Məhkəmə qərarları › İş №2-1(112)-4392/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4392/2020

14.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4392/2020 14.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X4, üçüncü şəxsin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına və üçüncü şəxslər Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı «iddiaçının adının kompensasiya ödənilən şəxslərin siyahısına daxil edilməsi»nə dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına və üçüncü şəxslər Bank VTB (Azərbaycan) ASC-yə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı «iddiaçının adının kompensasiya ödənilən şəxslərin siyahısına daxil edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx xxxxxx 2019-cu il tarixli Fərmanına əsasən banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollarınadək, milli valyutada isə 17.000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləği və borcluların siyahısı müəyyən edilməli idi. Bu Fərmanın 1-ci bəndində göstərilmişdir: (1.1) 2015-ci il fevralın 21-ə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; (1.2) 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək başlanmış kredit müqaviləsi üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə bu Fərmanın 1.1-ci və 2.1-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi. Fərmanın 1-ci bəndində göstərilmişdir ki, bu Fərmanın 1-ci bəndinə əsasən edilən ödəniş, ilk növbədə fiziki şəxslərin banklar və ya ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilsin, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilsin. Fərmanın icrası Azərbaycan Respublikası Maliyyə X3 (hazırkı AR Mərkəzi Bankı) həvalə olunmuşdur. Onunla (iddiaçı ilə) Bank VTB (Azərbaycan) ASC ilə xx xxxxxx 2014-cü il tarixdə bağlanmış 138205-CNS-13313 kredit müqaviəsinə əsasən o üç il müddətinə 14.000 ABŞ dolları, milli valyuta ekvivalenti ilə isə 10.000 manat məblğində kredit götürmüşdür. xx xxxxxx 2015-ci il tarixdə əsas borc 9.965 ABŞ dolları, milli valyutada isə 16.940 manat təşkil etmişdir. Bununla belə, restrukturizasiya ilə əlaqədar banka dəvət edilməmiş və ona verilməli kompensasiya məbləği hesablanmamışdır. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli həmin Fərmanına əsasən Bank VTB (Azərbaycan) ASC ilə bağlanmış xx xxxxxx 2014-cü il tarixdə bağlanmış kredit müqaviləsi üzrə kompensasiya ödənilməsi üçün o, kompensasiya ödənişi verilən fiziki şəxslərin siyahısına daxil edilməli və restrukturizasiya ilə əlaqədar ona kompensasiya hesablanmalıdır. Kredit müqaviləsindən irəli gələn bütün öhdəlikləri yerinə yetirmişdir, xx xxxxx 2017-ci ildə kredit üzrə əsas borcun ödənilməmiş hissəsi ağır şərtlərlə – 1 ABŞ dolları üçün 1,45 manat hesablanmaqla manat konvertasiya edilmişdir. Böyük çətinliklə borcu tam olaraq ödəmişdir və hazırda Bank VTB (Azərbaycan) ASC qarşısında hər hansı maliyyə öhdəliyi yoxdur. Kredit müqaviləsi bağlandıqda əsas borc manatla 21dekabr 2015-ci il tarixdə isə həm ABŞ dolları, həm də milli valyuta ilə sözügedən Fərmanla nəzərdə tutulmuş məbləğdən aşağı olduğundan, məsələ ilə bağlı AR Maliyyə X3 iki dəfə müraciət etsə də, müraciətlər cavabsız qalmışdır. Məlum olduğu kimi, AR Prezidentinin xx xxxxxx 2019-cu il tarixli sərəncamı ilə AR Maliyyə X6 ləğv edilmiş və Azərbaycan Respublikasının qanunlarında X7 orqanının müəyyən edilmiş səlahiyyətləri, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətlərinin istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqları, habelə əmlakı Azərbaycan Respublikasının Mərkəzi Bankına verilmişdir. Sərəncama uyğun olaraq, restrukturizasiya ilə əlaqədar ona düşəcək kompensasiyanın ödənilməsi üçün bu dəfə o, AR Mərkəzi Bankına müraciət etmişdir. Mərkəzi Bank müraciətlə bağlı Bank VTB (Azərbaycan) ASC-yə sorğu müvafiq sorğu ünvanlamışdır. Əvvəlcədən bank tərəfindən təsdiqlənmiş ödəniş cədvəli üzrə ödəniş günü hər ayın 20-i müəyyən edilmişdir. Növbəti 13-cü ödəniş gün olan xx xxxxxx 2015-ci il tarixi həftənin bazar gününə təsadüf etdiyindən, ödəniş günü 1 gün sonraya yəni ayın 21-ədək müəyyən edilmişdir. Cədvəl üzrə ödənişin sabit tarixi onda (iddiaçıdan) asılı olmayan səbəblərdən dəyişmiş və bu, onun hüquqlarının pozulması ilə nəticələnmişdir. İstənilən halda, ödənişin baş tutmasına və həmin tarixədək olan ödəmələrdə heç bir gecikmə halının olmamasına baxmayaraq, Bank VTB (Azərbaycan) ASC hansına səbəbdən son ödənişi qeydə almamış və ya sistemə vaxtında daxil etməmişdir. Bundan başqa, həmin tarixdə əsas borcun manatla olan ekvivalenti də istənilən halda müəyyən edilmiş 17.000 manatdan aşağı olmuş və 16.940 manat təşkil etmişdir. Nəticə etibarilə, bankın mümkün xətası üzündən kompensasiya siyahısına daxil edilməmişdir. Bununla yanaşı, Bank VTB (Azərbaycan) ASC Azərbaycan Respublikasının Mərkəzi Bankına verdiyi cavabda onun müraciətində qeyd olunan məsələ ilə bağlı ətraflı məlumat verməkdən boyun qaçırdığını faktiki etiraf etmişdir. Göstərilənlərə və «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 24, 70.3-cü maddələrinə, İPM-in 34.1-ci maddəsinə əsaslanaraq, xx xxxxxx 2014-cü il tarixli 138205-CNS-13313 saylı kredit müqaviləsi üzrə kompensasiya ödənilməsi üçün onun (iddiaçının) adının kompensasiya ödənişi edilməli olan şəxslərin siyahısına daxil edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankının üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə və üçüncü şəxslərə məlumat verilmişdir. Məhkəmə iclasına tərəflər və üçüncü şəxs Bank VTB (Azərbaycan) ASC-nin nümayəndəsi gəlmişlər, digər üçüncü şəxsin nümayəndəsi gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 bildirdi ki, iddiaçının tələbi əsassızdır və rədd edilməlidir. Onun xx xxxxxx 2015-ci il tarixə olan qalıq borcu 10.000 ABŞ dollarından çox olmuşdur. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X5 iddianı qəbul etmədiyini bildirdi və onun təmin olunmamasını xahiş etdi. Məhkəmə prosesdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 12-ci maddəsinə görə hamı qanun və inzibati orqan qarşısında bərabərdir. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İş materiallarında olan Bank VTB (Azərbaycan) ASC-nin xx xxxx 2020-ci il tarixli arayışında aşağıdakılar bildirilmişdir: - Bank VTB (Azərbaycan)” ASC ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli 138205-CNS-13313 saylı “Nağd Pul krediti müqavıləsi”nə xx xxxxx 2017-ci il tarixli 01 saylı Razılaşması üzrə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli 551 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Maliyyə X6 tərəfindən Banka daxil olmuş siyahılarda İddiaçı adı aşkar edilmiş, lakin kompensasiyanın ödənilməsi və qalıq borcunun restrukturizasiya edilməsi nəzərdə tutulmamışdır. İş materiallarında olan Bank VTB (Azərbaycan) ASC-nin Azərbaycan Respublikası Mərkəzi Bankına (surəti İddiaçı) ünvanlanmış xx xxxx 2020-ci il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: - İddiaçı (müştəri) ilə Bank arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli 138205- CNS-13313 saylı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx”nə əsasən müştəriyə 36 ay müddətinə, illik 22.00 faiz dərəcəsi ilə 14.000 ABŞ dolları məbləğində kredit ayrılmışdır. Bank hər zaman müştərilərə dəstək verməyə hazırdır və bununla bağlı Bank tərəfindən bir sıra təkliflər hazırlanaraq müştərilərə təklif olunmuşdur. Beləliklə, xx xxxxx 2017-ci il tarixində müştəri ilə Bank arasında Müqaviləyə dəyişiklik və əlavələr edilməsi barədə 01 saylı Razılaşma imzalanmışdır və yeni Ödəniş cədvəli tərtib edilmişdir. Beləliklə, kreditin valyutası manata konvertasiya edilmişdir. Bildiririk ki, Azərbaycan Respublikası Maliyyə X3 Müqavilə üzrə xx xxxxxx 2015-ci il tarixinə olan 13.150,57 ABŞ dolları və xx xxxxxx 2015ci il tarixinə olan 10.305,64 ABŞ dolları məbləğində əsas borc barədə məlumat təqdim olunmuşdur. Fərmana uyğun olaraq qeyd etmək istəyirik ki, vətəndaşların ümumi borcu 10.000 ABŞ dolları ekvivalentindən artıq olduğu halda kompensasiya həmin vətəndaşlara şamil olunmur. Beləliklə, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq müştəri restrukturizasiya və ya kompensasiya siyahılarına daxil edilməmişdir. Qeyd olunur ki, müştərinin Müqavilə üzrə Bank qarşısında olan öhdəliyi xx xxxx 2018-ci il tarixində tam icra olunmuşur. Lakin, müştərinin müraciətində qeyd olunan məsələ ilə bağlı Bank tərəfindən məlumatın verilməsi mümkün deyildir. İşdə olan sənədlər və məhkəmə prosesində işdə iştirak edən şəxslərin verdikləri izahatlar əsasında aparılan məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı ilə Bank VTB (Azərbaycan) ASC-yə arasında xx xxxxxx 2014-cü il tarixdə 138205-CNS-13313 saylı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” bağlanmışdır. Müqavilə əsasında Bank VTB (Azərbaycan) ASC iddiaçıya 36 ay müddətinə, illik 22% dərəcəsi ilə 14.000 ABŞ dolları məbləğində kredit vermişdir. Tərəflərin razılaşmasına əsasən müvafiq illər ərazində kredit borcu üzrə ödəniş adətən hər ayın 20-si (bəzən ayın 21-i) nəzərdə tutulmuşdur. İddiaçının sözügedən kredit üzrə 2015-ci ilin dekabr ayı üzrə borcunun ödənilməsi həmin ayın 20-i bazar günü olduğundan 21-i müəyyən edilmiş. Bu borc ödənildiyi təqdirdə isə, onun qalıq borcu 9.965 ABŞ dolları təşkil edir. O, həmin borcun ödənilməsini vaxtında təmin etməmiş və borc üç gün sonra xx xxxxxx 2015-ci il tarixdə ödənilmişdir. Bu halı əsas gətirərək cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankı (ləğv olunmuş Azərbaycan Respublikası Maliyyə X2 səlahiyyətlərini həyata keçirən qurum kimi) iddiaçını Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» xx xxxxxx 2019-cu il tarixli 551 nömrəli Fərmanının 3-cü bəndinə uyğun olaraq kompensasiya ödənişi ediləcək fiziki şəxslərin siyahısına daxil etməmişdir. Bundan sonra iddiaçı cavabdehin hərəkətlərini mübahisələndirir. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» xx xxxxxx 2019-cu il tarixli 551 nömrəli Fərmanı ilə qərar alınmışdır: - (1-ci bənd) Aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10.000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin: (1.1) 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; (1.2) 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; (1.3) 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi. - (3-cü bənd) Azərbaycan Respublikasının Maliyyə X6: (3.2) bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat versin. - (7-ci bənd) Azərbaycan Respublikasının Maliyyə X6: (7.1) banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17.000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat versin. - (8-ci bənd) müəyyən edilsin ki, bu Fərmanın məqsədləri üçün: (8.1) fiziki şəxslərin xarici valyutada 10.000 (on min) ABŞ dollarınadək və ya milli valyutada 17.000 (on yeddi min) manatadək olan əsas kredit borcları dedikdə onların bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi; (8.2) 10.000 (on min) ABŞ dollarınadək və ya 17.000 (on yeddi min) manatadək məbləğ dedikdə müvafiq olaraq 10.000 (on min) ABŞ dollarının və ya 17.000 (on yeddi min) manatın da daxil olduğu məbləğ; (8.3) bu Fərmanın 5-ci və 7-ci hissələrində fiziki şəxslərin kredit borcları dedikdə onların 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələrinə əsasən bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi. Məhkəmə qeyd edir ki, İddiaçı oğunun Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» xx xxxxxx 2019-cu il tarixli 551 nömrəli Fərmanının 3-cü bəndinə uyğun olaraq kompensasiya ödənişi ediləcək fiziki şəxslərin siyahısına daxil edilməsi üçün zəruri şərtlərin bir hissəsi, yəni kreditin 2012-ci ilin yanvar ayının 1-dən sonrakı dövrə verilməsi, gecikdirilmiş günlərin sayının 360 gündən az olmaması və ödəyicinin (borc alanın) fiziki şəxs olması işin mübahisələndirilən hallarına aid deyil. Mübahisəli halla bağlı isə, məhkəmənin qənaəti belədir ki, iddiaçının müvafiq kredit müqaviləsi üzrə borcu xx xxxxxx 2015-ci il tarixə 10.000 ABŞ dollarından aşağı olmuşdur. Bu qənaət ondan irəli gəlir ki, ödənişdə bir neçə gün gecikdirilmə olsa da, bu gecikmənin bir günü qrafik üzrə ödəniş gününün iş gününə düşməməsi, digər üç günlük gecikmə isə hər hansı səbəbdən baş versə də, sonradan əlavə faizlərlə əhatə olunmuşdur. İddiaçının 2015-ci ilin dekabr ayı üzrə ödənişlərinin nəzərə alınmaması «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15, 17 və 24.2-ci maddələrinin tələblərinı ziddir. Odur ki, məhkəmə cavabdehin hərəkətlərini (imtinasını) qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı adının Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» xx xxxxxx 2019-cu il tarixli 551 nömrəli Fərmanının 3-cü bəndinə uyğun olaraq kompensasiya ödənişi ediləcək fiziki şəxslərin siyahısına daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankının üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 62, 75, 78 – 79, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı adının Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» xx xxxxxx 2019-cu il tarixli 551 nömrəli Fərmanının 3-cü bəndinə uyğun olaraq kompensasiya ödənişi ediləcək fiziki şəxslərin siyahısına daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar