Məhkəmə qərarları › İş №2-1(112)-4400/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4400/2020

07.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4400/2020 07.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X7 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı «əlilliyin təyin olunması məsələsinə yenidən baxılması»na dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı «əlilliyin təyin olunması məsələsinə yenidən baxılması» tələbini irəli sürərək iddia ərizəsi ilə Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddia ərizəsində bildirmişdir ki, o, xx xxxx 1992-ci il tarixdə Quba Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış, x xxxx 1992-ci il tarixdə müvafiq hərbi hissənin şəxsi heyətinə daxil edilmiş, x xxxxxx 1992-ci il tarixdə başqa hərbi hissəyə göndərilmiş, Laçın, Qubadlı və A\dam bölgələrində x xxxxxx 1992-ci il tarixdən xx xxx 1994-cü il tarixədək döyüş əməliyyatlarında iştirak etmiş, 1994-cü ilin dekabr ayınadək hərbi xidmətdə olmuşdur. 23 – xx xxxxxxxx 1992-ci il tarixlərdə Qarakənd kəndi ətrafında gedən döyüşlərdə yaralandığından, Bakı şəhərində yerləşən hərbi hospitala göndərilmişdir. Sadalanan faktlar Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən verilmiş M/V 084533 saylı Qarabağ Müharibəsi veteranı vəsiqəsi ilə təsdiq olunur. Qeyd olunduğu kimi, o, Qarabağ uğrunda gedən döyüşlərdə yaralanmışdır. Döyüşlərdə aldığı kontuziya nəticəsində xəstələnmiş, psixi pozuntulara məruz qalmış, daima müalicədə olmasına baxmayaraq, onun tam sağalması mümkünsüzdür, hal-hazırda da daima müalicədədir. Bu səbəbdən onun əlilliyinin təyin olunması üçün Quba Rayon Mərkəzi X4 Komissiyası tərəfindən müvafiq göndəriş X1 göndərilmişdir. Bu barədə ona X5 xx xxxx 2019-cu il tarixli bildirişi verilmişdir. AR Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli 448 nömrəli qərarı ilə Nazirlər Kabinetinin x xxxxxx 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “X2 haqqında Əsasnamə”yə dəyişiklik edilmişdir. Həmin dəyişikliyə əsasən vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında tibbi-sosial ekspert komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə TSERAS tərəfindən qiymətləndirilməklə müəyyən edilir, qərar elektron imza ilə imzalanmaqla rəsmiləşdirilir. Lakin X2 2019-cu ilin avqust ayında əlilliyin təyin olunmasından imtina edərık bunun səbəbi kimi “Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişin natamam doldurulması”nı göstərmişdir. O, məsələ ilə bağlı Quba Rayon Mərkəzi Xəstəxanasının x xxxx 2019-cu il tarixli göndərilinin surətini əldə etmişdir. Göndərişdə xəstəliklər göstərilməklə bildirilir ki, xəstəlik xx xxxxxxxx 1992-ci il tarixdə, yəni onun döyüş əməliyyatlarında yaralandığı vaxt başlanmışdır, xəstəliyin gedişi xronikidir, yəni sağalması mümkün deyil, son 6 ayda üç dəfə üzvü mənşəli şəxsiyyət pozuntusu xəstəliyi ilə müalicə olunmuşdur. Həmçinin göndərişdə göstərilir ki, o, 1992-ci ildən bugünədək müalicə olunur, 23 – xx xxxxxxxx 1992-ci il tarixlərdə Qarakənd kəndi ətrafında gedən döyüşlərdə yaralanmışdır. Bakı şəhəri hərbi hospitalında müalicə almış, tədricən ruhi sferasında pozuntular başlayıb, çoxsaylı ambulator müalicələrdən sonra stasionar müalicələrdə olmuşdur. Ona müharibə veteranı statusu verilmişdir. Onun hal-hazırkı sağlamlıq vəziyyəti göndərişdə aşağıdakı kimi əks olunmuşdur: “Ünsiyyətdə kobuddur. Cavabları mahiyyətindən kənar olur. Bələdliyi zamanda coşqundur. Emosiyaları davamiyyətsiz, maraq dairəsi dardır. Tez özündən çıxır. Narahat olaraq oyanıqlıq baş verir. Bir yerdə qərar tuta bilmir. Ətrafdakıların münasibətinə kobudluq edir, qıcolma tutmaları bir ay ərzində 8 – 10 dəfə təkrarlanır.”. Göndərişdə ona psixiatr tərəfindən tərəfindən “Üzvi mənşəli şəxsiyyət pozuntusu” nəticəvi diaqnozu qoyulmuşdur. Göndərişdə əsas diaqnoz kimi aşağıdakı xəstəlik təyin olunmuşdur: “Üzvi mənşəli şəxsiyyət pozuntusu baş beyinin zədələnməsi nəticəsində kəskin ifadəli şəxsiyyət pozuntusu, nəzərə çarpan davranış pozuntuları, teztez baş verən qıcolma tutmaları ayda 8 – 10 dəfə və dekompensasiyalar”. Göndərişdə ağırlaşma halının olması təsdiq olunmaqla ağırlaşmanın şəxsiyyətin emosional davranış pozuntusu kimi özünü təzahür etməsi göstərilir. Xəstəliyin nəticəsində yaranmış yanaşı xəstəliklər kimi qıcolma və spazm göstərilir. Göndərişdə TSEK-ə göndərilməsi üçün əsas kimi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar xəstəliyin yaranması göstərilir. Göndərişdən görünür ki, o, tam qanunauyğun olaraq doldurulmuşdur. X3 isə, əsassız olaraq ona əlilliyin təyin olunmasından imtina etmişdir. Göndərişə əsasən onun xəstəliklərinin sağalmaz olması və sağlamlığının çox ağır vəziyyətdə olması təsdiq olunmuşdur. Lakin ona xəstəliyə görə əlillik dərəcəsinin təyin olunması barədə göndəriş əsassız olaraq təmin olunmamışdır. Belə ki, göndərişdə göstərilənlərlə təsdiq olunur ki, xəstəlikdən tam sağalması qeyri-mümkündür. Bu halda ona əlillik təyin olunmaqla əlilliyin dərıcəsi müəyyən edilməli idi. Lakin göstərilənlərə baxmayaraq, TSEK əsassız olaraq onun əlillik dərəcəsini təyin etməmişdir. Quba Rayon Mərkəzi Xəstəxanasının X1 təqdim etdiyi sənədlər “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin və “Keçmiş hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik dərəcəsinin müəyyən edilməsi barədə Təlimat”ın müddəalarına uyğun olmuşdur. Göstərilən məsələ ilə əlaqədar dəfələrlə müvafiq orqanlara müraciət etmişdir. Lakin müraciətlərin nəticəsi olmamışdır. O, sonuncu dəfə x xxxxxx 2019-cu il tarixdə ərizə ilə cavabdehə müraciət etmişdir. Poçt xəbərnaməsinə əsasən ərizəsi xx xxxxxxxx 2019-cu il tarixdə cavabdehə təqdim olunsa da, ona bu günədık heç bir cavab verilməmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 25, 38-ci maddələrinə, İPM-in 2.2.2, 14.3, 33.1, 33.2, 33.3, 33.4, 39.1-ci maddələrinə əsaslanaraq, ona əlilliyin təyin olunması məsələsinə yenidən baxılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin icraatına daxil olduqdan sonra İPM-in 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdeh AR ƏƏSMN yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə ünvanlanmış x xxxxxx 2019-cu il tarixli məktubunda iddia ilə bağlı aşağıdakılar bildirilmişdir: - Məlum olmuşdur ki, İddiaçı əlillik vəziyyəti səhiyyə müəssisəsinin 0244003AAJAR saylı göndərişi əsasında x xxxx 2019-cu il tarixdə qiymətləndirilmiş və göndərişin natamam doldurulması barədə qərar verilmişdir. Qiymətləndirməyə əsas verən göndərişin təhlili göstərdi ki, xəstəlik xx xxxxxxxx 2019-cu il tarixdə başlamışdır. Əsas xəstəlik kimi “Üzvi mənşəli şəxsiyyət pozuntusu, baş beynin zədələnməsi nəticəsində kəskin ifadeli şəxsiyyət pozuntusu nəzərə çarpan davranış pozuntuları, tez-tez baş verən qıcolma tutmaları, ayda 8 – 10 dəfə və dekompensasiyalar” göstərilmişdir. Yanaşı xəstəlik kimi isə “Qıcolma və spazm” xəstəliyi qeyd edilmişdir. Xəstəlik 1992-ci ildən başlasa da, müalicə və müayinə barədə bütün məlumatlar 2018 – 2019-cu illəri əhatə edir, 1992-ci ildən 2018-ci ilədək xəstəliyin dinamikası, aparılmış müalicələr barədə məlumat qeyd olunmamışdır. Psixiatrın statusu xəstənin hazırkı vəziyyəti barədə dolğun məlumat vermir. Həmçinin xəstəliyi və ağırlaşmasını təsdiq edən heç bir köməkçi diaqnostik müayinənin nəticəsi qeyd edilməyib. Buna görə də əlillik təyinatının aparılması mümkün olmamış və əsaslı olaraq göndərişin natamam doldurulması barədə qərar verilmişdir. İddiaçı əlillik vəziyyəti növbəti dəfə səhiyyə müəssisəsinin 0244003AAJHM saylı göndərişi əsasında xx xxxx 2019-cu il tarixdə qiymətləndirilmiş və göndərişin natamam doldurulması barədə qərar verilmişdir. Qiymətləndirməyə əsas verən 0244003AAJHM saylı göndərişin təhlili göstərir ki, xəstəlik xx xxxxxxxx 1992-ci il tarixdə başlamışdır. Əsas xəstəlik kimi “Üzvi mənşəli şəxsiyyət pozuntusu, baş beynin zədələnməsi nəticəsində kəskin ifadeli şəxsiyyət pozuntusu, nəzərə çarpan davranış pozuntuları, tez-tez baş verən qıcolma tutmaları, ayda 8 – 10 dəfə və dekompensasiyalar” diaqnozu, ağırlaşma kimi isə “Şəxsiyyətin emosional davamsız pozuntusu” göstərilmişdir. Yanaşı xəstəlik kimi “Qıcolma və spazm” xəstəliyi qeyd edilmişdir. Əvvəlki göndərişdə olduğu kimi, yenə də 1992-ci ildən 2018-ci ilədək xəstəliyin dinamikası, aparılmış müalicələr barədə məlumatlar qeyd edilməmişdir. Xəstəliyi və ağırlaşmasını təsdiq edən edən hem bir köməkçi diaqnostik müayinənin nəticəsi qeyd edilməmişdir. Belə ki, baş beynin zədələnməsi KT və MRT müayinəsi, qıcolmalar isə EEQ müayinəsi ilə təsdiqlənməli idi. Lakin göndərişdə xəstəlik və ağırlaşması müayinələrlə təsdiqlənmir. Buna görə də əlillik təyinatının aparılması mümkün olmamış və əsaslı olaraq göndərişin natamam doldurulması barədə qərar verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli 446 nömrəli qərarı ilə Nazirlər Kabinetinin x xxxxxx 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”yə dəyişiklik edilmişdir. Həmin dəyişikliyə əsasən vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında tibbi-sosial ekspert komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə TSERAS üzərindən qiymətləndirməklə müəyyən edilir, qərar elektron imza ilə imlalanmaqla rəsmiləşdirilir. Həmin Əsasnamənin 4.2-ci bəndinə əsasən göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müayinə tədbirləri və onların səmərəliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılmalıdır. Əsanamənin 4.7-ci bəndinə görə səhiyyə müəssisələri göndərişin keyfiyyətli, vaxtında verilməsi və əsaslandırılması üçün intizam məsuliyyəti daşıyırlar. İddiaçı səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş hər iki göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik müayinələrin nəticələri, xəstəliyin dinamikası, müalicə tədbirləri və onların səmərəliliyi klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılmamış, əlilliyin təyininə əsas verən ağırlaşmalar qeyd edilməmişdir. Buna görə də, əlilliyin təyinatının aparılması mümkün olmamış və əsaslı olaraq imtina əqrarı verilmişdir. AR Əmək və X9 Nazirliyi Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli 19-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Ehtiyata və ya istehfaya buraxılmış hərbi qulluqçulara hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”ın 3.1-ci bəndinə görə şəxsə hərbi xidmətlə əlaqədar əlillik hərbi xidmətdə aldığı xəsarət, xəstəlik, ayrı-ayrı götürüldükdə ən azı üçüncü dərəcə əlillik təyin etmək üçün əsas vermiş olduqda müəyyən edilir. İddiaçı hərbi xidmətdə aldığı və Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx xxxx 2018-ci il tarixli 1260 saylı qərarı ilə “Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi müəyyənləşdirilmiş “Odlu silah mərmi partlayışından sonrakı başın alın nayihəsinin sol yarısında bir ədəd, başın alın nayihəsinin sağ yarısında bir ədəd, sol qaşın tüklü hissəsində bir ədəd, çənəaltı nayihəsində bir ədəd köhnə çapıq toxumaları” diaqnozu travma əlilliyin təyininə əsas vermir. Səhiyyə müəssisəsinin 0244003AAJAR və 0244003AAJHM saylı göndərişlərində qeyd edilmiş “Üzvi mənşəli şəxsiyyət pozuntusu, baş beynin zədələnməsi nəticəsində kəskin ifadeli şəxsiyyət pozuntusu, nəzərə çarpan davranış pozuntusu, tez-tez baş verən qıcolma tutmaları, ayda 8 – 10 dəfə və dekompensasiyalar” diaqnozunun hərbi xidmətlə səbəb əlaqəsi müəyyənləşdirilməyib, eləcə də baş beynin zədələnməsi ümumiyyətlə müayinələr təsdiqlənmir. Qeyd olunanlar nəzərə alınaraq bildirilir ki, İddiaçı əlilliyin təyini istiqamətində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti və tabeli tibbi-sosial ekspert komissiyaları tərəfindən hər hansı qanuna zidd hərəkət və ya hərəkətsizliyə yol verilməmişdir. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2019-cu il tarixli 1325 nömrəli Fərmanının 1-ci və 2-ci bəndlərinə əsasən 2020-ci il yanvarın 1-dən Naxçıvan şəhərində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi və Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi, Bakı şəhərində Bakı İnzibati Məhkəməsi və Bakı Kommersiya Məhkəməsi, Gəncə şəhərində Gəncə İnzibati Məhkəməsi və Gəncə Kommersiya Məhkəməsi, Sumqayıt şəhərində Sumqayıt İnzibati Məhkəməsi və Sumqayıt Kommersiya Məhkəməsi, Şirvan şəhərində Şirvan İnzibati Məhkəməsi və Şirvan Kommersiya Məhkəməsi, Şəki şəhərində Şəki İnzibati Məhkəməsi və Şəki Kommersiya Məhkəməsi təşkil edilmiş, Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, Gəncə İnzibati-İqtisadi Məhkəməsi, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi, Şirvan İnzibati-İqtisadi Məhkəməsi və Şəki İnzibati-İqtisadi Məhkəməsi ləğv edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə iş baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilmilşdir. İş materialları Bakı İnzibati Məhkəməsinin icraatına daxil olduqdan sonra işin hazırlıq icraaatına başlanmış, şifahi məhkəmə baxışı ilə bağlı iclas təyin edilərək bu barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddoa ərizəsində göstərilənləri təsdiqlədiyini bildirdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X11 təmsil etdiyi qurumun iddiaya qarşı yazılı münasibətində göstərilənləri təsdiqlədiyini bildirdi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 8.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş tibbi xidmət növləri istisna olmaqla, dövlət tibb müəssisələrində əlilliyi olan şəxslər üçün müvafiq icra hakimiyyəti orqanlarının göndərişi ilə tibbi xidmət dövlət büdcəsi hesabına həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiuq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın 1.2-ci bəndinə görə Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və X9 Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Qaydanın 2.1-ci bəndinə görə şəxsin əlilliyinin qiymətləndirilməsi ibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “X1 göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Qaydanın 2.4-cü bəndinə görə TSEK 10 iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 iş gününədək uzadıla bilər. Həmin Qaydanın 2.9-cu bəndinə görə göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı əlillik təyin edilməsi ilə bağlı müvafiq tibb müəssisəsinin göndərişi əsasında inzibati orqan AR ƏƏSMN yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində qiymətləndirmə aparılmış və ona əlilliyin təyin olunmasının mümkün olmaması barədə qərar qəbul olunmuşdur. Qərar onunla əsaslandırılmışdır ki, tibb müəssisəsinin göndərişi tam doldurulmamışdır. İddiaçı hazırda cavabdehin hərəkətlərini mübahisələndirir və onun əlilliyinin qiymətləndirolməsi barədə müraciətinə yenidən baxılmasını cavabdehdən tələb edir. Məhkəmə hesab edir ki, müvafiq tibb müəssisəsinin göndərişinin natamam doldurulması qənaəti ilə qaldırılan məsələnin müsbət həllindən imtina etməkdə cavabdeh inzibati orqan haqlı olmuşdur. Məhkəmənin qənaətinə görə inzibati orqan tibb müəssisəsinin göndərişinin natamamlığını iddiaçının travma (xəsarət) alıdıqdan sonra bir neçə il istisna olmaqla uzun illər müayinəsinin nəticələri ilə bağlı məlumatların əks olunmaması kimi əsaslandırdığından, iddiaçının əlilliyinin qiymətləndirilməsi üzrə inzibati icraatı «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 17, 24 maddələrinin və digər qanunverericilik normalarının tələblərinə riayət etməklə qanuna zidd aparmışdır. Odur ki, iddiaçının tələbi əsaslı deyil və rədd olunmalıdır. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı «əlilliyin təyin olunması məsələsinə yenidən baxılması» tələbinə dair iddiası təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1, 13, 23.1, 52, 58.7, 69, 75, 78 – 79, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı «əlilliyin təyin olunması məsələsinə yenidən baxılması» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar