Məhkəmə qərarları › İş №2-1(112)-4388/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4388/2021

23.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4388/2021 23.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı "X2 şəhid olması ilə bağlı ödənişin həyata keçirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 1 nömrəli Fərmanına əsasən “1997-ci ilin avqustun 2-dək ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar itkin düşmüş əsgər (matros) və çavuşların siyahısı”na əlavə edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi" iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək oğlu X2 şəhid olması ilə bağlı ödənişin həyata keçirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 1 nömrəli Fərmanına əsasən “1997-ci ilin avqustun 2-dək ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar itkin düşmüş əsgər (matros) və çavuşların siyahısı”na əlavə edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının oğlu X5 xx.xx.1992-ci ildə ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olub. Buna sübut kimi ölüm haqqında xx.xx.2013-cü il tarixli şəhadətnaməni təqdim edir. Həmin şəhadətnaməyə əsasən, X2 “Kəllə qapağında güllə yarası” səbəbindən vəfat etdiyi göstərilir. Sədərək rayon Xalq Məhkəməsinin xx.xx.1994-cü il tarixli qətnaməsinə əsasən, X2 şəhid hesab edilməsi faktı müəyyən olunmuşdur. Sədərək rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən təqdim olunan xx.xx.2016-cı il tarixli sənədə əsasən, İddiaçı qeyd olunan vəsiqəni təqdim etdiyi təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmş güzəşt və imtiyazlardan istifadə etmək hüququ vardır. Bu sənəd müddətsiz olaraq etibarlıdır. Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sədərək rayon şöbəsi tərəfindən təqdim olunan xx.xx.2019-cu il tarixli 70 saylı arayışa əsasən müəyyən olunur ki, mərhum X5 xx.xx.1992-ci il tarixində Sədərək rayonunun müdafiəsi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Qeyd edilən fərmana əsasən 11.000 manat məbləğində birdəfəlik ödəmənin alınması üçün sığorta şirkətinə müraciət etmiş, ona bildirilmişdir ki, oğlu şəhid olmuş olsa belə, müvafiq siyahiya alınma üçün cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edilməlidir. Həmin tövsiyəyə uyğun olaraq o, cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə yazılı müraciət etmiş, Xidmət tərəfindən ona xx.xx.2020-ci il tarixdə verilən cavabda bildirilir ki, Xidmətin Aparatına Müdafiə Nazirliyinin Təşkilat-Səfərbərlik İdarəsindən təqdim edilmiş “1997-ci ilin avqustun 2dək ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar itkin düşmüş əsgər (matros) və çavuşların siyahısı”nda mərhum övladı X2 xx.xx.1992-ci il tarixdə həlak olması barədə məlumat olsa da, hərbi xidmətə çağırılması, hansı hərbi hissədə xidmət keçməsi, həlak olduğu yer, həlak olmasının səbəb və şəraiti göstərilməmişdir. Cavabdeh qeyd etdiyi səbəbə görə oğlunu şəhid kimi qeyd olunan siyahiya daxil edilməsi mümkün olmadığını göstərib və bu səbəbdən anası olaraq sığorta ödənişini ala bilməyib.

II. İddianın növü

3. Hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir. İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

III. Məhkəmə tərəfindən tədqiq olunan sübutlar

4. xx.xx.2013-cü il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.1992-ci il tarixdə ölmüşdür və bu fakt xx.xx.1992-ci il tarixdə qeydə alınmışdır (ölümün səbəbi kəllə qapağında güllə yarası). X4 doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, atası X6, anası İddiaçıdır.

5. Məhkəmənin sorğusuna cavab olaraq Müdafiə Nazirliyi N saylı hərbi hissə tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2021-ci il tarixli arayışa əsasən bildirilir ki, Naxçıvan Dövlət Komitəsinin Arxivdə saxlanılan “Nizami hissə üzrə əmrlər kitabı”nda mərhum X5 haqqında məlumat yoxdur.

6. Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sədərək rayon şöbəsi tərəfindən təqdim olunan xx.xx.2019-cu il tarixli 70 saylı arayışa əsasən bildirilir ki, İddiaçı oğlu mərhum X5 xx xxxx 1992-ci il tarixdə Sədərək rayonunun müdafiəsi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.

7. Sədərək rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin iddiaçıya təqdim etdiyi müddətsiz vəsiqədən görünür ki, vəsiqəni təqdim edən şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququ vardır. Məhkəmə sorğusuna Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin xx.xx.2021-ci il tarixli cavabına əsasən, həmin vəsiqənin verilməsi üçün əsasən Sədərək rayon Xalq Məhkəməsinin xx.xx.1994-cü il tarixli qərarı olmuşdur. Həmin qərar əsasında İddiaçı şəhid ailəsinin üzvü kimi Sədərək rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi “şəhid ailəsi vəsiqəsi” ilə təmin edilmişdir. Dövlət Sosial Müdafiə fondunun Xətai rayon şöbəsinin tələbnaməsinə əsasən, X1 “şəhid ailəsi” Prezident təqaüdü işi həmin şöbəyə göndərilmişdir.

8. Məhkəmənin sorğusuna Naxçıvan MR Dövlət Arxiv İdarəsi tərəfindən təqdim edilən Sədərək rayon Xalq Məhkəməsinin xx xxxxxx 1994-cü il tarixli qətnmasinə əsasən müəyyən olunur ki, Sədərək rayon XDS İK-nin 135 nömrəli xx xxxx 1994-cü il tarixli, Sədərək rayon hərbi komissarlığının 165 nömrəli xx xxxx 1994-cü il tarixli məktubları ilə məhkəməyə müraciət edərək şəhidlik statusu verilməsi haqqında vəsatət qaldırmış, Sədərək və Qarabağ döyüşlərində şəhid olanların adlı siyahısını məhkəməyə təqdim etmiş, onlar haqqında qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmədə Sədərək rayon icra hakimiyyətinin nümayəndəsi Əjdər Məmmədov verdiyi ifadəsində Sədərək uğrunda gedən döyüşlərdə şəhid olmuş həmkəndlilərinin ailələrinin onlara müraciət etməsini, şəhid olmuş uşaqlarına şəhid adı verilməsini icra hakimiyyətindən xahiş etmişlər. Məhkəmə qətnaməsinə əsasən müəyyən olunur ki, siyahıda adları çəkilən şəxslər erməni təcavüzü zamanı Sədərək rayonu uğrunda gedən döyüşlərdə həlak olmuşlar və bu fakt şahid ifadələri, hərbi hissədən, polisdən, Sədərək rayon hərbi komissarlığından, Sədərək rayon Mərkəzi Xəstəxanasından alınmış arayışlarla təsdiq olunur. Sədərək rayon Xalq Məhkəməsinin qeyd edilən qətnaməsi ilə şəhid hesab edilməsi faktı müəyyən olunan şəxslərin siyahısında X2 da adı vardır.

9. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciətinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 1 nömrəli Fərmanına əsasən, 1997-ci ilin avqustun 2-dək ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilir. Xidmətin Aparatına Müdafiə Nazirliyinin Təşkilat-Səfərbərlik İdarəsindən təqdim edilmiş “1997-ci ilin avqustun 2-dək ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar itkin düşmüş əsgər (matros) və çavuşların siyahısı”nda mərhum övladı X2 xx.xx.1992-ci il tarixdə həlak olması barədə məlumat olsa da, hərbi xidmətə çağırılması, hansı hərbi hissədə xidmət keçməsi, həlak olduğu yer, həlak olmasının səbəb və şəraiti göstərilməmişdir. Həmçinin Xidmətin Xətai rayon və Nəsimi rayon İdarələrinin, eləcə də Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xİdmətinin Sədərək rayon şöbəsinin qeydiyyat sənədlərində də Vüqar Səfərzadə barədə hər hansı məlumat yoxdur. Bu səbəbdən onun adının qeyd edilən Fərmanla nəzərdə tutulmuş siyahıya daxil edilməsi hazırda mümkün deyil. İddiaçıya bildirilmişdir ki, Vüqar Səfərzadənin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda hərbi qulluqçu kimi həlak olması barədə sənəd (arxiv arayışı, hərbi hissə komandirinin əmrindən çıxarış və ya məhkəmə qərarı) olduğu təqdirdə Xidmətin Aparatına təqdim edilməlidir.

10. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, oğlu Vüqar Səfərzadənin könüllü qaydada Silahlı Qüvvələrdə xidmətə daxil olub və erməni təcavüzünə qarşı Sədərək rayonu uğrunda gedən döyüşlərdə başından aldığı güllə yarası nəticəsində şəhid olmuşdur.

IV. Məhkəmənin mövqeyi

11. İddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ var (bax 4-cü bənd).

12. İşin mübahisəsiz olan halı budur ki, iddiaçının oğlu Sədərək rayonu uğrunda gedən döyüşlərdə həlak olmuş və şəhid olması faktı qüvvədə olan məhkəmə aktı əsasında müəyyən olunmuşdur. Məhkəmə diqqətə alır ki, qeyd edilən fakt Sədərək XDS icraiyyə komitəsinin və Sədərək rayon hərbi komissarlığının müraciəti əsasında müəyyən olunaraq şahid ifadələri, hərbi hissədən, polisdən, Sədərək rayon hərbi komissarlığından, Sədərək rayon Mərkəzi Xəstəxanasından alınmış arayışlarla təsdiq olunmuşdur (bax 8-ci bənd).

13. A.Kərimov və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının x xxxx 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun qərarından: ...Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyini təsdiqləyərək qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir (C.İsmayılzadənin şikayəti üzrə 2014-cü il 6 iyun tarixli Qərar). Məhkəmə qərarının preyudisiallığı prinsipi də qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmçinin, həmin Məcəllənin 233.3-cü maddəsinə görə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərini özündə ehtiva edir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı). Hüquqi müəyyənlik prinsipi baxımından eyni predmet üzrə qanuni qüvvəyə minmiş fərqli məhkəmə qərarlarının olması nəticədə məhkəmə aktlarının icrası prosesini mümkünsüz və səmərəsiz edir (Konstitusiya Məhkəməsi Plenumunun “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2020-ci il 14 fevral tarixli Qərarı). Hazırki iş üzrə isə N.Aləmmədzadə və qeyrilərinin Şəki İnzibati-İqtisadi Məhkəməsinə ünvanladığı iddianın predmeti ilə onların A.Kərimov və qeyrilərinə qarşı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”lərin etibarsız hesab edilməsi tələbi üzrə mülki icraat qaydasında baxılan və qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə rədd edilmiş iddianın predmetinin (obyekti daxil olmaqla) faktiki olaraq eynilik təşkil etməsi işə baxan məhkəmələr tərəfindən nəzərə alınmamışdır. Bu isə mübahisənin həllinin əsassız uzadılması kimi qiymətləndirilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Ali Məhkəmənin Mülki Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qərarının hüquqi nəticələrinin inzibati məhkəmə icraatı qaydasında Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının x xxxx 2019-cu il tarixli qərarı ilə faktiki olaraq qüvvədən salınması məhkəmələrin fəaliyyətində prosessual qanunvericiliyin tələblərinə zidd təcrübənin formalaşmasının əsasını qoyur. Belə ki, işlərə eyni tərəflər arasında, eyni mübahisə predmeti üzrə fərqli məhkəmə icraatında baxılması mahiyyət etibarı ilə fərqli nəticələrə və sonda hüquqi müəyyənlik prinsipinin pozulmasına səbəb ola bilər (Konstitusiya Məhkəməsi Plenumunun G.İsmayılzadənin şikayəti üzrə 2016-cı il 29 noyabr tarixli Qərarı)...

14. İnzibati Prosessual Məcəllənin 78-ci maddəsinə əsasən, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir.

15. İddiaçı “şəhid ailəsi vəsiqəsi” ilə təmin edilərək “şəhid ailəsi” Prezident təqaüdü verilmişdir (bax 7-ci bənd). “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr

16. Cavabdeh orqanın imtinası iddiaçının oğlunun hərbi qulluqçu olmaması faktı ilə bağlı olmuşdur.

17. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər.

18. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin birinci hissəsinin və 3-cü maddəsinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333-cü maddəsinin şərh edilməsinə dair xx xxxxxxx 2001-ci il tarixli Qərarına əsasən, vətəndaşların hərbi xidmətə daxil olması Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq əmrinə əsasən hərbi hissə komandirlərinin (hərbi tədris müəssisələri rəislərinin), onların hərbi hissələrin (hərbi tədris müəssisələrin) şəxsi heyətinin siyahısına daxil etmələri və bütün təminat növləri (ərzaq, pul, əşya və s.) üzrə təminata götürmələri haqqında əmrləri ilə həyata keçirilir. Müddətli həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar hərbi hissə komandirinin onların hərbi hissə şəxsi heyətinin siyahısına daxil olunmaları və bütün təminata götürülmələri haqqında əmrləri imzalandığı gündən hərbi qulluqçu statusuna malik olurlar.

19. Məhkəmə qeyd edir ki, tədqiq edilmiş sübutlara əsasən, müvafiq təminata götürülməsinə dair əmr olmamasına baxmayaraq, iddiaçının oğlunun faktiki olaraq könüllü qaydada Silahlı Qüvvələrdə xidmətə daxil olması müəyyən edilmişdir (bax 8 və 12-ci bəndlərdə Sədərək rayon hərbi komissarlığının müraciəti və hərbi hissədən arayışlar hissəsi).

20. Məhkəmə qeyd edir ki, könüllü qaydada Silahlı Qüvvələrdə xidmətə daxil olub müvafiq təminata götürülərək (müvafiq əmr olan) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşərək şəhid olmuş və könüllü qaydada Silahlı Qüvvələrdə xidmətə daxil olmasına baxmayaraq, müvafiq təminata götürülməyərək (müvafiq əmr olmayan) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşərək şəhid olmuş şəxslərə münasibətdə (bax 19-cu bənd) fərqli yanaşma (hərbi qulluqçu statusu əldə etmələri ilə bağlı) ayrı-seçkilik hesab oluna bilər. Odur ki, iddiaçıya münasibətdə fərqli rəftarın X12 Konvensiyasının (AİHK) 14-cü maddənin (ayrı-seçkiliyin qadağan olunması) tələblərinə uyğun olduğu qənaətinə gəlmək üçün "ağlabatan mütənasiblik əlaqəsi" mövcud olmuş olmalıdır. Konvensiyanın 14-cü maddəsi ilə ayrı-seçkiliyə qoyulan qadağanın yalnız o halda mənası ola bilər ki, ərizəçinin fərdi situasiyası olduğu kimi qəbul edilsin. Məhkəmə qeyd edir ki, hərbi qulluqçuların icbari sığortası ilə bağlı təminat sistemi yaradıldıqda (bax 14-cü bənd) həmin sistemdən irəli gələn fərdi hüquqlar və maraqlar X12 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinin (Mülkiyyət hüququ) tətbiq dairəsinə düşür (Konvensiyanın AİHK 1 saylı Protokolunun 1-ci maddəsi və 14-cü maddəsi ilə birlikdə tətbiqinə dair bax Andreyeva Latviyaya qarşı [Böyük Palata] (Andrejeva v. Latvia [GC]), ərizə № 55707/00 xx.xx.2009-cu il tarixli qərar [Böyük Palata]). Odur ki, məhkəmə hesab edir ki, işin hallarına və iddiaçının fərdi situasiyasına uyğun olaraq cavabdeh orqan tərəfindən iddiaçıya onun oğluna münasibətdə tətbiq olunan fərqli yanaşma ilə bağlı "ağlabatan mütənasiblik əlaqəsi" mövcud deyil. X12 Məhkəməsi dəfələrlə qərarlarında qeyd etmişdir ki, istifadə olunmuş vasitələr və qarşıya qoyulmuş məqsəd arasında proporsionallığın olmaması, ərizəçinin məruz qaldığı fərqli davranışın obyektiv və ağlabatan əsaslarının olmaması ayrı-seçkilik hesab olunur (bax digərləri ilə yanaşı Fabris Fransaya qarşı [BP] - 16574/08 Qətnamə xx.xx.2013-cü il tarixli qərar [Böyük Palata]; X7rşı (Muñoz Díaz v. Spain), ərizə № 49151/07, xx.xx.2009-cu il tarixli qərar). Odur ki, iddiaçının fərdi situasiyası nəzərə alınmaqla başqa cür yanaşma AHİK-in 1 saylı Protokolun 1-ci maddəsi ilə birgə götürülmüş Konvensiyanın 14-cü maddəsinin pozuntusu hesab edilə bilər.

21. Həlak olmuş hərbi qulluqçunun vərəsəsinə ödənilməli sığorta məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən ifadə edilən hüquqi mövqe nəzərə alınmalıdır. Həmin qərarın nəticə hissəsinin müvafiq olaraq 2 və 3-cü bəndlərinə əsasən: Azərbaycan Respublikası Konstitusiyasının 12, 16 və 25-ci maddələrinin tələblərinə uyğun olaraq “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının xx xxx 1997-ci il tarixli Qanunu qüvvəyə minənədək həlak olmuş, itkin düşmüş, xəsarət almış, lakin hal-hazıra qədər sığorta məbləğini almamış hərbi qulluqçulara qanunvericilikdə nəzərdə tutulmuş sığorta məbləği ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 16-cı bəndinə əsasən bu məbləğin ödənilməsi qaydasının və şərtlərinin qısa müddətdə müəyyən edilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. Sığorta ödənişini almış və bu əsasla sığorta müqaviləsinə xitam verilmiş şəxslərə sığorta ödənişinin təkrarən verilməsi qanunvericiliyin tələbləri baxımından yolverilməzdir.

22. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

23. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətkərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.

24. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

25. Göstərilənlərə əsasən və X3 göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə R A R A A L D İ:

İddia təmin edilsin. X2 adının “1997-ci ilin avqustun 2-dək ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar itkin düşmüş əsgər (matros) və çavuşların siyahısı”na əlavə edilməsi öhdəliyi Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar