Məhkəmə qərarları › İş №2-1(112)-4407/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4407/2022

28.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4407/2022 28.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X15, X3, X8, X16 və X10) “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər X15, X3, X8, X16 və X6 qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehlər Əhmədova (Rzayeva) Cəmilə Anar qızı, X15, X3, X10 və X9 Bakı şəhəri, Səbail rayonu, Ak.Həsən Abdullayev (Şırşov) küçəsindəki 10 saylı evin 28/29 saylı mənzilindən istifadə hüquqlarının itirilməsi və qeydiyyatdan çıxarılma vəzifəsinin Səbail Rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, H.Abdullayev (Şırşov) küçəsində yerləşən 10 saylı evin 28/29 saylı mənzili hüquqların dövlət qeydiyyatı haqqında DƏDRX-dən 14.11.2007-ci il tarixli, MH seriyalı, ******* saylı çıxarışa əsasən hazırda iddiaçının mülkiyyətindədir. Təxminən yeddi il əvvəl qohumları X8, X15, X3, X10 və X16 evləri söküldüyündən şəxsiyyət vəsiqələrinin əldə edilməsi ilə bağlı onların müvəqqəti olaraq mənzilinə qeydiyyata alınmasını xahiş etmişlər və iddiaçı buna etiraz etməmişdir. Cavabdehlər bir gün də olsun həmin ünvanda yaşamayıblar və hazırda RF-nın Moskva şəhərində Rusiya vətəndaşlığını qəbul etməklə həmin Moskva şəhərində qeydiyyata düşmüşlər. Cavabdehlər mülkiyyət hüququ ilə ona məxsus olan mənzilə qeydiyyata düşmüşlər, orada heç vaxt yaşamamışlar. Cavabdehlərin mənzildə qeydiyyatda qalmaları mülkiyyət hüquqlarını pozur, mülkiyyət üzərində qanunda nəzərdə tutulan hüquqlarını həyata keçirməyə mane olur. Cavabdehlərin göstərilən ünvanda formal qeydiyyatı qalmışdır və cavabdehlərə görə mənzilkommunal xidmətlər haqqını artıq məbləğdə ödəməyə məcburdur. Cavabdehlərin qeydiyyatdan çıxarılması ilə bağlı Səbail RPİ-nə müraciət etmiş və İdarənin 05.10.2021-ci il tarixli, 065-26606S-3221 saylı məktubuna əsasən ona məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. Hazırda cavabdehlər ailəvi olaraq ona məxsus mənzildən qeydiyyatdan çıxmalarına dair ərizə yazmışlar. Odur ki, cavabdehlərin ona məxsus mənzildən istifadə hüquqlarının itirilməsi və qeydiyyatdan çıxarılması vəzifəsi Səbail RPİ-nin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13008/2021 nömrəli, 29.12.2021-ci il tarixli qərardadı ilə iş üzrə əsl olmayan cavabdehlər əsl cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail Rayon Polis İdarəsi ilə əvəz edilmiş, X15, X3, X8, X16 və X10 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmiş, iddia tələbi X15, X3, X8, X16 və X4 Bakı şəhəri, Səbail rayonu, Ak.Həsən Abdullayev küçəsi, 10 saylı evin 28/29 saylı mənzilindən qeydiyyatdan çıxarılma vəzifəsinin cavabdeh Səbail Rayon Polis İdarəsinin üzərinə qoyulması şəklində icraata qəbul edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin məhkəməyə ünvanladığı 25.01.2022-ci il tarixli, 065-1994-1222 nömrəli və 11.03.2022-ci il tarixli, 065-6554-1222 nömrəli məktublarında iddia tələbi ilə bağlı məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada üçüncü şəxslərin məlum olan qeydiyyat ünvanına məhkəmə bildirişi göndərilmiş, lakin məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməyin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında 21.10.2020-ci il tarixli, ******* nömrəli arayışına əsasən X15, X3, X8, X16 və X10 ünvan 1 ünvanında qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, X5 küçəsi, ev 10, 28/29 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 575 nömrəli reyestr kitabının 52920 nömrəli vərəqində 14.11.2007-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Səbail Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 9 saylı MKİS-nin 22.10.2020-ci il tarixli, 144 nömrəli arayışına əsasən İddiaçı Bakı şəhəri, Səbail rayonu, Ak.Həsən Abdullayev küçəsi, ev 10, 28/29 nömrəli mənzildə yaşayır. Həmin mənzildə qeydiyyatda olanlar özü, oğlu X13, nəvəsi X11, qohumları X15, X8, X3, X10, X12r. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 19.01.2022-ci il tarixli, 018-1152-1222 nömrəli məktubunda bildirilmişdir ki, 17.08.2008-ci il təvəllüdlü X16 31.07.2015-ci il tarixdə, 09.02.2002-ci il təvəllüdlü X10 03.08.2015-ci il tarixdə, 26.12.1975-ci il təvəllüdlü X3 08.11.2014-cü il tarixdə, 28.02.1979-cu il təvəllüdlü X15 15.11.2014-cü il tarixdə və 23.08.1996-cı il təvəllüdlü X8 10.06.2015-ci il tarixdə Səbail rayonu, Ak.Həsən Abdullayev küçəsi, ev 10, mənzil 28/29 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınaraq şəxsiyyət vəsiqələri ilə təmin edilmişlər. Həmçinin bildirilir ki, yuxarıda qeyd olunan vətəndaşlara məxsus şəxsiyyət vəsiqələrinin verilməsi üçün əsas olmuş sənədlərin saxlama müddəti bitdiyi üçün məhv edildiyindən təqdim edilməsi mümkün deyildir. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 21.01.2022-ci il tarixli, **********95 nömrəli məktubda bildirilmişdir ki, ünvan 2 ünvanı üzərində sorğuda sadalanan şəxslərin istifadə hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Həmin məktuba əlavə edilmiş hüquqmüəyyənedici sənədlərdən müəyyən olunur ki, X14 04.07.2002-ci il tarixli bağışlama müqaviləsi ilə Bakı şəhəri, Səbail rayonu, A.İldrım küçəsi, ev 10, 28/29 nömrəli mənzili İddiaçı bağışlamışdır. İş materiallarına əlavə edilmiş Rusiya Federasiyası, Moskva vilayəti, Mıtişi şəhəri notarial dairəsinin notariusu tərəfindən təsdiq edilmiş 01.11.2021-ci il tarixli ərizədə X7 (nikahdan əvvəlki soyadı Rzayeva) daimi olaraq Rusiya Federasiyası ərazisində yaşamağı ilə bağlı Azərbaycan Respublikası, ünvan 3 ünvanından qeydiyyat uçotundan çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Rusiya Federasiyası, Moskva vilayəti, Voskresensk şəhəri notarial dairəsinin notariusu tərəfindən təsdiq edilmiş 12.11.2021-ci il tarixli ərizədə X15, X3 öz adlarından və azyaşlı oğlu X9 adından hərəkət edərək daimi olaraq Rusiya Federasiyası ərazisində yaşamaqları ilə bağlı Azərbaycan Respublikası, ünvan 3 ünvanından qeydiyyat uçotundan çıxarılmaqlarını xahiş etmişlər. İş materiallarına əlavə edilmiş Bakı şəhəri 41 saylı notariat ofisində təsdiq edilmiş 12.08.2021-ci il tarixli ərizədə X10 qeydiyyatda olduğu ünvan 4 ünvanından qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin iddiaçının müraciətinə cavab olaraq ünvanladığı 05.10.2021-ci il tarixli, 065-266068- 3221 nömrəli məktubda bildirilmişdir ki, sizə məxsus olan Bakı şəhəri, Səbail rayonu, X5 küçəsi, ev 10 ünvanında qeydiyyatda olan X15, X2, X8, X10, X9 göstərilən ünvandan qeydiyyatdan çıxarılmaları ilə əlaqədar mövcud qanunvericiliyin tələblərini nəzərə alaraq, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9cu maddəsinə əsasən məhkəmə orqanlarına müraciət etməyiniz məqsədəmüvafiqdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia cavabdehdən üçüncü şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı hərəkətlərin edilməsi tələbi olmaqla öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. İş üzrə yuxarıda sadalanan sübutlarla müəyyən olunur ki, İddiaçı Bakı şəhəri, Səbail rayonu, Ak.Həsən Abdullayev küçəsi, ev 10, 28/29 saylı mənzilin 2007-ci ildən mülkiyyətçisidir. İddiaçının qeydiyyatdan çıxarılmasını tələb etdiyi X15, X3 2014-cü ildə, X10, X16, X8 2015-ci ildə həmin ünvana qeydiyyata düşmüşlər. Üçüncü şəxslər sözügedən ünvanda yaşamırlar və həmin mənzildən qeydiyyatdan çıxarılmaqlarına razıdırlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Məhkəmə qeyd edir ki, Qanunun göstərilən maddəsində birbaşa olaraq daşınmaz əmlakla bağlı hər hansı qanunla qorunan hüquq sahibi olmayan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanı nəzərdə tutulmamışdır, lakin bu hal həmin şəxslərin qeydiyyatdan çıxarılmalarına mane təşkil etməməlidir. Belə ki, Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, “...mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. X1 Məhkəməsi yekunda bu nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər”. Hazırkı işdən də müəyyən olunur ki, üçüncü şəxslər mübahisəli ünvanda qeydiyyatda olsalar da onlar hazırkı mülkiyyətçinin ailə üzvü deyildir, həmin ünvanda faktiki olaraq yaşamırlar, onların mənzilə dair istifadə hüquqları daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmamışdır, üçüncü şəxslər notarial qaydada təqdim etdikləri ərizələrdə həmin ünvandan qeydiyyatdan çıxarılmalarını xahiş etmişlər. Belə olan halda mənzilin hazırkı mülkiyyətçisi onların qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlı olmuş, cavabdeh Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin isə üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasından imtina etməsi mülkiyyətçinin hüquqlarının pozulmasına səbəb olmuşdur. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, 28.02.1979cu il təvəllüdlü X15, 26.12.1975-ci il təvəllüdlü X3, 23.08.1996-cı il təvəllüdlü X8, 17.08.2008-ci il təvəllüdlü X16 və 09.02.2002-ci il təvəllüdlü X4 ünvan 7 ünvanından qeydiyyatdan çıxarılmaları vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. X15, X3, X8, X16 və X4 ünvan 7 ünvanından qeydiyyatdan çıxarılmaları vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar