Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4404/2023 17.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə Sabr oğlunun, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində “Yaylaq'’ bağçılıq-yoldaşlıq təsərrüfatının üzvü kimi ona verilmiş ümumi sahəsi 500 (beş yüz) kv.metr olan 47 nömrəli bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçıya 20 mart 1993-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində “Yaylaq” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvü kimi ümumi sahəsi 500 (beş yüz) kv.metr olan 47 nömrəli bağ sahəsi ayrılmışdır. Həmin bağ sahəsi ilə əlaqədar iddiaçıya “Yaylaq” bağçılıq cəmiyyətinin üzvlük kitabçası, bağçılıq cəmiyyəti üzvlərinin 20 mart 1993-cü il tarixli ümumi yığıncağının protokolundan çıxarış, “Yaylaq” bağçılıq cəmiyyətinin torpaq sahəsinin planı və 47 nömrəli bağ sahəsinin planı verilmişdir. Həmin tarixdən başlayaraq torpaq sahəsi iddiaçının istifadəsində olmuşdur. Torpaq sahəsinin ətrafı daş hasarla əhatə olunmuşdur. Torpaq sahəsində yaşayış evi vardır, müxtəlif ağaclar və bitkilər əkib yetişdirir. İddiaçı həmin bağ sahəsinin özəlləşdirilməsi ilə əlaqədar 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin İdarənin xx.xx.2022-ci il tarixli, **********32 saylı məktubu ilə imtina edilmişdir. İmtinada göstərilmişdir ki, “Yaylaq” bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında İddiaçı adı aşkar olunmamışdır. Həmçinin “Yaylaq” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında “47” nömrəli torpaq sahəsi digər şəxsin adına qeyd olunmuşdur.” İddiaçı hesab edir ki, imtina əsassızdır, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində iddiaçıya ayrılmış 47 nömrəli bağ sahəsinə dair ona çıxarışın verilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş icraata daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı münasibətində bildirmişdir ki, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində “Yaylaq” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvü kimi ona verilmiş ümumi sahəsi 500 (beş yüz) kv.metr olan 47 nömrəli bağ sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair iddiası etirazla qarşılanır. Belə ki, “Yaylaq” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında İddiaçı adının aşkar olunmadığı müəyyən edilmişdir. Həmçinin, “Yaylaq” bağçılıq-yoldaşlıq təsərüffatının üzvlərinin siyahısında “47” nömrəli torpaq sahəsi digər şəxsin (X6) adına qeyd olunmuşdur. Bu səbəblərdən ərizənin icrası olmamışdır və iddiaçıya xx.xx.2022-ci il tarixli, **********32 saylı cavab məktubu ünvanlanmışdır. Yuxarıda qeyd olunanlara əsasən, cavabdeh Azərbaycan Respublikası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7, 11.1, 23-cü maddələrinə istinad edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili verdiyi izahatında iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verdi və tələbin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********32 saylı məktubundan görünür ki, təqdim edilmiş “Yaylaq” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında İddiaçı adının aşkar olunmadığı, həmçinin, “Yaylaq” bağçılıq-yoldaşlıq təsərüffatının üzvlərinin siyahısında “47" nömrəli torpaq sahəsi digər şəxsin adına qeyd olunduğu əsas gətirilməklə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7ci maddələsinə istinad edilərək iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. -xx.xx.2017-ci il tarixdə Suraxanı RPİ tərəfindən verilmiş AZE №150047289 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci il tarixdə Qazax rayonunda doğulmuşdur. -Bağçının üzvlük kitabçasının surətindən görünür ki, İddiaçı bağçılıq cəmiyyəti üzvlərinin xx.xx.19936-cü il tarixli, ½ saylı protokoluna əsasən bağçılıq cəmiyyətinə üzv qəbul edilmiş və ona Əzizbayov rayonunun Zirə qəsəbəsində bağçılıq cəmiyyəti bağından sahəsi 500 kv.m olan 47 nömrəli bağ sahəsi, 7 avqust 1987-ci il tarixli qərara əsasən daimi istifadə üçün ayrılmışdır. - “Yaylaq” bağçılıq-yoldaşlığı üzvlərinin yığıncağının 1 nömrəli iclas protokolundan çıxarışda qeyd edilmişdir ki, İddiaçı 1981-ci il tarixdən hazıradək Yüngül Sənaye Nazirliyi sistemində işlədiyi və bağçılıq yoldaşlıq təsərrüfatında boş sahələrin olmas nəzərə alınaraq xahişinin yerinə yetirilməsi və “Yaylaq” bağçılıq-yoldaşlıq təsərüffatına üzv qəbul edilməsi, iddiaçının adına bağçının üzvlük kitabçasının tərtib edilməsi və Yüngül Sənaye Nazirliyinə məxsus Bakı şəhəri, Əzizbəyov rayonu, Zirə qəsəbəsində yerləşən ümumi bağ massivi ərazisindən 500 kv.metr torpaq sahəsindən ibarət 47 nömrəli bağ sahəsinin ayrılması qərara alınmış, həmçinin “Yaylaq” bağçılıq-yoldaşlıq təsərüffatı tərəfindən torpaq sahəsinin planı təsdiq edilmişdir. Məhkəmənin sorğusu ilə cavabdeh tərəfindən “Yaylaq” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısı və arxiv qovluğundakı sənədlərin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərdən görünür ki: -“Yaylaq” bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin xx.xx.1994-cü il tarixli iclasında təsərrüfatın sədri T.P.Fərzəliyev tərəfindən bağçılıq-yoldaşlıq üzvlərinin 54 nəfərdən ibarət üzvlərinin siyahısı imzalanaraq kollektivin möhürü ilə təsdiq edilmişdir. Həmin siyahının 15ci sırasında olan X2 adına 47 nömrəli bağ sahəsi ayrılmışdır. -“Yaylaq” bağçılıq-yoldaşlıq təsərrüfatının xx.xx.1994-cü il tarixdə keçirilmiş üzvlərin ümumi yığıncağında təsdiq edilmiş Yüngül Sənaye Nazirliyinin Zirə qəsəbəsindəki “Yaylaq” bağçılıq-yoldaşlığının torpaq sahəsinin planından görünür ki, bağların bölgü sxemində 47 nömrəli bağ sahəsi mövcuddur. -Bakı şəhər X4 İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli qərarının surətindən görünür ki, Azərbaycan SSR Yüngül Sənaye Nazirliyinə Oktyabr rayonun, Zirə qəsəbəsi ərazisində 54 üzvdən ibarət bağçılıq yoldaşlıq təsərrüfatının yaradılması üçün torpaq sahəsi ayrılmışdır. Qərarın icrası Əzizbəyov rayon İcraiyyə Komitəsinə tapşırılmışdır. -oktyabr 1987-ci il tarixli, 87/427 saylı aktın təsdiq olunmuş surətindən görünür ki, Azərbaycan SSR Yüngül Sənaye Nazirliyinə bağçılıq-yoldaşlığın təşkili üçün Zirə qəsəbəsində 3,38 ha torpaq sahəsi ayrılmış və torpağın cizgisi hazırlanmışdır. -Cavabdehin məhkəmənin sorğusuna cavab olaraq göndərdiyi xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli məktublarında Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 47 saylı torpaq sahəsi ilə bağlı X5 və digər şəxs tərəfindən müraciətin daxil olmadığı bildirilmişdir. İşin faktiki hallarından məlum olur ki, Bakı şəhər X4 İcraiyyə Komitəsinin xx.xx.1987ci il tarixli qərarı ilə Azərbaycan SSR Yüngül Sənaye Nazirliyinə Zirə qəsəbəsi ərazisində bağçılıq yoldaşlıq təsərrüfatının yaradılması üçün torpaq sahəsi ayrılmış, torpaq sahəsinin planı və bağların bölgüsü tərtib edilmişdir. İddiaçı “Yaylaq” bağçılıq-yoldaşlıq təsərrüfatının 20 mart 1993-cü il tarixdə keçirilmiş iclasının qərarına (1 №-li protokoldan çıxarış) əsasən təsərrüfata üzv qəbul edilmiş və ona həmin bağçılıq ərazisində 500 kv.metr ölçüdə, 47 nömrəli bağ sahəsi ayrılaraq üzvlük kitabçası verilmişdir. İddiaçı sözügedən bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh DƏDKR-in 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin tələblərinə əsasən iddia tələbinin əsaslı olduğu nəticəsinə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 139-1.1.7-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.7-ci maddəsinə əsasən, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Eyni Qanunun 10.2-ci maddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə olunmalıdır (10.2.1). Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. «Torpaq islahatı haqqında» AR Qanunun 9-cu maddəsinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Həmin Qanunun 25-ci maddəsinin 4-cü bəndində göstərilir ki, bu Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun bağların əvəzsiz olaraq vətəndaşların mülkiyyətinə verilməsini nəzərdə tutan 9-cu maddəsinin tələblərinin icrasında ləngimələrə yol verildiyini nəzərə alaraq, bağ sahələri ilə bağlı münasibətlərin müasir dövrün tələblərinə uyğunlaşdırılmasının təmin edilməsi məqsədilə qəbul edilmiş “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Göründüyü kimi, mövcud qanunvericilik daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyata alınma əsaslarının dairəsini konkret müəyyən edir. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və üzvlərin iclasının protokolundan çıxarış bu əsaslar sırasında nəzərdə tutulmuşdur. Qanunverici “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan hər hansı sənədlərdən birinin təqdim olunmasını daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün kifayət hesab edir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçının 47 saylı bağ sahəsinə dair hüquqmüəyyənedici sənədləri istinad olunan Qanunun 8.0.7-ci maddəsində göstərilən aktlara uyğun gəlir. Belə ki, iddiaçı iddia etdiyi bağ sahəsinə dair “Yaylaq” bağçılıq təsərrüfatının sədri tərəfindən təsdiq edilmiş üzvlərin siyahısına uyğun üzvlük kitabçasını və protokoldan çıxarışı təqdim etmişdir. Məhkəmə cavabdehin imtina dəlillərinə münasibətdə qeyd edir ki, aparılmış araşdırma ilə müəyyən edildi ki, bağ sahəsi iddiaçının mübahisəsiz istifadəsindədir, iddiaolunan 47 nömrəli bağ sahəsinə dair nə X5, nə də hər hansı digər şəxs tərəfindən müraciət daxil olmamışdır. Həmçinin vurğulanmalıdır ki, iş materiallarından göründüyü kimi, “Yaylaq” bağçılıq-yoldaşlıq təsərrüfatı Azərbaycan SSR Yüngül Sənaye Nazirliyinin işçiləri üçün təşkil edilmiş və iddiaçının uzun müddət həmin Nazirliyin sistemində işləməsi onun əmək kitabçasındakı qeydlərlə təsdiqini tapmışdır. Belə olan halda, iddiaçının təqdim etdiyi hüquqmüəyyənedici sənədlərin həqiqətə uyğun olmadığı müəyyən edilmədiyindən və cavabdeh tərəfindən həmin sənədlərin mötəbərliyini şübhə altına sala bilən tutarlı dəlil təqdim edilmədiyindən, məhkəmə iddiaçının ona Zirə qəsəbəsindəki 47 saylı bağ sahəsinin ayrılması barədə təqdim etdiyi sənədləri mötəbər sübut kimi qiymətləndirir. Bu baxımdan məhkəmə, “Yaylaq” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında İddiaçı adının “Fəxrəddin” deyil, “Faiq” kimi qeyd edilməsinin işin mahiyyətinə təsir etməyən hal hesab edərək texniki səhv kimi qəbul edir və cavabdehin imtinasını mütənasiblik prinsipinin tələblərinə uyğun gəlmədiyi qənaətindədir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəısinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Məhkəmə qeyd olunan normaları nəzərə alaraq hesab edir ki, cavabdehin dəlilləri iddiaçının məsuliyyət sferasına aid olmadığından və iddiaçının arzuladığı məqsədə nail olmaq üçün maneə hesab edilə bilməz. Belə olan halda, cavabdehin imtinası “İnzibati icraat haqqında” Qanunun 15, 17 və 19-cu maddələrinin tələblərinə ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmənin qənaəti belədir ki, iddiaçının ona ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması üçün “qanuni gözləntisi” olduğundan, iddia təmin edilməli, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində “Yaylaq'’ bağçılıq-yoldaşlıq təsərrüfatının üzvü kimi İddiaçı verilmiş ümumi sahəsi 500 (beş yüz) kv.metr olan 47 nömrəli bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. İPM-in: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində “Yaylaq'’ bağçılıq-yoldaşlıq təsərrüfatının üzvü kimi İddiaçı verilmiş ümumi sahəsi 500 (beş yüz) kv.metr olan 47 nömrəli bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyini Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-4404/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4404/2023
17.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver