Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4387/2020 27.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) X3, cavabdehin nümayəndəsi X4 iştirakı ilə iddiaçı – İddiaçı (yaşayış yeri: Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 49, mənzil 15) cavabdeh – Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (yerləşdiyi yer: Bakı şəhəri, 6-cı mikrorayon, M.Kazımovski küçəsi, 134) qarşı «cavabdehin hərəkətləri qanunsuz sayılmaqla iddiaçının əlilliyinin bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması»na dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı «cavabdehin hərəkətləri qanunsuz sayılmaqla iddiaçının əlilliyinin bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddia ərizəsində bildirilir ki, iddiaçı (İddiaçı) xx xxxx N73-cü il tarixdə Sumqayıt şəhərində doğulmuşdur. O, hərbi xidmətə götürülmüş və AR Müdafiə Nazirliyinin müvafiq hərbi hissəsində xidmət etmişdir. N94-cü ildə Azərbaycan Respublikasının müdafiəsi zamanı hər iki ayağının İİİ – İV dərəcəli donvurması nəticəsində əmək qabiliyyətini itirmiş və bu səbəbdən də AR Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx xxx 2017-ci il tarixli qərarına əsasən həmin xəsarət Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış hərbi travma kimi qiymətləndirilmiş və xx xxxxxx 2017-ci il tarixdən ona ikinci qrup əlillik dərəcəsi təyin olunmuş, əlilliyin məhdudluluq müddəti 2022-ci ilədək müəyyən olunmuşdur. Lakin ona xx xxxxxx 2020-ci il tarixdə daxil olan elektron bildirişdən məlum olmuşdur ki, artıq ona 2020-ci ilin mart ayından pensiya verilməsi dayandırılacaqdır. İddiaçı məsələ ilə bağlı AR ƏƏSM Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə müraciət etmişdir. Xidmətin x xxxx 2020-ci il tarixli cavab məktubundan məlum olmuşdur ki, müalicə məlumatı barədə səhiyyə müəssisəsi tərəfindən verilmiş göndəriş etibarsız hesab edildiyindən, əlillik altsistemində onun əlilliyi etibarsız edilmişdir. İddiaçı cavabdehin bu hərəkəti ilə razı deyil. Belə ki, o, N94-cü ildən bu xəstəlikdən əziyyət çəkir. Dəfələrlə stasionar və ambulator şəraitdə müalicələr almış, lakin bu müalicələr heç bir fayda verməmişdir. Bundan başqa, TSEK tərəfindən əlilliyin məhdudiyyət müddəti 2022-ci il tarixədək təyin edilmişdir və ona (iddiaçıya) əlilliyin təyin edilməsi barədə Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı vardır. Ona pensiya həmin qərar əsasında təyin edilmiş və müavinət hesablanmışdır. Lakin cavabdeh inzibati orqan xəbəri olmadan səhiyyə təşkilatı tərəfindən verilmiş göndərişi 3 il sonra etibarsız sayaraq, onu müavinətdən məhrum edir. Hətta bu illər aldığı müavinət də geri tələb olunur. O, səhhəti ilə əlaqədar işləmir, himayəsində 2 azyaşlı övladı var, özünün yaşayış sahəsi olmadığından kirayədə qalır, ailənin yeganə gəliri aldığı pensiyadır ki, həmin pensiya da kəsilir. İddiaçı təkrar müayinədən keçməmiş, cavabdeh tərəfindən onun əlilliyi yenidən qiymətləndirilməmişdir. Göstərilənlərə və İPM-in 2, 14, 35, 38-ci maddələrinin, «Hərbi həkim ekspertizası haqqında» Əsasnamənin 7-ci bəndinin tələblərinə əsaslanaraq, cavabdeh AR ƏƏSMN yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin hərəkətləri qanunsuz sayılmaqla iddiaçının əlilliyinin bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması xahiş olunur. Cavabdeh AR ƏƏSM Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış xx xxxx 2020-ci il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: - X6 iddiası əsassız olduğundan İPM-in 47.2-ci maddəsinə uyğun olaraq etiraz bildirilir. Müəyyən olunmuşdur ki, iddiaçının əlillik vəziyyəti Daxili İşlər Nazirliyinin Tibb idarəsinin 4110003AACG4 saylı göndərişi əsasında xx xxxxxx 2017-ci il tarixdə və 4110003AACKG saylı göndərişi əsasında xx xxxxxx 2017-ci il tarixdə qiymətləndirilmiş və “Hər iki aşağı ətrafın donvurulmasından sonrakı vəziyyət. Aşağı ətrafların xroniki obliterasiyaedici endoartriti. Aşağı ətrafların xroniki işemiyası İİİ dərəcə” xəstəliyi ilə 5 il müddətinə ikinci dərəcə əlilliyin təyin edilməsi barədə qərar verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb idarəsi tərəfindən xx xxxxxx 20N-cu il tarixli 029- 3854-12N/5 nömrəli məktubla 843 nəfərin, o cümlədən iddiaçının AR Daxili İşlər Nazirliyinə aidiyyəti olmadığından, onlara rəsmiləşdirilmiş göndərişlərin əsassız rəsmiləşdirildiyi bildirilmişdir. Bununla əlaqədar Əlillik altsistemində İddiaçı aid qiymətləndirmə etibarsız edilmişdir. AR Nazirlər Kabinetinin x xxxxxx 2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş «Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə», eləcə də hazırda qüvvədə olan AR Nazirlər Kabinetinin xx xxxxxx 2020-ci il tarixli 11 saylı qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»na müvafiq olaraq vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında TSEK tərəfindən qiymətləndirilməklə müəyyən edilir. İddiaçının əlillik vəziyyəti DİN Tibb idarəsinin göndərişləri əsasında xx xxxxxx 2017-ci il və xx xxxxxx 2017-ci il tarixlərdə qiymətləndirilmiş və ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. DİN Tibb idarəsi tərəfindən qiymətləndirilməyə əsas verən göndərişlərin əsassız rəsmiləşdirildiyi bildirilmişdir. Buna görə də, “Əlillik altsistemi”ndə iddiaçıya aid qiymətləndirmələr etibarsız edilmişdir. İddiaçının əlilliyinin etibarsız edilməsi zamanı AR ƏƏSM Nazirliyi tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir. Əlilliyin təyininə əsas verən hüquqi sənəd etibarsı hesab edildiyinə görə şəxsin əlilliyi etibarsız edilmişdir. Göstərilənləri nəzərə alaraq, İPM-in 47.2-ci maddəsinə, AR Mülki Prosessual Məcəlləsinin 154-cü maddəsinə uyğun olaraq, İddiaçı iddiasının təmin olunmaması xahiş edilir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2020-ci il tarixli 1077 nömrəli Fərmanının 1 – 3-cü hissələri ilə “Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi”, “Dövlət X2”, “Dövlət Tibbi-Sosial Ekspertiza və X1” təsdiq edilmişdir. Fərmanın 5-ci hissəsi ilə müəyyən edilmişdir ki: (5.1) bu Fərmanın 1–3-cü hissələrində nəzərdə tutulan Dövlət Sosial Müdafiə Fondu, Dövlət Məşğulluq Agentliyi, Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, müvafiq olaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun, Dövlət Məşğulluq Xidmətinin, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin hüquqi varisləridir, onların bütün hüquq və öhdəlikləri, habelə əmlakı (bu Fərmanın 5.2-ci bəndi nəzərə alınmaqla) aidiyyəti üzrə yuxarıda adları çəkilən publik hüquqi şəxslərə keçir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X5 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayındəsi X7 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətin (etirazın) məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 2.0.10-cu maddəsinə əsasən əlverişli inzibati akt – maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə» 1-ci bəndinə görə: - (1.1) Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir; - (1.2) Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, «Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur; - (1.5) Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, iddiaçı N94-cü ildə (fevral ayının 18-dək) aldığı xəsarətə görə AR MM Mərkəzi Hərbi Həkim Komissiyasının xx xxx 2017-ci il tarixli qərarı ilə şəhadətləndirilmiş və ona təyin edilmiş “Hər iki ayağın İİİ-İV donvurması” diaqnozu ilə xəsarətin səbəb əlaqəsi “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi təyin edilmişdir. İddiaçının əlillik vəziyyəti AR Daxili İşlər Nazirliyinin Tibb idarəsinin göndərişləri əsasında Tibbi-Sosial Ekspertiza Komissiyası tərəfindən qiymətləndirilmiş və ona “Hər iki aşağı ətrafın donvurmasından sonrakı vəziyyət. Aşağı ətrafların xroniki obliterasiyaedici endroartriti. Aşağı ətrafların xroniki işemiyası İİİ dərəcə” xəstəliyi ilə beş il müddətinə ikinci dərəcə əlillik təyin olunması barədə qərar verilmişdir. Lakin 20N-cu ilin noyabr ayında quruma AR DİN-dən müvafiq göndərişlərin, o cümlədən iddiaçının adına verilmiş göndərişin əsassız rəsmiləşdirilməsi barədə məktub daxil olmuş və bundan sonra TSEK-in funksiyalarını həyata keçirən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən əlillik altsistemində iddiaçıya aid qiymətləndirmə etibarsız edilmişdir. Hazırda iddiaçı cavabdehin hərəkətlərini mübahisələndirir və əlilliyinin bərpasını tələb edir. Məhkəmə qeyd edir ki, iddiaçının müvafiq dövrdə aldığı xəsarətin ona ikinci dərəcəli əlillik verilməsinə əsas olması işin mübahisəli halı deyil. Odur ki, məhkəmə iddiaçının əlilliyinin etibarsız sayılması ilə bağlı cavabdehin hərəkətlərinə qiymət verir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» AR Qanununun 13-cü maddəsinə görə inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə əssən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.4-cü maddəsinə görə qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Həmin Qanunun 67.5-ci maddəsinə görə maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67.6-cı maddəsinə görə maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: (67.6.1) rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda, (67.6.2) səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda, (67.6.3) inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Həmin Qanunun 67.7-ci maddəsinə əsasən bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin: - 1.5-ci bəndinə görə tibbi şəhadətləndirilmə dedikdə, hərbi xidmətə, ayrı-ayrı hərbiuçot ixtisasları (ixtisaslar) üzrə təhsilə (xidmətə), orqanlarda xidmətə yararlılığın təyin edilməsi, bu Əsasnamədə nəzərdə tutulmuş digər məsələlərin yazılı qərar çıxarılmaqla həll edilməsi məqsədi ilə vətəndaşların şəhadətləndirilmə anında sağlamlıq vəziyyətinin və fiziki inkişafının öyrənilməsi və qiymətləndirilməsi başa düşülür; - 7.1-ci bəndinə görə hərbi qulluqçuların, orqanlarda xidmət keşən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir; - 7.2-ci bəndinə görə hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: “a” yarımbəndi – “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”, “b” yarımbəndi – “Hərbi travmadır. SSRİ-nin müdafiəsi zamanı alınmışdır”, “c” yarımbəndi – “Hərbi travmadır. Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır”, “ç” yarımbəndi – “Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır”, “d” yarımbəndi – “Xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır”, “e” yarımbəndi – “Ümumi xəstəlikdir”. a) Aşağıdakılar «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır» qərarına aiddir: əgər şəhadətləndirilən şəxs xəsarəti Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusional quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışsa. Məhkəmə iddiaçının əlilliyinin etibarsız sayılması üzrə inzibati icraatla bağlı aşağıdakıları diqqətə çəkir: - İkinci qrup əlillik dərəcəsinin təyini barədə qərar ünvanlandığı şəxs kimi iddiaçıya münasibətdə hüquqi nəticə yaratdığından, habelə inzibati aktın digər xassələrini özündə əks etdirdiyindən “əlverişli inzibati akt”dır. Qanunun mənasına və mövcud inzibati praktikaya görə əlverişli inzibati aktın ləğvi və etibarsızlığı bununla bağlı müvafiq əsaslar olduqda bu barədə qərarla rəsmiləşdirlir. Belə hal, həm də inzibati orqanın əlverişsiz hərəkətlərindən müdafiə vasitələrindən (qərardan şikayət verilməsi barədə müddəa əks olunmaqla) istifadənin səmərəliyinə yönəlmiş olur. Lakin cavabdeh tərəf iddiaçıya münasibətdə əlverişli inzibati aktı (əlilliyi barədə) etibarsız saysa da, bu barədə ayrıca inzibati icraat aparmamış və müvafiq inzibati akt qəbul etməmişdir. Yəni, inzibati orqan inzibati aktın etibarsız sayılmasını, buna əsaslar olub-olmamasından asılı olmayaraq tələb olunan qaydada icraat aparmamış və rəsmiləşdirməmişdir. İddiaçıya əlilliklə bağlı ödənilmiş vəsaitin geri alınması «İnzibati icraat haqqında» AR Qanununun 67.7-ci maddəsində göstərilən qaydada rəsmiləşdirildiyindən, bu norma da əlverişli inzibati aktın ləğvinin müvafi qərarda əks olunmasını zəruri edir. - İddiaçıya əlillik dərəcəsinin verilməsi barədə əlverişli inzibati aktın etibarsız sayılması üzrə qanunvericiliklə («İnzibati icraat haqqında» AR Qanununun 65-ci maddəsi) nəzərdə tutulan əsasların mövcudluğu hazırkı işdə müəyyən edilmir. Həmin inzibati aktın ləğvinə gəldikdə isə, «İnzibati icraat haqqında» AR Qanununun 67.5-ci maddəsinə görə maraqlı şəxs kimi iddiaçının məzmununa etimad göstərdiyi və bu etimadın qanunla qorunduğu akt kimi ləğv oluna bilməz. Nəzərə alınmalıdır ki, həmin Qanunun 67.6-cı maddəsinə göstəriıən hallar da hazırkı iş üzrə müəyyən edilmir. - şəxsə əlilliyin təyin edilməsi zamanı onun barəsində göndərişin səlahiyyəti orqana hansı tibb müəssisəsi (əvvəllər işlədiyi və ya yaşadığı yer üzrə, ailə üzvünün uçotda olduğu və s.) tərəfindən ünvanlanması konkret müəyyən edilmədiyindən, habelə hazırkı iddiaçının şəhadətləndirilməsi barədə MN Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı olduğundan, iddiaçının əlilliyinin etibarsız sayılması barədə qərar və ya hərəkət «İnzibati icraat haqqında» AR Qanununun 17-ci maddəsinin tələbləri baxımından mütənasib sayıla bilməz. Bundan başqa, inzibati orqan tərəfindən inzibati icraat iddiaçının iştirakı olmadan, iş üzrə bütün, o cümlədən iddiaçının xeyrinə olan hallar tam araşdırılmadığından, bu icraat «İnzibati icraat haqqında» AR Qanununun 15.1, 24.1, 24.2-ci maddələrinin tələbləri pozulmaqla aparılmış sayılır. Məhkəmə yuxarıda qeyd olunanların məcmusunda belə nəticəyə gəlir ki, iddiaçının əlilliyinin etibarsız sayılması ilə bağlı inzibati orqan Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin hərəkətləri qanunvericiliyin (o cümlədən inzibati icraatın prosedurl qaydaları müəyyən edən normaların) tələblərinə zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia), 2.2.4-cü maddəsinə görə inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia), 2.2.5-ci maddəsinə görə inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin əlilliyin etibarsız sayılması ilə bağlı hərəkətləri qanunsuz sayılmaqla İddiaçı əlilliyinin bərpa olunması öhdəliyi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin iddiaçının əlilliyinin etibarsız sayılması ilə bağlı hərəkətləri qanunsuz sayılmaqla İddiaçı əlilliyinin bərpa olunması öhdəliyi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-4387/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4387/2020
27.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver