Məhkəmə qərarları › İş №2-1(112)-4389/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4389/2020

17.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4389/2020 17.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəriman İbrahim oğlu Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, cavabdeh Bakı şəhəri Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı X3 inzibatiməhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməklə “uşağın nəzarətə götürülməsi və səhhəti barədə ona məlumat verilməsi” tələbinə dair inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “uşağın nəzarətə götürülməsi və səhhəti barədə ona məlumat verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Cavabdeh üzərinə, Yasamal rayon İzmir küçəsi, ev 9, mənzil 14 ünvanında yaşayan oğlu X2 nəzarətə götürülməsi və hazırki səhhəti barədə ona məlumat verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan X3 ilə xx.xx.2016-cı ildə bağlanmış nikahdan xx.xx.2017-ci il tarixdə X5 doğulmuşdur. X3 ilə olan nikahına xx.xx.2018-ci il tarixdə Abşeron Rayon Məhkəməsində xitam verilmiş və uşağı X5 anasının himayəsinə verilmişdir.O, Günay Səfərova ilə rəsmi olaraq boşandıqdan sonra barışıb və xx.xx.2018-ci il tarixdədək birlikdə yaşayıblar. xx.xx.2018-ci il tarixdə Günay Səfərova ilə aralarında baş vermiş narazılıq səbəbindən, həmin vaxtdan Günay uşağı ilə birlikdə anası Gülxanım Rəhimovanın yaşadığı ünvanda yaşamaqda davam edir. Uşağı ilə görüşə Günay Səfərova və anası müxtəlif maneələr yaradır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə X3 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməklə, tərəflər və üçüncü şəxs işin halları, mübahisənin vəziyyəti və iddianın mümkünlüyü ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş iddiaçı və üçüncü şəxs məhkəmə iclasına gəlmədiklərindən və bu barədə məhkəməyə hər hansı məlumat vermədiklərindən məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X4 izahat verərək və iddiaya dair yazılı etiraz təqdim edərək göstərmişdir ki, araışdırma zamanı məlum olmuşdur ki, İddiaçı rayon İcra Hakimiyyətinə azyaşlı övladına qarşı valideynlik hüququnun həyata keçirilməsinə köməklik göstərilməsi barədə müraciət etmişdir. Həmin müraciətə cavab olaraq Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 61.3-cü maddəsinin tələbləri izah olunmuş və valideynlərin razılığa gələ bilmədiyi təqdirdə mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilməsi bildirilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Qanunun 5-ci maddəsinə görə dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Həmin Qanunun 8-ci maddəsinə əsasən isə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 50-ci maddəsinin tələbinə görə, uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. Valideyinlərin nikahının pozulması və ya etibarsız sayılması, valideyinlərin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir. Valideyinlər ayrı yaşadıqda uşaq onların hər biri ilə ünsiyyət hüququna malikdir. Həmin Məcəlləsinin 56.1 -ci maddəsinin tələbinə görə, valideyinlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, valideyinlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarının tərbiyə etməyə borcludurlar. Həmin Məcəllənin 61-ci maddəsinin tələbinə görə, uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideyinlə uşağın ünsiyyətinə mane olmamalıdır. Uşaqlardan ayrı yaşayan valideyinlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. Göründüyü kimi, uşaqlarından ayrı yaşayan valideynin uşaqları ilə ünsiyyətdə olmaq, onların tərbiyə və təhsilində iştirak etmək hüququ qanunla tanınır və qorunur. Uşaqları ilə birlikdə yaşayıb-yaşamamasından asılı olmayaraq, hər iki valideyn öz uşaqlarına münasibətdə eyni hüquqlara malikdirlər və eyni həcmdə vəzifə daşıyırlar. Uşaqlarına münasibətdə qanun valideynlərdən heç birinə üstünlük hüququ verməmişdir. Təsadüfi deyildir ki, validyenlərin öz valideynlik vəzifələrini yerinə yetirməməsi onların valideynlik hüququndan məhrum edilməsi ilə nəticələnə bilər. Hər bir valideyn uşağının mənəvi və fiziki inkişafı, təhsili və ictimai faydalı əməyə hazırlanması istiqamətində ona qayğı göstərməlidir. Valideyn uşağına cəmiyyətdə özünü idarəetmə qaydalarını izah etməli, uşaqla oynamalı, dərslərini hazırlamağa kömək etməli, onunla gəzməli, lazımi tibbi müayinələrdən keçirməli, maddi təminatında iştirak etməli və bu kimi etməli olduğu başqa hərəkətləri etməlidir. Uşaqla ünsiyyətdə olmadan isə göstərilənləri həyata keçirmək mümkün deyildir. Ona görə də kollegiya hesab edir ki, uşağından ayrı yaşayan valideynə sadəcə həftədə bir neçə saat nəzarət altında görüş verilməsi heç bir məna kəsb etmir və bu qaydada ünsiyyətin davam etməsi özü ilk növbədə uşağın dünya baxışına mənfi təsir göstərə bilər. Ayrılan valdieynlər maksimum dərəcədə münasibətlərini uşaqlarının mənafeyinə uyğun qurmalı, ziddiyyətli baxışlarını onlara ötürməməlidirlər. Uşaqların tam mənada sağlam böyüməsi ailədə aldıqları tərbiyyədən asılıdır. Odur ki, valideynlər uşaqlarını bir-birinə qarşı qoymamalı, əksinə digər valideynə hörmət bəsləmək ruhunda böyütməlidirlər. Eyni zamanda o da qeyd edilir ki, Ailə qanunvericiliyinə və uşaq hüquqları ilə bağlı beynəlxalq hüquq normalarına uyğun olaraq, uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyətdə olmaq, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Uşaqla birlikdə yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının) nümayəndəsinin iştirakı ilə onların yazılı rəyi və 10 yaşına çatmış uşağın fikri nəzərə alınmaqla məhkəmə tərəfindən həll edilir. Məhkəmə qərar qəbul edərkən həmçinin 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Həmçinin məhkəmə uşaqla ünsiyyətdə olma vaxtını müəyyən edərkən işin bütün hallarını, o cümlədən ailədə neçə uşağın olmasını, onların yaşını, bağçaya, yaxud məktəbə gedib-getməməsini, səhhətini, hansı valideynə daha çox bağlılığını, onun mənəvi, psixi və fiziki inkişafına təsir edən digər amilləri nəzərə alır. Tərəflərin qarşılıqlı münasibətləri, işin faktiki halları nəzərə alınmaqla məhkəmənin qətnaməsində uşaqla görüşün (ünsiyyətin) yeri, vaxtı, hansı şəraitdə keçirilməsi, eyni zamanda görüşdə iştirak edən şəxslərin dairəsi göstərilə bilər. Həmçinin iddiaçı öz iddia ərizəsində onu da qeyd etmişdir ki, uşaqla ünsiyyət barədə Yasamal Rayon məhkəməsinə müraciət etmiş və Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə uşaqla ünsiyyət barədə iddiası təmin olunmuş lakin məhkəmənin qətnaməsi qanuni qüvvəyə minməmişdir. İddiaçının buna dair qeydlərinə cavab olaraq bildirilir ki, hal-hazırda 2020-ci ilin noyabr ayıdı həmin qətnamənin qəbul olunmasından iki il müddət keçib və həmin qətnamə qanuni qüvvəsini almışdır. xx xxxx 2000-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 233.1 -ci maddəsinin tələbinə əsasən, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Həmçinin MPM-in 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Mülki Prosessual Məcəlləsinin 405.0.1 ci maddəsinə görə, kassasiya şikayəti, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində şikayət verilə bilərdi. Təbii ki, dövlət tərəfindən vətəndaşların hüquq və azadlıqlarının məhkəmə tərəfindən səmərəli qorunması, ədalətli məhkəmə araşdırması hüququnun məhkəmə sistemində daha geniş tətbiqinə xidmət edir. Cavabdehin nümayəndəsi qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməməsini xahiş etdi. İş materiallarında olan AZ-İV seriyalı 061219 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, xx.xx.2017-ci ildə Bakı şəhərində doğulmuş X2 atası kimi İddiaçı, anası kimi X3 qeyd olunmuşdur. İddiaçı hazırki tələblə Bakı şəhər Cavabdehnə müraciət etmiş, onun müraciətinə cavab olaraq xx.xx.2019-cu il tarixli məktubla bildirilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 61.3-cü maddəsinə müvafiq olaraq uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. Həmçinin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 5.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları vətəndaşların məhkəmə icraatı və ya inzibati icraat çərçivəsində etdikləri müraciətlərə şamil edilmir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 3.13.2-ci bəndində göstərilmişdir ki, yerl icra hakimiyyətinin başçısı Azərbaycan Respublikasının 2002-ci il 31 may tarixli 336-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə”yə uyğun olaraq, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə müvafiq olaraq şəhər, rayon və şəhər rayonu komissiyalarını yaradır, onların üzvlərinin sayını müəyyən edir, həmin komissiyaların fəaliyyətini təşkil edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; Həmin Qanunun 2.0.3. maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxs; Həmin Qanunun 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Həmin Qanunun 20.2-ci madəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Azərbaycan Respublikası İPM-nin 2.2.3-cü maddəsinə görə, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. İddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə hüquq və qanunla qorunan maraqlarının pozulduğunu bildirsin. Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə müvafiq olaraq bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi, inzibati icraat qaydasında baxılan istənilən iddia - inzibati icraat qaydalarına müvafıq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfındən qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafıq cavabdehlik daşıyan inzibati orqana qaışı qaldırılmalı, qanunla qorunan hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, məhkəmə icraatı mümkün sayılıb baxıla bilsin. Əks təqdirdə, məhkəmə tərəfındən iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Konkret halda isə hazırkı iddianın inzibati məhkəmə icraatının mümkünlüyü şərtləri öz təsdiqini tapmır. Belə ki, iddiaçının iddia ərizəsində cavabdeh inzibati orqanın üzərinə qoyulmasını xahiş etdiyi öhdəlik, həmin inzibati orqanın fəaliyyətiini tənzimləyən Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamə ilə sonuncunun fəaliyyət dairəsinə aid edilməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən, hazırki iddia mümkün sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80, 81 və 83-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı X3 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməklə “uşağın nəzarətə götürülməsi və səhhəti barədə ona məlumat verilməsi” tələbinə iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar