Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4382/2024 17.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı İkechukwunun cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi və daimi yaşamaq icazəsinin verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı İkechukwunun cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi və daimi yaşamaq icazəsinin verilməsi” barədə iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı İkechukwu cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə (bundan sonra mətndə DMX) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işə yenidən baxılmasını, onun daimi yaşayış icazəsinin yenilənərək verilməsi ilə cavabdehlərin qərarlarının ləğv edilməsini, həmçinin gələcəkdə qeyd edilən məhkəmə qərarlarının verilməsinin qarşısını almaq üçün Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəsmilərinin peşəkar səriştə və humanistliyin yoxlanılmasını və onun yaşama hüquqlarını risk altında qoyulması üçün iki yüz əlli yeni Azərbaycan manatı (250 AZN) təzminat, üstəgəl qeyd edilən məsələ ilə əlaqəli iddiaçının qarşılaşdığı zərərlərin qarşılanmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin onun yəni, İddiaçı İkehukwu barəsində qəbul etdiyi “Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazəsinin müddətinin uzadılmasından imtina olunması haqqında” xx.xx.2023-cü il tarixli, ******* Qərarının ləğv edilməsi öhdəliyinin cavabdeh DMX-nin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Nigeriya vətəndaşıdır, ailə birləşməsi səbəbilə Azərbaycanın daimi yaşayış icazəsinə malikdir və ünvan 1 ünvanında yaşayır. Təxminən 19 sentyabr 2023-cü il tarixində iddiaçı daimi yaşayış icazəsinin yenilənməsi üçün müraciət etmiş və cavabdehə bütün tələb edilən sənədləri təqdim etmişdir. Ona bildirilmişdir ki, DMX tərəfindən müsahibə keçiriləcəkdir. Təxminən 22 sentyabr 2023-cü il tarixində o, yuxarıda qeyd edilən müsahibədə şəxsən 02 oktyabr 2023-cü il tarixində özlərinin ofisində iştirak etmək üçün DMX tərəfindən SMS ismarıc almışdır. İddiaçı 04 oktyabr 2023-cü ildə yenidən SMS ismarıcı almaqla müsahibənin uğurla nəticələndiyi barədə məlumatlandırılmışdır. Lakin, cavabdeh inzibati orqan tərəfindən müraciəti təmin edilmədən, “Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazəsinin müddətinin uzadılmasından imtina olunması haqqında” qərar qəbul edilmişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2023-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2023-cü il tarixdə və xx.xx.2024-cü il tarixlərdə “Elektron məhkəmə” sistemi vasitəsilə cavabdeh DMX-nin iddia tələbinə dair yazılı mülahizəsi məhkəməyə təqdim edilmişdir. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi (etiraz): Cavabdeh DMX-nin iddia tələbinə dair yazılı etirazları onunla əsaslandırılmışdır ki, onun heç bir hüquqi əsası yoxdur. İddiaçı daimi yaşamaq üçün icazənin müddətinin uzadılması ilə bağlı xx.xx.2023-cü il tarixdə DMX-yə müraciət etmiş, həmin müraciət əsasında araşdırılma aparılmış, təqdim olunmuş sənədlərə əsasən aparılmış icraat zamanı şəxsin müraciətinə imtina verilməsi üçün hüquqi əsasların olduğu müəyyən edilmiş və şəxsə Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 55-ci maddəsinə əsasən DYİ müddətinin uzadılmasından imtina edilməsi haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli qərar qəbul edilmişdir. Əlavə olaraq qeyd etmək lazımdır ki, Miqrasiya Məcəlləsinin 55-ci maddəsində göstərilmiş əsaslar mövcud olduğu təqdirdə şəxsin Miqrasiya Məcəlləsinin 55.0.10-cu maddəsində nəzərdə tutulan hal üzrə müvafiq Komissiyanın müsbət rəy verməsi onun ölkə ərazisində DYİ müddətinin uzadılması demək deyildir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. Tərəflərin iştirakı və izahatları: Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasında iştirak etmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Qanunverici orqan mübahisələndirmə haqqında iddianın qaldırılmasını müddətə tabe tutmuş və müddətin başlanğıcını aşağıdakı kimi müəyyən etmişdir:
1. inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində;
2. şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi). İddia mümkündür.
Faktiki hallar və sübutlar:
DMX-nin xx.xx.2023-cü il tarixli, № ******* saylı “Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazənin müddətinin uzadılmasından imtina olunması haqqında” qərarında göstərilmişdir ki İddiaçı İkechukwu 19 sentyabr 2023-cü il tarixli müraciətində Azərbaycan Respublikası vətəndaşı ilə yaxın qohumluq münasibətində olması ilə əlaqədar Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün verilmiş icazənin müddətinin uzadılmasını xahiş etmiş və qeyd olunan qərarla aşağıda qeyd olunanlar qərara alınmışdır: - Nigeriya Federativ Respublikası vətəndaşı İddiaçı İkechukwunun 19 sentyabr 2023-cü il tarixli müraciəti təmin edilməsin. - Nigeriya Federativ Respublikası vətəndaşı A13186042 nömrəli Pasporta malik olan İddiaçı İkechukwunun Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün verilmiş icazəsi ləğv edilsin. - Nigeriya Federativ Respublikası vətəndaşı İddiaçı İkechukwuya 10 gün ərzində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxmaq öhdəliyi qoyulsun və bu bəndin icrasına nəzarət Miqrasiya nəzarəti baş idarəsinə həvalə edilsin. - Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün verilmiş 26557 nömrəli icazə vəsiqəsinin qüvvədən düşməsi məqsədilə bu barədə müvafiq məlumatlar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidmətinə göndərilsin.
DMX-nin xx.xx.2024-cü il tarixli, № ******* saylı “Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi haqqında” qərarında göstərilmişdir ki, 19 aprel 2024-cü il tarixli müraciətdə İddiaçı İkechukwuya Qohumluq münasibəti əsasında Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsi xahiş etmiş və və qeyd olunan qərarla aşağıda qeyd olunanlar qərara alınmışdır: - Nigeriya Federativ Respublikası vətəndaşı İddiaçı İkechukwuya müvəqqəti yaşamaq üçün icazənin verilməsi barədə 19 aprel 2024-cü il tarixli 117451/m nömrəli müraciət təmin edilsin. - Nigeriya Federativ Respublikası vətəndaşı İddiaçı İkechukwuya Azərbaycan Respublikasının ərazisində etibarlılıq müddəti 08 may 2024-cü il tarixdən 08 may 2025- ci il tarixədək olan müvəqqəti yaşamaq üçün icazə verilsin. - Nigeriya Federativ Respublikası vətəndaşı İddiaçı İkechukwuya Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsi barədə etibarlılıq müddəti 08 may 2024-cü il tarixdən 08 may 2025-ci il tarixədək olan Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi təqdim edilsin.
Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin: M a d d ə 52. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün verilən icazə və bunu təsdiq edən sənəd 52.1. Bu Məcəllənin 45.1.1-45.1.7-ci maddələrində nəzərdə tutulmuş əsaslarla müvafiq icazə əsasında son 2 il ərzində fasiləsiz olaraq Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə (bu Məcəllənin 45.1.8-45.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə almış əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin ailə üzvü olduğuna görə müvəqqəti yaşamaq üçün icazə almış şəxslər və bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) aşağıdakı hallarda Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə verilir: 52.1.1. atası, anası, əri (arvadı), övladı, bacısı və ya qardaşı Azərbaycan Respublikasının vətəndaşı olduqda; 52.1.2. bu Məcəllənin 52.1.3-52.1.5-ci maddələrində nəzərdə tutulmuş hallar da nəzərə alınmaqla, ölkə iqtisadiyyatına qoyduğu investisiya məbləğinin cəmi azı 500.000 manat olduqda; 52.1.3. Azərbaycan Respublikasının ərazisində azı 200.000 manat dəyərində daşınmaz əmlakı olduqda; 52.1.4. Azərbaycan Respublikasında fəaliyyət göstərən banklarda müddətli əmanət müqaviləsi əsasında azı 200.000 manat məbləğində pul vəsaiti olduqda; 52.1.5. nominal dəyəri azı 200.000 manat olan dövlət qiymətli kağızlarına və ya eyni həcmdə paylarının (səhmlərinin) 51 və daha artıq faizi dövlətə məxsus olan hüquqi şəxslərin investisiya qiymətli kağızlarına malik olduqda; 52.1.6. iqtisadiyyat, sənaye, hərbi, elm, mədəniyyət, idman və digər sahələr üzrə yüksək səviyyəli mütəxəssis olduqda; 52.1.7. bu Məcəllənin 64.0.8-1-ci maddəsində nəzərdə tutulmuş mütəxəssis olduqda; 52.1.8. Azərbaycan Respublikasının ərazisində daimi yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin ailə üzvü olduqda; 52.1.9. xarici hüquqi şəxsin Azərbaycan Respublikasındakı filial və nümayəndəliyinin rəhbəri və onun müavini vəzifəsini tutduqda; 52.1.10. Azərbaycan Respublikasında təsis edilmiş, ödənilmiş nizamnamə kapitalı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş miqdardan az olmayan, təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxsin rəhbəri vəzifəsini tutduqda və ya həmin hüquqi şəxsin paylarının (səhmlərinin) azı 51 faizinə sahib olduqda, bu şərtlə ki, rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxsin dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi həcmdə olsun; 52.1.11. Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda, o şərtlə ki, dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi həcmdə olsun. 52.2. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. 52.3. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə verildikdə, həmin şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi təqdim edilir. 52.4. Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə və etibarlılıq müddətində Azərbaycan Respublikasından getmək və viza almadan Azərbaycan Respublikasına qayıtmaq hüququ verən, habelə həmin şəxslərin ölkə ərazisində şəxsiyyətini və yaşayış yeri üzrə qeydiyyata alındığını təsdiq edən sənəddir. M a d d ə 55. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazənin verilmədiyi (müddətinin uzadılmadığı) hallar 55.0. Aşağıdakı hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən əcnəbiyə və vətəndaşlığı olmayan şəxsə Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmir (müddəti uzadılmır), əvvəl verilmiş icazə isə ləğv edilir: 55.0.1. Azərbaycan Respublikasının milli təhlükəsizliyinə və ya ictimai asayişə zərər vurula biləcəyi hallarda; 55.0.2. siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən təhlükəli yoluxucu xəstəlik virusu daşıyıcısı olduqda (Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olanlar istisna olmaqla); 55.0.3. şəxsiyyətini təsdiq edən sənədləri olmadıqda və ya bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan sənədlərdən biri və ya bir neçəsi təqdim edilmədikdə (bu Məcəllənin 53.4-cü maddəsi nəzərə alınmaqla); 55.0.4. Azərbaycan Respublikasında daimi yaşamaq icazəsi almaq üçün saxta sənədlər təqdim edildikdə və ya yalan məlumatlar verildikdə; 55.0.5. qəsdən ağır və ya xüsusilə ağır cinayət törətdiyinə görə məhkum olunduqda, əgər məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmişdirsə və ya götürülməmişdirsə; 55.0.6. özlərinin və onlarla gələn ailə üzvlərinin minimal tələbatını ödəyə bilən vəsaiti olmadıqda (yaxın qohumu olan Azərbaycan Respublikasının vətəndaşı və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə almış şəxs ölkədə qaldıqları vaxtda onların təminatını öz üzərinə götürdüyü hallar istisna olmaqla); 55.0.6-1. əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin (onunla gələn ailə üzvlərinin) maddi təminatını üzərinə götürmüş şəxs tərəfindən belə təminatdan imtina etmə ilə bağlı müraciət olunduğu halda, 10 iş günü ərzində özünün və onunla gələn ailə üzvlərinin minimal tələbatının ödənilməsi barədə başqa sənəd təqdim edə bilmədikdə; 55.0.6-2. bu Məcəllənin 53.1.14-cü maddəsində nəzərdə tutulan razılıq ərizəsini vermiş şəxslər tərəfindən əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin qeydiyyatdan çıxarılması barədə müraciət olunduğu halda, 10 iş günü ərzində qeydiyyata alınmaq üçün başqa yaşayış sahəsinə dair sənədlər təqdim etmədikdə; 55.0.7. xarici dövlətdə daimi yaşamaq üçün Azərbaycan Respublikasının ərazisini tərk etdikdə; 55.0.8. daimi yaşamaq üçün icazənin verildiyi gündən hesablanmaqla istənilən bir il ərzində Azərbaycan Respublikasının ərazisindən kənarda olduğu günlərin cəmi 180 gündən çox olduqda (bu hal bu Məcəllənin 45.1.2-ci və 45.1.7-ci maddələrində nəzərdə tutulmuş əsaslarla müvafiq icazə alan şəxslərə şamil edilmir); 55.0.9. Azərbaycan Respublikasının ərazisində daimi yaşama icazəsinin alınması üçün əsas olmuş hal aradan qalxdıqda və daimi yaşama icazəsinin alınması ilə bağlı bu Məcəllənin 52.1-ci maddəsində nəzərdə tutulmuş digər əsaslar olmadıqda; 55.0.10. Azərbaycan Respublikasının ərazisində daimi yaşayan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələrini, habelə dövlət dilini bilmədikdə; 55.0.11. Azərbaycan Respublikasında olması arzuolunmaz hesab edildikdə; 55.0.12. barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılma barədə qərar qəbul edildikdə; 55.0.13 Azərbaycan Respublikasının ərazisində daimi yaşadığı dövrdə Azərbaycan Respublikasına gəlişinin bəyan edilmiş məqsədini pozduqda; 55.0.14. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarını pozduğuna görə barəsində tətbiq edilmiş inzibati cəriməni ödəmədik.
İPM: Maddə 74. Diskresion səlahiyyətlər əsasında qəbul edilmiş inzibati aktların yoxlanılması və ya həmin aktlar üzərində məhkəmə nəzarətinin mümkünlüyü İnzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır
Məhkəmənin mövqeyi.
Göründüyü kimi yuxarıda qeyd olunan normaların ümumi təhlili nəticəsində müəyyən olunur ki, Miqrasiya Məcəlləsinin yuxarıda göstərilən normaları əcnəbi və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti yaşamaq üçün icazə verilməsi əsaslarını, tələb olunan sənədlərin əhatə dairəsini və imtina hallarını müəyyən edir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin tələblərinə əsasən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılmadığı hallardan hər hansı biri aşkar edilərsə, şəxsə verilmiş daimi yaşamaq icazəsi ləğv edilə bilər. Nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını və ya faktiki xarakterli hərəkətini qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Lakin göstərilən qaydadan müəyyən istisnalar da mövcuddur. İPM-in 73.3.2-ci maddəsində təsbit olunan qiymətləndirmə azadlığı inzibati orqana yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkün olan qiymətləndirmə azadlığı təklif edir. Burada, söhbət məhkəmə qaydasında təkrarlanması mümkün olmayan və ya inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi bilik və təcrübəyə malik olduğu hallardan gedir. Yuxarıda adıçəkilən maddənin şərhində isə qiymətləndirmə azadlığının mövcudluğu konkretdir. Belə ki, qeyd edilən cümlədən görünür ki, ziyan vurma halı yox, məhz ziyan vurma halının mövcud ola biləcəyi formasında ifadədən istifadə edilmişdir ki, aidiyyəti səlahiyyətli qurum tərəfindən şəxs barəsində gəlinən milli təhlükəsizliyə təhdid törətməsi barədə mövqe qeyd olunan səbəblərdən də əsaslı qəbul edilir. Hazırkı iş üzrə də qərarın qəbulu zamanı mümkün bütün hallar nəzərə alınmaqla yekun nəticəyə gəlinmişdir. İddiaçı tərəf Azərbaycan Respublikası vətəndaşı ilə nikaha daxil olması və ailənin bütövlüyü baxımından ölkə ərazisindən kənarlaşmasının ailə münasibətlərinə ciddi təsir törətməsini qeyd etsə də, məhkəmə hesab edir ki, həmin halda özlüyündə hazırkı qərarın ləğvinin əsası qismində çıxış edə bilməz. Belə ki, milli təhlükəsizliyə ziyan vurma ehtimalının mövcudluğu özündə Azərbaycan Respublikasında yaşayan şəxslərin, o cümlədən ailələrin təhlükəsizliyini ehtiva edir. Hazırkı qərarın ləğv edilməməsinin zəruriliyi isə ictimai marağın fərdi maraqdan üstünlüyü baxımından da əhəmiyyətlidir. Əlavə olaraq da qeyd olunmalıdır ki, DMX-nin xx.xx.2024-cü il tarixli, № ******* saylı “Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi haqqında” qərarı ilə iddiaçıya Nigeriya Federativ Respublikası vətəndaşı İddiaçı İkechukwuya Azərbaycan Respublikasının ərazisində etibarlılıq müddəti 08 may 2024-cü il tarixdən 08 may 2025- ci il tarixədək olan müvəqqəti yaşamaq üçün icazə verilmişdir. Digər tərəfdən nəzərə alınmalıdır ki, ümumiyyətlə şəxsin Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq icazəsinin verilməsi cavabdehin diskresion səlahiyyətlərinə aid edilir. İPM-nin aşağıdaki maddələrinə nəzər yetirdikdə görünür ki, həmin Məcəllənin: 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3-cü maddəsinin tələbinə əsasən, aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın mübahisələndirilən qərarı qanunvericiliyin tələblərinə uyğun qəbul edilmişdir. İPM-nin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ Qeyd olunanlara əsasən və İPM-nin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı:
İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Nəriman Abıyev