Məhkəmə qərarları › İş №2-1(112)-4383/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4383/2024

27.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4383/2024 27.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3 qızının katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhər Reklam İdarəsinə qarşı “inzibati aktın qəbul edilməsinin qadağan edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhər Reklam İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçı barəsində iddiaçının əmtəə nişanı (OMİD) adı altında fəaliyyət göstərən mağazalarında günəş şüalarından qorunmaq üçün istifadə edilən və İddiaçı mağazalar şəbəkəsinin adına, mənsubiyyətinə, fəaliyyət növünə, ünvanına, iş rejiminə və orada satılan məhsullara dair hər hansı xüsusi məlumatları əks etdirməyən ağ vinilə görə İddiaçı MMC barəsində hər hansı inzibati aktın qəbul edilməsinin qadağan edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı mağazaların üzərində yerləşən reklam xarakterli bütün məlumatlara görə qanunvericilikdə müəyyən edilmiş rüsumları ödəsə də, cavabdeh tərəfindən iddiaçıdan əlavə reklam haqları tələb edilməkdədir. Belə ki, cavabdeh tərəfindən İddiaçı mağazalar şəbəkəsinin mağazalarında günəş şüalarından qorunmaq üçün istifadə edilən üzərində naxışlar əks olunan ağ vinilin reklam daşıyıcısı olduğu bildirilməklə, İddiaçı MMC tərəfindən rüsum ödənilməli olduğu iddia edilmiş, əks təqdirdə iddiaçi barəsində inzibati protokol tərtib ediləcəyinə dair xəbərdarlıq edilmişdir. Hətta, bunun üçün cavabdeh tərəfindən hüquqi akt belə tərtib edilmişdir. Bununla əlaqədar, iddiaçı tərəfindən cavabdehdən 17 oktyabr 2023-cü il tarixli məktub ilə mağazaların şüşələrində istifadə edilən sözügedən vinillərin reklam daşıyıcısı hesab edilib-edilmədiyi, reklam daşıyıcı hesab edildiyi halda səbəbləri barədə məlumat təqdim edilməsi sorğu edilmiş, cavabdehin 31 oktyabr 2023-cü il tarixli 11-3-1/2-4018/2023 nömrəli cavab məktubu ilə iddiaçı tərəfindən istinad olunan müddəaların əsassız hesab edilməsi qeyd edilmişdir. Halbuki, İddiaçı mağazalar şəbəkəsinin mağazalarında günəş şüalarından qorunmaq üçün istifadə edilən üzərində naxışlar əks olunan ağ vinil İddiaçı mağazalar şəbəkəsinin adma, mənsubiyyətinə, fəaliyyət növünə, ünvanına, iş rejiminə və orada satılan məhsullara dair hər hansı xüsusi məlumatları əks etdirmədiyi üçün reklam və ya reklam obyekti hesab edilməməkdədir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdeh etirazında göstərmişdir ki, qüvvədə olan qanunvericiliyə əsasən reklam yerləşdirilməmişdən əvvəl açıq məkanda reklam yerləşdirilməsinə görə icazə alınmalıdır. Reklam yayıcısı müvafiq icazəyə uyğun olaraq açıq məkanda reklam yerləşdirə bilər. Açıq məkanda reklam fəaliyyətinə nəzarətin həyata keçirilməsi məqsədi ilə xx.xx.2023-cü il tarixdə İdarənin əməkdaşları tərəfindən xidməti vəzifələrini icra edən zaman ünvan 1 ünvanında cəmiyyətə məxsus İddiaçı adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklamlar yerləşdirilməsi faktı aşkar edilmiş və hər bir pozuntu təsvir edilməklə akt tərtib edilmişdir. Cəmiyyətin nümayəndəsi tərəfindən qeyd olunan aktın imzalanmasından imtina edilmişdir. Bundan sonra İdarə tərəfindən xx.xx.2023-cü il tarixli məktubla 5 gün ərzində xx.xx.2023-cü il tarixli M**********0024 nömrəli Dövlət rüsumunun ödənişi üçün bildirişə əsasən dövlət rüsumunun ödənilməsi barədə icrası məcburi olan göstəriş göndərilmişdir. Həmin sənəd xx.xx.2023-cü il tarixdə mağaza müdirinin müavini Bilal Süleymanov tərəfindən poçt qəbzinə imza edilməklə qəbul edilmişdir. Reklam yayıcısı yazılı göstərişdə verilmiş müddətin bitdiyi tarixdən 1 iş günü ərzində göstərişə uyğun olaraq müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyi üçün protokol tərtib ediləcəyi, protokolun tərtibində iştirak etmək, izahatlar vermək, sübutlar təqdim etmək və İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş digər hüquqlarının olduğu və bu hüquqlardan istifadə etməsi üçün obyektin yerləşdiyi ünvanda olması barədə məlumatlandırılmışdır. İddiaçı ərizəsində qeyd edir ki, ağ vinillər reklam hesab edilmir. Lakin ərizəçiyə məxsus ünvan 2 ünvanında yerləşən İddiaçı adlı obyektin üzərində açıq məkana ünvanlanmaqla yerləşdirilmiş, Cəmiyyətə məxsus əmtəə nişanında olan elementlərin əks olunduğu vinillər "Reklam haqqında" Azərbaycan Respublikasının Qanununun 2.0.1-ci və 26.1-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 2017ci il 19 dekabr tarixli 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın 1.5-ci bəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 12 dekabr tarixli 499 nömrəli qərarı ilə təsdiq edilmiş “Reklam qurğularına Texniki Tələblər”in 3.18-ci bəndinə əsasən reklam hesab olunur və həmin vinillərin açıq məkanda yerləşdirilməsinə görə dövlət rüsumu ödənilməklə müvafiq icazə alınması təmin edilməli və yayım haqqı ödənilməlidir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saymış və bununla bağlı tərəflərin fikirləri dinlənilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, onun dəlillərinə uyğun izahat vermiş və iddianın mümkün sayılmasını və təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat vermiş və iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Müddəanın mənasına görə, inzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddia tələbi Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhər Reklam İdarəsinə qarşı yönəlmiş və iddianın predmetini cavabdeh tərəfindən inzibati aktın qəbul edilməsinin qadağan edilməsi təşkil edir. Məhkəmə araşdırması ilə müəyyən olunur ki, iddiaçı barəsində cavabdeh tərəfindən hər hansı inzibati akt qəbul edilməmişdir, bu baxımdan iddiada göstərilən tələblə bağlı məhkəmə müdafiəsi hüququnun realizəsi üçün zərurət olmadığından hazırkı tələbə mahiyyəti üzrə baxıla bilməz. Cavabdeh tərəfindən yalnız inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. İddiaçı barəsində hər hansı inzibati xəta haqqında protokolun və ya qərarın qəbul edilməsinin (tərtib edilməsinin) qadağan edilməsinə gəldikdə isə qeyd edilməlidir ki, “Reklam haqqında qanunvericiliyin pozulması” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 428-ci maddəsində inzibati məsuliyyətə səbəb olan əməl kimi nəzərdə tutulmuşdur. Qeyd edilən halların araşdırılması, inzibati xəta törətmiş şəxsin aşkar edilməsi və onun inzibati məsuliyyətə cəlb edilməsi inzibati icraatda səlahiyyətli orqanın (hazırkı halda Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin) inzibati xətalara dair işlər üzrə inzibati icraat sahəsindəki fəaliyyət sferasına daxildir. Belə olan halda, inzibati xəta haqqında protokolun və ya qərarın qəbul edilməsinin (tərtib edilməsinin) qadağan edilməsi ilə bağlı tələb hazırkı icraatın predmeti ola bilməz. Azərbaycan Respublikası "İnzibati icraat haqqında" Qanunun 3.2.2-ci maddəsinə əsasən, bu Qanununun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən edilmiş orqanların inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar