 ABŞ dolları məbləğində borc öhdəliyi olmuşdur. Hazırda, İddiaçı ləğv prosesində olan "xxxx" ASC qarşısında xx.xx.2014-cü il tarixli, ********* saylı kredit müqaviləsi üzrə bank əməliyyat sistemində xx.xx.2021-ci il tarixinə 2551,64 manat məbləğində borc öhdəliyi mövcuddur.
13. Məhkəmə qeyd edir ki, dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 28 fevral 2019-cu il tarixdə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 551 nömrəli Fərman (bundan sonra – Fərman) qəbul edilmişdir. Fərmanın 1-ci hissəsinə əsasən aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilməsi qərara alınmışdır: 1.1. 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə - 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə - 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; 1.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi. Fərmanın 2-ci hissəsi ilə həmin Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilsin, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilməsi müəyyən edilmişdir. Fərmanın 8-ci hissəsinə görə, fiziki şəxslərin xarici valyutada 10 000 (on min) ABŞ dollarınadək və ya milli valyutada 17 000 (on yeddi min) manatadək olan əsas kredit borcları dedikdə onların bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi; - 10 000 (on min) ABŞ dollarınadək və ya 17 000 (on yeddi min) manatadək məbləğ dedikdə müvafiq olaraq 10 000 (on min) ABŞ dollarının və ya 17 000 (on yeddi min) manatın da daxil olduğu məbləğ; - vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar nəzərdə tutulur. Fərmanın 3-cü hissəsi ilə: 3.1. Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq edilməsi; 3.2. bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verilməsi Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına (hazırda Azərbaycan Respublikasının Mərkəzi Bankı) tapşırılmışdır.
14. Tapşırığın icrası məqsədilə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının ********** nömrəli 27 mart 2019-cu il qərarı ilə təsdiq edilmiş «Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası»nın kompensasiya tətbiq ediləcək kredit öhdəlikləri və kompensasiya məbləğinin hesablanması qaydasını tənzimləyən 3-cü hissəsinə əsasən: -3.1. Fərmana uyğun olaraq, fiziki şəxslərin kompensasiya ödəniləcək kreditləri aşağıdakı şərtlərdən ən azı birinə cavab verməlidir: 3.1.1. 2015-ci il fevralın 21-nə bütün kredit təşkilatlarının və (və ya) ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada olan əsas kredit borcunun qalıq məbləğinin cəmi 10 000 ABŞ dollarından və ya həmin tarixə Azərbaycan Respublikasının Mərkəzi Bankının (bundan sonra – Mərkəzi Bank) elan etdiyi məzənnəyə uyğun olaraq 10 000 ABŞ dolları ekvivalentindən çox olmamalıdır; 3.1.2. 2015-ci il dekabrın 21-nə bütün kredit təşkilatlarının və (və ya) ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada olan əsas kredit borcunun qalıq məbləğinin cəmi 10 000 ABŞ dollarından və ya həmin tarixə Mərkəzi Bankın elan etdiyi məzənnəyə uyğun olaraq 10 000 ABŞ dolları ekvivalentindən çox olmamalıdır. - 3.2. Kompensasiya məbləği aşağıdakı qaydada hesablanır: 3.2.1. bu Qaydanın 3.1.1-ci yarımbəndində nəzərdə tutulan əsas kredit borclarına münasibətdə:
1. fiziki şəxsin 2015-ci il fevralın 21-nə bütün kredit təşkilatları və ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada olan əsas kredit borcları həmin tarixə Mərkəzi Bankın elan etdiyi məzənnəyə uyğun olaraq ABŞ dolları ekvivalentində müəyyən olunaraq toplanılır;
2. bu Qaydanın 3.2.1-ci yarımbəndinin 1-ci abzasına uyğun olaraq hesablanmış məbləğ 1 ABŞ dollarına 0,25 manat kimi qiymətləndilir. 3.2.2. bu Qaydanın 3.1.2-ci yarımbəndində nəzərdə tutulan əsas kredit borclarına münasibətdə:
1. fiziki şəxsin 2015-ci il dekabrın 21-nə bütün kredit təşkilatlarının və ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada əsas kredit borcları həmin tarixə Mərkəzi Bankın elan etdiyi məzənnəyə uyğun olaraq ABŞ dolları ekvivalentində müəyyən olunaraq toplanılır;
2. bu Qaydanın 3.2.2-ci yarımbəndinin 1-ci abzasına uyğun olaraq hesablanmış məbləğ 1 ABŞ dollarına 0,60 manat kimi qiymətləndirilir. 3.2.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə xarici valyutada mövcud olan əsas kredit borclarına münasibətdə bu Qaydanın 3.2.1-ci və 3.2.2-ci yarımbəndlərində qeyd olunan hər iki qaydada hesablanmış kompensasiya məbləğləri cəmlənir. Qaydaların 4.1-ci bəndinə əsasən kompensasiyanın ödənilməsini təmin etmək məqsədilə Palata Fərmanın 3.2-ci bəndinə uyğun olaraq, ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini müəyyən edir və hər bir kredit təşkilatı və ya ləğvetmə prosesində olan kredit təşkilatı üzrə ayrılacaq vəsaitin məbləği barədə məlumatı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (bundan sonra – Maliyyə Nazirliyi) və Mərkəzi Banka təqdim edir. Qaydaların 4.2-ci hissəsinə əsasən isə Maliyyə Nazirliyi bu Qaydanın 4.1-ci bəndinə uyğun olaraq, məlumatı aldıqdan sonra həmin vəsaiti müvafiq kredit təşkilatlarının (bank olmayan kredit təşkilatları istisna olmaqla) və poçt rabitəsinin milli operatorunun Mərkəzi Bankdakı hesablarına, habelə ləğvetmə prosesində olan bankların Mərkəzi Bankdakı ləğvetmə hesablarına köçürür. Bank olmayan kredit təşkilatlarına, habelə ləğvetmə prosesində olan bank olmayan kredit təşkilatlarına ödəniş müddəti keçmiş kreditlərin ödənilməsinə yönəldilən kompensasiya onların poçt rabitəsinin milli operatorunda olan hesablarına köçürülür.
15. İşdən görünür ki, iddiaçının bağladığı kredit müqaviləsi həm bağlanma tarixi, həm tələb olunan məbləğ, həm də digər əsaslara görə Fərmanın təsir dairəsinə düşmüşdür. Belə ki, müqavilə 2012-ci il yanvarın 1-dən Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqaviləsi olmuş, kredit borcunun cəmi məbləği xarici valyutada 10 000 (on min) ABŞ dollarınadək təşkil etmişdir. Belə olan halda müəyyən olunur ki, iddiaçının ona kompensasiya hesablanması barədə hazırkı tələbi əsaslıdır.
16. Məhkəmə onu da qeyd edir ki, üçüncü şəxs ləğv prosesində olan "xxxx" ASC tərəfindən məhkəməyə təqdim edilən onunla iddiaçı arasında bağlanmış qeyd edilən müqavilə və onlara əlavə edilmiş sənədlərin surətlərini cavabdehə təqdim etmiş, cavabdeh xx.xx.2021-ci il tarixli, 16-04755-2021 nömrəli məktubu ilə iddiaya dair yekun münasibət bildirərək qeyd etmişdir ki, ləğv prosesində olan "xxxx" ASC tərəfindən məhkəməyə təqdim edilmiş ərizə və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, tərəflər arasında həqiqətən də xx.xx.2014-cü il tarixdə kredit müqaviləsi bağlanılmışdır. Həmin məlumatlara görə kredit müqaviləsi üzrə birinci devalvasiya gününə (xx.xx.2015-ci il tarixə) iddiaçının 9.037,51 ABŞ dolları, ikinci devalvasiya gününə isə (xx.xx.2015-ci il tarixə) 6.848,47 ABŞ dolları məbləğində əsas kredit borcu mövcud olmuşdur. Bundan başqa, MKR və PK məlumat bazalarına əsasən sözügedən kredit müqaviləsi üzrə borcluya bank tərəfindən vaxtilə 1.748,99 manat güzəşt edilmişdir. Beləliklə, sözügedən kredit müqavilələrinin həqiqətən də ləğv prosesində olan "xxxx" ASC ilə İddiaçı arasında bağlanılması məhkəmə tərəfindən təsdiq olunarsa, Fərmanın 1.1-ci və 1.2-ci bəndləri nəzərə alınmaqla sonuncunun adının Fərman çərçivəsində kompensasiya alacaq şəxslər siyahısına daxil edilməsinə və ona tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 4.619,46 manat kompensasiyanın hesablanmasına etiraz edilmir.
17. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
18. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 52, 58.1, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı: İddia təmin edilsin. "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının tələblərinə əsasən İddiaçı onunla ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında xx.xx.2014-cü il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən kompensasiyanın hesablanması və İddiaçı adının kompensasiya ödənişi ediləcək fiziki şəxslərin siyahısına daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova