Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4390/2021 09.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X3 Ağa qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı 3-cü şəxs "xxxx" (Azərbaycan) ASC iş cəlb edilməklə borc məbləğinin restrukturizasiya edilmləsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı 3-cü şəxs "xxxx" (Azərbaycan) ASC iş cəlb edilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 27 mart 2014-cü il tarixli, 123031-CNS-3505 nömrəli “Avtomobil kredit müqaviləsi”nə əsasən onun "xxxx" (Azərbaycan) ASC-yə borclu qaldığı 9841.45 (doqquz min səkkiz yüz qırx bir) ABŞ dolları məbləğində kredit borcunun ynidən hesablanması (restrukturizasiya edilməsi) öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" (Azərbaycan) ASC ilə aralarında bağlanmış 27 mart 2014-cü il tarixli, 123031-CNS-3505 nömrəli “avtomobil kredit müqaviləsi” üzrə cavabdeh illik 16 % faiz dərəcəsi ilə 3 il (36 ay) müddətinə ona 13201 (on üç min iki yüz bir) ABŞ dolları məbləğində kredit ayırmışdır. Kredit borcunun təminatı kimi tərəflər arasında eyni tarixdə (27.03.2014-cü il) ipoteka müqaviləsi bağlanmış, ona məxsus “KİA Cerato” markalı **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobil bankın xeyrinə girov qoyulmuşdur. 30 iyul 2015-ci il tarixdə tərəflər arasında 123031-CNS-3505 nömrəli “avtomobil kredit müqaviləsi”nə dəyişiklik edilməsi barədə 01 saylı Əlavə imzalanmışdır. Həmin Əlavənin şərtlərinə görə o, 30 iyul 2015-ci il tarixdə mövcud olan borcun kapitallaşdırılaraq 11130.00 (on bir min bir yüz otuz) ABŞ dolları məbləğdə müəyyən edilmişdir. Yeni razılaşmanın şərtlərinə görə 11 130 ABŞ dolları məbləğində müəyyən edilmiş kredit borcunu 19 ay 27 gün müddətində qaytaracağı barədə üzərinə öhdəlik götürmüşdür. Bununla da, "xxxx" (Azərbaycan) ASC onun savadsızlığından istifadə edərək, onun üçün əlverişsiz şərtlərlə yeni müqavilə bağlamışdır. Cavabdehin müqaviləyə dəyişiklik etməsi onunla izah olunur ki, həmin ərəfələrdə, yəni 2015-ci ilin əvvəllərində manat dəyərdən düşərək ABŞ dollarına münasibətdə kəskin devalvasiya olmuşdur. Müqavilə şərtlərini öz xeyrinə dəyişdirdikdən sonra, 3-cü şəxs dərhal ona qarşı məhəkmədə iddia qaldırıb borcun qaytarılmasını və onun ipoteka predmetinə (avtomobilə) yönəldilməsini tələb etmişdir. Sabunçu Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 13 avqust 2015-ci il tarixli, 2(008)-5847/2015 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, ümumi məbləğ olaraq 10 681 ((on min altı yüz səksən bir) ABŞ dolları məbləğində pulun cavabdeh İddiaçı tutulması və tutmanın ipoteka predmeti olan “KİA CERATO” markalı **- ET-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmənin qərarından sonra "xxxx" (Azərbaycan) ASC-yə olan borcun bir hissəsi ödənilmişdir. Lakin, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirləri nəticəsində 2015-ci ilin fevral ayında və sonrakı tarixlərdə manat kəskin devalvasiyaya uğramış, borcun qalan hissəsini ABŞ dolları ilə ödəyə bilməmişdir. Manatın devalvasiyası əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da, nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların banklar sistemi qarşısında vaxtı keçmiş kredit öhdəliklərinin yerini yetirməsi ilə bağlı ciddi problemlər yaranmışdır. Bu problemlərin aradan qaldırılması üçün Azərbaycan Respublikası Prezidenti tərəfindən 28 fevral 2019-cu il tarixli Fərman imzalanmışdır. Həmin fərman qəbul edilən zaman onun işi icra mərhələsində olmuşdur və borc qalığının məbləği 10 000 ABŞ dollarından aşağı məbləğdə olmuşdur. Lakin, göstərilən Fərmanın 8.10-cu bəndinin tələblərinə əsasən kredit borcu üzrə iş icra mərhələsində olsa belə, "xxxx" (Azərbaycan) ASC ABŞ dolları ilə verilən həmin borcun restrukturizasiyası barədə müvafiq tədbirlər görməmiş, ABŞ dolları ilə hesablanan borcu restrukturizasiya etməmiş və həmin borcu bütöv məbləğdə ondan tələb etməyi davam edir. Belə ehtimal olunur ki, cavabdeh fiziki şəxslərin kredit borclarının restrukturizasiyası üçün dövlət büdcəsindən ayrılan pul vəsaitləri təyinatı üzrə istifadə edilməmişdir. "xxxx" (Azərbaycan) ASC-nin qanunsuz hərəkətlərindən o, Azəzrbaycan Respublikası Mərkəzi Bankın rəhbərliyinə şikayət etmişdir. Borcun restrukturizasiya olması üçün tədbir görməyini xahiş etmişdir. Lakin, cavabdeh Mərkəzi Bank bundan imtina etmiş və 20 noyabr 2020-ci il tarixli, 26-17231-2020 saylı cavab məkttubunda bildirmişdir ki, həmin Fərmanla 01 mart 2019-cu il tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 ABŞ dollarınadək, milli vayutada isə 17 000 manatdan artıq olduğu borcun restrukturizasiya hissəsində Fərmanın əhatə dairəsinə düşməmişdir. Qeyd edir ki, bu tamamilə yanlış məlumatdır. Belə ki, 01 mart 2019-cu il tarixinə qədər onun borcunun qalıq hissəsi 9 841.46 ABŞ dolları təşkil etmişdir. Bu faktı cavabdeh Bankın ona göndərdiyi 02.10.2020-ci il tarixli, 4399 nömrəli məktubunda özü təsdiq etmişdir. Tərəfindən Banka sonuncu ödəniş 25 noyabr 2015-ci ildə həyata keçirilmişdir. Deməli, 01 mart 2019-cu il tarixə qədər 360 gündən artıq gecikdirilmişdir. Bu səbəbdən, Fərmanın müddəaları onun borcuna da, şamil edilməlidir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı münasibət məhkəməyə təqdim edilərək, bildirilmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlıl əlavə tədbirlər haqqında” ölkə başçısının 28.02.2019-cu il tarixli, 551 nömrəli Fərmanının (Fərman) icrası Mərkəzi Bankın 01.03.2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MRK) məlumat bazasına əsasən, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirilir. Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən İddiaçı adı Fərman çərçivəsində kredit borcu restrukturizasiya ediləcək şəxslər siyahısına düşməmişdir. Belə ki, Fərmanın qüvvəyə mindiyi günə - 01.03.2019-cu il tarixinə İddiaçı "xxxx" (Azərbaycan) ASC ilə 30.07.2015-ci il tarixində bağladığı kredit müqaviləsi üzrə 10.776.72 ABŞ dolları (18.320.42 manat) əsas kredit borcu ödənilməmiş qalmışdır. Qeyd edilənlərlə bağlı bildirilmişdir ki, Fərmana əsasən 01.03.2019-cu il tarixinə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollarınadək (və ya eyni ekvivalentdə digər xarici valyutada), milli valyutada isə 17.000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş əsas kredit borclarının restrukturizasiya olunması nəzərdə tutulmuşdur. Fərmanın 8.3-cü bəndinə görə bu Fərmanın 5-ci və 7-ci hissələrində fiziki şəxslərin kredit borcları dedikdə onların 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələrinə əsasən bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi başa düşülür. Göründüyü kimi, İddiaçı 01.03.2019-cu il tarixinə bütün banklara əsas kredit borclarının ümumi qalıq məbləği 17.000 manatdan (10.000 ABŞ dollarından) artıq olduğu üçün onun adı bu hissədə Fərmanın təsiri dairəsinə daxil edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili iddia tələbinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə yazılı münasibətə uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan sənədlərə əsasən müəyyən edilir ki: -"xxxx" (Azərbaycan) ASC ilə İddiaçı arasında 123031-CNS-3505 nömrəli, 27.03.2014-cü il tarixli “avtomobil kredit müqaviləsi”-nə əsasən "xxxx" (Azərbaycan) ASC illik 16 % dərəcəsi ilə 3 il (36 ay) müddətinə İddiaçı 13201 (on üç min iki yüz bir) ABŞ dolları məbləğində kredit ayırmışdır. -Sözügedən kredit borcunun təminatı kimi tərəflər arasında eyni tarixdə 123031- 16-5443 nömrəli “ipoteka müqaviləsi (avtomobil)” bağlanmış, ona məxsus “Kia Cerato” markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakın xeyrinə girov qoyulmuşdur. -30.07.2015-ci il tarixdə 123031-CNS-3505 nömrəli “kredit müqaviləsi”nə və 123031-16-15453 saylı ipoteka müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə 01 saylı , 30.07.2015-ci il tarixli Razılaşma imzalanmışdır. Sözügedən razılaşmalarda “Kredit müqaviləsi”nə və ondan gələn və onun tərkib hissəsi hesab olunan razılaşmalara əsasən, “İpoteka qoyan” “Bank” tərəfindən verilmiş 11130 (on bir min yüz otuz) ABŞ dolları məbləğdə krediti 19 (on doqquz) ay 27 (iyirmi yeddi) gün müddətinə qaytarmağı və həmin kreditə illik 16 % (on altı faiz) ödəməyi öhdəsinə götürmüşdür. -Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(006)-5347/2015 saylı, 03 may 2018-ci il tarixli icra vərəqəsinə əsasən İddiaçı Mərkəzi Bakın müəyyən etdiyi rəsmi məzənnə üzrə manat hesab ilə 10.570 ABŞ dolları 4 sent məbləğində əsas borc, 110 ABŞ dolları 96 sent məbləğində faiz borcu, cəmi 10.681 ABŞ dolları məbləğində borc ödəniş günü üçün və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu İddiaçı "xxxx" (Azərbaycan) ASC-nin xeyrinə tutulmuş, tələb üzrə tutma İddiaçı məxsus olan “KİA Cerato” minik markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilmiş, həmin avtomobilin açıq hərracda satılması, satışdan əldə ediləcək vəsait hesabına "xxxx" (Azərbaycan) ASC-yə olan borcun ödənilməsi, borc məbləği ödənildikdən sonra qalan məbləğin İddiaçı qaytarılması qərara alınmışdır. Məhkəmənin 2-1(112)-4390/2021 saylı, 03 iyun 2021-ci il tarixli qərardadına əsasən "xxxx" (Azərbaycan) ASC–dən, "xxxx" (Azərbaycan) ASC ilə İddiaçı arasında bağlanmış 27.03.2014-cü il tarixli, 123031—CNS-3505 nömrəli “Avtomobil kredit müqaviləsi” üzrə 01.03.2019-cü il tarixinə ödənilməmiş əsas kredit borcunun qalıq məbləği və borcun gecikdirilmiş günlərinin sayı ilə bağlı məlumatın məhkəməyə təqdim edilməsi tələb edilmiş, sözügedən qərardadın icrası ilə bağlı "xxxx" (Azərbaycan) ASC tərəfindən 01.07.2021-ci il tarixli, 2651 nömrəli məktub təqdim edilərək bildirilmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13.08.2015-ci il tarixli, 2(008)-5847 saylı qətnaməsi ilə Bankın iddiası təmin edilmişdir. Sonradan, Sabunçu rayon İcra və Probasiya Şöbəsinin sifarişi əsasında "xxxx" MMC tərəfindən hərrac təşkil edilib keçirilmişdir. Hərracın yekunlarına dair 30/01 saylı, 21.10.2020-ci il tarixli protokoluna əsasən avtomobil, borc üzrə tələbkar tərəfindən əldə edilmişdir. Məktuba qoşma şəklində maliyyə arayışı təqdim edilmiş, həmin maliyyə arayışına əsasən 30.07.2015-ci il tarixli “Avtomobil krediti müqaviləsi” üzrə əsas borc mələği 10776.72 USD, 01.03.2019-cu il tarixinə borcun gecikdirilmiş günlərinin sayı 1141 gün, borcun məbləği 11980.43 USD təşkil etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, məhkəmə araşdırması zamanı iddiaçının 01.03.2019-cu il tarixinə qalıq borc məbləğinin 11980.43 USD olmaqla, 17.000 manatdan (10.000 ABŞ dollarından) artıq olduğu müəyyən edildiyindən, sözügedən Fərmana əsasən isə 01.03.2019-cu il tarixinə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollarınadək (və ya eyni ekvivalentdə digər xarici valyutada), milli valyutada isə 17.000 manatdək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunması nəzərdə tutulduğundan, onun adı bu hissədə Fərmanın təsiri dairəsinə düşmədiyindən, iddia tələbi əsassız hesab edilməklə, təmin edilməməlidir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının 1-ci bəndində qeyd edilmişdir ki, aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin: 1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi. Həmin Fərmanın 2-ci bəndində qeyd edilmişdir “Bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilsin, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilsin.” Həmin Fərmanın 5-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilsin ki: 5.1. bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etsin; 5.2. bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini təmin etsin; 5.3. bu Fərmandan irəli gələn digər tədbirlərin həyata keçirilməsini təmin etsin. Məhkəmə yuxarıda sadalanan qanunvericilik aktlarının müddəalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 nömrəli Fərmanın müddəalarına uyğun olaraq üzərinə düşən öhdəliklərin yerinə yetirilməsi ilə əlaqadar aparılmış inzibati icraat zamanı işin faktiki və hüquqi hallarının düzgün tətbiq edilməməsi halı müəyyən edilmədiyindən, bununla da, iddiaçının hazırki tələbi əsassız olduğundan iddia təmin edilməməlidir. Əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olan və Konstitusiyada təsbit edilmiş digər hüquqların təminatı kimi çıxış edən hüquq və azadlıqların inzibati və məhkəmə təminatı Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68-69, 73, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-4390/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4390/2021
09.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver