Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4401/2023 05.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinə qarşı “mənzilin xüsusi təyinatlı mənzil fondundan çıxarılması” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra - İddiaçı) ərizə ilə cavabdeh Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsinə (bundan sonra – Cavabdeh) müraciət edərək, Müdafiə Nazirliyinin mənzil fonduna aid olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi-1 h/ş, ev 37, mənzil 19 nömrəli qapalı hərbi şəhərciyə aid olmayan yaşadığı mənzilin xidməti yaşayış sahəsindən çıxarılmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli, 4111 nömrəli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu yeni Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin lll-İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. Yuxarıda göstərilənləri nəzərə alaraq yeni Mənzil Məcəlləsində nəzərdə tutulmuş yaşayış sahələrinin özəlləşdirilməsi Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulduğu hallarda və qaydada həyata keçirilə bilər. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilin xüsusi təyinatlı mənzil fondundan çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, 1983-cü ildən 1985-ci ilədək sovet ordusunda əsgər, xx.xx.1985-ci ildən xx.xx.2012-ci ilədək Silahlı Qüvvələrdə gizir rütbəsində bir çox vəzifələrdə xidmət etmiş, xx.xx.2012-ci ildə yaşa görə ehtiyyata buraxılmışdır. Xidmət dövründə yuxarı komandanlıq tərəfindən bir çox orden və medallarla təltif edilmişdir. 1993-cü ildən ünvan 2 ünvanda açıq şəhərcikdə xidməti orderlə yaşayır. O, yaşadığı açıq hərbi şəhərcikdə təqribən 80 ədəd mənzil vardır, həmin mənzillərin 71 mənzili Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin siyahısından çıxarılmaqla özəlləşdirilmişdir. Bununla bağlı cavabdeh orqana dəfələrlə müraciət etmiş, lakin müsbət cavab almamışdır. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tələbini müdafiə edərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz etdi və iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır, çünki yaşadığı mənzilin özəlləşdirilməsi üçün onun xüsusi təyinatlı mənzil fondundan çıxarılması ilə bağlı İddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur. Məcburetmə haqqında iddia növünə uyğun gələn hazırkı iddia inzibati mübahisə olmaqla Bakı İnzibati Məhkəməsində baxılmalıdır. İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh orqana müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə isə məhkəmə aşağıdakıları qeyd edir: - Bakı şəhəri XDS İcraiyyə Komitəsinin 1996-cı il tarixli qərarı ilə, 10 yanvar 1997-ci il tarixli, 221942 saylı orderə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi-1 h/ş, 37 saylı evin yaşayış sahəsi 26,02 kv.metr olan iki otaqlı 19 saylı mənzili 3 nəfər ailə üzvü ilə (özü, həyat yoldaşı və qızı) İddiaçı verilmişdir. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsinin xx.xx.2017-ci il tarixli, 345 nömrəli arayışına əsasən İddiaçı həqiqətən 26.10 1983-cü il tarixdən 18 10.1985-cı il tarixədək SSRİ SQ-da əsgər, xx.xx.1985-ci il tarixdən xx.xx.1987-ci il tarixədək SSRİ SQ-da МАХЕ, 30.05 1987-ci il tarixdən xx.xx.1992-ci il tarixədək SSRİ və MDB SQ-da, xx.xx.1992-ci il tarixdən xx.xx.2012-ci il tarixədək Azərbaycan Respublikası SQ-da gizir kimi həqiqi hərbi xidmət keçmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən xx.xx.2022-ci tarixli məktubla məhkəməyə təqdim edilmiş registrdən çıxarışdan görünür ki, 1968-ci il tarixdə istismara verilmiş Bakı şəhəri, Binəqədi rayonu, “Binəqədi-1” hərbi şəhərciyi ünvanda yerləşən 5 mərtəbəli yaşayış binası Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Bakı Qarnizonu Mənzil-İstismar Hissəsinin balansındadır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsinin xx.xx.2023cü il tarixli 1062 saylı məktubundan görünür ki, ünvan 4 ünvanındakı xidməti yaşayış sahəsi “Binəqədi-1” hərbi şəhərciyinin ərazisində yerləşir və Azərbaycan Respublikası Müdafiə nazirinin 25 iyul 2019-cu il tarixli müvafiq əmri ilə “Binəqədi-1” hərbi şəhərciyi qapalı hərbi şəhərciklər siyahısına aid edilmişdir. 26 yanvar 1993-cü il tarixli “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinə əsasən xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Beləliklə, işin sadalanan halları ilə müəyyən olunur ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi-1 h/ş, 37 saylı evin 19 saylı mənzili qapalı hərbi şəhərcikdə yerləşməklə xidməti mənzildir və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin balansındadır. Həmin mənzil xx.xx.1997-ci il tarixli orderlə iddiaçının istifadəsinə verilmişdir. İddiaçı hazırda həmin mənzilin xidməti mənzil siyahısından çıxarılmasını xahiş edir. Məhkəmə qeyd edir ki, qüvvədə olan Mənzil Məcəlləsinin: -91.1.1-ci maddəsinə əsasən xidməti yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir. - 91.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir. - 91.3-cü maddəsinə görə xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz. - 92-ci maddəsinə əsasən xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq-mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. - 103.1-ci maddəsinə əsasən xidməti yaşayış sahələri vətəndaşlara ayrıca mənzil kimi verilir. - 103.2-ci maddəsinə əsasən xidməti yaşayış sahələri verilən vətəndaşların kateqoriyaları aşağıdakı orqanlar tərəfindən müəyyən edilir: 103.2.1. dövlət mənzil fonduna münasibətdə - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı; 103.2.2. bələdiyyə mənzil fonduna münasibətdə - bələdiyyə tərəfindən. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli, 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi Qaydası”nın 1.8-ci bəndinə əsasən yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə, xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət mənzil fonduna münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə razılaşdırılmaqla, sərəncamında və istifadəsində (balansında) yaşayış sahəsi olan mərkəzi icra hakimiyyəti orqanı, dövlət təşkilatı və müvafiq ərazi üzrə yerli icra hakimiyyəti orqanının qərarı, bələdiyyə mənzil fonduna münasibətdə isə müvafiq ərazi üzrə bələdiyyənin qərarı əsasında həyata keçirilir. İstnad olunan normalardan görünür ki, yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fondundan çıxarılması üçün:
1. balansında yaşayış sahəsi olan mərkəzi icra hakimiyyəti orqanı, hazırkı halda Azərbaycan Respublikasının Müdafiə Nazirliyi yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fondundan çıxarılmasına razılıq verilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etməli;
2. Xidmət razılaşdıqdan sonra balansında yaşayış sahəsi olan mərkəzi icra hakimiyyəti orqanı, hazırkı halda Azərbaycan Respublikasının Müdafiə Nazirliyi yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fondundan çıxarılması haqqında qərar qəbul etməlidir. Məhkəmə qeyd edir ki, balansında yaşayış sahəsi olan mərkəzi icra hakimiyyəti orqanının həmin yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fondundan çıxarılmasına dair səlahiyyəti inzibati orqanın diskresion səlahiyyətidir. İPM-in 74.1-ci maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Göründüyü kimi, İPM-in 74-cü maddəsi məhkəmə tərəfindən inzibati aktların qanuniliyinin yoxlanılmasını inzibati orqanın öz diskresion səlahiyyətini düzgün, xüsusilə mütənasiblik prinsipinə müvafiq olaraq yerinə yetirib-yetirmədiyinin yoxlanılması ilə məhdudlaşdırmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsində mütənasiblik prinsipi ifadə edilərək göstərilmişdir ki, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Məhkəmə qeyd edir ki, mütənasiblik prinsipi uyğunluq, zərurilik və yararlılıq meyarlarına cavab verməlidir. Uyğunluq meyarına görə fərdin və ya hüquqi şəxsin hüquq və azadlıqlarını məhdudlaşdıran hər hansı bir tədbir inzibati orqan tərəfindən nəzərdə tutulan məqsədə nail olmaq üçün uyğun olmalıdır. Zərurilik meyarına əsasən inzibati orqan tərəfindən tətbiq olunan məhdudlaşdırıcı tədbirlər daha az məhdudlaşdırıcı qanunvericilik vasitələrinin olmadığı yerdə, qarşıya qoyulmuş məqsədlərə nail olunmaq üçün ən yumşaq, zəruri olmalıdırlar. Yararlılıq meyarı qarşıya qoyulmuş məqsədlərə qeyri-mütənasib olan hər hansı həddən artıq inzibati tədbirlərdən istifadə edilməməsini, ictimai maraqlarla tarazlaşdırmasını nəzərdə tutur. Yəni inzibati orqan hansı formada olmasından asılı olmayaq şəxsin hüquqlarına müdaxilə edərkən bu müdaxilə cəmiyyətin ümumi maraqları ilə şəxsin fundamental hüquqlarının qorunması tələbləri arasında “ədalətli tarazlığa” nail olmalı, istifadə olunmuş vasitələrlə qarşıya qoyulmuş məqsəd arasında mütənasibliyin səbəbli əlaqəsi olmalıdır. İşdən görünür ki, mübahisəli mənzil xidməti yaşayış sahəsi olmaqla qapalı hərbi şəhərcikdə yerləşir və həmin ərazinin qapalı hərbi şəhərcik olması Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2019-cu il tarixli əmri ilə təsdiq edilmişdir. Məhkəmə qeyd edir ki, qapalı hərbi şəhərcik xüsusi buraxılış sisteminə malik olan hərbi hissələrin yaşayış məntəqələri yerləşən hissələridir. Bu şəhərciklərin təyinatı həmin hərbi hissədə xidmət edən şəxslərin hərbi hissədən ayrılmadan orada yaşayış sahəsi ilə təmin edilməsidir. Məhkəmə hərbi şəhərciyin təyinatını, ünvan 6 ünvanının yerləşdiyi “Binəqədi-1” hərbi şəhərciyinin qapalı hərbi şəhərciyə aid olmasını nəzərə alaraq hesab edir ki, iddiaçının hazırkı məzmunda tələbinin təmini üçün əsas mövcud deyil. Yəni cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina edərkən bu imtinasını əsaslandırmış və bu əsaslandırma yuxarıda istinad edilən qanunvericiliyə uyğun olmuşdur. O da qeyd edilməlidir ki, iddiaçının iddia ərizəsində ifadə olunan məqsəd və istəyindən görünür ki, mənzilin xidməti mənzillər sırasından çıxarılması barədə hazırkı iddianı qaldırmaqdakı əsas məqsədi həmin mənzili özəlləşdirməkdir. Lakin “Mənzil fondunun özəlləşdirilməsi haqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Bu norma onu deməyə əsas verir ki, nə qədər ki, mübahisəli mənzil qapalı hərbi şəhərcikdə yerləşir, həmin mənzilin özəlləşdirilməsi yolverilməzdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,
qərara aldı: İddia təmin olunmasın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova