Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4383/2021 24.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Vəliyeva Ayla Fuad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti) qarşı “mənzilə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ünvan 1 evin 9 saylı mənzilinin onun adına ilkin hüquqi qeydiyyata alınmaqla, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xüsusi mülkiyyət hüququ ilə çıxarışın verilməsi öhdəliyinin Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Vüqar Quliyev küçəsində yerləşən 16 saylı evin, yaşayış sahəsi 33,0 kv.metrdən ibarət 2 otaqlı 9 saylı mənzilində 1983-cü ildən daimi pasport qeydiyyatında olmaqla, hal-hazırda 6 nəfər ailə üzvü ilə birlikdə (özü, oğlu, qızı, gəlini və 2 nəvəsi) faktiki olaraq yaşayır və mənzil daimi olaraq istifadəsinə verilmişdir. Belə ki, Bakı şəhər XDS icraiyyə komitəsinin 05.11.1971-ci il tarixli, 093044 saylı orderinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Vüqar Quliyev küçəsində yerləşən 16 saylı evin 1 otaqlı 9 saylı mənzili əri X4 verilmiş, "Azneft" X21 adası NQÇİ-nin 14.04.2002-ci il tarixli, 435 saylı əmrinə əsasən Vüqar Quliyev küçəsi, 10 saylı mənzilin kirayə müqaviləsi 9 saylı mənzilə birləşdirilməklə adına şəxsi hesab vərəqəsi açılmışdır. X7 ölümü ilə əlaqədar qeydiyyatdan çıxarılmışdır. 2012-ci ildən yaşadıqları Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Vüqar Quliyev küçəsində yerləşən 16 saylı yaşayış binası Dövlət Neft Şirkətinin balansından Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına verilmişdir. Bundan sonra mənzilə dair kommunal xidmətlərə görə xərcləri müvafiq olaraq aidiyyəti təşkilatlara (qaz, su, işıq), o cümlədən mənzil kirayə və zibil haqlarını həmin təşkilatın 137 saylı Mənzil-Kommunal İstismar Sahəsinə ödəyir. Belə ki, 1983-cü ildən 9 saylı mənzilə dair bütün kommunal xərcləri tam ödəməklə yanaşı, binanın saxlanılması üçün mənzil mülkiyyətçiləri ilə birgə idarəetmə xərclərində də öz dəyər payına uyğun mütənasib surətdə iştirak edir (AR Mülki Məcəlləsinin 235-ci maddəsi, Mənzil Məcəlləsinin 35-ci və 135-ci maddəsi). Müraciətinə əsasən Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 12.09.2019-cu il tarixli, 60/2 saylı sərəncamı ilə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Vüqar Quliyev küçəsində yerləşən 16 saylı evin, yaşayış sahəsi 33,0 kv.metr olan 2 otaqlı 9 saylı mənzilinin kirayə müqaviləsi 6 nəfər ailə üzvü ilə (özü, oğlu, qızı, gəlini və 2 nəvəsi) iddiaçının adına bağlanılmış və o, həmin mənzilin kirayəçisi hesab edilmişdir. Qeyd edilən sərəncam verildikdən sonra mənzili özəlləşdirmək üçün tələb olunan sənədləri qanunla müəyyən edilmiş qaydada toplayaraq Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Həmin təşkilat tərəfindən 28.12.2020-ci il tarixli, **********84 saylı cavab məktubu ilə heç bir səbəb olmadan imtina olunaraq bildirilmişdir ki, ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayə müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır". Bununla da iddiaçı hesab edir ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən əsassız olaraq yaşadığı mənzilin onun adına özəlləşdirilməsinə dair müraciətindən imtina olunmuşdur. ünvan 1 evin 9 saylı mənzilinə dair iddiaçıyla Bakı şəhər MKTD arasındakı müqavilə 2019-cu ildə bağlansa da, mənzil münasibətləri 01.10.2009-cu il tarixdən əvvəlki dövrə təsadüf etdiyindən, həmin mənzil Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.2-ci maddəsinin tələblərinin tətbiq dairəsinə düşmür. Belə ki, o, 01.10.2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsinin tələblərinə əsasən bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26.01.1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan və öz hüquqlarını saxlayan şəxsdir. Belə olan halda ünvan 1 evin 9 saylı mənzilinə iddiaçı ilə mülkiyyət hüquqları yarandığından, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci və 10-cu maddələrinə əsasən onun hüquqları qeydiyyata alınmalıdır. Odur ki, cavabdehin imtinası qanunazidd sayılmalı və iddiaçının mülkiyyətçi kimi hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Beləliklə, iddiaçı hesab edir ki, iddia təmin edilərək, ünvan 1 evin 9 saylı mənzilinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin 2-1(112)-4383/2021 nömrəli, 23.02.2021-ci il tarixli qərardadı ilə Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla çıxarışın verilməsi” tələbinə dair iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etiraz edərək iddianın təmin edilməməsini xahiş etmiş və izahatında bildirmişdir ki, iddiaçı iddia etdiyi mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədləri “ASAN xidmət” mərkəzinə təqdim etməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. İddiaçıyla kirayə müqaviləsinin bağlanması haqqında sərəncam 2019-cu ildə verilmişdir. Qeyd olunanlara əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən iddiaçının ərizəsinin icrasından imtina edilmişdir. Məhkəmə iclasında iştirak etmiş üçüncü şəxsin nümayəndəsi izahatında bildirmişdir ki, dövlət mənzil fondunun balansında olan mənzilin özəlləşdirilməsi bir sıra amillərə görə vacibdir. Belə ki, iqtisadi cəhətdən kirayədarla kirayəçi arasında bağlanan müqavilə üzrə mənzilin əsaslı və cari təmiri xərclərindən kirayədar azad olur. Mülkiyyətçi mənzilini kənar müdaxilədən sığortalamaq hüququ əldə edir. Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətini yaratmaqla mülkiyyətçilər binanın saxlanılmasını öz üzərilərinə götürmək hüquqları əldə edirlər. Mülkiyyətçi dövlət büdcəsinə əmlak vergisi ödəyir. İddiaçının özəlləşdirilməsini istədiyi mənzilin yerləşdiyi ünvan 1 ünvanda yerləşən keçmiş yataqxana binası Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramının həyata keçirilməsi ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin mənzil fonduna daxil edilməklə Departamentin balansına verilmişdir. İddiaçı Bakı Şəhər Mənzil- Kommunal Təsərrüfatı Departamentinə ərizə ilə müraciət edərək, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 2-ci hissəsinə əsasən faktiki olaraq yaşadığı mənzilə öz adına kirayə müqaviləsi bağlanılmasını xahiş etmişdir. İddiaçının 1983-cü ildən qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Vüqar Quliyev küçəsində yerləşən 16 saylı evin, yaşayış sahəsi 33,0 kv.metr olan 2 otaqlı 9 saylı mənzilində 6 nəfər ailə üzvü ilə (özü, oğlu, qızı, gəlini və 2 nəvəsi) yaşadığı nəzərə alınaraq onunla kirayə müqaviləsi bağlanılmış və o, həmin mənzilin kirayəçisi hesab olunmuşdur. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1953-cü il təvəllüdlü İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Bakı şəhər XDS İcraiyyə Komitəsinin 05.11.1971-ci il tarixli, 093044 saylı orderinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Vüqar Quliyev küçəsində yerləşən 16 saylı evin 1 otaqlı sahəsi 16 kv.m olan 9 saylı mənzili X4 verilmişdir. İş materiallarına əlavə edilmiş "Azneft" X27 adası NQÇİ-nin 14.04.2002-ci il tarixli, 435 saylı əmrindən görünür ki, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, V.Quliyev küçəsi, ev 16, mənzil 9-da yaşayan X7 həmin ünvanda boşalmış sahəsi 17 kv.m olan 10 saylı mənzilin onun yaşayış sahəsinə qatılması üçün ərizə ilə müraciət etmişdir. Təqdim edilən sənədlərin araşdırılması zamanı müəyyən edilmişdir ki, yuxarıda göstərilən ünvanda bir otaq boşalmışdır. Mənzilin sahibi İsayev Nizami qeydiyyatdan çıxmışdır. Göstərilənə əsasən Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Vüqar Quliyev küçəsi, ev 16, 10 saylı mənzilin kirayə müqaviləsi 9 saylı mənzilə birləşdirilib X2 adına bir şəxsi hesab vərəqəsi açılmışdır. İş materiallarında olan BŞİH Mənzil Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin 137 saylı Mənzil Kommunal İstismar Sahəsinin 18.02.2020-ci il tarixli, 308 nömrəli arayışında qeyd edilmişdir ki, verilir İddiaçı ona görə ki, o, həqiqətən Qaraçuxur qəsəbəsi, Vüqar Quliyev küçəsində yerləşən 16 saylı evin, yaşayış sahəsi 33,0 kv.metrdən ibarət 2 otaqlı 9 saylı mənzilində yaşayır. Bina 3 saylı XT MKTB-nə məxsusdur. Mənzilin icarədarı İddiaçıdır. İddiaçı ailəsi 06 nəfərdən ibarətdir. İddiaçı 11.11.1983, X8 19.05.1999, X6 23.06.2001, X9 2001, X15 03.05.2015-ci ildə və X16 mənzilə qeydiyyata alınmışlar. İş materiallarına əlavə edilmiş Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 12.09.2019-cu il tarixli, 60/2 saylı sərəncamından görünür ki, Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramının həyata keçirilməsi ilə əlaqədar özəlləşdirilən dövlət müəssisələrinə, ləğv olunmuş nazirlik, dövlət şirkəti və konsernlərinə, digər təşkilatların isə müraciətlərinə əsasən onlara məxsus olan yaşayış binaları, o cümlədən, yataqxanalar (idarə mənzil fondu) əvəzsiz olaraq Bakı Şəhər İcra Hakimiyyətinin mənzil fonduna daxil edilməklə Departamentin balansına verilmişdir. ünvan 1 ünvanda yerləşən keçmiş yataqxana binası da mənzil fonduna daxil edildiyindən, İddiaçı Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə ərizə ilə müraciət edərək, «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin 2-ci hissəsinə əsasən faktiki olaraq yaşadığı mənzilə öz adına kirayə müqaviləsi bağlanılmasını xahiş etmişdir. Vətəndaş İddiaçı 1983-cü ildən qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Vüqar Quliyev küçəsində yerləşən 16 saylı evin, yaşayış sahəsi 33,0 kv.metr olan 2 otaqlı 9 saylı mənzilində 6 nəfər ailə üzvü ilə (özü, oğlu, qızı, gəlini və 2 nəvəsi) yaşayır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq və «Azərbaycan Respublikasında mənzil bondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 2-ci hissəsinə əsaslanaraq Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Vüqar Quliyev küçəsində yerləşən 16 saylı evin, yaşayış sahəsi 33,0 kv.metr olan 2 otaqlı 9 saylı mənzilinə 6 nəfər ailə üzvü ilə (özü, oğlu, qızı, gəlini və 2 nəvəsi) İddiaçı adına kirayə müqaviləsinin bağlanılması və onun həmin mənzilin kirayəçisi hesab olunması, qeyd olunan mənzilə İddiaçı adına şəxsi maliyyə hesabının açılmasının 3 saylı Xüsusi Təyinatlı MKTB-nin 137 saylı Mənzil-Kommunal İstismar Sahəsinə tapşırılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş: -X3 notariat qaydasında təsdiq edilmiş 18.02.2020-ci il tarixli ərizəsinin surətindən görünür ki, qeydiyyatda olduğu ünvan 5 ünvanında yerləşən 9/10 saylı mənzilin İddiaçı adına özəlləşdirilməsinə və reyestrdən çıxarışın verilməsinə etirazının olmadığını qeyd etmiş və ərizəni öz imzası ilə təsdiqləmişdir. -X1 notariat qaydasında təsdiq edilmiş 18.02.2020-ci il tarixli ərizəsinin surətindən görünür ki, qeydiyyatda olduğu ünvan 6 ünvanında yerləşən 9/10 saylı mənzilin İddiaçı adına özəlləşdirilməsinə və reyestrdən çıxarışın verilməsinə etirazının olmadığını qeyd etmiş və ərizəni öz imzası ilə təsdiqləmişdir. -X5 notariat qaydasında təsdiq edilmiş 19.02.2020-ci il tarixli ərizəsinin surətindən görünür ki, qeydiyyatda olduğu ünvan 6 ünvanında yerləşən 9/10 saylı mənzilin İddiaçı adına özəlləşdirilməsinə və reyestrdən çıxarışın verilməsinə etirazının olmadığını qeyd etmiş və ərizəni öz imzası ilə təsdiqləmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhər MKTD-nin verdiyi 30.03.2021-ci il tarixli məktubu ilə ünvan 1 evin 9 saylı mənzilinə dair kirayə müqaviləsinin X20 ilə bağlanması barədə Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 12.09.2019-cu il tarixli, 60/2 saylı sərəncamı və həmin sərəncamın verilməsinə əsas olmuş sənədlərin təsdiq olunmuş surəti göndərilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamentinin verdiyi 15.04.2021-ci il tarixli, 197; 197/1 nömrəli məktubu ilə təqdim edilmiş ünvan 1 evin 9 saylı mənzilinə dair kirayə müqaviləsinin X20 ilə bağlanması barədə Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 12.09.2019-cu il tarixli, 60/2 saylı sərəncamının verilməsinə əsas sənədlərdən görünür ki: -Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamentinə ünvanladığı 19.08.2019-cu il tarixli, 608 nömrəli məktubunda bildirilmişdir ki, ünvan 8 ünvanında yaşayan İddiaçı yaşayış sahəsinin sənədləşdirilməsi ilə əlaqədar 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinə ərizə ilə müraciət etmişdir. İddiaçı ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər baxılması üçün sizə təqdim olunur. Xahiş edilir, təqdim edilən sənədlərə münasibət bildirəsiniz. -X17 notariat qaydasında təsdiq edilmiş 01.03.2019-cu il tarixli ərizəsinin surətindən görünür ki, ev sahibi həyat yoldaşının vəfatı ilə əlaqədar mənzilin icarə müqaviləsinin onun adına bağlanmasına sərəncam verilməsini xahiş etdiyini qeyd etmiş və ərizəni öz imzası ilə təsdiqləmişdir. -X3 notariat qaydasında təsdiq edilmiş 01.03.2019-cu il tarixli ərizəsinin surətindən görünür ki, atasının vəfatı ilə əlaqədar yaşadığı mənzilin icarə müqaviləsinin X12 adına keçirilməsinə etiraz etmədiyini qeyd etmiş və ərizəni öz imzası ilə təsdiqləmişdir. -X1 notariat qaydasında təsdiq edilmiş 02.03.2019-cu il tarixli ərizəsinin surətindən görünür ki, yaşadığı mənzilin atasının adından anası - X12 adına keçirilməsinə icazə verdiyini qeyd etmiş və ərizəni öz imzası ilə təsdiqləmişdir. -X5 notariat qaydasında təsdiq edilmiş 02.03.2019-cu il tarixli ərizəsinin surətindən görünür ki, yaşadığı mənzilin qayınatasının adından qayınanası - X12 adına keçirilməsinə icazə verdiyini qeyd etmiş və ərizəni öz imzası ilə təsdiqləmişdir. -V.Quliyev küçəsi, ev 16, 9,10 saylı mənzilin yaşayış sahəsi 33.0 kv.m (16 kv.m və 17 kv.m) olmaqla sxemi 137 saylı MKİS-nin mühəndisi V.Usubəliyev tərəfindən tərtib edilmiş, imzalanmış və Mənzil-Kommunal Təsərrüfatı Departamentinin möhürü ilə təsdiq edilmişdir. -16.10.1983-cü il tarixli, İİİ-ЖТ 343143 nömrəli nikah haqqında haqqında şəhadətnaməyə əsasən X7 ilə X23 16 oktyabr 1983-cü ildə nikaha daxil olmuşlar. -01.12.2006-cı il tarixli, AZ-İ № 224274 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X7 27.11.2006-cı ildə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 01.12.2006-cı il tarixdə 1086 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin Daşınmaz əmlakın dövlət reyestrindən 02.12.2013-cü il tarixli, **********26 nömrəli arayışında göstərilmişdir ki, verilir X19 ondan ötrü ki, Bakı şəhər inzibati ərazi vahidi üzrə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində, keçmiş Tİ və MHQ idarələrinin arxiv məlumatlarında, ƏMDK və DTXK tərəfindən təqdim edilmiş elektron bazada məlumat yoxdur. -Suraxanı Rayon İcra Hakimiyyətinin X19 ünlanladığı 2013-cü il tarixli, A/246 nömrəli məktubunda bildirilmişdir ki, yaşayış yeri üzrə mənzil növbəsində olubolmamağınız haqqında ərizənizə Suraxanı Rayon İcra Hakimiyyətində baxılmışdır. Bildirilir ki, siz və sizin ailə üzvləriniz X8, X6 yaşayış yeri üzrə Suraxanı Rayon İcra Hakimiyyətində vətəndaşların mənzil növbəlilik siyahısında növbəliliyiniz qeydə alınmamışdır. -Bakı Şəhər İcra Hakimiyyəti Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 137 saylı Mənzil Kommunal İstismar Sahəsinin 27.02.2019-cu il tarixli, 418 nömrəli arayışında göstərilmişdir ki, verilir vətəndaş X19 ona görə ki, o, həqiqətən Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, V.Quliyev küçəsi, 16 saylı evin 9/10 nömrəli mənzilində qeydiyyatdadır. H/y X7 27.11.2006-cı ildə rəhmətə gedib. 01.12.2006-cı ildə qeydiyyatdan çıxıb. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş 24.06.2021-ci il tarixli, **********45 nömrəli məktubda bildirilmişdir ki, ünvan 1 evin 9 saylı, 10 saylı və 9/10 saylı ünvanların olub-olmaması barədə müraciətinizə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətində aidiyyəti üzrə baxılmışdır. Bununla əlaqədar bildirilir ki, tərəfimizdən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə sözügedən ünvanlar barədə arxiv sənədlərin olub-olmamasına dair sorğu göndərilmişdir. Sorğu nəticəsində məlum oldu ki, ünvan 6 ünvanında yerləşən 9, 10, 9/10 saylı mənzillərin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfatı Birliyinin verdiyi 16.08.2021-ci il tarixli, 488 nömrəli məktubda bildirilmişdir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4383/2021 saylı, 27.05.2021-ci il tarixli sorğusu ilə mütəxəssislər tərəfindən ünvan 1 evin 9 və 10 saylı mənzillərinə baxış keçirilərək qeyd olunan mənzillərin (otaqların) texniki vəziyyəti, sahə ölçüləri, giriş-çıxış, arakəsmələr və s. barədə, eləcə də həmin otaqların vahid mənzil kimi istifadəsinin mümkünlüyünə dair ətraflı məlumatın məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. Bununla əlaqədar olaraq bildirilir ki, qeyd olunan mənzil Birliyin 137 saylı MKİS-nin xidməti ərazisinə daxil olduğundan, sorğunun cavablandırılması üçün aidiyyəti üzrə 137 saylı MKİS-ə müvafiq tapşırıqlar verilmişdir. Həmin məktubla göndərilmiş Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil- Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 3 saylı XT MKTB-nin 137 saylı MKİS-yə ünvanladığı 16.08.2021-ci il tarixli, 487 nömrəli məktubunda qeyd olunmuşdur ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4383/2021 tarixli sorğusu aidiyyəti üzrə baxılması və qısa müddət ərzində cavablandırılması üçün sizə göndərilir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı 28.12.2020-ci il tarixli, **********84 nömrəli məktubunda müraciətin təminindən imtina edilərək bildirilmişdir ki, qeyd olunan ünvanda yerləşən mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlərin əsilləri ilə ASAN Xidmət Mərkəzlərinə müraciət edəcəyiniz təqdirdə müraciətinizdə qeyd olunan məsələyə qanunamüvafiq qaydada baxılacaqdır. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənizin icrasından imtina edilir. Beləliklə, işin hallarından görünür ki, İddiaçı ünvan 1 evin 9 saylı mənzilinin 1983-cü ildən istifadəsində olduğunu, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil- Kommunal Təsərrüfatı Departamentinin 12.09.2019-cu il tarixli 60/2 saylı sərəncamı ilə həmin mənzilin kirayəçisi hesab edildiyini əsas götürərək mənzilin özəlləşdirilməsi ilə bağlı cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən müraciət təmin olunmadığından hazırkı iddia ilə məhkəməyə müraciət edərək sözügedən mənzilin onun adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla çıxarışın verilməsini mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.7 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Çünki iddiaçının tələbi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan hərəkətlərin edilməsinə yönəlib. İddianın bu növ iddia üzrə nəzərdə tutulmuş xüsusi mümkünlük şərtləri də ödənilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır”. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 5 sentyabr 2012-ci il tarixli 706 saylı Fərmanının 5.7.1-ci bəndinə əsasən “ASAN xidmət” mərkəzlərində mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi xidmətlərinin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçının mənzilin ilkin dövlət qeydiyyatına alınması barədə “ASAN xidmət” mərkəzinə müraciət etməməsi iddiaçının qeyd edilən tələblə cavabdehə ilkin müraciətinin olmaması nəticəsinə gəlməyə əsas vermir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmazdan əvvəl ünvan 1 evin 9 saylı mənzilinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Azərbaycan Respublikası Prezidentinin 4 may 2015-ci il tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnaməyə görə Xidmət dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının həyata keçirilməsinin təmin edilməsi (bənd 2.0.1), bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olubolmadığının müəyyən edilməsi (bənd 3.0.4), hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatların daxil edilməsi (bənd 3.0.5), hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış verilməsi (bənd 3.0.11) kimi səlahiyyətlərini Azərbaycan Respublikasının bütün ərazisində ərazi idarələri (ixtisaslaşdırılmış hüquqi şəxslər) vasitəsilə həyata keçirir (bənd 1.3). Məhkəmə Əsasnamənin qeyd edilən müddaəlarına istinadən daşınmaz əmlaka mülkiyyət hüquqlarının dövlət qeydiyyatının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi vasitəsilə həyata keçirildiyini, həmin idarənin iddiaçının ərizəsini aidiyyəti üzrə “ASAN xidmət” mərkəzindəki reyestr xidmətini həyata keçirən orqana göndərmədiyini, əksinə həmin ərizəyə cavab olaraq ünvanladığı 28.12.2020-ci il tarixli məktubunda iddiaçının mənzilə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizə və sənəd surətlərinə idarə tərəfindən baxıldığını, müraciət ilə bağlı “Mənzil Fondunun özəlləşdirilməsi haqqında” Qanunun 8-ci maddəsinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.11-ci maddəsinə əsaslanaraq tələb olunan hüquqmüəyyənedici sənədlərin siyahısını sadaladığını və yekunda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsinin müddəalarına əsaslanaraq iddiaçının ərizəsinin təminindən imtina edildiyini qeyd etdiyini nəzərə alaraq hesab edir ki, DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin 28.12.2020-ci il tarixli cavab məktubu iddiaçının müraciətinə daşınmaz əmlakın dövlət reyestrini həyata keçirən orqan tərəfindən verilən mahiyyəti üzrə imtina cavabıdır. Beləliklə, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı imtina cavabını almışdır. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia mümkün sayılmaqla yanaşı, mahiyyəti üzrə də əsaslı iddiadır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. 26.01.1993-cü il tarixli “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 4-cü madddəsinin tələbinə görə dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Həmin Qanunun 8-ci maddəsinə əsasən mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: -mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər. -və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); -mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. İddiaçı hazırkı iddia üzrə sözügedən mənzilin kirayəçisi hesab edilməsi haqqında Bakı şəhər MKTD-nin sərəncamı 2019-cu ildə verilsə də, həmin mənzilin mərhum ərinin adına hələ 1971 və 2002-ci ildə ayrıldığını, özünün ailə üzvləri ilə həmin mənzildə 1983-cü ildən yaşadığını, mənzil münasibətlərinin Mənzil Məcəlləsi qüvvəyə minməzdən 01.10.2009-cu il tarixdən əvvəlki dövrə təsadüf etdiyini nəzərə alaraq mənzili özəlləşdirmək hüququnun olduğunu iddia edir və həmin mənzilə mülkiyyət hüquqlarının qeydiyyatını mübahisələndirir. Məhkəmə hesab edir ki, işin hazırkı vəziyyətində araşdırılmalı olan hal iddiaçının iddia predmeti olan mənzilə 01.10.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin normalarına əsasən hüquq əldə edib-etmədiyinin, buradan, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun qüvvəyə mindiyi 1993-cü ilədək (və bundan sonra) mənzil hüquq münasibətlərinin iştirakçısı olub-olmadığının müəyyən edilməsindən ibarətdir. İşin hallarından müəyyən olur ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Vüqar Quliyev küçəsində yerləşən 16 saylı evin 16 kv.m-dən ibarət olan 9 saylı 1 otağı Bakı şəhər XDS icraiyyə komitəsinin 05.11.1971-ci il tarixli, 093044 saylı orderinə əsasən X2 adına verilmişdir. Orderdə yalnız X2 adı göstərilmişdir. 16.10.1983-cü ildə X7 ilə İddiaçı nikaha daxil olmuşlar. 137 saylı MKİS-nin arayışına əsasən İddiaçı 1983-cü ildən həmin mənzilə qeydiyyata düşmüşdür. Daha sonra "Azneft" X21 adası NQÇİ-nin 14.04.2002-ci il tarixli, 435 saylı əmrinə əsasən həmin idarədə işləyən X4 eyni binada sahəsi 17 kv.m olan 10 saylı otaq verilmiş və 10 saylı mənzilin kirayə müqaviləsi 9 saylı mənzilə birləşdirilməklə T.T.Abdullayevin adına hər iki otağa dair bir şəxsi hesab vərəqəsi açılmışdır. 27.11.2006-cı ildə X2 ölümü ilə sonuncu həmin ünvandan qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.12.2001-ci il tarixli 435 s saylı Sərəncamına və həmin sərəncamın icrası haqqında Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 25.01.2012-ci il tarixli 029 nömrəli sərəncamına əsasən Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinin balansında olan yaşayış binaları, yataqxanalar, o cümlədən iddiaçının iddia etdiyi mənzilin yerləşdiyi Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Vüqar Quliyev küçəsində yerləşən 16 saylı bina Bakı şəhər Mənzil Kommunal Departamentinin balansına verilmişdir. Bundan sonra balanssaxlayıcı Bakı şəhər Mənzil Kommunal Departamentinin 12.09.2019-cu il tarixli sərəncamı əsasında iki otaqdan ibarət 33 kv.m 9 saylı mənzilə İddiaçı adına kirayə müqaviləsi bağlanması qərara qlınmış və sonuncu mənzilin kirayəçisi hesab edilmişdir. Mənzilin iki otaqdan ibarət sxemi MKİS tərəfindən tərəfindən tərtib edilmiş, iki otaq birlikdə ümumi sahəsi 33 kv.m (16kv.m+17.kv.m) olmaqla 9 nömrəli mənzil olaraq balanssaxlayıcı tərəfindən qeydə alınmışdır. Məhkəmə hesab edir ki, iddiaçının mübahisəli mənzilə həmin mənzili özəlləşdirmək hüququ 2019-cu ildən əvvəl yaranmışdır. Mənzillə bağlı ilkin orderdə iddiaçının adının qeyd edilməməsi vəziyyəti özü-özlüyündə iddiaçının zərərinə dəyişdirmir. Belə ki, işin yuxarıda sadalanan halları ilə də təsdiq olunur ki, iddiaçı 1983-cü ildən həmin mənzildə qeydiyyatda olmaqla orada yaşayır. 12.09.2019-cu il tarixli sərəncamın özündə də göstərilmişdir ki, İddiaçı 1983-cü ildən qeydiyyatda olmaqla mübahisəli evdə 06 nəfər ailə üzvü ilə birlikdə yaşayır. Mənzilə dair 1971-ci ildə ilkin order verilən zaman iddiaçı mənzilin kirayəçisi olan mərhum T.T.Abdullayevlə nikaha daxil olmamışdır, bu əsasdan iddiaçının adı həmin orderdə qeyd edilə bilməzdi. 1971-ci ildə mənzilə order verilən vaxt qüvvədə olan və mənzil münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 299-cu maddəsinin (1966-cı il 23 dekabr tarixdən qüvvədə olan redaksiyada) İ hissəsinə əsasən yerli X11 evlərində mənzillər yerli Sovetin İcraiyyə komitəsi tərəfındən ictimai təşkilatların nümayəndələrinin iştirakı ilə verilir. Dövlət, kooperativ təşkilatlarının və ictimai təşkilatların evlərində mənzillər müdiriyyətlə həmkarlar ittifaqı fabrik, zavod, yerli komitəsinin xalq deputatları Soveti icraiyyə komitəsı tərəfındən təsdiq edilən birgə qərarı ilə verilir, SSRİ Nazirlər Sovetinin nəzərdə tutduğu hallarda isə müdiriyyətlə həmkarlar ittifaqı fabrik, zavod, yerli komitəsinin birgə qərarı ilə verilir və köçmək üçün mənzil ayrıldığı barədə yerli Sovetin icraiyyə komitəsinə məlumat təqdim olunur. Həmin Məcəllənin 301-ci maddəsinin İ hissəsinə əsasən evlər idarəsi, adına order verilmiş şəxslə, orderdə göstərilən mənzilin kirayəsi üçün yazılı müqavilə bağlamalıdır. Həmin maddənin İİ hissəsinə əsasən, yerli X11 evlərində, habelə dövlət, kooperativ təşkilatlarının və ictimai təşkilatların evlərində mənzil kirayə müqaviləsi tərəflərin razılığı ilə, sair hal müəyyən edilməyibsə, bir qayda olaraq, müddət göstərilmədən bağlanılır. Həmin Məcəllənin 306-cı maddəsinə əsasən mənzildə kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri müqavilədən törəyən hüquq və vəzifələri bərabər surətdə əldə edirlər. ... Kirayəçinin ailə üzvləri - kirayəçinin arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Digər tərəfdən, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun qüvvəyə mindiyi 1993-cü ilədək (və bundan sonra) qüvvədə olmuş 8 iyul 1982--ci il tarixli 979—X nömrəli “Azərbaycan SSR Mənzil məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Sovet Sosialist Respublikasının Qanunu ilə təsdiq edilmiş Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. İddiaçının 1983-cü ildən mübahisəli mənzildə yaşadığı vaxtdan “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun qüvvəyə mindiyi 1993-cü ilədək və bundan sonra yazılı kirayə müqaviləsinin olmaması iddiaçının iştirakçısı olduğu mənzil kirayə münasibətlərinin etibarlılığına təsir etməmişdir. Belə ki, iddiaçı mənzilin ilkin icarədarı olan T.T.Abdullayevin ailə üzvü (arvadı) olmuş, onunla nikaha daxil olduğu 1983-cü il tarixdən həmin mənzildə birgə yaşamış, birgə təsərrüfat aparmış, 1983cü ildən həmin mənzilə pasport qeydiyyatına düşmüş, beləliklə, icarədar kimi onun da həmin mənzilə kirayə müqaviləsindən irəli gələn istifadə hüquqları mövcud olmuşdur. Məhkəmə qeyd edir ki, iddia olunan mənzilə dair kirayə müqaviləsinin bağlanması sərəncamının 2019-cu ildə, yəni yeni Mənzil Məcəlləsinin qüvvəyə minməsindən sonra verilməsi həmin Məcəllənin qüvvəyə minməsindən əvvəl yaranmışdır və davam edən münasibətlərin mahiyyətinə təsir etmir. Əksinə, bu sərəncam mövcud münasibətləri yalnız yazılı formada təsbit etmiş, tərəflərin mənzil münasibətlərindən irəli gələn hüquq və öhdəliklərinə təsir etməmişdir. Başqa sözlə, iddiaçı hüquq münasibətlərinin yarandığı dövr üzrə qüvvədə olan mənzil qanunvericliyinə uyğun olaraq mənzilin özəlləşdirilməsi hüququnu qazanmışdır. İddiaçının adına mənzilə dair 2009-cu ildən sonra rəsmiləşmənin aparılması onun mənzilə həmin vaxtadək “qazanılmış hüququ”nu aradan qaldırmır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının məhkəmə təcrübəsinin vahidliyini təmin edən 03/2020 nömrəli 08 oktyabr 2020-ci il tarixli Qərardadında qeyd edilmişdir ki, qazanılmış hüquq – yarandığı an hüquqa uyğun olan, şəxsin xeyrinə yeni hüquqi status yaratmaqla və ya dəyişməklə faktiki və hüquqi nəticələr doğuran, eləcə də fərdin özü üçün qətiləşmiş tələb etmə hüququ yaradan, lakin daha sonra qanunvericiliyin dəyişməsinə baxmayaraq hüquq nizamının qorumalı olduğu haqqdır. Hər hansı bir konkret halda qazanılmış hüququn varlığından söz edə bilmək üçün şəxsə aid artıq yaranmış (tamamlanmış) və hüquqi müdafiə altına alınmış bir vəziyyət mövcud olmalıdır. Qazanılmış hüququn mövcud olması üçün sözügedən hüquq müəyyən bir müddət üçün verilməməlidir. Çünki, həmin müddət ərzində istifadə edilmədikdə müddətin bitiməsindən sonra hüquqla bağlı müdafiə təminatı da ortadan qalxmış olur. Konvensiyaya əlavə 1 saylı Protokolun 1-ci maddəsi özündə qazanılmış daşınan və daşınmaz əmlakı, maddi və qeyri-maddi əmlakı birləşdirən mülkiyyət hüququnu qoruyur (İatridis Yunanıstana qarşı işi üzrə Böyük Palatanın qərarı, § 54; Beyeler İtaliyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, § 100). Bu maddə, həmçinin şəxsin mülkiyyət hüququnun əldə edilməsinə dair “qanuni gözləntisi”ni də müdafiə edir (X24 S.A. və digərləri Belçikaya qarşı işi üzrə qərarı, § 31). Şəxsin ən azından mövcud (və ya qazanılmış) mülkiyyətinin və ya əmlakının, o cümlədən iddialarının reallaşacağına dair "qanuni gözləntisi" olduğunu iddia edə bildikdə, “qanuni gözləntilər” həmçinin mülkiyyət hüququnun yaranmasına səbəb ola bilər (X22-Adam İİ Almaniyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, § 83). Sözügedən “gözlənti” mülkiyyətə dair qanunvericilik aktına və ya normalarına əsaslandıqda “qanuni” hesab olunur (Kopecký Slovakiyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, §§ 45-52). Mülkiyyət maraqlarına aid "gözlənti" "qanuni" hesab olunması üçün sadəcə ümidə yox, daha konkret bir xarakter daşımalı və hüquq normasına və ya məhkəmə qərarı kimi digər hüquqi akta əsaslanmalıdır (Kopecký Slovakiyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, §§ 49-50; Sentro Avropa 7 S.R.L. və di Stefano İtaliyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, § 173; Béláné Naqi Macarıstana qarşı işi üzrə Böyük Palatanın qərarı, § 75). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İş üzrə müəyyən olunur ki, iddiaçı mübahisəli mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.11-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birini, yəni kirayə müqaviləsinin bağlanması barədə müvafiq icra hakimiyyəti orqanının 12.09.2019-cu il tarixli sərəncamını, eləcə də mənzilin özəlləşdirməsinə razılığı barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə hüququ olan 18 yaşı tamam olmuş şəxslərin ərizəsini, mənzilə hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışını (2 №-li forma) təqdim etməsinə baxmayaraq cavabdeh əsassız olaraq iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində İnzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməli, ünvan 1 evin yaşayış sahəsi 33 kv.m olan 2 otaqlı 9 saylı mənzilinə dair İddiaçı adına mülkiyyət hüququnun qeydiyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. ünvan 1 evin yaşayış sahəsi 33 kv.m olan 2 otaqlı 9 saylı mənzilinə dair İddiaçı adına mülkiyyət hüququnun qeydiyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-4383/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4383/2021
24.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver