Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4387/2022 19.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «iddiaçının mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (bundan sonra – DƏDRX) 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «iddiaçının mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə cavabdehə təqdim edilmişdir. İddia ərizəsində bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2006-cı il tarixli «Bakı şəhərinin qəsəbələrinin 2006 – 2007-ci illər sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı»nın icrası ilə əlaqədar İddiaçı yaşadığı qəzalı vəziyyətdə olan bina yenidən tikilməsi məqsədilə Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti (RİH) tərəfindən akt əsasında alınaraq sökülmüş və bunun əvəzində həmin bina sakinlərinin yeni mənzillərə köçürülməsi qərara alınmışdır. Qaradağ RİH başçısının 136 nömrəli 15 oktyabr 2012-ci il tarixli sərəncamında da qeyd olunduğu kimi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Qaradağ RİH-ə 19 mart 2012-ci il tarixli 29-780 BB nömrəli məktubla müraciət edərək, Lökbatan qəsəbəsi, S.Orucov küçəsində yeni inşa edilmiş yaşayış evinin 5 mərtəbəli, 20 mənzilli 44 ünvanında və 6 mərtəbəli, 60 mənzilli 46 ünvanında yerləşən qəza vəziyyətində olan evlərdən sakinlərin yeni mənzillərə köçürülməsi barədə qərarın təsdiq edilməsini xahiş etmişdir. Bu müraciət və Qaradağ RİH başçısı aparatı yanında İctimai Mənzil Komissiyasının təklifi nəzərə alınaraq ARDNŞ-nin rəhbərliyinin və Azərbaycan Neft Qaz X4 İttifaqının Respublika Komitəsinin Lökbatan qəsəbəsi. S.Orucov küçəsində yeni inşa edilmiş yaşayış evinin 5 mərtəbə, 20 mənzilli 44 və 6 mərtəbə, 60 mənzilli 46 ünvanında yerləşən qəza vəziyyətində olan evlərdən sakinlərin yeni mənzillərə köçürülməsi barədə qərarın təsdiq edilmişdir. Bununla iddiaçıya 2 nəfər ailə tərkibi ilə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsində yerləşən ev 46, giriş 4, mərtəbə 4-də 1 otaqlı, sahəsi 44.85 kv.m olan 52 saylı mənzil verilmişdir. 150 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən müvafiq mənzilin plan cizgisi də tərtib edilərək təsdiqlənmişdir. İddiaçı 2012-ci ildən fasiləsiz olaraq müvafiq mənzildə yaşayır. Bundan başqa, 150 saylı MKİS tərəfindən verilmiş “Forma 2” arayışından da görünür ki, müvafiq mənzil tam kommunal şəraitlidir. O, mənzilin bütün kommunal xərcləri mütəmadi olaraq ödəmişdir. Bakı ŞİH başçısının 15 oktyabr 2012-ci il tarixli 219 nömrəli sərəncamı ilə təsdiq olunmuş “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının aktı” ilə ünvan 1 ünvanında yerləşən yaşayış binası istismara qəbul edilmişdir. Hətta müvafiq binada yerləşən bəzi mənzilər daşınmaz əmlakın reyestrində ilkin hüquqi qeydiyyata alınmış, müvafiq reyestrdən çıxarışlar və texniki sənədlər verilmişdir. İddiaçı yaşadığı mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və texniki pasport verilməsi ilə bağlı tələb olunan sənədlərlə cavabdeh DƏDRX 1 saylı Bakı şəhər Ərazi İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh hüquqların qeydiyyatından qanunsuz olaraq imtina etmişdir. Cavabdeh 29 noyabr 2021-ci il tarixli məktubunda imtinanın səbəbi kimi iddiaçıya mənzil verilməsi haqqında Qaradağ RİH başçısının 136 nömrəli sərəncamının 2012-ci ildə verilməsini göstərmişdir. Müvafiq yaşayış binasının 2012-ci ildə istismara qəbul edilməsinə baxmayaraq, 10 dekabr 2015-ci il tarixli əvvəliki müraciətə cavab olaraq verilən imtina məktubunda isə, səbəb kimi sözügedən mənzil yerləşən yaşayış binasının istismara qəbul aktının Bakı şəhər Ərazi İdarəsinə təqdim edilməməsi göstərilmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. İnzibati orqanın bu qanunsuz hərəkəti onun Azərbaycan Respublikasının Konstitusiyası və digər qanunvericilik aktları ilə təsbit edilən mənzil, mülkiyyət hüquqlarını kobud şəkildə pozmuşdur. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyası 13, 29, 71-ci maddələrinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2, 8, 15-ci maddələrinə, «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 146.2, 148.1, 152.1, 157-ci maddəsinə, İPM-in 2, 33, 45, 46, 73.1-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 4 may 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»nin 3-cü bəndinə əsaslanaraq, cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunsuz sayılmaqla ünvan 2 ünvanında yerləşən 52 saylı mənzilinin daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına ilkin hüquqi qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsi məhkəmədən xaiş olunur. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış 7 fevral 2022-ci il tarixli məktubunda aşağıdakılar bildirilir: - İddiaçı iddiası etirazla qarşılanır. İddiaçı müvafiq tələblə bağlı müraciəti İdarəyə 10 noyabr 2021-ci il tarixdə daxil olmuşdur. Araşdırma zamanı məlum olmuşdur ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, 46 saylı evin 52 saylı mənzilinə dair «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin, iddiaçı tərəfindən əlavə edilən qeyd olunan mənzilə dair Bakı şəhəri Qaradağ RİH başçısının 136 nömrəli sərəncamı 15 oktyabr 2012-ci il tarixdə verilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və vətəndaşa **********07 nömrəli məktub ünvanlanmışdır. Göstərilənlərə və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.11, 11.1-ci maddələrinə, «Azərbaycan Respublikasında mənzil fndunun özəlləşdirilməsi haqqında» Qanunun 8-ci maddəsinə əsaslanaraq, İPM-in 48.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətinin (etirazının) məzmununa uyğun izahat verdi və iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 2-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. MPM-in 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, Bakı şəhəri Qaradağ RİH başçsıının 15 oktyabr 2012-ci il tarixli 136 nömrəli sərəncamı ilə Lökbatan qəsəbəsi 46 ünvanındakı binanın sakini İddiaçı 2 nəfər ailə tərkibi ilə ona məxsus mənzilin qəza vəziyyətində olması ilə əlaqədar həmin küçədə yeni inşa edlmiş 46 saylı binanın 52 saylı mənzilinə köçürülmüş və sözügedən mənzilin ona ayrılmışdır. Bundan sonra İddiaçı mənzilin qanuni istifadəçisi kimi hazırkı cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, sözügedən mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınmasını xahiş etmiş və ərizəsinə mənzildə yaşayan digər ailə üzvünün (X3) müvafiq razılıq ərizəsini, Qaradağ RİH-in 15 oktyabr 2012-ci il tarixli 136 nömrəsi sərəncamının (çıxarışın) surətini də əlavə etmişdir. Lakin cavabdeh məsələnin həllindən imtina etmiş və imtinasını belə əsaslandırmışdır ki, RİH-in müvafiq sərəncamı 15 oktyabr 2012-ci il tarixdə, yəni Azərbaycan respublikası Mənzil Məcəlləsinin qüvvəyə mindiyi 1 oktyabr 2009-cu il tarixdən sonrakı vaxtda verildiyindən, daşınmaz əımlaka hüququnun reyestrdə qeydiyata alınması üçün əsas deyil. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublıikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Qaradağ rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Azərbaycan Respublikası Prezidentinin 4 may 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»nin 3-cü bəndinə görə (3.0.7) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. Cavabdeh inzibati orqan DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldlırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Mübahisənin ərazi aidiyyəti belədir ki, mübahisə Bakı şəhərinin Qaradağ rayonu ərazisində yerləşən daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan, bu mübahisəyə İPMin 8.1.1-cü maddəsinin tələblərinə uyğun baxılmalıdır. Odur ki, işə baxmaqda müvafiq daşınmaz əmlakın olduğu yer (Bakı şəhərinin Qaradağ rayonu) üzrə inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə aşağıdakıları diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 16.1-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Qanunun 1-ci maddəsinə görə dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarnın, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 5-ci maddəsinə görə mənzillər (evlər), özəlləşdirilməsi üçün müraçiət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48.1-ci maddəsinə görə sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Həmin Məcəllənin 59.1-ci maddəsinə görə yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin – vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə bu Məcəllə qanuni qüvvəyə minən günədək «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayırlar. Həmin Məcəllənin 146.2-ci maddəsinə görə «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin İİİ-İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. Həmin Məcəllənin 146.3-cü maddəsinə görə bu Məcəllənin 146.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahələrinin özəlləşdirilməsi Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulduğu hallarda və qaydada həyata keçirilə bilər. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.11-ci maddəsinə görə Azərbaycan Respublikası Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Göründüyü kimi, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir və Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1dək) dövlət mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyyəti orqanı) sərəncamı bu əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Hazırkı işin hallarına görə isə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, 46 saylı binanın 52 saylı mənzili İddiaçı özü də daxil olmaqla 2 nəfər ailə tərkibi ilə 15 oktyabr 2012-ci il tarixdə təhkim edilsə də, bu yaşayış sahəsi uzun müddət onların istifadəsində olmuş, lakin sonradan yararsız vəziyyətə düşmüş mənzilin əvəzində ayrılmışdır. RİH-in sərəncamının 1 oktyabr 2009-cu il tarixdən sonrakı dövrə təsadüf etməsi, həmin mənzili Azərbaycan Respublikası Mənzil Məcəlləsinin İİİ-İV bölmələrində nəzərdə tutulan sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə aid etmir. Belə olan halda, «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Qanunun 1 və 5-ci maddələrinə, eləcə də Mənzil Məcəlləsinin 146-cı maddəsinə əsasən İddiaçı orada yaşayan yetkinlik yaşına çatmış sigər şəxsin razılığı ilə sözügedən Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, 46 saylı binanın 52 saylı mənzilinə mülkiyyət hüququ əldə etmiş sayılır. Odur ki, məhkəmənin qənaətinə görə İddiaçı həmin mənzilə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalı və cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanuna, o cümlədən «İnzibati icraat haqqında» Qanunun 16, 17, 24-cü maddələrinə zidd sayılmalı, mülkiyyətçi kimi İddiaçı hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli qərarı ilə «Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları» təsdiq edilmişdir. Qaydaların 4-cü bəndinə görə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 gün müddətində icra edilir. Mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur. Məhkəmə həmçinin qeyd edir ki, mənzilə (yaşayış sahəsinə) hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı halda, mövcud qanunvericilik bu barədə reyestrdən çıxarışın və “texniki pasport”ün verilməsini birmənalı şəkildə nəzərdə tutur. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək Bakı şəhəri, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, 46 saylı binanın 52 saylı mənzilinin İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın, texniki pasportun verilməsi öhdəliyi cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, 46 saylı binanın 52 saylı mənzilinin İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın, texniki pasportun verilməsi öhdəliyi cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-4387/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4387/2022
19.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver