Məhkəmə qərarları › İş №2-1(112)-4396/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4396/2022

31.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4396/2022 31.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi X11, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sağlamlıq imkanları məhdud olan övladları X5 anadan olduğu müddətdən 18 yaşadək qulluq edilən müddətin sığorta stajı kimi tanınması, Vəlizadə (Qəribli) Leyla Vahid qızına İ qrup əlillik təyin edilən müddətdən pensiya yaşının tamam olan müddətə kimi 3 il 3 ay qəyyumluq stajının ona aid edilməsi və bunun sığorta stajı kimi tanınıb xx.xx.2021-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 57 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X16 izahatında bildirdi ki, iddiaçının sağlamlıq imkanı məhdud olan xx.xx.1986-cı il təvəllüdlü, hazırda İİ dərəcə əlilliyə görə müavinət alan X8 və xx.xx.1993-cü il təvəllüdlü, hazırda İ dərəcə əlilliyə görə pensiya alan Vəlizadə (Qəribli) Leyla Vahid qızı adlı övladları vardır. 01 fevral 2021-ci ildə iddiaçının 57 yaşının tamam olduğunu nəzərə alaraq güzəştli şərtlər daxilində pensiya almaq üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanaqlı və Operativ Sosial Təminat Agentliyinin 3 saylı Bakı “DOST” mərkəzinə müraciət edərək tələb olunan müvafiq sənədlərin surətlərini, o cümlədən Sabunçu 3 saylı TSEK-nin arayışlarını ərizə ilə birlikdə təqdim etmişdir. Cavabdehin xx.xx.2021-ci il tarixli məktubunda iddiaçının övladlarına qulluq eldiyi müddət də daxil olmaqla sığorta stajının 10 il 2 ay, tələb olunan müddətdən (25 ildən) az olduğu, iddiaçının pensiya kapitalıın isə cəmi 4149,20 manat, yəni tələb olunan 28.800,00 manat məbləğdən az olduğu əsas gətirilərək minimum 200 manat pensiya təminatına imkan verilmədiyi qeyd edilmişdir. İddiaçı cavabdehin imtinası ilə razı deyil. Belə ki, iddiaçının qızı Səbinə Qəribova uşaqlıqdan həkim qeydiyyatında olmuşdur. Ona uşaqlıqdan «debillik» əqli gerilik (oliqofreniya) diaqnozu qoyulmuşdur. Bu xəstəlik uşaqlarda anadangəlmə olur. İddiaçının qızı Səbinə Qəribova məktəb yaşı çatanda Bakı şəhəri 268 saylı orta məktəbdəki sağlamlıq imkanları məhdud uşaqlar üçün nəzərdə tutulmuş xüsusi komissiyanın təyinatına əsasən əvvəlcə S.Qəribovanı Bakı şəhəri Yasamal rayonu 53 saylı orta məktəbin köməkçi sinfinə, sonra isə Sabunçu rayonu 170 saylı orta məktəbin köməkçi sinfinə təyin etmişlər, 2-ci sinifdən sonra isə iddiaçının qızı evdə təhsil almışdır. 2001-ci ildə iddiaçının qızının 15 yaşı tamam olmuşdur və ona İİ qrup əlillik təyin edilmişdir. Həmin vaxta kimi isə iddiaçı hər ay müavinət almışıdır. Əvvəlki illərdə iddiaçıya hər ay 30 manat, sonrakı illərdə isə 50-60 manat müavinət verilirdi. 18 yaşı tamam olanda isə Səbinəyə əlillik arayışını müddətsiz vermişlər. Arayışların hamısında əliliyin səbəbi qrafasında uşaqlıqdan sözləri qeyd edilmişdir. İddiaçının kiçik qızı Leyla da eyni ilə uşaqlıqdan həkim qeydiyyatında olmuş, eyni diaqnozla müalicə edilmiş, 170 saylı məktəbdə sağlamlıq imkanları məhdud uşaqlar üçün nəzərdə tutulmuş sinifdə bir neçə il təhsil almış və sonradan təhsili ev şəraitinə keçirilmişdir. İddiaçının kiçik qızı Leylanın 15 yaşına qədər hər ay iddiaçı dövlətdən müavinət almışdır. 2008-ci ildə 15 yaşı tamam olanda isə iddiaçının qızı Leylaya İİ qrup əlillik, xx.xx.2017-ci ildə isə İ dərəcəli əlillik təyin edilmişdir. İddiaçı həmin vaxt rayon qeydiyyatında olduğundan iddiaçını qəyyum kimi qəbul etməmişlər. Qəyyum kimi iddiaçını deyil, onu – yəni iddiaçının həyat yoldaşını seçmişlər. O, həmin müddətdə və hazırda işləyir, xəstəyə iddiaçı özü qulluq etmişdir. Qeyd edilən tarixdən iddiaçının pensiyaya çıxmaq hüququ yaranan xx.xx.2021-ci tarixədək olan 3 il 3 aylıq müddət üzrə qəyyumluq stajı iddiaçıya aid edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 21.2 və 21.2.4-cü maddələrinin məzmunundan göründüyü kimi müvafiq icra hakimiyyəti orqanının müəyyən eldiyi qaydada hesablanan İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq edilməsi müddəti sığorta stajına daxil edilir. İddiaçı xx.xx.2021-ci il tarixdə rəsmi olaraq cavabdehə müraciət edərək sağlamlıq imkanları məhdud övladlarına qulluq eldiyi müddətin sığorta stajı hesab edilməsi ilə bağlı aktın verilməsini xahiş etmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina olunmuşdur. Bundan sonra iddiaçı eyni məsələ ilə bağlı Qəbələ Rayon İcra Hakimiyyətinin Mirzəbəyli kəndi üzrə nümayəndəliyinə müraciət etmişdir. İddiaçının həmin kənddə şəxsi evi vardır və iddiaçı 2021-ci il tarixədək həmin ünvanda pasport qeydiyyatında olmuşdur. İddiaçının qızı Səbinə məktəbə gedənə qədər, yəni 1994-cü ilədək iddiaçı kənddə yaşamışdır. Mirzəbəyli kəndi üzrə nümayəndəliyin arayışına əsasən iddiaçının sağlamlıq imkanı məhdud olan qızı Səbinə Qəribova iddiaçı tərəfindən 8 yaşınadək tərbiyə edilmişdir. 1994-cü ildə isə iddiaçı Bakı şəhəri üzrə Təhsil İdarəsi 2 saylı Psixoloji-Tibbi-Pedaqoji Komissiyasına müraciət etmişdir. Belə ki, iddiaçının qızını adi məktəbə qəbul etməmişlər, İddiaçıya qeyd edilən komissiyaya müraciət edib 27 saylı forma göndərişi almaq lazım olduğunu bildirmiş, göndərişi almaq üçün isə iddiaçıdan qızının xəstəliyini təsdiq edən müvafiq sənədlər, arayışlar tələb etmişlər. İddiaçı həmin sənədləri təqdim etdikdən sonra iddiaçıya Bakı şəhəri Yasamal rayonu ərazisində fəaliyyət göstərən 53 saylı məktəbə göndəriş vermişlər. Lakin həmin məktəbdə iddiaçının qızı cəmi dörd ay təhsil almışdır. İddiaçı Sabunçu rayonuna köçdüyündən yenidən qeyd edilən komissiyaya müraciət etmişdir. Yenə də iddiaçıdan qızının xəstəliyini təsdiq edən sənədləri tələb etmişlər və iddiaçıya Sabunçu rayonunda fəaliyyət göstərən 170 saylı orta məktəbə göndəriş vermişlər. Cəmi bir il iddiaçının qızı məktəbə getmiş, sonra isə təhsilini Tibbi Komissiyanın rəyinə əsasən ev şəraitində almışdır. İddiaçının qızının 9-cu sinfi bitirmək barədə şəhadədnaməsi vardır. Beləliklə, Qəbələ Rayon İcra Hakimiyyətinin Mirzəbəyli kəndi üzrə Nümayəndəliyinin arayışı ilə təsdiq olunarsa iddiaçının qızı Səbinə Qəribovaya etdiyi qulluq müddəti: anadan olduğu müddətdən 8 yaşadək olan müddət, 2 saylı Psixoloji-Tibbi-Pedaqoji Komissiyasının 27 saylı rəyləri, Bakı şəhəri 170 saylı orta məktəbin İX (köməkçi) sinfini bitirməsi barədə şəhadətnamə və 2001-ci ildən Sabunçu rayonu 3 saylı TSEK-nin arayışları ilə təsdiq olunarsa 1994-cü ildən 2004-cü illərdə köməkçi məktəbdə təhsil aldığı müddət iddiaçının stajına aid edilməlidir. İddiaçının qızı Leyla (Qəribli) Vəlizadəyə xx.xx.2017-ci il tarixdə İ qrup əlillik təyin edilmiş, həmin dövrdə iddiaçı rayon qeydiyyatında olduğundan qəyyum kimi əri olaraq onu qeyd etmişlər. Lakin xəstəyə iddiaçı qulluq etmişdir, qəyyumluq stajı iddiaçıya aid edilməlidir. xx.xx.2017-ci ildən xx.xx.2021-ci ilə kimi 3 il 3 ay staj hesablanarsa və əmək kitabçasına əsasən xx.xx.2006-cı il tarixədək 5 il 3 ay stajının olduğu nəzərə alınarsa iddiaçının stajı 26 il 6 ay edir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 izahatında bildirdi ki, iddiaçı övladı sağlamlıq imkanları məhdud olan X5 1986-cı il tarixdən və İ dərəcə əlilliyi olan X9 2017-ci il tarixdən qulluq etdiyini iddia edir. İddiaçı övladları X5 18 yaşınadək (1986-2004) və X9 2017-ci il tarixdən 2021-ci il tarixədək qulluq etdiyi dövrlərin sosial sığorta stajına daxil edilərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin iddiaçının əmək kitabçasında qeyd olunan, İ dərəcə əlilliyi olan və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etdiyi dövrlər ümumilikdə 25 ildən az olduğundan yaşa görə əmək pensiyası təyin edilməsi mümkün olmamışdır. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması zamanı təyin oluna bilər. Həyat fəaliyyətinin məhdudlaşması halının yaranıb-yaranmadığına isə yalnız klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsi aparıldıqdan sonra müvafiq səlahiyyətli orqan tərəfindən qərar verilə bilər. Çünki belə qiymətdəndirmə zamanı şəxsin fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, sağlamlıq vəziyyəti və sosial uyğunlaşma dərəcəsi müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar əsasında obyektiv dəyərləndirilir, xüsusən də xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. Buna görə də bir sıra tibbi sənədlərdə şəxsin anadangəlmə inkişaf qüsurlu olduğunun göstərilməsi və ya tibbi sosial ekspert komissiyasının müayinə aktının çıxarışında əlilliyin səbəbinin "anadangəlmə" sözləri ilə ifadə olunması avtomatik olaraq həmin şəxslərin 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş şəxs hesab etməyə əsas vermir. Çünki bu halda, gəlinmiş belə nəticə yuxarıda qeyd olunmuş kompleks qiymətləndirmənin nəticələrinə əsaslanmamış olur. Bundan əlavə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2.4-cü maddəsindən də göründüyü kimi, qeyd olunan dövrlər yalnız şəxsin İ dərəcə əlilliyi olduqda və ya 18 yaşınadək uşaq sağlamlıq imkanları məhdud olduqda sosial sığorta stajına daxil edilə bilər. Sabunçu Rayon Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən verilən arayışlar əsasında isə X6 İİ dərəcə əlillik təyin edilmişdir. Göründüyü kimi, S.Qəribovaya münasibətdə qeyd olunan tələblərdən heç biri ödənilmir. Belə olan halda iddiaçının 1986-cı il tarixdən 2004-cü il tarixədək (18 yaşadək) İİ dərəcə əlilliyi olan övladına qulluq dövrünün sosial sığorta stajına daxil edilməsi qanunvericiliyin tələblərinə ziddir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan AA seriyalı ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1964-cü il tarixdə doğulmuşdur. İş materiallarında olan AA seriyalı ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 xx.xx.1986-cı il tarixdə doğulmuşdur. İş materiallarında olan AA seriyalı ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X12 xx.xx.1993-cü il tarixdə doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd olunur: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 3 saylı Bakı “DOST” Mərkəzindən daxil olmuş ərizənizə və ona əlavə olunmuş sənədlərə mahiyyəti üzrə Mərkəzi Filialda baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 23 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa goıə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda qadınların pensiya yaşı 62 yaş 6 ay müəyyən edilmişdir. Sözügedən Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvalıq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Təqdim etdiyiniz əmək kitabçanızın surətinə əsasən övladlarınıza qulluq illəriniz də daxil olmaqla Sizin ümumi sığorta stajınız 10 il 2 ay olmaqla qanunla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək 4 il 11 ay sığorta stajınıza əsasən 3.746,84 manat, xx.xx.2006-cı il tarixindən pensiya hüququ yaranan tarixədək 402,36 manat olmaqla, ümumilikdə 4.149,20 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 28.800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Qeyd olunanlara əsasən bildiririk ki, Sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından düzgün hesab edilmir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qeyd olunan maddənin tələblərinə əsasən Sizə xx.xx.2021-ci il tarixindən 130 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Müavinət kartını əldə etmək üçün "xxxx" ASC-nin Sabunçü rayon filialına müraciət etməyiniz tövsiyə olunur. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən ötən dövr üzrə (xx.xx.2021-ci il tarixindən) yaranmış fərq məbləği cari pensiyanın üzərinə əlavə edilməklə növbəti aylarda ödəniləcəkdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd olunur: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına daxil olmuş ərizənizə tərəfimizdən baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda qadınların pensiya yaşı 62 yaş 6 ay müəyyən edilmişdir. Təqdim etdiyiniz əmək kitabçanızın surətinə əsasən sığorta stajınız 5 il 3 ay 27 gün olmaqla qanunvericiliklə tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək (3 il 11 ay 27 gün) sığorta stajına uyğun 2.287,93 manat, xx.xx.2017-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək 402,36 manat olmaqla, ümumilikdə 2.690,29 manat təşkil edir ki, bu məbləğ əmək pensiyası hüququnuz yaranan tarixdə qanunvericiliklə tələb olunan 28.800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Qeyd olunanlara əsasən bildiririk ki, Sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından düzgün hesab edilmir. Həmin Qanunun 21.2.4-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti sığorta stajına daxil edilir. “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanmas, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.9-cu maddəsinə əsasən İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxsə qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud Şöbənin və ya İdarənin nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan akt əsasında daxil edilir. Qeyd olunanlara uyğun olaraq bildiririk ki, sözügedən aktı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 2 saylı Bakı “DOST” Mərkəzinə təqdim etdikdən sonra Sizin yaşa görə əmək pensiyası hüququnuza yenidən baxıla bilər. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qeyd olunan maddənin tələblərinə əsasən Sizə xx.xx.2021-ci il tarixindən 130 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmiş, xx.xx.2022-ci il tarixindən isə 180 manata çatdırılmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialına ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd olunur: Fondun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialından xx.xx.2022-ci il tarixində daxil olmuş **********2 nömrəli xidməti məktuba Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialda baxılmışdır. Məlumat üçün bildiririk ki, vətəndaş İddiaçı təqdim etdiyi əmək kitabçasının surətinə əsasən xx.xx.1985-xx.xx.1985-ci illər, xx.xx.1986-xx.xx.1987-ci illər, xx.xx.1988xx.xx.1990-cı illər üzrə əmək fəaliyyəti dövrünə əsasən sosial sığorta stajı 3 il 11 ay 27 gün təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2.4-cü maddəsinə müvafiq olaraq bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına daxil edilir. Bildiririk ki, Tibbi-Sosial Ekspert Komissiyasının müayinə aktından çıxarışlarına əsasən xx.xx.2004-xx.xx.2005-ci illər, xx.xx.2008-xx.xx.2010-cu illər (sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq dövrü), xx.xx.2017-xx.xx.2022-ci illər (İ dərəcə əlilliyi olan şəxsə qulluq etdiyi dövr) üzrə sosial sığorta stajı 7 il 5 ay 11 gün təşkil edir. Vətəndaş İddiaçı təqdim etdiyi əmək kitabçasının surətinə əsasən övladına qulluq etdiyi dövr daxil olmaqla ümumi sığorta stajı 11 il 5 ay 8 gün olmaqla qanunla tələb olunan müddətdən (25 ildən) azdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir: Bakı şəhər sakini X3 əlillik vəziyyəti barədə 15 mart 2022-ci il tarixli, 2-1(112)-4396/2022 nömrəli sorğunuza Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində baxılmışdır. Müəyyən olunmuşdur ki, Səbinə Qəribovanın əlillik vəziyyəti xx.xx.2006-cı ildə qiymətləndirilmiş və “ümumi xəstəlik” səbəbindən müddətsiz ikinci dərəcə (Diaqnoz:kəskin debillik dərəcəsində oliqofreniya) əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Sonrakı dövrdə şəxsin digər diaqnoz ilə əlillik vəziyyətinin təkrar qiymətləndirilməsi məqsədilə 21 nömrəli Birləşmiş Şəhər Xəstəxanası tərəfindən rəsmiləşdirilmiş xx.xx.2021-ci il tarixli, 2712003AAD3S nömrəli göndəriş (Əsas diaqnoz: proqressivləşən əzələ distrofiyası. Süst tetraplegiya, bütün ətraflarda hərəkət məhdudluğu) Tibbi-Sosial Ekspert Komissiyasında elektron qiymətləndirilmiş və “ümumi xəstəlik” səbəbindən xx.xx.2021-ci il tarixindən 5 il müddətinə ikinci dərəcə əlillik təyinatı aparılmışdır. Sonuncu dəfə əlillik dərəcəsinin gücləndirilməsi üçün 21 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 2712003AAD8H nömrəli göndərişi (Əsas diaqnoz: proqressivləşən əzələ distrofiyası, yuvenil forma. Süst tetraplegiya. Hərəkətin və yerişin pozulmaları. Degenerativ miopiya, Orta dərəcəli əqli gerilik, davranış pozuntuları ilə. Asteno-nevrotik sindrom) əsasında qiymətləndirilmə aparılmış və “ümumi xəstəlik” səbəbi ilə 5 il müddətinə ikinci dərəcə əlilliyi qüvvədə saxlanılmışdır. Bildiririk ki, X4 18 yaşına qədər sağlamlıq imkanları məhdudluğu barədə “Əlillik” altsistemində məlumat aşkar edilmədi. İş materiallarında olan Qəbələ Rayon İcra Hakimiyyəti başçısının Mirzəbəyli kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, xx.xx.1964-cü il təvəllüdlü Qəbələ Rayon Mirzəbəyli kənd inzibati ərazi Nümayəndəliyində 2021-ci ilin mart ayınadək qeydiyyatda olan İddiaçı xx.xx.1986-cı il təvəllüdlü sağlamlıq imkanı məhdud olan övladı X7 yaşadığı evdə 8 yaşınadək tərbiyə etmişdir. İş materiallarında olan xx.xx.2012-ci ildə verilmiş 004071 nömrəli ümumi orta təhsil haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, 1993-cü il təvəllüdlü X14 2012-ci ildə 268 nömrəli xüsusi təhsil məktəbində ümumi orta təhsili bitirmişdir. İş materiallarında olan xx.xx.2004-cü ildə verilmiş 000895 nömrəli ümumi orta təhsil haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, 1986-cı il təvəllüdlü X8 2004-cü ildə Bakı şəhəri 170 saylı tam orta məktəbinin İX (köməkçi) sinifini bitirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, X5 xx.xx.2022-ci il tarixdə müddətsiz birinci dərəcəli əlillik təyin edilmişdir, əlilliyin səbəbi - ümumi xəstəlik qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, X9 xx.xx.2017-ci il tarixdə müddətsiz birinci dərəcəli əlillik təyin edilmişdir, əlilliyin səbəbi - ümumi xəstəlik qeyd edilmişdir. İş materiallarında olan Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş X5 məxsus 002271 saylı vəsiqənin surətindən görünür ki, X8 uşaqlıqdan ikinci qrup əlildir. İş materiallarında olan Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsi tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş 225317 saylı X15 məxsus vəsiqənin surətindən görünür ki, X13 18 yaşadək xəstə uşaq, əlildir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 3 saylı Tibbi-Sosial Ekspert Komissiyasının (Sabunçu) TSE-0 seriyalı, 382398 nömrəli arayışından görünür ki, 1986-cı il təvəllüdlü X5 əlilliyin səbəbi uşaqlıdan olmaqla xx.xx.2002-ci ilədək ikinci dərəcəli əlillik müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 3 saylı Tibbi-Sosial Ekspert Komissiyasının (Sabunçu) TSE-0 seriyalı, 514571 nömrəli arayışından görünür ki, 1986-cı il təvəllüdlü X5 əlilliyin səbəbi uşaqlıdan olmaqla xx.xx.2004-cü ilədək ikinci dərəcəli əlillik müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 3 saylı Tibbi-Sosial Ekspert Komissiyasının (Sabunçu) TSE-0 seriyalı, 572698 nömrəli arayışından görünür ki, 1986-cı il təvəllüdlü X5 əlilliyin səbəbi uşaqlıdan olmaqla xx.xx.2005-ci ilədək ikinci dərəcəli əlillik müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 3 saylı Tibbi-Sosial Ekspert Komissiyasının (Sabunçu) TSE-0 seriyalı, 857480 nömrəli arayışından görünür ki, 1986-cı il təvəllüdlü X5 əlilliyin səbəbi uşaqlıdan olmaqla xx.xx.2006-cı ilədək ikinci dərəcəli əlillik müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 3 saylı Tibbi-Sosial Ekspert Komissiyasının (Sabunçu) TSE-01 seriyalı, 068091 nömrəli arayışından görünür ki, 1986-cı il təvəllüdlü X5 əlilliyin səbəbi uşaqlıdan olmaqla müddətsiz ikinci dərəcəli əlillik müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı məxsus İT-İ seriyalı ******* nömrəli əmək kitabçasının tərcümə edilmiş və notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1985-ci ildə Azərbaycan SSR Qutqaşen MİB.V.İ. Lenin adına Meyvə Sovxozu 2 nömrəli briqadaya fəhlə işinə qəbul edilmiş, xx.xx.1985-ci ildə öz istəyi ilə işdən azad edilmiş, xx.xx.1986-cı ildə Klaypeda tara zavodu “Proqress” 28 nömrəli uşaq bağçasına yardımçı işçi kimi qəbul edilmiş, xx.xx.1987-ci ildə öz istəyi ilə işdən azad olunmuş (8 yaşına çatana qədər uşağa qulluq səbəbilə), xx.xx.1988-ci ildə “Zapremrıbflot GTB.Qərb gəmi təmiri zavodu. Lit. SSR, Klaypeda ş. 35 nömrəli uşaq bağçası-körpələr evinə sanitardayə işinə qəbul olunmuş (əsas işçinin dekret məzuniyyəti müddətinə), xx.xx.1989-cu ildə 35 nömrəli uşaq bağçası-körpələr evinə daimi əsaslı tərbiyəçi köməkçisi keçirilmiş, xx.xx.1990-cı ildə öz istəyi ilə işdən azad olunmuşdur (digər şəhərə köçmə səbəbilə). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydində göstərilir: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 8.2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 21.2.4-cü maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti də daxil edilir. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı xx.xx.1964-cü il təvəllüdlüdür. İddiaçı xx.xx.1985-ci ildə Azərbaycan SSR Qutqaşen MİB.V.İ. Lenin adına Meyvə Sovxozu 2 nömrəli briqadaya fəhlə işinə qəbul edilmiş, xx.xx.1985-ci ildə öz istəyi ilə işdən azad edilmiş, xx.xx.1986-cı ildə Klaypeda tara zavodu “Proqress” 28 nömrəli uşaq bağçasına yardımçı işçi kimi qəbul edilmiş, xx.xx.1987-ci ildə öz istəyi ilə işdən azad olunmuş (8 yaşına çatana qədər uşağa qulluq səbəbilə), xx.xx.1988-ci ildə “Zapremrıbflot GTB.Qərb gəmi təmiri zavodu. Lit. SSR, Klaypeda ş. 35 nömrəli uşaq bağçası-körpələr evinə sanitardayə işinə qəbul olunmuş (əsas işçinin dekret məzuniyyəti müddətinə), xx.xx.1989-cu ildə 35 nömrəli uşaq bağçası-körpələr evinə daimi əsaslı tərbiyəçi köməkçisi keçirilmiş, xx.xx.1990-cı ildə öz istəyi ilə işdən azad olunmuşdur (digər şəhərə köçmə səbəbilə). Əmək kitabçası üzrə əmək stajı 4 il təşkil edir. Eyni zamanda iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, iddiaçının qızı xx.xx.1993-cü il təvəllüdlü X9 xx.xx.2017-ci il tarixdə müddətsiz birinci dərəcəli əlillik təyin edilmişdir. Bundan əlavə iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 3 saylı Tibbi-Sosial Ekspert Komissiyasının arayışlarından görünür ki, iddiaçının digər qızı xx.xx.1986-cı il təvəllüdlü X3 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş və əlilliyin səbəbi uşaqlıdan olmaqla ikinci dərəcəli əlillik müəyyən edilmişdir. Həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, X5 xx.xx.2022-ci il tarixdə müddətsiz birinci dərəcəli əlillik təyin edilmişdir. Hər iki uşaq analarının (iddiaçının) himayəsində olmuş və iddiaçı hər iki uşağa qulluq etmişdir (İ dərəcə əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq edilməsi müddəti). Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının İ dərəcə əlilliyi olan qızı X9 (xx.xx.2017xx.xx.2021 – 3 il 3 ay 26 gün) və digər qızı 18 yaşınadək sağlamlıq imkanları məhdud olan X5 (18 il) qulluq dövrü sığorta stajına daxil edilməlidir. İddiaçının xx.xx.1964-cü il tarixdə doğulduğu və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinin tələblərinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etməsi nəzərə alındıqda, onun 57 yaşının tamam olduğu vaxtdan - xx.xx.2021-ci il tarixdən, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan digər şərtlərin də ödənildiyi halda, əmək pensiyası almaq hüququ vardır. Həmin normada nəzərdə tutulmuş digər şərtlərə gəldikdə, iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli (sığorta stajından asılı olmayaraq), qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə isə iddiaçı azı 25 il sığorta stajına malik olmalıdır. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, əmək kitabçasında qeyd olunan əmək stajı (4 il), İ dərəcə əlilliyi olan şəxsə (3 il 3 ay 26 gün) və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq edilməsi müddəti də (18 il) daxil olmaqla, iddiaçı pensiya yaşının tamam olduğu xx.xx.2021-ci il tarixə 25 ildən çox staja malikdir. Beləliklə, iddiaçının pensiya hüququ xx.xx.2021-ci ildə yaranmışdır və iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliyin tələb etdiyi minimum sığorta stajına malikdir. Ona görə də cavabdehin imtinası əsaslı hesab edilə bilməz və məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar