Məhkəmə qərarları › İş №2-1(112)-4391/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4391/2023

27.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4391/2023 27.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı “diplomun tanınması” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (bundan sonra – Cavabdeh) ərizə ilə müraciət edərək, Rusiya Federasiyasının X3 Bakı filialı tərəfindən verilmiş 80072 nömrəli diplomun tanınmasını xahiş etmiş, cavabdeh xx.xx.2022-ci il tarixli qərarla iddiaçının xarici ali təhsil ixtisasının ölkə ərazisində tanınmasını mümkün hesab etməmiş və qərarı bununla əsaslandırmışdır ki, ərizəçinin ali təhsil aldığı müəssisənin Bakı filialının qanunsuz fəaliyyət göstərdiyi məlum olmuşdur. Belə ki, sözügedən təhsil müəssisəsi onun fəaliyyətinə xüsusi razılıq (lisenziya) olmadan fəaliyyət göstərmişdir. Bu qərarla razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Rusiya Federasiyasının X3 Bakı filialında hüquqşünaslıq ixtisasını bitirdiyini təsdiq edən 80072 nömrəli diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, 2007-2013-cü illərdə Rusiya Federasiyasının X3 Bakı filialında hüquqşünaslıq ixtisasında təhsil almışdır. Təhsilini bitirdikdən sonra 2013-cü ildə həmin müəssisədə təhsilini bitirməsi iə bağlı müəssisə tərəfindən 80072 nömrəli diplom verilmişdir. Təhsil aldığı müddətdə Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifıkasiyası) Qaydalarının təsdiq edilməsi haqqında Nazirlər Kabinetiniin qərarının tələblərinə tam uyğun şəkildə əməl olunmuşdur. Həmin diplomun tanınması ilə bağlı Təhsildə Keyfiyyət Təminatı Agentliyinə ərizə ilə müraciət etmiş, cavabdehin xx.xx.2022-ci il tarixli xarici dövlətlərin ali təhsil ixtisaslarının tanınması və ekvivalentliyinin (nostrifikasiyasının) müəyyən edilməsi barədə qərarla iddiaçının xarici ali təhsil ixtisasının ölkə ərazisində tanınması mümkün hesab olunmamışdır. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında iddianın təmin edilməməsini xahiş etmiş və göstərmişdir ki, iddiaçının sərhəd məlumatlarının yoxlanılması zamanı tədris müddətində Rusiya Federasiyasında ümumən olmadığı məlum olmuşdur. Məsələ ilə bağlı təhsil müəssisəsinə verilən sorğu əsasında İddiaçı Bakı İnnovasiyalar və Texnologiyalar Mərkəzində təhsil aldığı müəyyən olunmuşdur. Sözügedən mərkəz isə Azərbaycan Respublikasında fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmədən - qanunsuz olaraq fəaliyyət göstərmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır. Çünki, iddiaçının ona verilmiş diplomun tanınmasını, yəni barəsində əlverişli inzibati aktın qəbul edilməsini tələb etmək üçün məcburetmə haqqında hazırkı iddianı qaldırmağa subyektiv hüququ mövcuddur, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh orqana müraciət etmiş, imtina barədə aktı aldığı gündən 30 gün müddətində məhkəmədə iddia qaldırmışdır (İPM-in 2.2.2, 33.1 və 38.2-ci maddələri). İddianın əsaslılığına gəldikdə isə məhkəmə aşağıdakıları qeyd edir. İş materiallarında olan Rusiya Federasiyası Muasir Humanitar Akademiyası tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli Р №80072 nömrəli Diplomdan görünür ki, İddiaçı bakalavr dərəcəsi üzrə “Hüquqşünaslıq” fakultəsi üzrə "hüquqşünaslıq” ixtisasını bitirmiş, Diplom Moskva şəhər Təhsil Departamenti tərəfindən xx.xx.2013-cü il tarixdə 141235 nömrəsi ilə apostil edilmişdir. Həmin Diploma əlavədən görünür ki, iddiaçı 2007-ci ildə Akademiyaya qəbul olunmuş, təhsil forması qiyabi olmuş, 2013-cü ildə təhsilini bitirmişdir. İddiaçı hazırda bu diplom üzrə ixtisasın tanınması və ekvivalentliyi haqqında şəhadətnamə verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, iddiaçının təhsil aldığı müddətdə təhsil müəssisəsinin yerləşdiyi Rusiya Federasiyasına getməməsi işin mübahisəsiz halını təşkil edir. İddiaçı bu halı təhsilin distant formada həyata keçirilməsi, bəzi dərslərin isə Bakı İnnovasiya Texnologiyalar Mərkəzində auditoriyada keçirilməsi ilə əsaslandırır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2007-ci il tarixli “X2 distant üsulu ilə təhsil almaq prosesinin təchizatı, texniki təminatı və digər pullu xidmətlər haqqında agent müqaviləsi”ndən görünür ki, Bakı İnnovasiya Texnologiyalar Mərkəzi (“İcraçı”) bir tərəfdən, Azərbaycan Respublikasının vətəndaşı İddiaçı (“İstehlakçı”) arasında müqavilə imzalanmışdır ki, “İcraçı” X3 fakültəsində distans üsulu ilə təhsil almaq üçün “İstehlakçı”nı tədris prosesin təchizat baxımından ən müasir texnika ilə keçirilməsinə tam şərait yaradır. “İstehlakçı” bu sahədə göstərdiyi xidmətlərə görə “İcraçı”ya maliyyə xərclərini ödəyir. Göründüyü kimi, iddiaçının X4 qiyabi təhsil forması üzrə təhsil alması nəzərdə tutulsa da, bu təhsil distant üsul tətbiq edilməklə və Bakıda olan müvafiq Mərkəz vasitəsilə həyata keçirilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının cavabdehə müraciət etdiyi dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya)” Qaydalarına əsasən: -bənd 3.6. Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. -bənd 3.7. 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 aprel 2010-cu il tarixli, 75 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”na əsasən: -bənd 5.5. Ali təhsil pilləsinin müvafiq səviyyələri üzrə təhsil müddətləri təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat səviyyəsində əyani forma üzrə təhsil müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Magistratura səviyyəsində əyani forma üzrə həmin müddət 1,5-2 (qiyabi forma üzrə təhsil müddəti altı ay artıqdır) ildir. -bənd 8.7. Ali təhsil müəssisələri tələbələrinin tədris yükünün ümumi həcmi və normaları aşağıdakı kimi müəyyənləşdirilir: ...8.7.5. Əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. 8.7.6. Təlim müddətində istehsalat təcrübəsi üçün nəzərdə tutulan müddət bakalavriat səviyyəsində 8-18, magistratura səviyyəsində isə 8-10 həftədir. Qanunvericiliyin istinad olunan normalarının tələblərinə görə diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu müəyyən olunmalıdır. Bu mənada, hazırkı işdə qiyabi formada xaricdə alınmış bakalavriat təhsilinin Azərbaycan Respublikasının müvafiq təhsil sahəsində dövlət standartlarına uyğunluğu müəyyən olunmalıdır. Qeyd edilən standartlar həm də tədrisin yükünə və yerinə yetirilməsi qaydasına dair tələbləri də özündə ehtiva edir. Təhsil alınan ölkədə faktiki olunan müddətləri hər bir halın fərdi xüsusiyyətləri də göz önündə tutulmaqla sözügedən tədris yükünün və yerinə yetirilməsi qaydasının qiymətləndirilməsi baxımından nəzərə alına bilər. Hazırki işin xüsusi halları baxımından iddiaçının təhsil aldığı ölkədə olma müddəti nəzərə alındıqda onun tərəfindən tədris yükünün yerinə yetirilmədiyi və bununla Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərə uyğunluğun müəyyən olunmadığı nəticəsinə gəlinir. Belə ki, iddiaçı 2007-2013-cü illərdə təhsil aldığı ölkəyə ümumiyyətlə getməmişdir. İddiaçı bu müddət ərzində təhsilini distant formada, habelə Bakı şəhərində Bakı İnnovasiya Texnologiyalar Mərkəzində aldığını bildirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının aldığı bakalavr təhsilinin qiyabi formada olması işin mübahisəsiz halıdır. Nəzərə almaq lazımdır ki, təhsilin forması olaraq qiyabi və distant fərqli təhsil formalarıdır. Ona görə də iddiaçının halına münasibətdə qiyabi təhsil formasına dair tələblər tətbiq olunmalı, bunun üzərindən hüquqi dəyərləndirmələr aparılmalıdır. Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərə uyğunluğun müəyyən olunması baxımından isə nəzərə alınmalıdır ki, ölkədə bakalavriat təhsilinin qiyabi formada həyata keçirilməsinə münasibətdə hər il müəyyən tədris yükünü yerinə yetirmək, eləcə də müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirak tələb olunur. Belə olan halda, xaricdə alınmış qiyabi formada bakalavriat təhsili üzrə ixtisasın ölkəmizdə tanınması və ekvivalentliyinin müəyyən edilməsi məhz Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğunluğun müəyyən olunmasından asılıdır. İddiaçı təhsil aldığı müddətdə təhsil aldığı ölkəyə ümumiyyətlə getməmişdir. Deməli, o, həmin dövrdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirak etməmişdir. İddiaçının dəlilindən biri ondan ibarətdir ki, həmin dövrlərdə tədrisdə iştirakı distant formada baş tutmuşdur. Məhkəmə hazırkı halda xaricdə təhsil alınarkən distant təhsil texnologiyalarından istifadə olunduğunun mümkünlüyünü və iddiaçının təhsil aldığı ölkədə bunun yolverilənliyini nəzərə alır. Lakin burada həlledici olan qeyd edilən qaydada xaricə alınmış qiyabi bakalavriat təhsilinin Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğun olmadığıdır. Başqa sözlə, Azərbaycan Respublikasının qanunvericiliyi tədris ili ərzində tələbənin müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirakını qiyabi formada bakalavriat təhsilinin həyata keçirilməsinin əsas prinsiplərindən biri və müvafiq olaraq Azərbaycan Respublikasında təhsilin bu formasına qoyulan tələb kimi müəyyən etmişdir. İddiaçının halında sözügedən tələbə riayət olunmamışdır. Bundan əlavə, iddiaçının Bakıda təhsil aldığı Bakı İnnovasiya Texnologiyalar X7 Akademiyanın filialı kimi fəaliyyət göstərmək üçün lisenziya almamış, akkreditasiyadan keçməmişdir. Belə ki, iddiaçının təhsil aldığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli, 782 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar"nın 1.5-ci bəndinə əsasən xarici hüquqi və fiziki şəxslər, habelə xarici hüquqi şəxslərin filialları və nümayəndəlikləri öz öhdəliklərində bu Qaydalarda göstərilən fəaliyyət növü ilə məşğul olmaq üçün aldıqları lisenziyaların Azərbaycan Respublikasında tanınmasını müəyyən edən dövlətlərarası saziş olmadığı halda, həmin fəaliyyət növü ilə məşğul olmaq üçün bu Qaydalara uyğun olaraq lisenziya almalıdırlar. Həmin Qaydaların 3.1-1-ci bəndinə görə təhsil fəaliyyətinə (dini təhsil müəssisələrinin fəaliyyəti istisna olmaqla) verilən lisenziyanın müddəti “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Həmin Qaydalara əlavədən görünür ki, ali təhsil müəssisələrinin fəaliyyətinə lisenziya verən icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının Təhsil Nazirliyidir. Həmçinin iddiaçının müvafiq təhsil müəssisəsinə qəbul edildiyi 2007-ci ildə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 15 aprel tarixli 49 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali və orta ixtisas təhsili müəssisələrinin attestasiyası və akkreditasiyası haqqında Əsasnamə"yə əsasən: - 1.1. Bu Əsasnamə Azərbaycan Respublikasının Təhsil Qanununa və digər qanunvericilik aktlarına uyğun hazırlanmışdır və tabeliyindən, mülkiyyət və təşkilatihüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün ali və orta ixtisas təhsili müəssisələrinin (bundan sonra - təhsil müəssisələri), onların filial və şöbələrinin (o cümlədən digər ölkələrin təhsil müəssisələrinin Azərbaycanda olan filial və şöbələrinin) attestasiya və akkreditasiya qaydalarını müəyyən edir. - 1.3. Azərbaycan Respublikasının ərazisində yerləşən bütün təhsil müəssisələrinin (o cümlədən digər ölkələrin təhsil müəssisələrinin Azərbaycanda fəaliyyət göstərən filial və şöbələrinin) attestasiyası və akkreditasiyası tabeliyindən, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Bu məqsədlə Təhsil Nazirliyi tərəfindən daimi fəaliyyət göstərən akkreditasiya komissiyası və hər bir təhsil müəssisəsini attestasiyadan keçirmək üçün attestasiya komissiyası yaradılır. - 2.2. Təhsil müəssisələrinin attestasiyası bir qayda olaraq, hər dörd ildən bir Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Yeni yaradılmış təhsil müəssisəsinin, həmçinin fəaliyyətdə olan təhsil müəssisəsinin yeni açılmış istiqamətlərinin (ixtisaslarının) attestasiyası ilk mütəxəssis buraxılışından sonra aparılır. Zərurət olduqda (təhsilin keyfiyyəti ilə bağlı təhsil alanların müraciəti və s. olduqda) və ya təhsil müəssisəsinin ərizəsi əsasında növbədənkənar attestasiya da keçirilə bilər. - 3.1. Akkreditasiya təhsil müəssisəsinin statusunun (tipinin və növünün) və onun təhsil haqqında dövlət nümunəli sənəd vermək hüququ olan təhsil proqramları siyahısının müəyyənləşdirilməsi prosedurudur. - 3.2. Akkreditasiya komissiyası təqdim olunmuş sənədlər toplusuna bir həftə ərzində baxaraq müvafiq qərar qəbul edir. Həmin qərarın əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi təhsil müəssisəsinin akkreditasiyası haqqında əmr verir. Təhsil müəssisəsinin akkreditə olunması barədə məlumatlar mətbu orqanlarda dərc edilir. Həmçinin iddiaçının müvafiq təhsil müəssisəsini bitirdiyi 2013-cü ildə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 28 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”na əsasən: - 1.1. Bu Qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, digər qanunvericilik aktlarına uyğun hazırlanmışdır və tabeliyindən, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının ərazisində bütün təhsil pillələri üzrə fəaliyyət göstərən təhsil müəssisələrinin (o cümlədən digər ölkələrin Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrinin, filial və nümayəndəliklərinin) akkreditasiyası məsələlərini tənzimləyir. - 1.3. Təhsil müəssisəsinin akkreditasiyası Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. - 2.1. Təhsil müəssisəsinin akkreditasiyası hər 5 ildə (əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər tərəfindən təsis edilmiş təhsil müəssisələrinin akkreditasiyası 3 ildə) bir dəfə həyata keçirilir. Bu proses tədris ili üzrə hazırlanmış və aprel ayından gec olmayaraq, Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş qrafik üzrə həyata keçirilir. - 2.2. Yeni yaradılmış, həmçinin fəaliyyətdə olan təhsil müəssisəsində yeni təhsil proqramlarının akkreditasiyası ilk buraxılış olduqdan sonra həyata keçirilir. - 5.4. Təhsil müəssisəsinin mövcud statusu müəyyən olunmuş tələb və meyarlara uyğun gəlmədikdə, Şura onun akkreditasiyası haqqında mənfi qərar qəbul edə bilər. Bu halda təhsil müəssisəsi Şuranın müəyyən etdiyi statusla fəaliyyət göstərə bilər. - 5.5. Akkreditasiyadan keçməyən təhsil müəssisəsinə və ya ayrı-ayrı proqramlar üzrə kadr hazırlığına növbəti tədris ili üçün qəbul planlaşdırılmır. - 5.6. Akkreditasiyadan keçməyən təhsil müəssisəsi və ya onun ayrı-ayrı təhsil proqramları 1 ildən sonra təkrar akkreditasiyadan keçə bilər. Təhsil müəssisəsi və ya onun ayrı-ayrı təhsil proqramları təkrar akkreditasiyadan keçmədikdə, onun təhsil fəaliyyəti dayandırılır və təhsilalanların digər təhsil müəssisələrində təhsilinin davam etdirilməsi üçün müvafiq tədbirlər həyata keçirilir. Akkreditasiyadan keçməyən təhsil müəssisəsinin əvvəllər verdiyi təhsil haqqında dövlət sənədi öz qüvvəsində qalır. İstinad olunan normalardan görünür ki, istər əvvəllər qüvvədə olmuş qanunvericilik, istərsə də sonradan qəbul edilmiş qanunvericilik Azərbaycan Respublikasının ərazisində yerləşən bütün təhsil müəssisələrinin (o cümlədən digər ölkələrin təhsil müəssisələrinin Azərbaycanda fəaliyyət göstərən filial və şöbələrinin) lisenziya aldıqdan və akkreditasiyadan keçdikdən sonra fəaliyyət göstərməsini təsbit etmişdir. Lakin işdən görünür ki, iddiaçı X5 Bakıda fəaliyyət göstərən Bakı İnnovasiya Texnologiyalar Mərkəzində təhsil aldığını bildirsə də, həmin Mərkəz nə fəaliyyət göstərmək üçün liseziyaya almış, nə də akkreditasiyadan keçmişdir. Belə ki, işdə olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Rusiya Federasiyasının X3 Bakı filialının fəaliyyəti barədə Nazirlikdə hər hansı məlumat aşkar edilməmişdir. Beləliklə, istinad olunanlardan görünür ki, iddiaçının aldığı təhsil qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı halda iddiaçının arzuladığı aktın qəbulunu istisna edən faktiki şərtlər mövcud olduğundan cavabdehin imtinası əsaslı olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. İPM-in 73.1-ci maddəsindən də görünür ki, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə o halda öhdəlik qoyur ki, cavabdehin imtinası və ya hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd olsun və iddiaçının hüquqlarını pozmuş olsun. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar