Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4381/2024 06.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X3) “qeydiyyatın ləğv edilməsi və yeni çıxarışın verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı Məhdud Məsuliyyəli Cəmiyyət cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X3 göstərilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nizami rayonu R.Rüstəmov 26 saylı evin zirzəmi hissəsində yerləşən və sahəsi 49.80 kv.metr qeyriyaşayış sahəsinə üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən X2in adına aparılmış ********* saylı qeydin və bununla bağlı verilmiş xx.xx.2022ci il tarixli çıxarışın ləğv edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, 2021-ci ilin oktyabr ayından başlayaraq, “QİSMƏT-M HOUSE’’ MMC tərəfindən, Bakı şəhər İcra Hakimiyyəti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin müvafiq sərəncamları əsasında, Bakı şəhəri Nizami rayonu R.Rüstəmov və M.Gəncəvi küçələrinin kəsişməsində yerləşən, istismar müddəti bitmiş 5 mərtəbəli köhnə binaların sakinlərinin köçürülməsinə başlamışdır. Söküntü məsələlərindən xəbərdar olan Bakı şəhəri Nizami rayonu R.Rüstəmov küçəsi 26 saylı binanın, 54 nömrəli mənzilin alt hissəsində yerləşən 49.8 kv.m zirzəmi hissəsi X3 tərəfindən xx.xx.2022-ci il tarixdə qanunvericiliyin tələblərinə zidd olaraq müəmmalı şəkildə özəlləşdirilmiş və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən həmin şəxsin mülkiyyəti qeydiyyata alınmışdır. Həmin zirzəmilərin istifadəsinin qanunsuz olmasına dair müvafiq sənədlər də mövcuddur. Hazırda sözügedən binanın sakinləri tərəfindən qanunsuz olaraq özəlləşdirilən zirzəmilərə görə "xxxx" MMC-dən mənzil tələb edirlər. Bu da Cəmiyyətimizə qarşı zirzəmiyə görə 70.000-80.000 manat dəyərində dəymiş zərər deməkdir. Zirzəmilərin özəlləşdirilməsinin mümkün olmadığı "xxxx" ASC-nin Nizami rayon Enerji Təchizatı və Satışı İdarəsi, "xxxx" ASC-nin Nizami rayon Sukanal İdarəsi və Nizami rayonu “Azəristilik Təchizat" ASC tərəfindən rəsmi qaydada bildirilmişdir. Nizami rayon Enerji Təchizatı və Satışı İdarəsi öz məktubunda qeyd etmişdir ki, mənzillərə elektrik təchizatı göstərən dövlət təşkilatı, istismarı çətinləşdirdiyinə görə müvafiq qurumlarla razılaşdırmaqla güc kabellərini zirzəmidən çıxarmadan binaların zirzəmilərinin özəlləşdirilməsinin əleyhinədir. "xxxx" ASC-nin Nizami rayon Sukanal İdarəsi həmçinin bildirmişdir ki, zirzəmilərin özəlləşdirilməsi zamanı bütün sahələrə giriş-çıxışın məhdudlaşdırıldığına görə, ümumi istifadəli paylayıcı su və kanalizasiya xətlərinin istismarının qeyri-mümkün olduğunu bildirərək texniki mərtəbənin sakinlərin ümumi istifadəsində qalmasını tələb edirlər. Nizami rayonu "xxxx" ASC isə sözügedən məktubunda binalara verilən məhəllədaxili və aşağı paylama istilik xətləri binanın texniki mərtəbəsi olan zirzəmilərdən paylandığına görə istismarın təşkili və qəzaların aradan qaldırılması məqsədi ilə zirzəmilərdə heç bir dəyişiklik aparılmamalı olduğunu qeyd etmişdir. Bu səbəbdən də, hesab edir ki, X1 adına verilmiş xx.xx.2022-ci il tarixli qeydiyyat nömrəsi ********** olan çıxarışlar ləğv edilməlidir. 1964-1965-ci illərdə 50 il müddətinə inşa olunduğu üçün istismar müddəti bitmiş və söküntiisü nəzərdə tutulan 5 mərtəbəli binalarda qeyri-yaşayış sahələri nəzərdə tutulmamış və 170 sm (bəzi yerlərdə 70 - 100 sm ) hündürlüyü olan texniki mərtəbənin sovetlər dönəmində və indiki normalara görə qeyriyaşayış sahəsi kimi istifadəsi qeyri-mümkündür. Bu haqda Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamentinin Nizami rayon Mənzil Kommunal Təsərrüfatı Birliyindən aldığı R.Rüstəmov küçəsindəki 5 mərtəbəli binaların 1975-ci ildə tərtib edilən Texniki pasportlarında da qeyri-yaşayış sahələrinin olmadığı qeyd edilmişdir. Həmin illərdə inşa olunmuş 5 mərtəbəli panel konstruksiyalı binalarda normativ hüquqi aktlara uyğun olmadan nə qədər zirzəmi sahəsi qeyri-yaşayış kimi özəlləşdirilmişdirsə hamısında mərtəbə hündürlüyünü 2 metr və daha çox etmək üçün, heç bir möhkəmləndirmə aparılmadan bünövrədə qazıntı işləri görülmüşdür. Belə hallara hüquqi-texniki qiymət verilməsi üçün Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin müraciət olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 nömrəli Qərarı ilə təsdiq edilmiş müvafiq Qaydaların 6 -cı, “Bina və qurğularda dəyişikliklərin aparılmasına vol verilməyən hallar” bəndinə istinad edərək zirzəmilərdən istifadə etmək məqsədi ilə zirzəminin hündürlüyünü artırmaq üçün torpaq çıxardaraq, zirzəminin döşəməsinin mövcud səviyyəsindən aşağı salınmasına vol verilmədiyi qeyd edilmişdir. Bundan sonra Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin rəisi X4 və Daşınmaz Əmlakin Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 Sayli Baki Ərazi İdarəsinə pretenziya məktubu ünvanlayaraq Bakı şəhəri Nizami rayonu 2527-ci məhəllə, R.Rüstəmov və M.Gəncəvi küçələrinin kəsişməsində yerləşən 24/26 saylı bina üzrə X1 adına verilmiş xx.xx.2022-ci il tarixli qeydiyyat nömrəsi ********** olan Çıxarışların 30 gün ərzində ləğv olunmasına göstəriş vermələrini xahiş etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli cavab məktubunda “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 2.3-cü və 2.4-cü maddələrini əsas gətirərək daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilmək və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisəni məhkəmə qaydasında həll edilməsini qeyd etmişdir. İddiaçı hesab edir ki, cavabdeh təşkilatın imtinası qanunvericiliyin tələblərinə ziddir və bu səbəbdən də hazırda məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
3. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. İddia tələbində qeyd olunan qeyri-yaşayış sahəsi X3 ilə Əmlak Məsələləri Dövlət Xidməti arasında bağlanılmış 508 nömrəli xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında dövlət reyestrində ilkin qeydiyyatdan keçmiş, hazırda həmin şəxsin xüsusi mülkiyyətindədir. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin mümkün sayılmaması xahiş edilmişdir.
4. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi.
5. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı və cavabdeh məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdirlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə üçüncü şəxsin izahatını dinləyib, ərizəni və iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi birinci hissədə mümkün sayılmamalıdır.
II. İddianın mümkünlüyü
7. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.
8. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.
9. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 may 2014-cü il tarixli “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə” dair Qərarına əsasən əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır.
10. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir.
11. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.
7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.
12. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 04 nömrəli qərarına əsasən:
17. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülkihüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır.
13. İddia tələbindən göründüyü kimi iddiaçı qeyri-yaşayış sahəsinə dair üçüncü şəxsin adına aparılmış ********* saylı qeydin və bununla bağlı verilmiş xx.xx.2022-ci il tarixli çıxarışın ləğv edilməsini tələb edir.
14. Məhkəmə qeyd edir ki, iddia lazımi qaydada qaldırılmayıb. Belə ki, tələb qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmaması ilə bağlı deyil. Torpaq sahəsinə dair qeydiyyat daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında aparılmış və iddiaçı tərəfindən həmin müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və buna dair verilən çıxarış mübahisələndirilmişdir.
15. Məhkəmə hesab edir ki, qeydiyyat mülki-hüquqi əqd əsasında aparıldığından daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilə bilər və bu iddiaya mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Odur ki, iddiaçı çatmaq istədiyi məqsədə nail olmaq üçün mülki qaydada iddia qaldırmalıdır.
16. İddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. Belə ki, iddiaçı öz məqsədinə hüquqi marağını əsaslandırmaqla digər hüquqi müdafiə vasitəsindən daha tez, daha münasib və daha sadə yolla nail ola bilər.
17. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
18. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva