Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4392/2023 07.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, Cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” öhdəliyinin inzibati orqanın üzərinə qoyulmasına dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə “müharibə veteranı” adı və və vəsiqəsinin verilməsi ilə bağlı müraciəti xx.xx.2022-ci il tarixdə baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən xx.xx.2022-ci il tarixli 024-3382B-3222 saylı məktubla məsələnin müsbət həllinin mümkün olmadığı nəzərinə çatdırılmışdır. xx.xx.2001-ci il tarixli, 10/10 saylı arayışla müəyyən olmuşdur ki, 1990-cı ildən 1995-ci ilədək Naxçıvan MR Daxili İşlər Nazirliyində xidmət keçmiş və Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Hal-hazırda Azərbaycan Respublikası Veteranlar Təşkilatı Bakı şəhər X3 müharibəsi veteranları Sabunçu rayon təşkilatının üzvüdür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəxsi Heyətlə İş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 024-3382B-3222 saylı xx.xx.2022-ci il tarixli məktubla bildirilmişdir ki, müraciətlə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin arxivinə və Naxçıvan Muxtar Respublikası Daxili işlər Nazirliyinə sorğu verilmiş, təqdim olunmuş cavab məktublarında Sizin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirakınızı təsdiq edən hər hansı məlumat aşkar olunmadığına görə qaldırdığınız məsələnin müsbət həlli mümkün hesab edilməmişdir. Odur ki, müraciətinizə baxılması dayandırılmışdır. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilmiş 10/10 saylı xx.xx.2001-ci il tarixli arayışa əsasən İddiaçı 1990-cı ildən 1995-ci il tarixə kimi Naxçıvan Muxtar Respublikası daxili işlər orqanlarında xidmət etmiş, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Şəxsi Heyətlə İş İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-13-23/2-69/2023 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, vətəndaş İddiaçı DİN-ə ünvanladığı müraciəti üzrə İdarədə aparılan araşdırma zamanı Naxçıvan Muxtar Respublikasının Daxili işlər Nazirliyinə və DİN-in Baş Əməliyyat və Statistik informasiya idarəsinə verilmiş sorğulara daxil olmuş xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli cavab məktublarında onun ölkənin suverenliyi və ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirakı barədə məlumatın aşkar olunmadığı qeyd edilmişdir. Göstərilənlər nəzərə alınaraq, vətəndaş İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi məqsədəuyğun hesab edilməmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər Nizami Rayon Polis İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-13-52/2-13065/2023 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, İddiaçı Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.1995-ci il tarixli 158 ş/h saylı əmrinə əsasən Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə ezam olunub-olunmaması barədə əsas olmuş sənədlərin arxivdə saxlanılma müddəti bitdiyindən müvafiq qanunvericiliyə uyğun olaraq Daxili İşlər Nazirliyinin Arxiv İdarəsinə göndərilmişdir. Həmin əmrin surətinin məhkəməyə təqdim olunmasının təmin edilməsi məqsədi ilə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Arxiv İdarəsinə müraciət etmək məqsədəmüvafiqdir. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-13-43/2-566/2023 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, İddiaçı xidmətini davam etdirmək üçün Naxçıvan MR DİN-in xx.xx.1995-ci il tarixli 158 ş/h nömrəli əmri ilə Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə ezam edildiyindən onun arxiv şəxsi işi Naxçıvan Muxtar Respublikası X4 Əməliyyat və Statistik intormasiya Şöbəsinin Arxiv-uçot bölməsinin uçot və qeydiyyatında dayanmır. İddiaçı arxiv şəxsi işindəki xidmətkeçmə siyahısının surətinin məhkəməyə təqdim olunması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik informasiya idarəsinə müraciət etmək məqsədəmüvafiqdir. Daxili işlər Nazirliyi sistemində istifadə olunan sənədlərin saxlanma yeri və müddətləri haqqında siyahısında post jurnallarının saxlanma müddəti 2 il nəzərdə tutulmuşdur. Ona görə də həmin jurnaldan çıxarış verilməsi imkan xaricindədir. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi 158 ş/h saylı xx.xx.1995-ci il tarixli əmrə əsasən İddiaçı Bakı şəhəri Nərimanov Polis İdarəsinin sərəncamına ezam edilmişdir. Polis starşinası Bağırov X1 dəmir yolu xətt PŞ-nin Culfa stansiyası polis bölməsinin polis nəfəri xx.xx.1995-ci il tarixdən. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Şəxsi Heyətlə İş İdarəsinə ünvanlanmış 012-16839-1222 saylı xx.xx.2022-ci il tarixli məktubla bildirilmişdir ki, İddiaçı arxiv şəxsi işində döyüşlərdə iştirak etməsi barədə qeydiyyat aşkar olunmamışdır (Əsas: arxiv şəxsi jşin № Siyahı-48, Arx.799). Bununla əlaqədar arxivdə saxlanılan DİN-in 1990-1994-cü illəri əhatə edən əmrlərinə baxılmış, lakin onun döyüş bölgəsinə ezam olunması barədə əmr müəyyən edilməmişdir. Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin əmrləri DİN-in arxivinə təhvil verilməmişdir. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-13-43/2-566/2023 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirakını sübut edən sənəd və ya döyüş bölgələrinə ezam edilməsi barədə hər hansı bir əmr Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X5 arxiv uçotlarında qeydiyyatda dayanmır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Şəxsi Heyətlə İş İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-13-23/2-133/2023 saylı xx.xx.2023-cü il tarixli məktub ilə xx.xx.2023-cü il tarixli 3-13-23/2-69/2023 nömrəli məktubun iddiaya qarşı münasibət qismində nəzərə alınması xahiş olunmuşdur. Vətəndaş İddiaçı DİN-ə ünvanladığı müraciəti üzrə idarədə aparılan araşdırma zamanı Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinə və DİN-in Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə verilmiş sorğulara daxil olmuş xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli cavab məktublarında onun ölkənin suverenliyi və ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirakı barədə məlumatın aşkar olunmadığı qeyd edildiyi üçün ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi məqsədəuyğun hesab edilməmişdir. Məhkəmənin hazırlıq icraatı üzrə iclaslarında və xx.xx.2023-cü il tarixli məhkəmə baxışı iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmənin şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, iddiaçının DİN-ə ünvanladığı müraciəti üzrə idarədə aparılan araşdırma zamanı Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinə və DİN-in Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə verilmiş sorğulara daxil olmuş xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli cavab məktublarında onun ölkənin suverenliyi və ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirakı barədə məlumatın aşkar olunmadığı qeyd edildiyi üçün ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi məqsədəuyğun hesab edilməmişdir. İddia tələbinin təmin edilməməsini xahiş etmişdir. II. İddianın növü və mümkünlüyü Müharibə veteranı adının və vəsiqəsinin verilməsi “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə (bundan sonra – Əsasnamə) əsasən müəyyən edilir. Müharibə veteranı adı aidiyyəti qurumların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd). Odur ki, həmin rəy qeyd edilən əlamətlərə malik olduğundan iddiaçıya münasibətdə inzibati akt hesab edilməli və hazırki iddia məcburetməyə dair iddiadır. İddiaçı inzibati orqanın üzərinə arzuladığı inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasını tələb edir. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia mümkündür. III. Məhkəmənin mövqeyi “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinin 1ci hissəsinin ikinci abzasına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin qanunun 7-ci maddəsinin 1-ci hissəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) tərəfindən müəyyən edilir. Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müvafiq komissiyaların rəyinə əsasən verilir. Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Qeyd edilən normativ hüquqi aktların tələbinə əsasən, məhkəmə tərəfindən aşağıdakı hallar müəyyən edilməlidir: Şəxsin (i) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirakı faktı; (ii) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməməsi, eləcə də hərbi xidmətdən qanuni əsaslarla tərxis edilmiş olması; və (iii) həmin dövrdə hərbi cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilib-edilməməsi (bəraətverici əsaslarla cinayət təqibinə xitam istisna olmaqla) və məhkumluğunun olub-olmaması olmalıdır. İddianın uğurluluğu həmin hallardan asılıdır və bu səbəbdən məhkəmə araşdırmasının həddi qeyd edilən halları müəyyən etməklə məhdudlaşmalıdır. 1-ci hala münasibətdə iddiaçının döyüş əməliyyatlarında iştirakı barədə heç bir məlumat aşkar edilməmişdir. 2-ci hala münasibətdə məhkəmə qeyd edir ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirakını sübut edən sənəd və ya döyüş bölgələrinə ezam edilməsi barədə hər hansı bir əmr Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X5 arxiv uçotlarında qeydiyyatda aşkar olunmamışdır. Eyni zamanda arxivdə saxlanılan AR DİN-in 1990-1994-cü illəri əhatə edən əmrlərinə baxılmış, lakin onun döyüş bölgəsinə ezam olunması barədə əmr müəyyən edilməmişdir. Beləliklə, iddiaçının döyüş əməliyyatlarında iştirakı barədə iş materialları ilə müəyyən edilmir. 3-cü hala münasibətdə məhkəmə qeyd edir ki, həmin dövrdə iddiaçının hərbi cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilməsi və məhkumluğunun olub-olmaması məhz Daxili İşlər Nazirliyi və onun rayon polis idarə (şöbələri) tərəfindən təqdim edilən fərdi uçot məlumatları əsasında müəyyən edilməlidir. İddiaçının döyüş əməliyyatlarında iştirakı öz əksini tapmadığından məhkəmə prosessual qənaət prinsipindən çıxış edərək qeyd edilən hala əlavə qiymət verilməsini zəruri hesab etmir. Məhkəmə qeyd edir ki, qeyd edilən hallar eyni zamanda mövcud olduğu təqdirdə şəxsin müvafiq hüququ təmin oluna bilər. Beləliklə məhkəmə hesab edir ki, cavabdehin imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi - 540) apellyasiya şikayəti verilə bilər. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №2-1(112)-4392/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4392/2023
07.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver