Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4390/2022 15.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı nümayəndəsi nümayəndəsi (atası) X2, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X12 üzrə Baş İdarəsinin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X12 üzrə Baş İdarəsinə qarşı “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğvi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı X1 Vergi Xidmətinə qarşı ünvan 1 evin 15 a saylı ünvan üzrə bağlanmış icarə müqaviləsinə əsasən 2021-ci ilin yanvar ayından hesablanmış vergi borcunun ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, üçüncü şəxslə 20 iyul 2020-ci il tarixdə icarə müqaviləsi bağlamış və ünvan 2 evin 15 a saylı ünvanda yerləşən iaşə obyektinin icarəyə götürüb. COVİD-19 pandemiya ilə əlaqədar iaşə obyektinin fəaliyyəti baş tutmamış və sonda 2020-ci il sentyabr ayından iş dayanmış, yalnız onlayın sistemi ilə xidmət aparılmışdır. 2020-ci ilin dekabrın sonunda iaşə obyektin mülkiyyətçisiyə təhvil verməyimə baxmayaraq cavabdeh tərəfindən icarə müqaviləsi üzrə vergilər yazılmış, dəfələrlə bu barədə məlumat versəm də nəzərə alınmamış, 20.10.2020-ci il tarixli məktubla cavabdehdən xahişimlə bağlı imtina alıb. 20 iyul 2020-ci il tarixli müqavilənin artıq tərəflərin razılığı əsasında pozulması, məlum iaşə obyektilə bağlı artıq 04 fevral 2021-ci il tarixdə yeni müqavilə bağlanması üçün sahibkar olaraq 17 may 2021-ci il tarixdə rəsmi qaydada fəaliyyətini dayandırmağı kimi rəsmi sənədləri cavabdehə təqdim etsə də, 01 yanvar 2021-ci il tarixdə ona vergi borcu hesablanır. Sonuncu dəfə 04 noyabr 2021-ci il tarixdə yuxarıda göstərilən sənədləri təqdim etməklə münasibətlərin tənzimlənməsini xahiş etmiş, lakin nəticə əldə etməyib.
3. İddiaçının ərizəsi əsasənda məhkəmənin 18.12.2021-ci il tarixli qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X12 üzrə Baş İdarəsi ilə əvəz edilmişdir.
4. Cavadeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçı tərəfindən yuxarıda qeyd edilən dövr üzrə Qərarın ləğv edilməsi ilə bağlı iddianın qaldırılması üçün qanunvericilikdə müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Belə ki, aparılmış araşdırma nəticəsində 2021-ci ilin 1-ci rübü üzrə vergi ödəyicisi tərəfindən icarəyə götürülmüş iki təsərrüfat subyekti üzrə fiziki şəxslərlə bağlanmış icarə müqaviləsinə əsasən rüblük icarə məbləğinin 30006 manat, 2021-ci ilin 2-ci rübü üzrə 15669,80 manat olması müəyyən edilməsinə baxmayaraq vergi orqanına müvafiq dövrlər üzrə təqdim edilmiş sadələşdirilmiş vergi bəyannaməsinin ödəmə mənbəyində tutulan verginin hesablanması bölməsində icarə məbləğinin göstərilməməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlərlə əlaqədar vergi ödəyicisinə "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında" 23.04.2021-ci il tarixli **********442900 nömrəli və 08.09.2021-ci il tarixli **********327000 nömrəli məktublar göndərilmiş, müvafiq təsdiqedici sənədlərin, ətraflı izahat məktubunun və 2021-ci il 1-ci və 2-ci rüblər üzrə dəqiqləşdirilmiş sadələşdirilmiş vergi bəyannamələrinin vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. Müəyyən edilmiş kənarlaşma barədə vergi ödəyicisi tərəfindən əsaslı təsdiqedici sənədlər və dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyindən, 2021-ci il 1-ci rüb üzrə pandemiya ilə əlaqədar müvafiq fəaliyyət sahəsinin fəliyyətinin məhdudulaşdırılması nəzərə alınaraq rübün bir ayı üzrə icarə məbləği qeyd edilməklə 2800,28 manat (20002*14%), 2021 -ci il 2-ci rüb üçün 2197,77 manat (15669,80*14%) əlavə vergi məbləği hesablanmışdır. Aparılmış hesablamalarla bağlı vergi ödəyicisinə 04.06.2021-ci il tarixli **********919200 nömrəli və 04.10.2021-ci il tarixli **********730900 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərarlar göndərilmişdir. İddiaçı 04.09.2018-ci il tarixində qeydiyyatda olduğu vergi orqanına ərizə ilə müraciət edərək “Sənədlərin elektron formada mübadiləsinə dair müqavilə” bağlamışdır. Qeyd edilən müqavilə Azərbaycan Respublikası Vergi Məcəlləsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27.07.2007-ci il tarixli 120 saylı Qərarı ilə təsdiq edilmiş “Vergi hesabatının elektron sənəd formasında göndərilməsi Qaydası”na uyğun olaraq tərtib edilmişdir. Sözügedən müqavilənin tələblərinə əsasən 04.06.2021-ci il tarixli **********919200 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərar 07.06.2021-ci il tarixində saat 17:48:54-də iddiaçının elektron qutusuna göndərilmiş və onun tərəfindən 07.09.2021-ci il tarixində saat 10:29:15-də oxunmuş, 04.10.2021-ci il tarixli **********730900 nömrəli Qərar isə 05.10.2021-ci il tarixində saat 17:35:21-də iddiaçının elektron qutusuna göndərilmiş və onun tərəfindən 13.10.2021-ci il tarixində saat 15:26:25-də oxunmuşdur. Vergi Məcəlləsinin 70.2-1-ci maddəsinə əsasən sənədlər (onların surətləri) vergi orqanı tərəfindən poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə - poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 iş günü keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Vergi Məcəlləsinin 70.2-1-ci maddəsinə əsasən sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: (70.2-1.1.) vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) şəxsən verildikdə şəxsən verildiyi gün; (70.2-1.2.) poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə - poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra; (70.2-1.3.) elektron üsulla elektron kabinetinə göndərildikdə - elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra. (70.2-2.) Sənədlər (onların surətləri) bu Məcəllənin 70.2-1.1-ci maddəsinə əsasən şəxsən verildikdə, vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. Həmin Məcəllənin 70.3-cü maddəsinə əssasən vergi hesablamalarına dair sənədlərin və ya vergi qanunvericiliyinə əsasən tərtib edilən digər sənədlər öz məzmununa və mahiyyətinə görə vergi qanunvericiliyinə uyğun gəlirsə və vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə, həmin sənədlər etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz: Yuxarıda sadalanan hallar iddiaçı tərəfindən iddianın qaldırılması üçün qanunvericilikdə müəyyən edilmiş prosessual müddətin ötürülməsi faktını təsdiqləyir.
5. Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə 04.06.2021-ci il tarixli №**********919200 qərara əsasən vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində 2800,28 manat vergi məbləği müəyyən edilmiş və həmin məbləğdə əlavə vergi hesablanmışdır. Qərar onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi təqdim etdiyi “Sadələşdirilmiş verginin bəyannaməsi”nin “Daşınan və daşınmaz əmlak üçün ödənilən icarə haqqı üzrə ödəmə mənbəyində tutulan verginin hesablanması haqqında məlumat” Bölməsinin 821.1 2-ci sətrinin (Daşınan və daşınmaz əmlak üçün ödənilən icarə haqqı fiziki şəxslər üzrə) və ya “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”nin 1607.1.2-ci sətrinin (Daşınan və daşınmaz əmlak üçün ödənilən icarə haqqı fiziki şəxslər üzrə) Bİ (Gəlirin məbləği) sütunlarında göstərilmiş 0 manat məbləğ, tərəfinizdən icarəyə götürülmüş təsərrüfat subyekti (obyekti) üzrə bağlanmış icarə müqaviləsinə əsasən hesabat dövrü üzrə müəyyən edilən icarə haqqı məbləğindən 30006,00 manat azdır
6. Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə 04.10.2021-ci il tarixli №**********730900 qərara əsasən vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində 2193,77 manat vergi məbləği müəyyən edilmiş və həmin məbləğdə əlavə vergi hesablanmışdır. Qərar onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi təqdim etdiyi "Sadələşdirilmiş verginin bəyannaməsi”nin “Daşınan və daşınmaz əmlak üçün ödənilən icarə haqqı üzrə ödəmə mənbəyində tutulan verginin hesablanması haqqında məlumat” Bölməsinin 821.1 2-ci sətrinin (Daşınan və daşınmaz əmlak üçün ödənilən icarə haqqı fiziki şəxslər üzrə) və ya "Ödəmə mənbəyində tutulan vergi bəyannaməsf'nin 1607.1.2-ci sətrinin (Daşınan və daşınmaz əmlak üçün ödənilən icarə haqqı fiziki şəxslər üzrə) B1 (Gəlirin məbləği) sütunlarında göstərilmiş 0 manat məbləğ, tərəfinizdən icarəyə götürülmüş təsərrüfat subyekti (obyekti) üzrə bağlanmış icarə müqaviləsinə əsasən hesabat dövrü üzrə müəyyən edilən icarə haqqı məbləğindən 15669,80 manat azdır.
7. İddiaçı qeyd edilən qərarların ona təqdim edilmədiyini bildirir. Həmin qərarlardan məhkəmə araşdırması zamanı məlumatlı olmuş, bununla əlaqədar iddiaçının ərizəsi əsasında məhkəmənin 15.04.2022-ci il tarixli qərardadı ilə iddia tələbinin Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə 04.06.2021-ci il tarixli №**********919200 qərarın və Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə 04.10.2021-ci il tarixli №**********730900 qərarın ləğvi kimi dəyişdirilməsi qəbul edilmişdir.
8. Məhkəmənın hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, iki icarə obyekti üzrə vergi hesablansa da, ötən dövrdə həmin obyektlərdən istifadə etməyib və icarə haqları ödənməyib. İcarə obyektlərindən olan ünvan 3 ünvanında yerləşən qeyriyaşayış sahəsi 04.02.2021-ci il tarixli icarə müqaviləsi əsasında mülkiyyətçi tərəfindən başqa şəxsə icarəyə verilmişdir. ünvan 4 yerləşən qeyri-yaşayış sahəsinə münasibətdə də icarə haqqı ödənməmiş, həmin obyekt mülkiyyətçi tərəfindən istifadə olunur.
9. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən cavabdehin nümayəndəsi bildirdi ki, mübahisələndirilən qərarlar 2021-ci ilin birinci və ikinci rübünün 17 may tarixinə qədər olan dövrə aiddir. Pandemiya ilə əlaqədar 2021-ci ilin yanvar ayı üçün vergi hesablanmayıb, vergi ödəyicisi 17 may tarixində hər iki obyekti vergi uçotundan çıxarıb, ona görə də vergilər həmin tarixə qədər, yəni 2021-ci ilin fevral-mart ayları üçün hər iki icarə obyekti üzrə icarə haqlarından hesablanmalı olan ödəmə mənbəyində vergi 04.06.2021-ci il tarixli qərarla hesablanıb. Belə ki, həmin qərarla iki icarə obyekti üzrə icarə müqaviləsində göstərilmiş icarə haqlarından (9302+700) 14% ödəmə mənbəyində 2800,28 manat (10002 (iki obyekt üçün icarə haqqı) x14% (ödəmə mənbəyində vergi) x 2ay (fevral-mart ayları)) vergi hesablanmışdır. Mübahisələndirilən 04.10.2021-ci il tarixli qərarla iki icarə obyekti üzrə icarə haqlarından (9302+700) 14% ödəmə mənbəyində 2193,77 manat (10002 (iki obyekt üçün icarə haqqı) x14% (ödəmə mənbəyində vergi) x 1 ay 17 gün (aprel-17 maya qədər olan dövr)) vergi hesablanmışdır.
İİ. İddianın növü və mümkünlüyü
10. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
11. Məhkəmə ilk növbədə qeyd edir ki, mübahisələndirilən qərarlar inzibati aktdır.
12. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).
13. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən:
13. İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. 14.1. İnzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər. 14.2. İnzibati orqanın daxili fəaliyyətinin həyata keçirilməsi nəticəsində qəbul edilmiş və xaricə münasibətdə hər hansı təsir gücünə malik olmayan idarədaxili aktlar inzibati akt hesab edilmədiyindən onların mübahisələndirilməsinə dair iddialar mümkün sayılmamalıdır.
14. Mübahisələndirilən akt iddiaçıya münasibətdə hüquqi nəticə yaradır, iddiaçı həmin aktın qəbul edilməsi əsaslarını mübahisələndirir. Məhkəmə bununla bağlı iddiaçının dəlillərini qəbul edir.
15. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır.
16. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.
17. Vergi Məcəlləsinin 49.4-cü maddəsinə əsasən, vergi orqanının qərarının surəti və tələbnamə vergi ödəyicisinə və ya onun nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. Vergi ödəyicisi və ya onun nümayəndəsinin bilərəkdən hərəkətləri nəticəsində vergi orqanının qərarının surəti və (və ya) tələbnaməsi ona təqdim oluna bilinmirsə, bu sənədlər (sənəd) onların (onun) sifarişli məktubla alınması günündən təqdim edilmiş hesab edilir.
18. Məhkəmə qeyd edir ki, mübahisələndirilən qərarların iddiaçıya sifarişli məktubla çatdırılması müəyyən edilmir. Odur ki, məhkəmə iddiaçı tərəfindən prosessual müddətlərin ötürüldüyü qənaətinə gəlmir.
19. Vergi orqanının mübahisələndirilən qərarları vergi ödəyicisinin eyni sahibkarlıq obyektləri üzrə fəaliyyətindən ödənilməli olan vergilərlə bağlıdır, mübahisələndirilən qərarlar eyni əsaslara söykənməklə fərqli dövrlərə (2021-ci ilin birinci və ikinci rübünün bir hissəsi) aiddir. Odur ki, hər iki mübahisələndirilən qərarlar bir-biri ilə əlaqədardır, bir cavabdehə yönəlib və eyni məhkəməyə aiddir, odur ki, həmin tələblər bir iddiada birləşdirilə bilər.
20. İPM-in 37-ci maaddəsinə əsasən, bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər.
21. İddia mümkündür.
İİİ. Məhkəmə tərəfindən tədqiq edilmiş hallar və mübahisənin yaranma əsası
22. X4 (icarəyə verən) və İddiaçı (icarəçi) arasında bağlanmış 20.07.2020-ci il tarixli icarə müqaviləsinə əsasən, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi vergi daxil olmaqla 9302 manata icrarəyə verilmiş, müqavilənin müddəti 01.07.2021-ci il tarixədək müəyyən edilmişdir.
23. X4 (icarəyə verən) və "xxxx" MMC (icarəçi) arasında bağlanmış 04.02.2021-ci il tarixli icarə müqaviləsinə əsasən, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi ödəmə mənbəyində tutulan vergilər nəzərə alınmamaq şərtilə 8000 manata icrarəyə verilmişdir.
24. X3 (əqd onun adından X5 tərəfindən imzalanmışdır) (icarəyə verən) və İddiaçı (icarəçi) arasında bağlanmış 31.08.2019-cu il tarixli icarə müqaviləsinə əsasən, ünvan 4 (yeni qaydalarla ünvan 5 yerləşən qeyri-yaşayış sahəsi 700 manata icrarəyə verilmiş, müqavilənin müddəti 31.08.2024-cü il tarixədək müəyyən edilmişdir.
25. Məhkəmə iclasında şahid qismində ifadə verən X5 bildirdi ki, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair icarə müqaviləsini o imzalayıb və icarə obyektini o icarəyə verib, X3 onun arvadıdır, icarə müqaviləsi bağlanmış olsa da, hər hansı məbləğdə icarə haqqı ödənilməmiş, icarə obyekti hazırda öz şəxsi məqsədləri üçün istifadə olunur.
İV. Məhkəmənin mövqeyi
26. Mübahisələndirilən qərarlar iddiaçı tərəfindən icarəyə götürülmüş iki icarə obyektləri üzrə 2021-ci ilin fevral-17 may tarixləri arası dövr üzrə icarə haqqından ödəmə mənbəyində vergilərin ödənməsi ilə bağlıdır.
27. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, mübahisələndirilən icarə obyektləri üzrə qeyd edilən dövrlər üzrə faktiki olaraq icarə haqları ödənməmişdir. Belə ki, icarə obyektlərinin birinə münasibətdə (ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi) 2021-ci ilin fevral ayından etibarən digər icarəçi ilə ("xxxx" MMC) icarə müqaviləsi bağlanmış, digər, ünvan 4 (yeni qaydalarla ünvan 5 ünvanında yerləşən icarə obyektinə münasibətdə isə icarə haqqı ödənməməsi halı öz təsdiqini tapmışdır. Qeyd edilən halı icarə obyektini faktiki olaraq icarəyə verən şəxs məhkəmə iclasında təsdiq etmişdir.
28. Vergi Məcəlləsindən: 124.1. Daşınan və daşınmaz əmlak üçün icarə haqqından, həmçinin rezidentin və ya qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinin ödədiyi və ya onun adından ödənilən royaltidə gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur. İcarə haqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənildikdə icarəyə verən bu maddəyə uyğun olaraq 14 faiz dərəcə ilə vergini özü ödəyir və bu Məcəllənin 33-cü və 149-cu maddələrinə uyğun olaraq vergi uçotuna alınıb bəyannamə verir. 150.1.6. bu Məcəllənin 124-cü, 125-ci və ya 126-cı maddələrində nəzərdə tutulan ödəmələr verən hüquqi şəxslər və ya sahibkarlar ödəmə mənbəyində vergini tutmağa borcludurlar.
29. Beləliklə, məhkəmə araşdırması nəticəsində daşınmaz əmlakın təqdim edilməsindən gəlirlərin əldə edilməsi, yəni müvafiq ödəmələrin həyata keçirilməsi, nəticə etibarilə ödəmə mənbəyində verginin hesabatda göstərilən məbləğinin azaldılması müəyyən edilməmişdir.
30. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X12 üzrə Baş İdarəsinin Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə 04.06.2021-ci il tarixli №**********919200 və 04.10.2021-ci il tarixli №**********730900 qərarları ləğv edilməlidir.
31. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X12 üzrə Baş İdarəsinin Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə 04.06.2021-ci il tarixli №**********919200 və 04.10.2021-ci il tarixli №**********730900 qərarları ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva