Məhkəmə qərarları › İş №2-1(112)-44/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-44/2022

23.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-44/2022 23.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı mənzil kirayə müqaviləsinin bağlanılması tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı iddia ərizəsi ilə 2 saylı bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu Cavanşir küçəsi, 4 saylı yataqxana binasının 45 saylı mənzilinə dair onunla kirayə müqaviləsinin bağlanması barədə sərəncamın verilməsi vəzifəsinin Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı bildirir ki, 25 dekabr 1975-ci il tarixdən 01 iyul 2007-ci il tarixədək "xxxx" İstehsalat Birliyində (keçmiş Bakı Radiozavod) işləmişdir. Bakı "xxxx" X1 İttifaqı Komitəsinin və X2 Şurasının və MMK-nin birgə iclasının 09 noyabr 2004-cü il tarixli, 41 saylı iclasının qərarı ilə Birlik tərəfindən Radioquraşdırma» İstehsalat Birliyində uzun illər işləyən fəhlə və qulluqçularına birlikdə mənzil növbəsində olanlara növbə əsasında mənzil verə bilməməsini nəzərə alaraq. Birliyə məxsus olan S.Ə.ünvan 1A, Məshəti küçəsi 3A, R.Quliyev küçəsi 6 və Cavanşir küçəsi 4 ünvanlarında yerləşən yataqxanalarda hal- hazırda yaşayan fəhlə və qulluqçularına yaşadıqları otaqlara yeni mənzil nömrələrinin verilməsi, habelə birliyin yataqxanalarında yaşayan fəhlə və qulluqçulara yaşadıqları mənzilə Order verilməsi və Orderdə göstərilmiş mənzil nömrəsinə əsasən passport qeydiyyatına salınması, birlikdə yataqxana növbəsində olan fəhlə və qulluqçulara məcburi qaçqın ailələri tərəfindən zəbt olunmuş mənzillər təklif olunması və razılığa əsasən sənədləşdirilməsi, birlikdə işləyib uzun illərdi mənzil və yataqxana növbəsində olan və yataqxanada yaşayan ailə üzvlərinə görə mənzil sahəsi az olan fəhlə və qulluqçulara da qaçqın ailələri tərəfindən zəbt olunmuş mənzillərin verilməsi, birliyə məxsus S.Ə.ünvan 1, Məshəti küçəsi 3A, R.Quliyev küçəsi 6 və Cavanşir küçəsi 4 ünvanlarında yerləşən yataqxanalarda hal-hazırda yaşayan qaçqın və məcburi köçkün ailələri torpaqların alınarkən və ya ölkə prezidentinin sərəncamı ilə məcburi köçkün ailələrinə mənzil verilən vaxtadək yataqxanalarda boşalacaq mənzillər qeyri- şərtsiz həmin mənzillərə order verilmiş fəhlə və qulluqşulara verilməsi qərara alınmışdır. Daha sonra Bakı "xxxx" X1 İttifaqı Komitəsinin və X2 Şurasının və MMK-nın birgə iclasının 06 dekabr 2006-cı il tarixli, 68 saylı iclasının qərarı ilə Birliyə məxsus olan Cavanşir küçəsi 4-də yerləşən yataqxanada 3-cü mərtəbədə 18 kv.metrlik 45№li mənzilin İddiaçı verilməsi qərara alınmışdır. Eyni zamanda qeyd olunan qərarda S.Ə.ünvan 1A, Məshəti küçəsi 3 A, R.Quliyev küçəsi 6 və Cavanşir küçəsi 4 ünvanlarında yerləşən yataqxanalar hər hansı qurumun və təşkilatın balansına verilməsindən asılı olmasına baxmayaraq birliyin orderi əsasında fəhlə və qulluqçulara verilmiş mənzillər həmin orderdə göstərilmiş vətəndaşa məxsus olması qərara alınmışdır. Göstərilən qərar əsasında həmin mənzilə dair iddiaçının adına order verilmişdir. ünvan 4 ünvanında yerləşən yataqxanada mənzilləri zəbt olunmuş sakinlərin siyahısında onun adı 15-ci sırada qeyd olunmuşdur. Daha sonra xx.xx.2014-cü il tarixdə Azərbayean Respublikası Sənaye Nazirliyi Sosial Xidmətlər İdarəsi və Bakı şəhər Mənzil-Kommunal Təsərrüfat Departamenti təsdiq edilmiş Təhvil- Qəbul Aktı ilə S.Ə.ünvan 1A, Məshəti küçəsi 3A, R.Quliyev küçəsi 6 və Cavanşir küçəsi 4 ünvanlarında yerləşən yataqxanalar Bakı şəhər Mənzil- Kommunal Təsərrüfatı Departamentinin 1 Saylı Xüsusi Təyinatlı Mənzil Təsərrüfat Birliyinin balansına verilmişdir. O uzun illər qeyd olunan mənzil onun və ailə üzvlərinin istifadəsində olmasa da həmin mənzil üzrə bütün kommunal xidmət haqqları vaxtlı -vaxtında ödənilmişdir. Bütün bunlardan sonra 2018-ci il tarixdə ölkə prezidentinin təşəbüsü ilə qeyd olunan yataqxanada yaşayan məcburi köçkünlərə yeni mənzillər verilmiş və həmin insanlar qeyd olunan mənzillərə köçürülmüşlər. Bundan sonra o qeyd olunan mənzilə dair ona verilmiş order üzrə kirayə müqaviləsinin bağlanması üçün cavabdeh Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə müraciət etsə də bu günə qədər müraciətinə cavab verilməmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraza görə, İddiaçı Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı "mənzil kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi" tələbinə dair iş üzrə bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli, 131s nömrəli sərəncamına əsasən Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli, 294 saylı sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan sosial-mədəni və məişət-kommunal təyinatlı obyektlər, o cümlədən ünvan 6 ünvanda yerləşən yataqxana binası balansa qəbul edilmişdir. Göstərilən bina balansa qəbul edilərkən məcburi köçkünlərin məskunlaşdığı yaşayış sahələrinə ayrı-ayrı şəxslərin adına orderlərin verilməsinə dair heç bir sənəd təhvil verilməmişdir. Qeyd edilən yataqxana binası 1968-ci ildə inşa edilmiş, daş karkas konstruksiyadan, beş mərtəbədən, iki girişdən ibarətdir. Yataqxana binası balansa qəbul edilənədək əvvəllər məxsus olduğu Müdafiə Sənayesi Nazirliyinin müvafiq qrumlannda çalışan işçilər və məcburi köçkün ailələri orada məskunlaşmışdır. Azərbaycan Respublikası Prezidentinin "Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" 21 fevral 2011-ci il tarixli, 1346 nömrəli sərəncamı ilə təsdiq edilmiş müvafiq X3 nəzərdə tutulmuş tədbirlər çərçivəsində qeyd edilən yataqxanada müvəqqəti məskunlaşmış 63 məcburi köçkün ailəsindən 57 ailə aidiyyəti dövlət qurumları tərəfindən yeni mənzillərə köçürülmüş, 6 ailə isə müxtəlif səbəblərdən köçmədiklərinə görə faktiki olaraq həmin ünvanda yaşayırlar. Cavabdeh bildirir ki, İddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə müraciət edərək Bakı şəhəri, ünvan 6 yataqxana binasının 45 saylı otağına adına kirayə müqaviləsi bağlanmasım xahiş etmişdir. Aparılan araşdırmalar zamanı əldə edilmiş sənədlərdən müəyyən edilmişdir ki, Bakı şəhəri, ünvan 6 yataqxana binasının 45 saylı otağında 1993-cü ildən Ağdam rayonundan məcburi köçkün kimi X6, arvadı X4, qızı Arifə Pəniyeva və 2 oğlu Fəxri və Heydər Pəniyevlər məskunlaşmış, həmin məcburi köçkün ailəsi Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin müvafiq qurumları tərəfindən 2018-ci ilin iyul ayında məcburi köçkünlər üçün salınmış şəhərciyə köçürülmüşdür. Bundan istifadə edən İddiaçı 45 saylı otağı əldə etmək məqsədilə qapısını bağlamışdır. Qanunsuz hərəkətini onunla əsaslandırmışdır ki, məcburi köçkün ailəsi yaşadığı halda Bakı "xxxx" İstehsalat Zavodunun xx.xx.2006-cı il tarixli, 0063 saylı müvəqqəti yaşamaq üçün verilmiş yataqxana orderi ilə 45 saylı otaq onun istfadesinə verildiyindən, həmin ünvana xx.xx.2018-ci ildə ümumi qeydiyyata alınmış (yəni otaq nömrəsi göstərilmədən) və ona AZE ******** saylı şəxsiyyət vəsiqəsi verilmişdir. Faktiki olaraq məcburi köçkün yaşadığı boş olmayan mənzilə güya order verilmiş, qeyd edilən orderin isə "xxxx" İstehsalat Birliyinin müdiriyyəti tərəfindən möhürlə təsdiq edilməmiş, həmçinin mənzil sahəsinin verilməsi barədə adıçəkilən təşkilatın müdiriyyəti və həmkarlar komitəsinin birgə qərarı olmamışdır. Əldə olan protokolların surəti isə şablon xarakterli olmaqla həqiqəti əks etdirmir. Odur ki, Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən xx.xx.2019-cu il tarixli, 48 saylı məktubla "Üfüq" İstehsalat Birliyi "xxxx" zavodu MMC-yə müraciət edilərək məcburi köçkünlərin məskunlaşdığı yaşayış sahələrinə hansı əsaslarla orderlərin verildiyi və ona əsas verən sənədlərin təqdim olunması xahiş edilmişdir. "Üfüq" İstehsalat Birliyi"xxxx" zavodu MMC tərəfindən xx.xx.2019-cu il tarixli, 02/47 cavab məktubu ilə bildirilmişdir ki, Bakı şəhəri, ünvan 6 yataqxana binası xx.xx.2007-ci il tarixdən Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansına verildiyindən həmin dövrdən məcburi köçkünlər məskunlaşdığı otaqlara müəssisə ilə əmək münasibətlərində olan işçilərinin heç birinə order verilməmişdir. Əvvəlki dövrlərdə yataqxanada məskunlaşmaq üçün verilmiş orderlərlə bağlı məlumatın verilməsi mümkün olmamışdır. Göründüyü kimi, məcburi köçkün ailəsinin məskunlaşdığı boş olmayan 45 saylı otağa dair İddiaçı verilmiş xx.xx.2006-cı il tarixli 0063 saylı orderin hüquqi əsası olmamış və bununla bağlı zavodun arxivində heç bir sənəd aşkarlanmamışdır. Belə ki, Bakı "xxxx" zavodu MMC tərəfindən cavabdeh İddiaçı adına orderin verilməsi təsdiq olunmadığından, həmin order mənzil qanunvericiliyinin tələblərinə zidd olaraq əldə edilmişdir. Ona görə də, cavabdeh İddiaçı adına yazılmış həmin order etibarsız hesab edilməlidir. Cavabdeh həmçinin qeyd etmişdir ki, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən iddia ərizəsi ilə, Bakı şəhəri, ünvan 6 yataqxana binasının 45 saylı mənzilinə dair cavabdeh İddiaçı qızma qarşı qanunsuz olaraq əldə etdiyi xx.xx.2006-cı il tarixli, 0063 saylı orderin etibarsız hesab edilməsi və onun yaşayış sahəsinə hüququnun itirilməsi barədə Xətai Rayon Məhkəməsinə müraciət olunmuşdur. Qeyd olunanlara əsasən cavabdeh iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəmənin 01 iyul 2019-cu il tarixli 2-1(82)-800/2019 saylı Qərardadı əsasında İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı mənzil kirayə müqaviləsinin bağlanılması barədə sərəncamın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair iş üzrə icraat Bakı şəhər Xətai rayon Məhkəməsinin icraatında olan iddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin cavabdeh İddiaçı qarşı orderin etibarsız hesab edilməsi haqqında iddiasına dair mülki iş üzrə çıxarılacaq yekun məhkəmə qərarı qanuni qüvvəsini alanadək dayandırılması qərara alınmışdır. Məhkəmə araşdırması zamanı məhkəmə tərəfindən Bakı şəhər Xətai rayon Məhkəməsinə 27 avqust 2020-ci il tarixli sorğu ilə müraciət olunaraq 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-800/2019 saylı qərardadı ilə İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı mənzil kirayə müqaviləsinin bağlanması tələbinə dair inzibati mübahisəyə dair 2-1(82)- 800/2019 saylı inzibati iş üzrə icraat Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin cavabdeh İddiaçı qarşı orderin etibarsız hesab edilməsi iddiasına dair mülki iş üzrə çıxarılacaq yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək dayandırıldığı, qeyd olunanların nəzərə alınaraq, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olmuş iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin cavabdeh İddiaçı qarşı orderin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə yekun məhkəmə aktının qəbul edilib-edilməməsi, qəbul edildiyi təqdirdə həmin məhkəmə aktının qanuni qüvvəyə minib-minməməsi barədə məlumat verilməsini və iş üzrə qəbul edilmiş məhkəmə aktının surətinin məhkəməyə göndərilməsinin təmin edilməsi xahiş edilmişdir. Sorğuya cavab olaraq Bakı şəhər Xətai rayon Məhkəməsi tərəfindən icraatda olmuş 2(011)-5765/2019 nömrəli iş üzrə məhkəmənin 30 avqust 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin cavabdeh İddiaçı qarşı - cavabdehin Bakı şəhəri, ünvan 6 evin 45 saylı mənzilindən çıxarılması, əldə etdiyi 22 dekabr 2006-cı il tarixli 0063 saylı orderin etibarsız hesab edilməsi və mənzilin 133 saylı Məı,zil- istismar sahəsinə təhvil verilməsi barədə iddiasının rədd edilməsi qət edildiyi, qeyd edilən qətnamədən iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti apelyasiya şikayətinin verildiyi və mülki işin apelyasiya şikayətinə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərildiyi, Azemis Elektron Məhkəmə informasiya sistemində olan məlumata əsasən mülki işə hazırda kasasiya instansiyası məhkəməsinin icraatında baxılmaqda olduğu qeyd edilmişdir. xx.xx.2021-ci il tarixdə iddiaçı məhkəməyə ərizə ünvanlayaraq, iş üzrə icraatın təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəyə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2-1(102)-2316/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı əlavə olunmuşdur. Bakı İnzibati Məhkəmənin 20 dekabr 2021-ci il tarixli 2-1(112)-82/2021 saylı Qərardadı əsasında iş üzrə icraat təzələnərək, sonrakı prosessual hərəkətlər davam etdirilmişdir. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında tərəflərin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işin hallarından müəyyən edilir ki, iddiaçı Bakı şəhəri, ünvan 6 yataqxana binasının 45 saylı mənzilə dair kirayə müqaviləsinin iddiaçının adına bağlanılmasını tələb edərək, öz tələbini Bakı "xxxx" İB-də işləməsi və Bakı "xxxx" İB tərəfindən ona verilən 0063 nömrəli xx.xx.2006-cı il tarixli Orderə istinad etməklə əsaslandırmağa çalışmışdır. Məhkəmə araşdırması zamanı “Üfüq” İstehsalat Birliyi "xxxx" Zavodu MMC tərəfindən orderlə mənzil təqdim olunmuş işçilərin ümumi siyahısının təsdiq edilmiş surəti Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi “Üfüq” İstehsalat Birliyi "xxxx" Zavodundan sorğu əsasında tələb edilmiş, sorğuya cavab olaraq sonuncu tərəfindən məhkəməyə Bakı şəhəri "xxxx" İB-nin balansında olan Cavanşir küçəsi, 4, R.Quliyev küçəsi 6, Məshəti küçəsi 3 A və S.Ə.ünvan 1 A ünvanlarında yerləşən yataqxanalarda "xxxx" İB-nin HİK-nin X7 və MMK-nın Birgə qərarı ilə fəhlə və qulluqçulara mənzil və yataqxana növbəsi əsasında verilmiş Orderlərin siyahısı məhkəməyə təqdim edilmişdir. Qeyd olunan Siyahı məhkəmə tərəfindən araşdırılarkən İddiaçı adının sözügedən siyahıda olmadığı müəyyən edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi “Üfüq” İstehsalat Birliyi "xxxx" Zavodu MMC tərəfindən məhkəməyə təqdim edilən məktubda "xxxx" zavodu tərəfindən ünvan 9 ünvanında yerləşən yataqxananın xx.xx.2007-ci il tarixindən Müdafiə Sənayesi Nazirliyinin Sosial Xidmətlər İdarəsinin balansına verildiyindən həmin dövrdən məcburi köçkünlər məskunlaşdığı otaqlara müəssisənin əmək münasibətlərində olan işçilərindən heç birinə orderlərin verilmədiyi, əvvəlki dövrlərdə ünvan 9 ünvanında yerləşən yataqxanada məskunlaşmaq üçün verilmiş orderlərin işçilərin özlərinə verildiyindən və həmin dövlərə aid protokollar tam olmadığından onlarla bağlı əlavə məlumatın verilə bilmədiyi bildirilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti məhkəmənin sorğusuna cavab olaraq təqdim etdiyi 362/1 nömrəli xx.xx.2022-ci il tarixli məktubunda bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli, 131 s nömrəli sərəncamının icrası haqqında Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli, 294 saylı sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan sosial-mədəni və məişət-kommunal təyinatlı obyektlər, o cümlədən ünvan 6 ünvanda yerləşən subay işçilərin işlədikləri müddətdə yaşamaları üçün inşa edilmiş (394 yerlik çarpayı tipli) yataqxana binası da balansa qəbul edilmişdir. Göstərilən bina balansa qəbul edilərkən məcburi köçkünlərin məskunlaşdırıldığı yaşayış sahələrinə ayrı-ayrı şəxslərin adına orderlərin verilməsinə dair heç bir sənəd təhvil verilməmişdir. Yataqxana binası balansa qəbul edilən vaxt tam məskunlaşdırılmışdır. Bina uzun müddət təmirsiz istismar olunduğundan, aşınmaya məruz qalmış və qüvvədə olan sanitar-texniki normaların pozulması ilə yanaşı binanın əlavə konstruktiv yüklənməsinə və istismar müddətinin azalmasına səbəb olmuşdur. Belə ki, binanın divarlarındakı hörgü daşlarında çoxlu sayda çatların yaranması, üzlük daşlarının tökülməsi, bütün mərtəbələrində mətbəxt və sanitar qovşaqlarının bir çoxunda boşluqlu tavaların armaturlarının ciddi korroziyaya uğrayaraq beton mühafizə qatının dağılması, panellərdə əyintilərin əmələ gəlməsi, eləcə də bütün eyvan tavalarının yükgötürmə qabiliyətlərini itirməsi və bu kimi digər halların mövcud olması müşahidə olunmuşdur. Binanın təcili olaraq yuklüyünün azaldılmasına ciddi ehtiyac vardır. Bundan əlavə, binada dövlət vəsaiti hesabına bərpa və gücləndirmə işlərinin aparılması iqtisadi cəhətdən səmərəsizdir. Bu səbəbdən də, orada yaşayan sakinlər müxtəlif dövlət orqanlarına kollektiv müraciətlər edərək, mənzil şəraitlərinin yaxşılaşdırılması üçün yeni mənzillərlə təmin olunmaların Azərbaycan Respublikası Prezidentinin "Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" 21 fevral 2011-ci il tarixli, 1346 nömrəli Sərəncamı ilə təsdiq edilmiş müvafiq X3 nəzərdə tutulmuş tədbirlər çərçivəsində qeyd edilən yataqxanada məskunlaşmış 63 məcburi köçkün ailəsindən 57 ailə 2018-ci ilin iyul ayında Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin müvafiq qurumları tərəfindən yeni mənzillərə köçürülmüş və bu barədə yuxarı dövlət orqanlarına müvafiq qaydada hesabat məlumatları verilmişdir. 6 ailə isə müxtəlif səbəblərdən köçmədiklərinə görə faktiki olaraq həmin ünvanda yaşayırlar. ünvan 10əsi xüsusi təyinatlı mənzil fonduna aiddir. Müəyyən edilmişdir ki, Bakı şəhəri, ünvan 6 yataqxana binasının 45 saylı otağında 1993-cü ildən Ağdam rayonundan məcburi köçkün kimi X6, arvadı X4, qızı Arifə Pəniyeva və 2 oğlu Fəxri və Heydər Pəniyevlər məskunlaşmış, həmin məcburi köçkün ailəsi Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin müvafiq qurumları tərəfindən 2018-ci ilin iyul ayında məcburi köçkünlər üçün salınmış şəhərciyə köçürülmüşdür. İddiaçı qeyd edilən binanın 45 saylı (3 yerlik) otağından məcburi köçkün ailəsi köçürüldükdən sonra həmin otağın qapısını bağlayaraq zəbt etmiş, bir gün də olsun həmin mənzildə yaşamamış və eləcə də xüsusi təyinatlı mənzil fonduna aid yaşayış sahəsi üzərində balanssaxlayan təşkilat tərəfindən idarəçilik hüquqlarının həyata keçirilməsinə maneə yaratmışdır. Əlavə olaraq bildiririk ki, bina balansa qəbul edilərkən Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Departamentin 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi arasında 07 yanvar 2014-cü il tarixli təhvilqəbul aktı tərtib edilərkən qeyd edilən binada yerləşən mənzillərə dair hüquqmüəyyənedici sənədlər (order, sərəncam, qərar və s.) təhvil verilmədiyindən sorğuda göstərilən sənədlərin məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. İş materiallarından həmçinin müəyyən edilir ki, Xətai Rayon Məhkəməsinin 30 avqust 2019-cu il tarixli qətnaməsinə əsasən Bakı Şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamentinin İddiaçı qarşı (3-cü şəxslər “Üfüq” İstehsalat Birliyi "xxxx" Zavodu MMC , Xətai rayon Polis İdarəsi, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi, Bakı şəhər İcra Hakimiyyəti və Xətai rayon İcra Hakimiyyəti olmaqla) 0063 nömrəli xx.xx.2006-cı il tarixli Orderi mübahisələndirmişdir. Xətai Rayon Məhkəməsinin 2(011)-5765/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 13859/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Xətai Rayon Məhkəməsinin 2(011)-5769/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(102)-2316/2020 saylı qərarı ilə iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmamış və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-13859/2019 saylı, 04 dekabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2316/2020 saylı qərarında göstərilmişdir ki, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərkən cavabdeh qismində İddiaçı göstərmiş, tələbini ona qarşı yönəltmişdir. Orderi vermiş hüquqi şəxs isə baxılan iş üzrə yalnız mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilmişdir. Birinci instansiya məhkəməsinə təqdim olunmuş sənədlərdən də görünür ki, mübahisələndirilən order “Radioquraşdırma Zavodu” tərəfindən verilmiş, onun rəhbəri tərəfindən imzalanmış və möhürü ilə təsdiq edilmişdir. Order və onun verilməsinə əsas olmuş qərar cavabdehə mübahisəli otaqlara köçüb yaşamaq hüququ versə də, orderin qanuniliyinə (etibarlı olub-olmadığına) cavab verməli olan əsas şəxs məhz həmin zavoddur. Göründüyü kimi, iddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin cavabdeh İddiaçı qarşı “orderin etibarsız hesab edilməsitələbi barədə” iddiasının təmin edilməməsi iddia tələbinin əsl olmayan cavabdehə qarşı verilməsi ilə əlaqədar olmuşdur. Məhkəmə hazırkı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli, 131s nömrəli sərəncamına əsasən Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli, 294 saylı sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan sosial-mədəni və məişət-kommunal təyinatlı obyektlər, o cümlədən ünvan 6 ünvanda yerləşən subay işçilərin işlədikləri müddətdə yaşamaları üçün inşa edilmiş (394 yerlik çarpayı tipli) yataqxana binası da balansa qəbul edilmişdir. Qüvvədə olan qanunvericiliyin müddəalarına əsasən dövlət mülkiyyətində olan və müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Nazirlər Kabineti) qərarı əsasında müvafiq icra hakimiyyəti orqanlarının balansına verilən yataqxanalarda yaşayış sahələrinə dair kirayə müqaviləsinin yalnız orada faktiki yaşayan sakinlərlə bağlanması təsbit edilmişdir, yəni yataqxanada faktiki yaşamayan sakinlərlə kirayə müqaviləsinin bağlanılması mümkünsüz hesab edilmişdir. Göründüyü kimi, həm iddia ərizəsində iddiaçının etiraf etdiyi kimi, həmçinin iş materialları əsasında İddiaçı Bakı şəhəri, ünvan 6 Yataqxana binasının 45 saylı mənzildə yaşaması öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1980-ci il tarixli, 363 nömrəli qərarı ilə (hal-hazırda qüvvədə olan) təsdiq edilmiş "Yataqxanalar haqqında nümunəvi Əsasnamə"nin 2-ci bəndinin İİİ hissəsinə əsasən "Yataqxanalar aşağıdakı tipdə ola bilər: çarpayı tipli kişi və qadın yataqxanaları, bu halda 1 otaqda bir neçə nəfər yaşayaraq ayrıayrı çarpayıları tuturlar; yaxud otaq tipli yataqxana, bu halda həmin müəssisədə, idarədə, təşkilatda işlədiyi (oxuduğu müddətdə) orada yaşayana və onun ailə üzvlərinə müstəsna olaraq bir və ya ayrı-ayrı hallarda birdən artıq otaq verilir". Azərbaycan SSR Nazirlər Sovetinin (Azərbaycan Respublikası Nazirlər Kabinetinin) 14 oktyabr 1983-cü il tarixli, 418 nömrəli qərarı ilə təsdiq edilmiş "Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçota alınmasının və Azərbaycan SSR ərazisindəki yaşayış evlərinin bölüşdürülməsinin Nümunəvi qaydaları"nın 14-cü bəndinə görə, iş yerində uçota götürülmək haqqında vətəndaşların ərizələrinə və mənzil-məişət komissiyalarının apardığı yoxlamanın materiallarına müəssisə, idarə, təşkilat müdiriyyəti və həmkarlar ittifaqı komitəsi tərəfindən ərizənin daxil olduğu gündən bir ay müddətində baxılır və birgə qərar çıxarırlar. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotuna müdiriyyətin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə götürülmüş vətəndaşların siyahıları (2 nömrəli əlavə) və onların uçot işləri qərarın qəbul edildiyi vaxtdan 10 gündən çox olmayaraq, müdiriyyət və həmkarlar ittifaqı komitəsi tərəfindən yerli xalq deputatları Soveti İcraiyyə Komitəsinin təsdiqinə verilir. Eyni zamanda, "Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları"mn (XX çağırış Bakı Şəhər Xalq Deputatları Soveti 4-cü sessiyasının 1988-ci il 8 aprel tarixli qərarı ilə təsdiq edilmiş, sonrakı əlavə və dəyişikliklərlə) 21-ci bəndinə müvafiq olaraq vətəndaşların iş yerində mənzil növbəsinə uçota götürülməsi qaydaları təsbit edilmişdir. Həmin qərarın 28-ci bəndinə görə, yaşamaq üçün vətəndaşlara verilən yaşayış sahəsi həmin yaşayış məntəqəsinin şəraitinə müvafiq surətdə abad olmalı, müəyyən edilmiş sanitariya tələblərinə və texniki tələblərə cavab verməlidir. Avariyalı və çox köhnəlmiş evlərdə, zirzəmilərdə, baraklarda və yaşayış üçün uyğunlaşdırılmamış digər tikililərdə, habelə sökülməli, əsaslı təmir edilməli, yaxud qeyri-yaşayış evləri sırasına keçirilməli olan evlərdə boşalmış yaşayış sahəsinə vətəndaşların köçürülməsinə yol verilmir. "Nümunəvi qaydaları"n 32-ci bəndinin tədəbinə görə, "İdarə mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalş deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq edilmiş birgə qərarı üzrə verilir". Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 200 nömrəli Qərarı ilə təsdiq edilmiş «Məcburi köçkünlərin yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və digər binalarda məskunlaşdırılması Qaydasının 2-ci bəndinə əsasən məcburi köçkünlərin müvəqqəti məskunlaşdırılması müvafiq şəhər və rayon icra hakimiyyəti orqanlarının təşkil etdiyi komissiyaların qərarı və nəzarəti ilə həyata keçirilir. Həmin qərarın 4-cü bəndinə əsasən "Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 17 sentyabr tarixli, 895 nömrəli Sərəncamına uyğun olaraq məcburi köçkünlərin məskunlaşdıqları yaşayış, inzibati, yardımçı və digər binaların özəlləşdirilməsi, 1992- 1994-cü illərdə məcburi köçkünlərin yaşadıqları mənzillərdən çıxarılmasının qarşısını almaq məqsədilə həmin evlərə aidiyyəti təşkilatlar tərəfindən ayrı-ayrı vətəndaşlara verilən orderlərin hüquqi qüvvəsi müvəqqəti dayandırılmışdır. “Nümunəvi qaydaları”n 32-ci bəndinin tələbinə görə, “İdarə mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalş deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq edilmiş birgə qərarı üzrə verilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (xx.xx.2009-cu ildən qüvvədə olan): Maddə 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Maddə 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Maddə 51.5. Uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. Maddə 51.6. Uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. Maddə 52. Yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Maddə 53.1. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: - (maddə 53.1.1) bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; - (maddə 53.1.2) müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; - (maddə 53.1.3) bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. Maddə 53.2. Uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır. Maddə 53.3. Uçota alınmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində uçota alınma haqqında müvafiq ərizə vermiş vətəndaşa təqdim edilir və ya göndərilir və həmin qərardan onun tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. Maddə 56.4 Bu Məcəllənin tələblərinə uyğun olaraq sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin verilməsinə dair qərar bu qərarda göstərilən müddətdə müvafiq sosial kirayə müqaviləsinin bağlanması üçün əsasdır. Maddə 62.1 Yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya verilmiş order iş dövründə əməkdaşlara yaşaması üçün yataqxanadan istifadə etmək məqsədilə verilmiş sənəd hesab edilməlidir. Belə ki, həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələbinə görə yataqxanada mənzil sahəsi vətəndaşlara iş və ya təhsil dövründə müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə verilirdi, mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada yaşayış sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilirdi və müddətli əmək müqaviləsi əsasında işləmiş şəxslər iş ilə əlaqədar yer aldıqları yataqxanadan digər yaşayış sahəsi verilmədən çıxarılmalı idilər. Bu hal baş verməsə də, mənzil sahəsi istəyi olan vətəndaş Azərbaycan SSR Nazirlər Sovetinin 14 oktyabr 1983-cü il tarixli, 418 nömrəli qərarı ilə təsdiq edilmiş “Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçota alınmasının və Azərbaycan SSR ərazisindəki yaşayış evlərinin bölüşdürülməsinin Nümunəvi qaydaları”nın 14-cü bəndinə görə, iş yerində uçota götürülmək haqqında ərizə verməli, daha sonra isə mənzil-məişət komissiyasının apardığı yoxlamanın materiallarına müəssisə, idarə, təşkilat müdiriyyəti və həmkarlar ittifaqı komitəsi tərəfindən baxılmalı və birgə qərar çıxarılmalı idi. Növbəti addım olaraq isə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotuna müdiriyyətin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə götürülənlərin siyahısına daxil edilərək uçot işi müdiriyyət və həmkarlar ittifaqı komitəsi tərəfindən yerli xalq deputatları Soveti İcraiyyə Komitəsinin təsdiqinə verilməli idi. Həmçinin “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın 21-ci bəndinə müvafiq olaraq vətəndaşların iş yerində mənzil növbəsinə uçota götürülməsi qaydalarının 32-ci bəndinin tələbinə görə, idarə mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq edilmiş birgə qərarı üzrə verildi. Hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin də tələbinə görə sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir (m 51.1). Göründüyü kimi həm işdə olan orderin verildiyi dövrdə qüvvədə olan, həm də mövcud mənzil qanunvericiliyinə uyğun olaraq sosial kirayə müqavilələrinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış aztəminatlı vətəndaşlara verilməsi müəyyən edilmişdir. Lakin iş materiallarında, həmçinin məhkəmə araşdırılması zamanı da iddiaçının (və ya anasının) qanunvericiliklə müəyyən edilmiş qaydada mənzil uçotuna alınması faktı öz təsdiqini tapmır. Bununla da iddiaçı ilə cavabdeh arasında kirayə müqaviləsinin bağlanması ilə əlaqədar hüquq münasibətləri yarana bilməzdi. Beləliklə məhkəmə qeyd edir ki, yuxarıda sadalanan xüsusatlara əsasən cavabdehin sözügedən mənzilə dair iddiaçı ilə kirayə müqaviləsinin bağlanmasından imtinası qanuna zidd olmamışdır. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür; 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Beləliklə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, yataqxana ev 4, 45 saylı mənzilinə dair onunla kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 73.1, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar