Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4402/2020 10.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə iddiaçı – İddiaçı (yaşayış yeri: Qusar rayonu, Kuzun Qışlaq kəndi) cavabdeh – Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə (yerləşdiyi yer: Bakı şəhəri, Z.Əliyeva küçəsi, 30) qarşı «maddi və mənəvi ziyanın ödənilməsi»nə dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı ərizəsində qeyd edir ki, o, 1973-cü ildə Qusar rayonunun Kuzun Qışlaq kəndində doğulmuşdur. 1990-cı ildə Bakı Dövlət Universitetinə qəbul olmuş, 1995-ci ildə həmin təhsil müəssisəsini fərqlənmə diplomu ilə bitirmişdir (diplom 00071). Ailəlidir, dörd övladı var. 1992-ci ildə Universitetin nəzdində Bakı şəhəri Yasamal Rayon Hərbi Komissarlığının dəstəyi ilə yaradılaraq təchiz edilmiş batalyon tərkibində iki ay BDU-nin hərbi kafedrasının zabitləri tərəfindən keçirilən nəzəri və praktik təlimlərdə, Milli Ordunun Pereküşkül hərbi bazasında praktiki atıcılıq təlimlərində iştirak etmişdir. 1992-ci ilin fevral ayının sonunda Xocalı faciəsinin ardı ilə 10 nəfərlik qrup tərkibində cəbhədə, Tərtər rayonunda yerləşən “Qurtuluş” batalyonu tərkibində mart ayının 1-dən hərbi xidmətə başlamışdır. Bu batalyonun tərkibində çoxlu sayda məhəlli və irimiqyaslı döyüş əməliyyatlarında iştirak etmişdir. Aparılan döyüş əməliyyatlarında, birgə döyüş əməliyyatlarına qoşulmuş 10 nəfər tələbədən 3-cü şəhid olmuşdur. O (iddiaçı), isə 1992-ci ilin iyun ayının 10-dan Ağdərə istiqamətində gedən və Ağdərə şəhərinin azad olunması ilə nəticələnən döyüşlərdə iyun ayının 16-da sol ayağından ağır yaralanmışdır. İlk olaraq, Tərtər Rayon Mərkəzi Xəstəxanasına gətirilmiş və 2 ay stasionarda yerləşdirilmişdir. Müxtəlif vaxtlarda dövlət səhiyyə orqanlarında, bədənindən rəsmi göndərişlər əsasında qəlpələrin çıxarılması üçün əməliyyatlara məruz qalmışdır. Azərbaycan Respublikası müharibə veteranıdır (2018-ci ildən). Aldığı travma, hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır (veteran vəsiqəsi və AR MN MHHK-nın müvafiq arayışı əlavə olunur). 2000-ci ildə Qusar Rayon Hərbi Komissarlığına əldə etdiyi bütün sənədləri təqdim edərək, sənədlərin nəzərə alınmasını və onun hüquqi vəziyyətinin qiymətləndirilməsini xahiş etmişdir. Komissarlıq müvafiq sənədləri almış, müəyyən vaxt sonra onun təkrar müraciətinə isə, sənədlərinin müvafiq qaydada yandırılaraq məhv edildiyi və hərbi biletdə “Hərbi xidmət keçməyib” qeyd aparıldığını bildirmişdir. Onun ölkə başçısına yazdığı şikayət məktubu əsasında Komissarlıq məhv etdiyi sənədlərin təkrar əldə olunması üçün müəyyən işlər aparsa da, hüququ statusu müəyyən edilmədi. Respublikanın Baş Prokurorunun və Səfərbəlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinin rəsmi qəbulunda olmaqla məsələnin həllini xahiş etmiş, lakin heç bir nəticə əldə olunmamışdır. Bütün bunları nəzərə alaraq o (iddiaçı), hüquqlarının bərpası üçün 2018-ci və 2019-cu illərdə iki dəfə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, məhkəmə aidiyyəti üzrə x xxx 2018-ci il və xx xxx 2019-cu il tarixli qətnamələr qəbul edərək onun hüquqlarını bərpa etmişdir. İddiaya əlavə olunmuş məhkəmə qətnamələrindən göründüyü kimi, Səfərbəlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (hərəkət və ya hərəkətsizliyi ilə) Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Səfərbəlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə»nin 3.0.39-cu bəndinin, eləcə də «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 21, 24, 28, 45, 61-ci maddələrinin tələblərini pozaraq, vətəndaş kimi onu (iddiaçını) qanunla müəyyən olunmuş hüquq və imtiyazlardan uzun illər məhrum qoymuşdur. Onun müvafiq imtiyaz və hüquqlarını pozmaqla Səfərbəlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti faktiki delikt törətmiş, ona maddi və mənəvi ziya vurmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Səfərbəlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərəkət və ya hərəkətsizliyi səbəbindən ona müvafiq imtiyaz və hüquqlardan məhrum edilmə nəticəsində dəyən maddi və mənəvi ziyanlar: bu illər (2000 – 2018-ci illər) ərzində Azərbaycan Respublikasının müharibə veteranları üçün nəzərdə tutulmuş imtiyaz – kommunal xərclərdən azad olunma və müvafiq müavinət almaq imtiyazından məhrum edilmişdir. Nəticədə vurulmuş ziyan 17.200 manat məbləğində dəyərlənir (kommunal xərclərə görə ödəniş qəbzləri əlavə edilir). Azərbaycan Respublikasının müharibə veteranlarının malik olduğu əmək haqından tutulan gəlir vergisinin müəyyən hissəsindən azad edilmə imtiyazından məhrum edilmə nəticəsində üzün illər bu vergini ödəməyə məcbur olmuşdur (əmək haqqından hər ay təxminən 100 manat məbləğində vergi tutulmuşdur). Nəticədə ona 19.440 manat ziyan dəymişdir (əmək haqqı barədə elektron arayış əlavə olunur). Azərbaycan Reşpublikasının müharibə veteranları üçün torpaq, əmlak və bu kimi digər vergilərdən azad olunmalarına və digər güzəştlərinə malik olmasına baxmayaraq, o, uzun illər bu tipli imtiyazlardan məhrum edilmişdir ki, nəticədə 21.600 manat məbləğində ziyan dəymişdir (bələdiyyədən güzəştli şərtlərlə torpağı icarəyə götürsə də, müvafiq sənədi olmadığından, ləğv edilmiş və icarə haqqı dəfələrlə qaldırılmışdır). 2000-ci ildən bu vaxtadək hüquqlarının bərpası üçün Səfərbəlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həm şəxs olaraq müraciətlərinə, eləcə də Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin, Hüquq İdarəsinin, Mərkəzi Hərbi Həkim Komissiyasının rəsmi məktublarına cavab verməməklə, məsələnin həllini qəsdən uzatmış və iki dəfə məhkəmə səviyyəsinə qaldıraraq, ona mənəvi ziyan vurmuşdur ki, bu ziyanın məbləği 50.000 manat dəyərindədir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi Səfərbəlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qusar Rayon Şöbəsinə ünvanladığı xx xxxx 2019-cu il tarixli 2-1(85)-709/2019 saylı məktubu ilə vətəndaşın pozulmuş hüquqlarının təxirəsalınmadan bərpasını tələb edir, əks halda 50.000 manatadək cərimənin tətbiq olunacağı barədə xəbərdarlıq edilir. Bu ziyanları cəmləyərək, eləcə də bu müdətdə əldən çıxan imkan və faydaları da nəzərə almaqla iddia edir ki, Səfərbəlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ona 100.000 manat məbləğində maddi və mənəvi ziyan vurmuşdur. Beləliklə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin, «Azərbaycan Respublikasının Səfərbəlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə»nin müddəalarının tələblərini, qanuni qüvvəyə minmiş məhkəmə aktlarını (Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi tərəfindən qəbul olunmuş) rəhbər tutaraq, ona vurulmuş 50.000 manat maddi və 100.000 manat mənəvi zərərin cavabdehdən tutularaq onun hesabına keçirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamına uyğun olaraq cavabdeh məhkəməyə iddiay qarşı yazılı etirazını təqdim etmişdir. Etirazda aşağıdakılar qeyd olunur: - İddia tələbi əsassız hesab edilir. Belə ki, Qusar rayonunun Kuzun Qışlaq kəndində qeydiyyatda olan 1973-cü il təvəllüdlü İddiaçı 1990-cı ildə ali məktəbə qəbul olduğundan, Qusar Rayon Hərbi Komissarlığından hərb qeydiyyatdan çıxarılaraq Bakı şəhəri Yasamal Rayon Hərbi Komissarlığında hərbi qeydiyyata alınmışdır. İddia əriəsinə əsasən 1992-ci ilin yanvarında Universitetdə tıhsil alan zaman könüllü olaraq 10 nəfər qrupla x xxxx 1992ci il tarixdən Tərtər rayonunda yerləşən “Qurtuluş” batalyonunun tərkibində döyüşlərdə iştirak etməsini və iyun ayının 16-da ayağından yaralanmasını qeyd etmişdir. 2000-ci ildə İddiaçı müraciəti əsasında keçmiş Qusar Rayon Hərbi Komissarlığında qeydiyyata alınmış və ona ağır ailə vəziyyətinə görə xx xxxxxxx 2000-ci il tarixdə AO № ******* saylı hərbi bilet verilmişdir. Azərbaycan Respublikası Prezidentinə vətəndaş İddiaçı tərəfindən ünvanlanmış müraciətə 2015-ci ilin may ayında Xidmətin Aparatında baxılmış və onun müvafiq hərbi hissənin tərkibində xidmətkeçmə müddəti dəqiqləşdirildikdən sonra barəsində AR Müdafiə Nazirliyinin Mərkəzi Arxiv İdarəsinə sorğu göndərilməsi barədə Xidmətin Qusar rayon şöbəsinə xx xxx 2013-cü il tarixdə 3543 nömrəli məktubla göstəriş verilmişdir. Xidmətin Qusar rayon şöbəsi tərəfindən xx xxx 2013-cü il tarixdə 491 nömrəli məktubla AR Müdafiə Nazirliyinin Mərkəzi Arxiv İdarəsinə İddiaçı xidmətkeçmə müddətini dəqiqləşdirmək məqsədilə sorğu olunmuşdur. Müdafiə Nazirliyi Mərkəzi Arxiv İdarəsinin x xxxxxxx 2013-cü il tarixli 10/2-5069 nömrəli cavab məktubunda “müMüdafiə Nazirliyi Mərkəzi Arxiv İdarəsinin x xxxxxxx 2013-cü il tarixli 10/2-5069 nömrəli cavab məktubunda “müvafiq hərbi hissənin şəxsi heyətə pul paylanması cədvəlində digər hərbi hissənin pul ilə təmin olunmuş şəxslərin adlı siyahısında İddiaçı mart 1992-ci ildə məvacib alması barədə məlumat qeyd vardır. Digər (ikinci) hərbi hissənin əmr kitabları Mərkəzi Arxivə daxil olmadığından, onun xidmətdə olmasını əmr kitabına əsasən araşdırmaq mümkün deyil.” qeyd edilmişdir. İddiaçı Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına göndərilməsi barədə xx xxxxxxx 2013-cü il tarixdə Xidmətin Qusar rayon şöbəsinin rəisinin adına ərizə ilə müraciət etmişdir. Onun müraciəti əsasında xx xxxxxxx 2013-cü il tarixli məktubla xidmət dövründə aldıöı xəstəliyin hərbi xidmətə səbəb-əlaqəsini təyin etmək üçün AR Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalına göndərilmişdir. AR Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx xxxxxxx 2013-cü il tarixli məktubunda İddiaçı hərbi xidmət keçdiyi (onun hansı hərbi hissələrdə və nə vaxta kimi xidmət keçdiyi qeyd olunmalıdır), Silahlı Qüvvələrdən tərxis olunduğu və ya amnistiya tətbiq edildiyi və ya hərbi prokurorluğun məktubuna əsasən qeydiyyata götürüldüyü haqqında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağılrış üzrə Dövlət Xidmətinin Qusar rayon şöbəsinin arayışı Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına daxil olmamış və bu səbəbdən də yaralanmanın səbəb əlaqəsini təyin etmək mümkün olmamışdır. Xidmətn Qusar rayon şöbəsi tərəfindən Tərtər hərbi prokurorluğuna x xxxxxx 2015-ci il tarixli məktubla İddiaçı barəsində cinayət işinin olub-olmaması barədə sorğu edilmişdir. Tərtər hərbi prokurorluğunun xx xxxxxx 2015-ci il tarixli cavab məktubunda İddiaçı barəsində heç bir təqsirləndirici material və ya cinayət işinin olmaması qeyd edilmişdir. Xidmətin Qusar rayon şöbısi tərəfindən İddiaçı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün sənədləri toplanılaraq AR Müdafiə Nazirliyinin Aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi komissiyasına təqdim edilmişdir. Həmin Komissiyanın xx xxxx 2016-cı il tarixli məktubunda İddiaçı döyüş əməliyyatlarında iştirakını təsdq edən sənədlər olmadığı üçün sənədlər geri qaytarılmışdır. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx xxxxxx 2016-cı il tarixli məktubuna əsasən İddiaçı hərbi xidmət keçdiyi (onun hansı hərbi hissələrdə və nə vaxta kimi xidmət keçdiyi qeyd olunmalıdır), Silahlı Qüvvələrdən tərxis olunduğu və ya amnistiya tətbiq edildiyi və ya hərbi prokurorluğun məktubuna əsasən qeydiyyata götürüldüyü haqqında Xidmətin Qusar rayon şöbəsinin arayışı Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına daxil olmamış və bu səbəbdən yaralanmanın səbəb əlaqəsini təyin etmək mümkün olmamışdır. Xidmətin Qusar rayon şöbəsi tərəfindən xx xxxxxx 2016-cı il tarixli məktubla İddiaçı xidmətkeçməsi barədə Müdafiə Nazirliyi Mərkəzi Arxiv idarəsinın arayışı əsasında arayış yazılaraq təqdim edilmişdir. MN Mərkəzi Hərbi Həkim Komissiyası təqdim olunan arayışda hərbi hissənin şəxsi heyətinin siyahısına qəbul olunmağı və şəxsi heyətin siyahısından çıxması barədə məlumatlar olmadığı üçün qəbul edilməmişdir. Müdafiə Nazirliyi Mərkəzi Arxivinin x xxxxxxx 2013-cü il tarixli arayışında İddiaçı müvafiq hərbi hissənin şəxsi heyətə pul paylanması cədvəlində digər hərbi hissənin pul ilə təmin olunmuş şəxslərin adlı siyahısında 1992-ci ilin mart ayında məvacib alması barədə məlumat qeyd edilmişdir. Həmin arayışda qeyd edilmiş məlumatlar əsasında Xidməti Qusar rayon şöbəsi tərəfindən vətəndaşa dəfələrlə müvafiq arayışlar verilmişdir. Bundan başqa, İddiaçı hərbi xidməti, ordu sıralarından hansı səbəbə və nə vaxt ehtiyata yaxud istehfaya buraxılması barədə Xidmətin Qusar rayon şöbəsinin arxiv uçot sənədlərində məlumatlar aşkar olunmadığından, vətəndaşın hərbi biletində xidməti barədə qeydlərin aparılması, eləcə də müvafiq arayış verilməsi mümkün olmamışdır. Müvafiq hərbi hissələr Müdafiə Nazirliyinin tabeli qurumu olduğundan, həmin hərbi hissənin arxiv sənədləri Müdafiə Nazirliyinin arxivində saxlanılır. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli qərarı ilə İddiaçı x xxxx 1992-ci il tarixdən xx xxxx 1992-ci il tarixədək Qurtuluş batalyonu müvafiq hərbi hissəsinin tərkibində hərbi xidmət keçməsi barədə qeydlərin hərbi biletdə aparılması öhdəliyi Xidmətin Qusar rayon şöbəsinin üzərinə qoyulmuşdur. Həmin qərar adıçəkilən şöbə tərəfindən icra olunmuşdur. Şöbə tərəfindən xx xxxx 2019-cu il tarixli məktubla 1973cü il təvəllüdlü ehtiyatda olan hərbi vəzifəli İddiaçı sənədləri yenidən toplanaraq (məhkəmə qərarı əsasında hərbi biletində müvafiq qeydlər aparılmış və arayış yazılmışdır) xəstəliyinin səbəb və əlaqəsinin təyin edilməsi üçün AR Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına göndərilmişdir. Yuxarıda qeyd olunanlara əsasən keçmiş Qusar Rayon Hərbi Komissarlığı və haal-hazırda Xidmətin Qusar rayon şöbəsi tərəfindən hərbi qeydiyyat sənədlərinə uyğun olaraq İddiaçı barəsində lazımi tədbirlər görülmüşdür. AR Nazirlər Kabinetinin xx xxxxxxxx 1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin 8-ci yarımbəndində göstərilən şəxslərə (AR ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi) yerdən aslılı olmayaraq aidiyyəti üzrə AR Müdafiə Nazirliyi tərəfindən onların yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. İddiaçı x xxxx 1992-ci il tarixdən xx xxxx 1992-ci il tarixədək Qurtuluş batalyonu müvafiq hərbi hissənin tərkibində hərbi xidmət keçməsini nəzərə alaraq, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin x xxx 2018-ci il tarixli qərarı ilə İddiaçı “mühairbə veteranı” adı və vəsiqəsinin verilməsi AR Müdafiə Nazirliyinə həvalə edilmişdir. Göstərilənlərə və İPM-in 35.1, 47.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2008-ci il tarixli 7 saylı qərarına əsaslanaraq, İddiaçı iddiasının təmin edilməməsi məhkəmədən xahiş olunur. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2019-cu il tarixli 1325 nömrəli Fərmanının 1-ci və 2-ci bəndlərinə əsasən 2020-ci il yanvarın 1-dən Naxçıvan şəhərində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi və Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi, Bakı şəhərində Bakı İnzibati Məhkəməsi və Bakı Kommersiya Məhkəməsi, Gəncə şəhərində Gəncə İnzibati Məhkəməsi və Gəncə Kommersiya Məhkəməsi, Sumqayıt şəhərində Sumqayıt İnzibati Məhkəməsi və Sumqayıt Kommersiya Məhkəməsi, Şirvan şəhərində Şirvan İnzibati Məhkəməsi və Şirvan Kommersiya Məhkəməsi, Şəki şəhərində Şəki İnzibati Məhkəməsi və Şəki Kommersiya Məhkəməsi təşkil edilmiş, Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, Gəncə İnzibati-İqtisadi Məhkəməsi, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi, Şirvan İnzibati-İqtisadi Məhkəməsi və Şəki İnzibati-İqtisadi Məhkəməsi ləğv edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə inzibati iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. İş materialları Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra işin hazırlıq icraatına başlanmış və bundan sonra işin şifahi məhkəmə baxışı ilə bağlı iclas təyin edilərək bu barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazın məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partaiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. İPM-in 2.2.7-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.4-cü maddəsinə görə ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Həmin Qanunun 89-cu maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Məhkəmə qeyd edir ki, hazırkı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin özü tərəfindən iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi və aldığı xəsarətə görə şəhadətləndirilməsi ilə bağlı inzibati icraat aparılmamış, onun qaldırdığı məsələ ilə bağlı imtina barədə və ya digər qərar verilməmişdir. İddiaçı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qusar rayon şöbəsi ilə inzibati münasibətdə, eləcə də aralarında məhkəmə mübahisəsi olsa da, Xidmətin özü ilə belə münasibətlər mövcud olmamışdır. Bu isə o deməkdir ki, həmin münasibətlərdən yaranan delikt və ya digər qanuna zidd hərəkət hazırkı cavabdehə münasibətdə məsuliyyət yarada bilməz. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçının bundan əvvəl qaldırdığı məhkəmə mübahisələrində də hazırkı cavabdeh orqan tərəf kimi çıxış etməmiş və onun üzərinə məhkəmə qərarı ilə hər hansı öhdəlik qoyulmamışdır. Belə olan halda məhkəmənin qənaətinə görə cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İddiaçı hüquqlarını pozan hər hansı qanunsuz hərəkətkərinin olması barədə məhkəmə icraatında heç bir sübut təqdim edilmədiyindən, eləcə də digər dəlillərlə belə hallar müəyyən edilmədiyindən, iddiaçının “maddi və mənəvi ziyanın ödənilməsi” tələbi əsaslı sayıla bilməz və rədd edilməlidir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 14.3-cü, 23.1-ci, 58.7-ci, 62-ci, 68 – 69-cu, 73.1-ci, 75-ci, 78 – 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-4402/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4402/2020
10.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver