Məhkəmə qərarları › İş №2-1(112)-4389/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4389/2022

29.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4389/2022 29.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı2 (ünvan 1 ünvanda yaşayan) iştirakı ilə, İddiaçılar İddiaçı2, İddiaçı1 cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə qarşı pasport qeydiyyatına alınma tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2, İddiaçı1 cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı2, İddiaçı1 ünvan 1 ünvanına qeydiyyata alınması barədə lazım olan hərəkətlərin icra edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçılar bildirirlər ki, onlar beş ilə yaxındır ki, Sabunçu rayonu, Zabrat-2 qəsəbəsi, Tramvay küçəsi, ev 2 ünvanında yaşayırlar. Bu vaxta qədər onlar Sabunçu Rayon Polis İdarəsinin ünvanında qeydiyyatda olmuş, sonradan polis idarəsi onları qeydiyyatdan çıxardığına görə hazırda yaşadıqları ünvanda qeydiyyatsız yaşayırlar. İddaçı qeyd edir ki, o, İddiaçı2 hazırda yaşadığı ünvanda qeydiyyata alınma ilə bağlı Daxili İşlər Nazirliyi Bakı Şəhəri Sabunçu Rayon Polis İdarəsinə ərizə ilə müraciət etmiş, lakin cavabdeh tərəfindən yaşadıqları ünvana qeydiyyata alınmaqları üçün yaşayış sahəsinə köçməyə əsas verən sənədlərin (orderin, mülkiyyət hüququnun qeydiyyat vəsiqəsinin və ya Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan başqa sənədlər) RPİ-nin QMB-nə təqdim olunmadığından iddiaçıların göstərilən ünvana qeydiyyata alınmaqları imkan xaricindədir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçılardan İddiaçı2 iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Tərəflərə şifahi məhkəmə baxış iclasının vaxtı və yeri barədə məhkəmə bildirişləri göndərilsə də, İddiaçı1 və cavabdeh məhkəməyə gəlməmişlər. Cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsi məhkəməyə məktub ünvanlayaraq məhkəmə iclasının onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında İddiaçı1 və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı2 izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işdə olan cavabdeh tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 073-41578 Ə- 3221 saylı məktubdan görünür ki, iddiaçıların müraciətinə baxılmış və bildirilmişdir ki, Azərbaycan Respublikası Qanunvericiliyinə əsasən İddiaçı2, İddiaçı1 qeydiyyatsız yaşadıqları ünvanına qeydiyyata alınmaları üçün müvafiq sənədlərlə birlikdə RPİ-nin QMB-nə müraciət etməlidir. Qanunda qeyd olunan sənədlərin təqdim edilməməsi əsası ilə məhkəməyə müraciət etmək hüququnun olması iddiaçılar izah edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx xxxx 1973cü il təvəllüdlüdür. - AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx xxxxxx 1996-cı il təvəllüdlüdür. - 16 oktyabr 2017-ci il tarixli ASAN4-6463 saylı qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilədən görünür ki, ”Azəriqaz” İstehsalat Birliyi ilə İddiaçı2 arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır. - Azərbaycan Respublikası “Bakı Torpaq” Layihə Smeta Bürosunun Memarlıq və Planlaşdırma Bölməsi tərəfindən ünvan 1 ünvanında yerləşən evin layihəsi tərtib edilərək təsdiq edilmişdir. İddiaçılarnın qeyd edilən mənzilə pasport qeydiyyatına alınması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin tələblərinə görə əsas olmadığından, məhkəmə iddianın təmin edilməməsi nəticəsinə gəlir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev,mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanununun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Maddələrin tələblərindən göründüyü kimi, qeydiyyat yaşayış yeri və ya olduğu yer üzrə aparıldığından, şəxsin yaşayış yeri isə onun daimi və ya daha çox yaşadığı ev, mənzil sayıldığından, həmin ev və ya mənzil üzrə qeydiyyat rəsmi qəbul edilmiş ünvan üzrə aparılmalıdır. Yəni, bu normaların və yuxarıda göstərilmiş normaların əlaqəli təhlili onu deməyə əsas verir ki, cavabdeh dövlət orqanı yalnız yuxarıda göstərilmiş Qaydalara əsasən ünvan reyestrinə daxil edilən ünvan üzrə bu və ya digər şəxsi yaşayış yeri və ya olduğu yer üzrə qeydiyyata almalıdır. Məhkəmə qeyd edir ki, qeydiyyatın həyata keçirilməsi və şəxsiyyət vəsiqəsinin verilməsi üçün yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi tələb olunur. Məhkəmə qeyd edir ki, qeydiyyata alınmaq üçün qanunvericiliklə tələb olunan hüquq müəyyənedici sənədlər nə cavabdeh inzibati orqana, nə də məhkəməyə təqdim olunmadığından, bu əsasla cavabdeh inzibati orqan düzgün olaraq iddiaçının müraciətini təmin etməmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə İddiaçılar cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək, məhkəmə hesab edir ki, İddiaçılarnın qeyd edilən mənzilə pasport qeydiyyatına alınması üçün qanunvericiliklə tələb olunan əsaslar olmadığından, iddia təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan tərəflərə təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) tərəflər apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar