Məhkəmə qərarları › İş №2-1(112)-4398/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4398/2023

19.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4398/2023 19.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsinin Cavabdehnə qarşı “qərarın ləğvi və sair” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsi (bundan sonra – iddiaçı) Cavabdehnə (bundan sonra – cavabdeh) qarşı xx.xx.2022-ci il tarixdə şikayət ilə məhkəməyə müraciət edərək, Yasamal Rayon İcra Şöbəsinin xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi və icra sənədinin icra hərəkətlərinin davam etdirilməsi üçün həmin icra qurumuna qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsi (bundan sonra - Baş İdarə) tərəfindən Cavabdeh MMC-yə qarşı dövlət büdcəsinə ödənilməmiş 4459,75 manat məbləğində vergi borcunun tutulmasına dair “Tələbin icraya yönəldilməsi haqqında" Qərarla Yasamal Rayon İcra şöbəsinə müraciət edilmişdir. Yasamal Rayon İcra şöbəsi tərəfindən Baş İdarənin qeyd olunan Qərarı xx.xx.2021-ci il tarixli “İcra edilməyən və ya qismən icra edilən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında" Qərar qəbul edilmişdir. İcra Şöbəsinin qeyd olunan qərarında görülmüş icra tədbirləri nəticəsində icra sənədində borclunun qeyd olunan ünvanına baxış keçirildiyi, MMC-yə məxsus tələbin yönəldilə biləcəyi hər hansı əmlakın olmadığı və "Elektron İcra" İnformasiya Sistemində borcluya məxsus hər hansı əmlak və gəlir növlərinin olmadığının aşkar edildiyi qeyd olunmuş və “İcra Haqqında" Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinin tələblərinə uyğun olaraq icra sənədinin Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsinə qaytarılması qərara alınmışdır. Qeyd olunmalıdır ki, borclu Cavabdeh MMC tərəfindən dövlət büdcəsinə ödənilməli olan 4459,75 manat vergi borcundan Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən silinmə həyata keçirilərək, 100,0 manat vergi borcu qalmışdır. Yasamal Rayon İcra şöbəsinin xx.xx.2021-ci il tarixli “İcra edilməyən və ya qismən icra edilən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında" Qərarı və yuxarıda qeyd olunan maddənin tələblərini gözdən keçirdikdə icra məmuru tərəfindən bütün mümkün məcburi icra tədbirlərinin həyata keçirilmədiyi müəyyən olunur. Bundan başqa, Cavabdeh MMC-yə məxsus hər hansı əmlak və ya bank hesablarında olan pul vəsaitləri barədə məlumat əldə edilməsi haqqında icra şöbəsi tərəfindən edilmiş sorğular Qərara əlavə edilməmişdir. Göründüyü kimi icra sənədi üzrə “İcra haqqında” Qanunun 23.1.3-cü maddəsi ilə müəyyən edilmiş bütün tədbirlər tam yerinə yetirilməmişdir. Cavabdeh iddiaya dair yazılı münasibətini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişlər. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, «mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd) Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, hazırkı işə inzibati məhkəmədə iddia icraatı qaydasında baxıla bilməz. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsinin **********058600 saylı Tələbin icraya yönəldilməsi haqqında qərarından görünür ki, Borclu Cavabdeh 05 12 2019-cu il tarixə 4459.75 manat məbləğində borcu yaranmış, qərarların nəticə hissəsində maliyyə sanksiyasının 10 gün ərzində ödənilməsi tələb olunmuş və qərardan onu aldıqdan sonra VM-nin 62.3-cü maddəsinə əsasən 3 ay müddətində yuxarı vergi orqanına və ya məhkəməyə şikayət vermək hüququ bildirilmiş, qərarda göstərilən müddətdə borc ödənilmədiyinə görə borcluya bildirişlər, xəbərdarlıqlar, tələbnamələr göndərilmiş, bildirişlər xəbərdarlıqlar, tələbnamələr göndərilməsinə baxmayaraq borclu tərəfindən vergi, faiz və maliyyə sanksiyası ödənilməmişdir. Buna görə də həmin qərarla Cavabdeh MMC tərəfindən 4359,75 manat əsas, 0,00 manat faiz, 100,00 manat maliyyə sanksiyası olmaqla, ümumilikdə 4.459,75 manat vergi, faiz və maliyyə sanksiyası üzrə Vergilər Nazirliyinin Bakı şəhəri X1 üzrə Baş İdarəsinin xx.xx.2015-ci il tarixli **********956900 nömrəli, xx.xx.2015-ci il tarixli **********165000 nömrəli və 19 11.2019-cu il tarixli **********730000 nömrəli qərarlarının xx.xx.2019-cu il tarixindən icraya yönəldilməsi qərara alınmışdır. Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin xx.xx.2021-ci il tarixli xx.xx.2021-ci il tarixli qərarından görünür ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun icra sənədində qeyd olunan ünvanına baxış keçirilmiş, “Qala-Ant Project" MMC-yə məxsus tələbin yönəldilə biləcəyi hər hansı əmlakın olmadığı müəyyən edilmiş, eyni zamanda “Elektron icra" informasiya sistemində borcluya məxsus hər hansı əmlak və gəlir növlərinin olmadığı aşkar edilmişdir. Buna görə də Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı Şəhəri X1 Üzrə Baş İdarəsinin **********058600 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icra edilmədən onu vermiş orqana geri qaytarılması qərara alınmışdır. Bakı Şəhəri X1 Üzrə Baş İdarəsi hazırda bu qərarı mübahisələndirir. Məhkəmə qeyd edir ki, icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən məhkəməyə şikayət verilməsi “İcra haqqında” Qanunun 87.1-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddədə göstərilir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Göründüyü kimi, icra haqqında qanunvericiliyin tələblərinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər, o cümlədən hərəkətsizliklər inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən, onların inzibati iddia qaydasında ayrıca iddia verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. Lakin iddiaçının məhkəməyə təqdim etdiyi iddia ərizəsindən görünür ki, o şikayət adlandırılsa da, təqdim edilmiş sənədlər “2-1” indeksi üzrə qeydə alınmış, ayrıca iddia kimi qəbul olunmuşdur. Halbuki Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 29 noyabr 2011ci il tarixli 3-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın 147-ci bəndinə əsasən Azərbaycan Respublikasının məhkəmə sistemi üzrə vahid qeydiyyat və hesabat formasının təmin edilməsi üçün məhkəmə kodlarından (17-1 nömrəli əlavə) istifadə olunur, habelə işlərin (materialların) icraat növlərinin bir-birindən fərqləndirilməsi üçün onların birinci, apellyasiya, kassasiya instansiyası məhkəmələrində, həmçinin Ali Məhkəmənin Plenumunda qeydiyyatı üçün aşağıdakı indekslər müəyyən edilir: 2-1. inzibati mübahisələrə dair işlər üzrə icraat; 8 - məhkəmə və digər orqanların qərarlarının icrası qaydasında icraat. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında yaranmış bu mübahisə, inzibati orqanın mübahisələndirilən hərəkətləri icra sənədinin icrası qaydasında həyata keçirilən fəaliyyətlə bağlıdır. Belə olan halda, yuxarıda qeyd olunanlara əsasən hazırkı mübahisəyə inzibati mübahisə kimi ayrıca iddia qaydasında inzibati məhkəmədə baxıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar