Məhkəmə qərarları › İş №2-1(112)-4385/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4385/2022

20.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4385/2022 20.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi X6, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi X11 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X17 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.2021-ci il tarixdə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X17 üzrə Baş İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən İddiaçı MMC-yə 6000 (altı min) manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsinə dair xx.xx.2021-ci il tarixli qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə cavabdehin nümayəndələri onun yenicə fəaliyyətə başladığı ünvan 1 ünvanına gəlmiş, bütün əşyaları döşəməyə dağıtmış, həmin vaxt yanına şəxsi işləri ilə bağlı gələn şəxslərə məhəl qoymadan qanunsuz fəaliyyət göstərməsini, vergi ödəməməsini, vaxtında hesabat verməməsini əsas gətirərək məsuliyyətə cəlb etməklə hədələmiş, yanına gələn şəxslərin də onun yanında fəaliyyət göstərmələrini etiraf etməsini təkid etmişlər. Cavabdehin nümayəndələrinin bir müddət davam edən təzyiq və təhdidlərinə dözməyib onlara zəruri olan məlumatı, yəni fəaliyyət göstərdiyi yerdə həmin vaxt olan şəxslərdən birinin bir neçə gün qabaq onunla birgə fəaliyyət göstərməyə başlaması, digər iki nəfərin isə onunla birgə fəaliyyətlərinin olmaması barədə izahat vermiş, həmçinin cavabdehin nümayəndələrinin təzyiqi ilə üzləşən X12 vergi əməkdaşlarının diktəsi ilə izahat yazmış və təxminən 20 gün iddiaçı ilə bir yerdə fəaliyyət göstərməsini qeyd etmişdir. Digər iki şəxs, X7 və X9 iddiaçı müəssisədə fəaliyyət göstərmədiklərini, fikirlərini bölüşmək üçün ofisə gəldiklərini izahatlarında qeyd etmişlər, xx.xx.2021-ci il tarixdə vergi əməkdaşı tərəfindən tərtib olunan, imzaladığı vaxt məzmunu ona bəlli olmayan və bir gün sonra cavabdehin nümayəndəsi tərəfindən təqdim olunun aktda adları qeyd olunan şəxslərin - X2, X8 və X4 əmək müqaviləsi bağlamadan onunla birgə fəaliyyət göstərmələri qeyd olunmuş, həmin vaxt aktın məzmunu ilə razı olmadığını, onun düzgün tərtib olunmaması barədə cavabdehin nümayəndəsinə dəfələrlə deməsinə və etiraz etməsinə baxmayaraq, cavabdeh bir gün əvvəl imzalatdığı operativ vergi nəzarətinin nəticəsi haqqında xx.xx.2021-ci il tarixli, seriya DVX 005378 nömrəli aktı dəyişməyin mümkün olmadığını bildirmişdir. xx.xx.2021-ci il tarixdə elektron poçt qutusuna mübahisələndirdiyi xx.xx.2021ci il tarixli **********6231 nömrəli qərar göndərilmiş, həmin qərardan iddiaçıya məlum olmuşdur ki, cavabdeh 3 nəfərlə əmək müqaviləsi bağlamadan fəaliyyət göstərdiyini əsas gətirərək ona 6000,0 manat məbləğinə maliyyə sanksiyası tətbiq etmişdir. Cavabdeh əmək müqaviləsi rəsmiləşdirmədən 3 nəfər fiziki şəxslə işləməsinə dair hər hansı rəsmi və qeyrirəsmi məlumata malik olmamış, bir ildən az müddət ərzində qeydə alınmış və faktiki olaraq hər hansı fəaliyyəti olmayan hüquqi şəxs barəsində operativ nəzarət qaydasında yoxlama keçirməsinə hər hansı zərurət, habelə hüquqi əsas olmamışdır. Vergi qanunvericiliyində operativ vergi nəzərəti yoxlamasının keçirilməsi zamanı müşahidəçilərin iştirakı nəzərdə tutulmuşdur, lakin cavabdeh bunu etməmiş, adıçəkilən xx.xx.2021-ci il tarixli qərarın şübhə altına alınması üçün kifayət qədər əsaslar yaratmışdır. Cavabdeh ilk əvvəl sübut etməlidir ki, rəhbəri olduğu hüquqi şəxsin hər hansı fəaliyyəti olmuşdur. Yalnız bundan sonra hüquqi şəxsin fəaliyyətini təmin edən fiziki şəxslərlə əmək müqaviləsi bağlamadan onların əməyindən istifadə olunması məsələsi ortaya çıxa bilər. Əgər "xxxx" MMC-nin faktiki fəaliyyəti yoxdursa, vergidən yayınma, qanunsuz fəaliyyət göstərmə və vergi qanunvericiliyində göstərilən sair əsaslardan heç biri yoxdursa, o zaman cavabdehin hansı əsasla bir ildən az müddət ərzində qeydiyyatdan keçən və faktiki heç bir fəaliyyəti olmayan hüquqi şəxsdə operativ vergi nəzarəti qaydasında yoxlama aparması da tam əsassız və qanunsuz hesab edilməldir. Vergi qanunvericiliyinə əsasən operativ vergi nəzarəti yoxlaması zamanı tərtib olunun aktlarda, protokollarda və s. zəruri sənədələrdə, yoxlamada iştirak edən bütün şəxslər imza etməlidir. Lakin cavabdehin nümayəndəsi tərəfindən tərtib olunan akt və protokolu, guya əmək müqaviləsi bağlamadan fəaliyyət göstərən və yoxlama zamanı məcburi qaydada izahatları alınan 3 nəfər şəxsdən heç biri həmin sənədləri imzalamamışdır. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli iddiaya etirazında iddia tələbinin təmin edilməməsini xahiş etmiş və bildirmişdir ki, 12.11 2021-ci il tarixli **********2533 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərara əsasən xx.xx.2021-ci il tarixdə hüquqi şəxs İddiaçı MMC-nin (VÖEN: **********) sahibkarlıq fəaliyyətini həyata keçirdiyi ünvan 2 ünvanda yerləşən obyektdə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 3 (üç) nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.10-cu maddəsinin tələblərinin pozulduğu aşkar olunaraq xx.xx.2021 -ci il tarixli DVX seriyalı 005378 nömrəli akt tərtib edilmiş və akt hüquqi şəxsin rəhbəri tərəfindən imzalanmış və bir nüsxəsini qəbul etmişdir. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən xx.xx.2021-ci il tarixli **********6231 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunaraq vergi ödəyicisinə 6000 (altı min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Operativ vergi nəzarəti tədbiri çərçivəsində alınmış xx.xx.2021-ci il tarixli izahatda X13 bildirmişdir ki, İddiaçı MMC-yə məxsus ev alqı-satqısı ofisi ona məxsusdur. Bir ay yarımdır ki fəaliyyət göstərirlər. Ofisdə işləyən işçilər X12, X5 və X7 ilə əmək və ya xidməti müqavilə bağlanmadığını, tez bir zamanda bağlanacağını bildirmişdir. Digər bir işçi X12 da öz növbəsində eyni tarixli izahatında xx.xx.2021-ci il tarixdən X13 tərəfindən “operator” vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzinin olmadığını, iş vaxtının saat 10:00-18:00-dək olduğunu, əmək haqqının aylıq 150 manat təşkil etdiyini bildirmişdir. Digər bir işçi X5 xx.xx.2021-ci il tarixli izahatında xx.xx.2021-ci il tarixdən İddiaçı MMC-də təcrübəçi operator olaraq işə başladığını, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzinin olmadığını, iş vaxtının saat 10:00-18:00-dək olduğunu, əmək haqqının aylıq 150 manat təşkil etdiyini bildirmişdir. Digər bir işçi X7 eyni tarixli izahatında X13 tərəfindən xx.xx.2021-ci il tarixdən praktikant kimi operator vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzinin olmadığını, iş vaxtının saat 10:00- 18:00-dək olduğunu, əmək haqqının aylıq 150 manat təşkil etdiyini bildirmişdir. Göründüyü kimi operativ vergi nəzarəti tədbiri hər hansı pozuntu olmadan Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun formada keçirilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və vəkili (nümayəndəsi) iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır. İddiaçı cavabdehin qərarının ləğv edilməsini xahiş edir ki, bu iddia mübahisələndirmə haqqında iddiadır (İPM, maddə 2.2.1). Qərar iddiaçı barəsində qəbul edilməklə onun üçün vergi öhdəliyi yaratdığından onun hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur (İPM, maddə 35.1). İddiaçı xx.xx.2021-ci il tarixli qərarın mübahisələndirilməsi üçün xx.xx.2021-ci il tarixdə iddia ilə məhkəməyə müraciət edərək qanunvericiliklə nəzərdə tutulmuş müddətdə iddianı qaldırmışdır (İPM, maddə 38.1). İddianın əsaslılığına gəldikdə isə məhkəmə qeyd edir ki, iş materiallarında olan: - cavabdehin xx.xx.2021-ci il tarixli, **********2533 nömrəli “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” Qərarına əsasən İddiaçı MMC-yə (VÖEN: **********) məxsus ünvan 1 ünvanında yerləşən ofisdə Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (xx.xx.2021 tarixi daxil olmaqla) operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır. -xx.xx.2021-ci il tarixli, KY211695013 nömrəli sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, yuxarıda qeyd edilən yoxlamanın təyin edilməsi üçün əsas kimi vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə edilən məlumatlar, Vergi Məcəlləsi, maddə 50.2.2 göstərilmişdir. - DVX seriyalı 005378 nömrəli xx.xx.2021-ci il tarixli operativ vergi nəzarətinin nəticəsi haqqında aktdan görünür ki, İddiaçı MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən “Caspian” ev alqı-satqı ofisində rəhbəri X6 iştirakı ilə xx.xx.2021-ci il tarixdə saat 16:00-da operativ vergi nəzarəti keçirilmiş və müəyyən olunmuşdur ki, obyektdə iş və xidmətlərin yerinə yetirilməsinə cəlb olunmuş 3 fiziki şəxsdən 3 nəfəri Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozularaq, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən həmin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Buna görə İddiaçı MMC barəsində Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi üçün tədbirlərin görülməsi təklif olunmuşdur. Aktın doğruluğu vergi orqanının əməkdaşları ilə yanaşı iddiaçının qanuni təmsilçisi E.Seyidovun imzası ilə təsdiq edilmişdir. - Akta Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən işlərin yerinə yetirilməsinə cəlb edilmiş 3 nəfər fiziki şəxsin (X12, X5 və X7) siyahısı əlavə edilmişdir. - Həmin akta əlavə edilmiş X6 xx.xx.2021-ci il tarixli izahatından görünür ki, İddiaçı MMC-yə məxsus ev alqı-satqısı ofisi ona məxsusdur. Bir ay yarımdır ki fəaliyyət göstərir. Ofisdə işləyən işçilər X12, X5 və X7 ilə əmək və ya xidməti müqavilə bağlanmamışdır. Tez bir zamanda əmək müaviləsi bağlanacaqdır. - X8 xx.xx.2021-ci il tarixli izahatından görünür ki, o, xx.xx.2021-ci il tarixdən X13 tərəfindən “operator” vəzifəsinə işə götürüldüyünü, onunla hər hansı əmək və ya xidməti müqavilə bağlanmadığını, vergi ödəyicisi kimi vergi orqanında qeydiyyatdan keçmədiyini, iş vaxtının saat 10:00-18:00-dək olduğunu, əmək haqqının aylıq 150 manat təşkil etdiyini bildirmişdir. - X1 xx.xx.2021-ci il tarixli izahatından görünür ki, o, Elçin Seyidov tərəfindən xx.xx.2021-ci ildə təcrübəçi olaraq operator kimi işə başladığını, hazırda təcrübə müddəti ilə işlədiyini, buna görə onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, təcrübə müddəti bitdikdən sonra onunla rəsmi formada əmək müqaviləsinin bağlanacağının bildirildiyini, vergi orqanında qeydiyyatda olmadığını, iş vaxtının saat 10:00-18:00-dək olduğunu, əmək haqqının aylıq 150 manat təşkil etdiyini, onunla birlikdə təcrübədə olan iki işçi, Aysel Nəsibova və Gülnar Abdullayeva olduğunu bildirmişdir. - X3 xx.xx.2021-ci il tarixli izahatından görünür ki, o, X13 tərəfindən xx.xx.2021-ci il tarixdən praktikant kimi operator vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, təcrübə müddəti bitdikdən sonra əmək müqaviləsinin bağlanacağının bildirildiyini, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzin olmadığını, iş vaxtının saat 10:00-18:00-dək olduğunu, əmək haqqının aylıq 150 manat təşkil etdiyini, ofisdə onunla birlikdə işləyən digər şəxslərdən Aysel Nəsibovanı və Abdulhafiz İsrafilovu tanıdığını bildirmişdir. - İşdə olan **********6231 nömrəli, xx.xx.2021-ci il tarixli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərardan görünür ki, İddiaçı MMC-nin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 3 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. - Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə **********6232 nömrəli tələbnamədən görünür ki, İddiaçı MMC haqqında vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə **********6231 nömrəli, xx.xx.2021-ci il tarixli qərar əsasında tətbiq edilmiş 6000 manat maliyyə sanksiyasının xx.xx.2021-ci il tarixə kimi Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin hesabına ödənilməsi tələb olunmuşdur. İddiaçı hazırda **********6231 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı mübahisələndirir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin: -50.1-ci maddəsinə görə operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; -50.2-ci maddəsinə görə operativ vergi nəzarətinin həyata kecirilməsi ücün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən kecirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. -50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. -50.4-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. -50.5-ci maddəsinə əsasən operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədləri və nümunə kimi əşyaları götürməsi, ekspert cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçi dəvət edilməsi və aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların siyahıya alınması bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir. -50.6-cı maddəsinə görə operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Azərbaycan Respublikasının vergilər nazirinin xx.xx.2020-ci il tarixli **********044300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi Qaydaları”nın: -1.4-cü bəndinə görə operativ vergi nəzarəti Vergi Məcəlləsinin 50.2-ci maddəsində və bu Qaydaların 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərinə əsasən nəzərdə tutulmuş əsaslardan biri olduqda, Vergi Məcəlləsinin 50.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi formada vergi orqanının əsaslandırılmış qərarına və Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnaməyə müvafiq olaraq vahid məlumat reyestrindən çıxarışa (bu Qaydaların 3-cü hissəsi ilə müəyyən edilmiş operativ vergi nəzarəti istisna olmaqla) əsasən həyata keçirilir. Qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. -1.10-cu bəndinə əsasən operativ vergi nəzarəti tədbirləri vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarəti tədbirini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) nəzarətə başladıqdan sonra vergi orqanının qərarını, yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışı (bu Qaydaların 3-cü hissəsi ilə müəyyən edilmiş operativ vergi nəzarəti istisna olmaqla) və öz xidməti vəsiqəsini (vəsiqələrini) vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə dərhal təqdim edir. -1.13-cü bəndinə əsasən operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədlərin və nümunə kimi əşyaların götürülməsi, ekspertin cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçinin dəvət edilməsi və aksiz markası ilə markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlanma ilə nişanlanmış malların siyahıya alınması Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. -2.1-ci bəndinə görə operativ vergi nəzarətinin nəticələrinin rəsmiləşdirilməsi və operativ vergi nəzarətinin materiallarına baxılması Vergi Məcəlləsinin 39-cu və 49-cu maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. -2.2-ci bəndinə görə operativ vergi nəzarətinin və bu Qaydaların 1.13-cü bəndində nəzərdə tutulmuş tədbirlərin nəticələri bütün hallarda vergi orqanının vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi və bu Qaydalara əlavə edilmiş müvafiq akt, protokol və digər zəruri sənəd formaları ilə rəsmiləşdirilir. -2.4-cü bəndinə əsasən operativ vergi nəzarətinin nəticəsi barədə vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin və ya qanun pozuntusuna yol vermiş şəxsin iştirakı ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi formada akt, protokol və digər sənədlər tərtib edilir. Həmin aktda, protokolda və digər sənədlərdə vergi qanunvericiliyinin pozulması halları göstərilir, vergi ödəyicisi tərəfindən tələbləri pozulmuş qanunvericilik aktlarının konkret maddələrinə istinad etməklə pozuntunun xarakteri açıqlanır, qanun pozuntusuna yol vermiş şəxsə vergi qanunvericiliyinin tələblərinə əməl edilməsinin tövsiyə olunması barədə qeyd aparılır, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilir. -2.5-ci bəndinə görə tərtib olunmuş aktlar, protokollar və digər sənədlər operativ vergi nəzarətinin keçirilməsində iştirak edən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) vergi ödəyicisi hüquqi şəxs olduqda onun rəhbəri (onu əvəz edən şəxs) və ya səlahiyyətli nümayəndəsi, fiziki şəxs olduqda onun özü və ya səlahiyyətli nümayəndəsi tərəfindən imzalanır. - 2.6-cı bəndinə əsasən vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi aktda, protokolda və digər sənədlərdə öz qeydlərini edə bilər, imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda, protokolda və digər sənədlərdə vergi orqanının vəzifəli şəxsi (şəxsləri) tərəfindən müvafiq qeyd aparılır. -10-cu bənd Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin həyata keçirilməsi: -10.1. Bu Qaydaların 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərinə əsasən risk meyarlarından biri olduqda operativ vergi nəzarəti tədbirinin keçiriləcəyi vergi ödəyicisi və (və ya) ona məxsus təsərrüfat subyekti (subyektləri) müəyyənləşdirilir. Bu məsələyə dair operativ vergi nəzarəti tədbirinin ərazi üzrə keçirilməsi zərurəti yarandıqda Vergilər Nazirliyinin aidiyyəti strukturu ilə razılaşdırıldıqdan sonra vergi orqanları bu barədə qərar çıxara bilərlər. -10.2. Operativ vergi nəzarəti tədbiri zamanı barəsində nəzarət tədbirinin keçirilməsi haqqında qərar qəbul edilmiş vergi ödəyicisinin adı (hüquqi şəxs olduqda hüquqi şəxsin tam adı, rəhbərinin soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri, fiziki şəxs olduqda onun soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri), VÖEN-i, səlahiyyətli nümayəndəsi olduqda onun soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri müəyyənləşdirilir. Vergi orqanının vəzifəli şəxsi tərəfindən vergi nəzarətinə başlamazdan əvvəl müvafiq elektron informasiya sistemindən əmək müqaviləsi bildirişləri barədə məlumat əldə edilməlidir. -10.3. Operativ vergi nəzarəti tədbirinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında Tələbnamə vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edilir və onlardan birinin iştirakı ilə vergi ödəyicisinə məxsus obyektdə yerinə yetirilən işlər (xidmətlər) müəyyənləşdirilir. Tələbnamə bu Qaydaların əlavəsində göstərilən formada tərtib edilməli və həmin Tələbnamə ilə nəzarət kitabçası, əmək müqavilələri, işəgötürənin və işçilərin, habelə işəgötürənin səlahiyyətli nümayəndəsi olduqda onun şəxsiyyət vəsiqələrinin surətləri, əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair məlumat, habelə həmin obyektdə Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər barədə müvafiq məlumatları əks etdirən sənədlər (işlərə /xidmətlərə/ cəlb edilmə ilə bağlı müvafiq sənədlər /müqavilələr/, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz”lərin surətləri) və digər zəruri sənədlər vergi ödəyicisindən tələb edilməlidir. -10.4. Vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərin faktiki sayı müəyyənləşdirilir. Operativ vergi nəzarəti tədbiri keçirilən təsərrüfat subyektində (subyektlərində) ilk növbədə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərlə əmək müqavilələrinin və mülki qaydada müqavilələrin bağlanılıb-bağlanılmadığı və həmin müqavilələrin hüquqi qüvvəyə minməsini təsdiq edən bildirişlərin və Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslərin fəaliyyət göstərdiyi təqdirdə onlar tərəfindən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz”lərin mövcudluğu araşdırılır. -10.5. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi və fiziki şəxslərin Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” olmadan məşğul olduğu halları aşkar edilərsə vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə həmin fiziki şəxslərin sayı və mümkün olduğu təqdirdə bu şəxslərin şəxsiyyət vəsiqələrinin surətləri əldə olunmalı, yaxud soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri müəyyənləşdirilməli, fiziki şəxslərin aldıqları əmək haqqı məbləğləri, həmin təsərrüfat obyektində çalışan digər şəxslərin soyadı, adı, atasının adı barədə məsələlər aydınlaşdırılmalı, habelə vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin və əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş və “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” olmadan fəaliyyət göstərən fiziki şəxslərin izahatları alınmalıdır. Azərbaycan Respublikasında fəaliyyət göstərən əcnəbilərin izahatları alınarkən zəruri hallarda onların tərcüməçi xidmətindən istifadə hüququ təmin edilməlidir. -10.6. Operativ vergi nəzarəti tədbirinin keçirildiyi təsərrüfat subyektində (subyektlərində) çalışan fiziki şəxslərdən alınan izahatda həmin şəxslərin hansı tarixdən və kim tərəfindən işə (xidmətə) cəlb edilməsi, əmək müqaviləsi bildirişinin olub-olmaması, işəgötürən tərəfindən həmin şəxslərə əmək müqaviləsi bildirişinin və bu bildirişin qeydiyyata alınması haqqında məlumatın surətinin verilib-verilməməsi, aldıqları əmək haqqı məbləğləri, həmin təsərrüfat 22 subyektində (subyektlərində) çalışan digər şəxslərin soyadı, adı, atasının adı, onların hansı tarixdən işə (xidmətə) cəlb edildikləri barədə məlumatlar əks etdirilməlidir. İşəgötürəndən alınan izahatda əmək münasibətləri rəsmiləşdirilməmiş fiziki şəxslərin hansı tarixdən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmələri, sayı, adı, soyadı, atasının adı və əmək haqları müəyyənləşdirilməlidir. Operativ vergi nəzarəti tədbirinin keçirildiyi təsərrüfat subyektində (subyektlərində) muzdlu işlə çalışan işçilərlə yanaşı xidməti müqavilə əsasında və ya Vergi Məcəlləsinin 220.10-cu maddəsində göstərilən şəxslər fəaliyyət göstərdikdə onların müvafiq sənədlərinin olması yoxlanılır və bu barədə aktda qeyd edilir. -10.7. Operativ vergi nəzarəti tədbirinin nəticələri üzrə bu Qaydalara uyğun olaraq akt və əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş və Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslərin həmin aktın əlavəsinə müvafiq olaraq siyahısı tərtib olunur. İnzibati Prosessual Məcəllənin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, cavabdehin mübahisələndirilən qərarı qanunazidd hesab oluna bilməz. Birincisi, mübahisələndirilən inzibati aktın qəbulu zamanı Vergi Məcəlləsinin yuxarıda istinad olunan normalarının tələbinə cavabdeh tərəfindən əməl edilmişdir. Belə ki, işin hallarından görünür ki, Vergi Məcəlləsinin 50.2.2-ci maddəsi rəhbər tutulmaqla vergi orqanı tərəfindən mənbəyi bəlli mənbələrdən əldə edilən məlumatlar əsasında İddiaçı MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən “Caspian” ev alqı-satqı ofisində xx.xx.2021-ci il tarixdə operativ vergi nəzarətinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Qeyd edilən operativ vergi nəzarətinin keçirilməsi haqqında qərarla iddiaçının qanuni təmsilçisi E.Seyidov xx.xx.2021-ci il tarixdə tanış olmuş və imzalamışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” çıxarışa əsasən vergi orqanının keçirdiyi operativ vergi nəzarəti tədbiri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən həmin tarixdə qeydiyyata alınmışdır. xx.xx.2021-ci il tarixli operativ vergi nəzarətinin nəticələrinə dair akta əsasən vergi orqanı tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi aşkar edilərək həmin fiziki şəxslərin şəxsiyyət vəsiqələri məlumatları əldə edilmiş və siyahısı tərtib edilərək akta əlavə edilmişdir. Operativ vergi nəzarətinin keçirilməsi ilə bağlı təqdim olunmuş icraat materiallarına iddiaçı tərəfindən işlərin və xidmətlərin yerinə yetirilməsinə cəlb edilmiş 3 nəfər fiziki şəxsdən alınmış izahatlar əlavə edilmişdir. Həmin izahatlardan müəyyən olunur ki, izahatları alınmış fiziki şəxslərin hər biri həmin ofisdə işlədiklərini, lakin onlarla yazılı əmək müqaviləsi və ya hər hansı bir xidmət müqaviləsinin bağlanmadığını bildirmişlər. Qeyd edilməlidir ki, adları çəkilən fiziki şəxslər verdikləri izahatlarında adıçəkilən obyektdə konkret gördükləri işi, aldıqları əmək haqlarını, işəgötürənin iddiaçının qanuni təmsilçisi Elçin Seyidov olduğunu bildirməklə yanaşı ofisdə birlikdə çalışdıqları digər şəxslərin adlarını da göstərmişlər. Həmçinin iddiaçının qanuni təmsilçisi E.Seyidov da vergi orqanına təqdim etdiyi yazılı izahatında aktda adları göstərilən 3 nəfər şəxsi əmək müqaviləsi bağlamadan işlərin və xidmətlərin yerinə yetirilməsinə cəlb etdiyini qəbul etmiş, həmin şəxslərlə qısa müddətdə müqavilə bağlayacağını bildirmişdir. Vergi Məcəlləsinin 58.10-cu maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Cavabdeh işin yuxarıda sadalananan hallarına istinad edərək iddiaçıya 3 nəfər fiziki şəxsə görə 6000 manat maliyyə sanksiyası tətbiq edilməsi barədə qərar qəbul etmiş, vergi orqanı bu zaman vergi qanunvericiliyinin hər hansı normasının pozulmasına yol verməmişdir. İddiaçı iddia ərizəsində 3 nəfər şəxsin izahatının təzyiq altında alınmasını bildirmiş, lakin bununla bağlı hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçı yoxlama keçirilən zaman obyektin video görüntülərini nə məhkəməyə, nə də həmin ərəfədə yuxarı inzibati orqana təqdim etmiş, həmçinin xx.xx.2021-ci il tarixdə tərtib olunan aktda bununla bağı hər hansı bir qeyd aparmamış, əksinə aktda qeyd olunanların doğruluğunu imzası ilə təsdiq etmişdir. Belə olan halda iddiaçının bu dəlili, həmçinin iddiaçının qanuni təmsilçisi E.Seyidovun aktı oxumadan imzalaması barədə dəlili əsaslı sayıla bilməz. İddia ərizəsində iddiaçı fəaliyyətinin olmadığını bildirsə də, fəaliyyətini dayandırması barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Operativ vergi yoxlaması zamanı müşahidəçinin iştirakı barədə dəlilə gəldikdə, məhkəmə qeyd edir ki, Vergi Məcəlləsinin 50.5-ci maddəsinə əsasən operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədləri və nümunə kimi əşyaları götürməsi, ekspert cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçi dəvət edilməsi və aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların siyahıya alınması bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Göründüyü kimi, operativ vergi nəzarəti zamanı müşahidəçi dəvət edilməsi Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Vergi Məcəlləsi isə müşahidəçinin məcburi olaraq cəlb edilməsini, məsələn 89.8-ci maddəyə əsasən əmlakın siyahıya alınması, yaxud 89.14-cü maddəyə əsasən malların vergi ödəyicisində məsul saxlamaya qoyulması zamanı zəruri şərt kimi müəyyən etmişdir. Operativ vergi yoxlaması zamanı belə bir məcburi şərt nəzərdə tutulmadığından məhkəmə hesab edir ki, iddiaçının bu dəlili də əsassızdır. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri X17 üzrə Baş İdarəsi iddiaçı barəsində qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərarının qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilmişdir. Odur ki, iddia tələbi əsassız olmaqla təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar