Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4391/2021 20.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun kаtibliyi, cavabdehin nümayəndəsi Həsənov Munir Tofiq oğlunun (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, böyük məsləhətçi-hüquqşünas vəzifəsində işləyir) iştirakı ilə, iddiаçı Hüseynov Nizami Həbib oğlunun cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçının pensiyasından əsassız tutulmalara son qoyulması, mənəvi zərərin tutulması, ixtisas dərəcəsi ilə bağlı minimum əmək haqqının dörd misli həcmində indeksasiya nəzərə alınmaqla yenidən hesablanması və fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq müəyyən etdi: İddiaçı Hüseynov Nizami Həbib oğlu cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pensiyasından hər ay əsassız və qanunsuz olaraq tutulmaya son qoyulması, tutulmuş məbləğlərin ona qaytarılması, pensiya məbləğinin tamlığının təmin olması, bunlarla əlaqədar ona vurulmuş mənəvi zərərin əvəzi olaraq cavabdehdən 10000 manat pulun tutularaq “YAŞAT” fondunun hesabına köçürülməsi, eyni zamanda 2000-ci ilin oktyabr ayından hazırki vaxtadək olan dövr üzrə ixtisas dərəcəsi ilə bağlı minimum əmək haqqının dörd misli həcmində indeksasiya nəzərə alınmaqla ödənilməli olan məbləğlərin hesablanması və hesablanmış məbləğin birdəfəlik olaraq ona ödənilməsi, vəzifəsinin ixtisas dərəcəsi ilə bağlı sonrakı aylar üzrə ödənişlərin təmin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı Hüseynov Nizami Həbib oğlu iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1992-ci ilin iyun ayından 2000-ci ilin avqust ayınadək Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının hakimi vəzifəsində işləmiş, ədliyyə polkovniki rütbəsinə malik olmuş və müharibə veteranıdır. 2000-ci ilin oktyabr ayından ona pensiya təyin olunmuşdur. Sonrakı artımlar da nəzərə alınmaqla pensiyasının sonuncu məbləği 2124 manat olmuşdur. Lakin 2020-ci ilin dekabr ayından cavabdeh tərəfindən pensiyasından əsassız olaraq 285 manat çıxarılmış və artıq üçüncü aydır ki, yəni 2020-ci ilin dekabr, 2021-ci ilin yanvar və fevral ayları üzrə ona hər ay 1839 manat pensiya ödənilir. Bununla əlaqədar bir neçə dəfə cavabdehlə telefonla əlaqə saxlamaq istəsə də zənglərinə cavab verilməmişdir. Ona görə də 28.12.2020-ci il tarixli ərizə ilə cavabdehə müraciət etmiş, lakin müraciətə cavab verilməmişdir. Cavabdehin bu qanunsuz hərəkətləri nəticəsində ona maddi ziyanla yanaşı eyni zamanda mənəvi zərər də vurulmuşdur. Belə ki, o əvvəllər iki dəfə ürək əməliyyatı keçirmiş və digər xəstəliklərdən də əziyyət çəkir. Cavabdehin qanunsuz hərəkətləri səhhətində müəyyən ağırlaşmalara, əlavə müayinə və müalicələrə məruz qalmağına səbəb olmuşdur və hesab edir ki, cavabdehin bu qanunsuz hərəkətləri nəticəsində ona maddi ziyanla yanaşı, eyni zamanda 10000 manat mənəvi zərər vurulmuşdur.Bundan əlavə iddiaçı hakim kimi İİ ixtisas dərəcəsinə malikdir və həmin ixtisas dərəcəsinə görə ödənilən məbləğ də pensiya hesablanan zaman nəzərə alınmalıdır ki, bu da cavabdeh tərəfindən edilməmişdir.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamı ilə bağlı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiaya dair etirazını təqdim edərək göstərmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsinə əsasən “Bu qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əmək haqqı sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır”. Göstərilən Qanunun 32.1-1-ci maddəsinə əsasən “əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir”. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş iddiaçı məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişdir. Məhkəmə işə iddiaçıının iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi M.Həsənov iddiaya etirazda göstərilən məzmunda çıxış edərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərərk, cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən əsaslı, qismən əsassızdır. İş materiallarına əlavə edilmiş: İddiaçının şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı xx.xx.1958-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşıdır. İddiaçının cavabdehə ünvanlanmış ərizələrinə əsasən iddiaçı 2020-ci ilin dekabr ayında onun pensiyasından tutulmuş 285 manatın ona qaytarılması, habelə ikinci ixtisas dərəcəli hakim kimi 2000-ci ilin oktyabr ayından ixtisas dərəcəsi ilə bağlı minimum əmək haqqının dörd misli həcmində indeksasiya nəzərə alınmaqla ödənilməli olan məbləğlərin hesablanması və hesablanmış məbləğin birdəfəlik iddiaçıya ödənilməsini xahiş etmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsinin üzvləri E.İ.Abdullayevə, S.R.Abdullayevə və İddiaçı ixtisas dərəcələri verilməsi barədə” Azərbaycan Respublikasının Milli Məclisinin 05.01.1993-cü il tarixli, 439 №li qərarına əsasən iddiaçı ikinci ixtisas dərəcəli hakim olmuşdur. İddiaçının pensiya işinin surətində olan sənədlərə əsasən iddiaçıya 01.01.2007-ci ildə yaşa görə əmək pensiyası təyin edilmişdir, pensiyası hesablanarkən iddiaçının vəzifə maaşı, rütbə maaşı, xidmət illərinə görə faiz əlavəsi, ərzaq əvəzinə pul kompensasiyası nəzərə alınmışdır, hazırda pensiyasının məbləği 2123,90 manat təşkil edir. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etmişdir ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, ikinci dərəcəli məhkəmə hakimi olmuşdur, 01.01.2007-ci ildə iddiaçıya yaşa görə əmək pensiya təyin edilmişdir, iddiaçı cavabdehə müraciət edərək pensiyasından əsassız tutulmalara son qoyularaq onun pensiyasından tutulmuş 285 manatın qaytarılmasını, ikinci ixtisas dərəcəli hakim kimi 2000-ci ilin oktyabr ayından ixtisas dərəcəsi ilə bağlı minimum əmək haqqının dörd misli həcmində indeksasiya nəzərə alınmaqla ödənilməli olan məbləğlərin hesablanmasını və hesablanmış məbləğin birdəfəlik ödənilməsini xahiş etsə də müraciəti təmin edilməmişdir. Odur ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda sadalananlara görə əsaslı hesab etmir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. «Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Göründüyü kimi qanunverici pensiyaçının razılığı olmadan yalnız məhkəmə qaydasında pensiyadan tutmalara yol verilməsini nəzərdə tutmuşdur, halbuki iddiaçının iddia ərizəsində ifadə olunan mövqeyinə görə iddiaçı pensiyasından tutmaların aparılmasına razılıq verməmişdir, digər tərəfdən cavabdeh iddiaçının əmək pensiyasından tutmaların aparılmasını inkar etməmiş, lakin buna əsas verə bilən məhkəmə aktını məhkəməyə təqdim etməmiş, həmin tutmaların qanuni və əsaslı olmasına dair sübutlar barədə məhkəməyə məlumat verməmiş, belə sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda iddiaçının pensiyasından tutmalar əsassız və qanunsuz olduğundan buna son qoyulması, tutulmuş məbləğlərin iddiaçıya qaytarılması hissəsində iddiaçının iddiası əsaslıdır. Lakin qalan hissədə məhkəmə iddianı əsaslı hesab etmir. Belə ki,“Azərbaycan Respublikası məhkəmələrinin ixtisas dərəcəli hakimlərinə əlavə haqq verilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 04.11.1992ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası məhkəmələrinin beşinci ixtisas dərəcəli hakimlərinə Azərbaycan Respublikasında müəyyən edilmiş minimum əmək haqqının bir misli məbləğində, dördüncü ixtisas dərəcəli hakimlərinə iki misli məbləğində, üçüncü ixtisas dərəcəli hakimlərinə üç misli məbləğində, ikinci ixtisas dərəcəli hakimlərinə dörd misli məbləğində, birinci ixtisas dərəcəli hakimlərinə beş misli məbləğində, ali ixtisas dərəcəli hakimlərinə altı misli məbləğində əlavə haqq verilməsi qərara alınmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15.05.2020-ci il tarixli qərarında əks olunan mövqedə göstərilir: “... göstərilənlərdən aydın olur ki, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Belə olan halda isə artıq pensiya alan şəxslərə münasibətdə pensiya təyin edildikdən sonra almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqına və ya ona edilən əlavələrə görə əmək pensiyalarının yenidən hesablanması əmək pensiyaları haqqında qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir.Məsələyə “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələbləri nəzərə alınmadan yanaşma pensiya sisteminin aşağıdakı iki əsas təməl prinsipinə uyğun deyil: əmək pensiyasının hesablanmasının şəxsin sığorta stajının əhatə etdiyi dövrdə yalnız aldığı vəsaitlər əsasında həyata keçirilməsi;əmək haqqının və ya təminat xərcliyinin məcburi dövlət sosial sığorta haqqı ödənməyən hissəsinin pensiya hesablanması zamanı nəzərə alınmaması.Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir.”... İşin faktiki hallarına əsasən iddiaçı ikinci ixtisas dərəcəli hakim kimi işlədiyi dövrdə minimum əmək haqqının dörd misli məbləğində əlavə haqq almamışdır və beləliklə də qeyd edilən məbləğlərdən məcburi dövlət sosial sığorta haqları ödəməmişdir. Məhkəmə onu da qeyd edir ki, iddiaçının tələbinin əsası kimi göstərdiyi “Azərbaycan Respublikası məhkəmələrinin ixtisas dərəcəli hakimlərinə əlavə haqq verilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 04.11.1992-ci il tarixli Qərarı qüvvədə deyildir və hazırda işə baxılan zaman tətbiq edilə bilməz. İddiaçının iddiasının mənəvi zərər hissəsinə gəldikdə isə məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarına əsasən mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. İnzibati iş materialları ilə cavabdehin iddiaçının pensiyasından əsassız tutmalar etməklə ifadə olunan hərəkətləri (hərəkətizliyi) nəticəsində iddiaçının mənəvi zərər alması halı təsdiq edilmədiyi üçün məhkəmə iddianı mənəvi zərərə görə 10000 manat məbləğinin cavabdehdən tutulması hissəsində əsassız hesab edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı iddiası qismən təmin edilməli, İddiaçı pensiyasından hər ay əsassız və qanunsuz olaraq tutulmalara son qoyulması, tutulmuş məbləğlərin iddiaçıya qaytarılması öhdəliyi cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalı, qalan hissədə isə əsassız olduğundan iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2-ci, 34-cü, 68-ci, 85-ci, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası qismən təmin edilsin. İddiaçı pensiyasından hər ay əsassız və qanunsuz tutulmalara son qoyulması, tutulmuş məbləğlərin iddiaçıya qaytarılması öhdəliyi cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-4391/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4391/2021
20.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver