Məhkəmə qərarları › İş №2-1(112)-4392/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4392/2021

20.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4392/2021 20.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçının vəkili və nümayəndəsi X2 və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh1nə (üçüncü şəxslər Səngəçal qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlik və Azərbaycan Respublikası Maliyyə Nazirliyi) qarşı “obyektin tikilərək ona təhvil edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1nə və qeyrisinə qarşı “ziyanın ödənilməsi və s” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ona məxsus kommersiya mağazasının 2008-ci ilin oktyabr ayında Səngəçal qəsəbə nümayəndəsi tərəfindən sökülməli olması şifahi olaraq bildirilmiş, onun sökülüb-köçürülməsinin mümkünsüzlüyü bildirildikdən sonra sökülməyə başlanılmış və sökülmüşdür. Bununla bağlı təkcə dəyən ziyanın məbləği 40000 min manat təşkil edir. Həmin əmlak 17000 manat məbləğində qiymətləndirilərək sığorta olunmuş, əlavə olaraq təxminən hər ay 600-800 manat mənfəətdən də məhrum olunmuşdur. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı söküntü barədə 12 ildən sonra məlumat vermişdir. Aparılmış araşdırma nəticəsində söküntü ilə barədə heç bir məlumat aşkar edilməmişdir. Eyni zamanda cavabdeh qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən obyektlərin tikintisinə və istismarına icazələri Dövlət Şəhərsalma və Arxitektura Komitəsi verir. Məhkəmənin qərardadı ilə Səngəçal qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlik və Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək Cavabdeh2 üçüncü şəxs qismində cəlb edilməsi, iddia tələbinin Bakı-Astara yolunun 48-ci km-də olan qeyriyaşayış sahəsinin tikintisi üçün əvvəlki yerində icazə verilməsi öhdəliyinin Cavabdeh1 üzərinə qoyulması barəsində qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə ərizə təmin edilmiş, Cavabdeh2 cavabdeh qismində prosessual iştirakına xitam verilərək üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmiş, iddia tələbi “Bakı-Astara yolunun 48-ci km-də olan qeyri-yaşayış sahəsinin tikintisi üçün əvvəlki yerində icazə verilməsi öhdəliyinin Cavabdeh1 üzərinə qoyulması barəsində qərar qəbul edilməsi” formasında icraata qəbul edilmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək Bakı-Astara yolunun 48-ci kmdə yerləşmiş Bakı şəhəri Cavabdeh1 tərəfində sökülmüş, mənə məxsus olan qeyriyaşayış sahəsinin cavabdehin hesabına tikilərək ona təhvil verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Eyni zamanda, məhkəmə ilkin iddia tələbindən fərqli olaraq sonradan dəyişdirilmiş formada olan sökülmüş qeyri-yaşayış sahəsinin cavabdehin hesabına tikilərək ona təhvil verilməsi barədə iddia barədə cavabdehə məhkəmə iclasına qədər müraciət etməməsini də hesab edir ki, iddianın mümkünlüyünü istisna etməməlidir. İlk olaraq bununla bağlı qeyd olunmalıdır ki, tələbin formasının necə olmasından asılı olmayaraq mahiyyəti söküntünün cavabdeh tərəfindən həyata keçirilməsi ilə bağlıdır ki, istər cavabdehin etirazında, istərsə də cavabdehin nümayəndəsinin izahatından müəyyən edilir ki, cavabdeh həmin halı, yəni söküntünün onlar tərəfindən həyata keçirilməsini qəbul etmir. Yəni tələb istər söküntü ilə bağlı maddi ziyanın ödənilməsi, istər tikintiyə icazə verilməsi, istərsə də sökülmüş tikilinin bərpa edilərək təhvil verilməsi olsun prosessual qənaət prinsipi baxımından oxşar məzmunlu, mahiyyətində tikilinin söküntüsü ilə bağlı olan iddialardır. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçıdan məhz iddia tələbinin son forması ilə bağlı cavabdehə əvvəlcədən müraciətinin olması formal yanaşma hesab edilə bilər və prosessual qənaət prinsipininin tələblərinə uyğun olmaz. Həmçinin, nəzərə alınmalıdır ki, məhkəmə icraatının gedişində dəqiqləşdirilmiş formada tələblə bağlı cavabdehə iddiaçı tərəfindən müraciət edilmiş, tikilinin bərpa edilərək ona təhvil verilməsi xahiş edilmişdir. Lakin cavabdeh hər bir halda müraciətinini təmini istiqamətində heç bir addım atmamışdır. Çünki cavabdehin mövqeyi aşkardır. Söküntünün törədilməsi qəbul edilmirsə ona görə cavabdeh nə maddi ziyanın ödənilməsi, nə tikiliyə icazə verilməsi, nə də tikilinin təhvil verilməsini həyata keçirməklə bağlı mövqe nümayiş etdirməyəcək. Təzədən həmin tələblə bağlı müraciətin isə yuxarıda qeyd olunanlardan da göründüyü kimi tələb edilməsi formal tələbdir. Müəyyən növ iddialar üzrə ilkin olaraq cavabdehə müraciət edilməsinin zəruriliyi məqsədləri ilə uyğunluq təşkil etmir. Məhkəmə bir daha vurğulayır ki, iddiaçının məhkəmə icraatı gedişində müraciətinə müsbət münasibət bildirilməməsi də iddianın mümkünlüyünün qiymətləndirilməsində nəzərə alınmalıdır. Eyni zamanda, məhkəmə söküntünün həyata keçirilməsində cavabdehin təqsirinin olubolmamasını da hesab edir ki, iddianın mümkünlüyünə təsir etməyən hal qismində qiymətləndirməlidir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarlarında məhkəmə təcrübəsinə dair verilən aşağıdakı izahların qeyd edilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin bir çox qərarlarında (Məsələn 2-1(102)-1555/2021 saylı iş üzrə 06.10.2021-ci il tarixli qərarı, 2-1(102)-1178/2021saylı iş üzrə 23.06.2021-ci il tarixli qərarı, 2-1(102)-850/2021 saylı iş üzrə 26.05.2021-ci il tarixli qərarı və s) işin mahiyyəti qiymət verilməsi zamanı söküntü işlərinin həyata keçirilməsi ilə bağlı cavabdeh inzibati orqanların aidiyyətinin müəyyən edilməməsi iddianın iddiaya cavab verməli olmayan inzibati orqan hesab edilməməsi kimi mümkün sayılmaması ilə bağlı nəticəyə gəlinməmişdir. Başqa sözlə işin faktiki hallarının araşdırılması, əgər cavabdehin söküntünün həyata keçirilməsində aidiyyətinin olmaması ilə nəticələnirsə qeyd olunan hal iddianın rədd əsası qismində çıxış edir və iddiaya cavab verməli olmayan orqan qismində iddianın mümkünsüz hesab edilməsi əsası hesab edilmir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. AR MM-nin 2.5-ci maddəsinə görə əgər qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar bir tərəfin digər tərəfə inzibati və ya digər hakimiyyət tabeliyinə əsaslanan əmlak münasibətlərinə, o cümlədən vergi, maliyyə və inzibati münasibətlərə tətbiq edilmir. Göründüyü kimi qanunvericilikdə nəzərdə tutulmuş hallarda mülki hüquq normalarının inzibati münasibətlərdə tətbiqi mümkün hesab edilmişdir ki, bununla bağlı inzibati icraat haqqında qanunvericilikdə müvafiq norma mövcuddur. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 89.1-ci maddəsindən də göründüyü kimi inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. AR MM-nin: 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mülki qanunvericiliyin yuxarıda sadalanan müddəalarının təhlili belə nəticəyə gəlməyə əsas verir ki, mülki hüquq pozuntusuna – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin maddi olmayan formada ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və qeyd edilən dispozisiya şərtlərinin mövcud olduğu halda irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbin əsassız olmasına dəlalət edir. Hazırkı iş üzrə də vəziyyət belədir. Belə ki, yuxarıda qeyd olunan dispoziya şərtləri mövcud olmamış, cavabdehin iddiaçıya yerli icra hakimiyyəti orqanının sərəncamı ilə ayrılmış əmlakların sökülməsi ilə bağlı hər hansı hüquqa zidd, təqsirli hərəkəti olmamış, söküntünün cavabdeh tərəfindən sökülməsi sübut olunmamışdır. Qeyd olunmalıdır ki, AR İPM-nin 14.3-cü maddəsinin tələblərinə uyğun olaraq məcburetmə, dolayısı ilə də hər nə qədər birbaşa göstərilməsə də öhdəliyin icrası və kompensasiya ilə bağlı iddia növlərində inzibati praktikada təsdiq edir ki, sübutetmə yükü əsasən iddiaçı tərəfin üzərinə düşür. Yalnız inzibati orqan iddiaçının arzuladığı inzibati aktın və ya hərəkətin qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı mübahisənin mahiyyətini obyektin cavabdeh tərəfindən sökülübsökülməməsi təşkil edir ki, bu zaman həmin qeyri-yaşayış sahəsinin məhz cavabdeh tərəfindən sökülməsi iddiaçı tərəfindən sübut edilməlidir. İşin faktiki hallarından da göründüyü kimi iddiaçı 12 il əvvəl sökülmüş obyektin bərpasını hal-hazırda tələb edir. Cavabdeh də 12 il sonra obyektin söküntüsü ilə bağlı onda heç bir məlumat olmadığını qeyd edir ki, əmlakın sökülməsinin cavabdehə bağlılığı yalnız iddia tələbində göstərilmişdir. Bununla bağlı işin tam və obyektiv araşdırılması ilə bağlı həm cavabdehə, üçüncü şəxsə, həm Fövqəladə Hallar Nazirliyinə və onun aidiyyəti qurumuna, eləcə də aidiyyəti hüquq mühafizə orqanlarına müraciət edilmiş, lakin iddiaçının söküntü barədə hər hansı məlumat aşkar edilməmişdir. Göründüyü kimi iddiaçı iddia tələbinin təmini üçün əsas olan halları sübut edə bilməmişdir. Beləliklə, məhkəmə araşdırmaları nəticəsində hazırkı iddia üzrə cavabdehin qanuna zidd əməli - hərəkət və ya hərəkətsizliyi müəyyən edilmədiyindən iddiaçıya qeyriyaşayış sahəsinin tikilərək təhvil verilməsi formasında zərərinin cavabdeh tərəfindən aradan qaldırılmasından söz edilə bilməz. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar