Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4408/2021 09.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı Mehdi oğlunun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, iddiaçı-İddiaçı Mehdi oğlunun cavabdeh-Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “şəhid statusunun verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı Mehdi oğlu cavabdeh-Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 26.11.1987-ci ildə doğulmuş Baş leytenant X6 “Şəhid” adı verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, oğlu X9 26.11.1987-ci il tarixdə Abşeron rayonu Saray qəsəbəsində doğulmuşdur. Avqust 2006-cı il tarixdən Abşeron rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə getmişdir. 2 (iki) il Cəmşid Naxçıvanski adına hərbi məktəbdə, sonra Heydər Əliyev adına Ali hərbi məktəbi oxumuşdur. 29.07.2011-ci il tarixdən Azərbaycan Respublikası Silahlı Qüvvələrində N saylı hərbi hissədə 5-ci tabor 14cü bölükdə tağım komandiri vəzifəsində xidmət etmiş və hərbi rütbəsi baş leytenant olmuşdur. X9 11.01.2013-cü il tarixdən 22.01.2013-cü il tarixədək “diskogen mənşəli beloma radikuliti” diaqnozu ilə SQ Baş Klinik Hospitalında və 04.02.2013-cü il tarixdən 10.02.2013-cü il tarixədək “diskogen mənşəli bel-sma radikuliti” diaqnozu ilə N saylı hərbi hissədə stasionar müalicədə olmuşdur. Təkrar xəstəliyi ilə əlaqədar olaraq 10.06.2013-cü il tarixdə “sol tərəfli Sakroileit” diaqnozu ilə SQ. Baş Kliniki Hospitalında stasionar müalicəyə qəbul edilmişdir. Vəziyyəti ağır olduğundan 15.07.2013-cü il tarixdə Türkiyə Respublikası Gülhanə Tibb Akademiyasına göndərilmişdir. Türkiyə Respublikası Gülhanə Tibb Akademiyasında əməliyyat olunmuşdur. Müalicəsi bitdikdən sonra 24.10.2014-cü il tarixdə SQ BKH-na qayıdıb hospitaliza olunmuşdur. Silahlı Qüvvələrin Baş Klinik Hospitalı tərəfindən verilmiş “X4 bildirilir ki, oğlunun xəstəliyi Diskogen soltərəfli L5, sağtərəfli Sİ radiokulopatiyası, natamam remissiya mərhələsində xəstəlikdir və hərbi xidmət dövründə alınmışdır. 26 iyun 2015-ci il tarixdə oğlu ölmüşdür. X5 aldığı xəsarət hərbi xidmət dövründə aldığından şəhid adı və ailəsinə “şəhid ailəsi statusu” verilməli idi. X5 Diskogen soltərəfli L5, ağtərəfli Sİ, radiokulopatiyası, natamam remissiya mərhələsində xəstəlikdir və hərbi xidmət dövründə aldığından şəhid adı və ailəsinə “şəhid ailəsi statusu” verilməsi barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi 1/A-l 1605 saylı, 01 sentyabr 2020-ci il tarixli məktubu ilə imtina etmişdir. Həmin imtina əsaszız və qanunsuzdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 07.04.2021-ci il tarixli 11/1417 saylı etirazı 13.04.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh inzibati orqan yazılı etirazında göstərmişdir ki, hazırki iddia tələbi əsassız olduğundan və mövcud qanunvericiliyin tələbinə uyğun mərhum X6 “şəhid” hesab olunması və “şəhid” adının verilməsi üçün əsaslar mövcud olmadığından iddia tələbi aşağıdakı səbəblərdən təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın 1-ci bəndində şəhid anlayışı verilmişdir. Şəhid-Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Həmin Qaydaların 1.2.6-cı bəndinə əsasən Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, milli təhlükəsizlik orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Sözügedən normanın dispozisiyasında "Şəhid” statusunun verilməsi üçün zəruri şərt döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı şəxsin həlak olması, itkin düşməsi və məhkəmənin qərarına ölmüş elan edilməsi əks edilmişdir. Döyüş tapşırığı və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifələrin icrası zamanı həlak olmuş şəxslər “şəhid” hesab edilir. Yəni, xidməti vəzifələrin icrası döyüş tapşırığı və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar olmalıdır. Döyüş təminatının anlayışı “Quru Qoşunlarının taktiki fəaliyyətləri üzrə döyüş Təlimatı”nın 8.2-ci maddəsinə əsasən Döyüş təminatı-briqadanın döyüş imkanlarının tam reallaşdırılmasının təmin edilməsi, ona verilən tapşırıqların minimal itkilərlə (şəxsi heyətin silah və hərbi texnikasının) və vaxtında yerinə yetirilməsi məqsədi ilə keçirilən kompleks tədbirlərdir. Növləri:-Kəşfiyyat, mühafizə, radioelektron mübarizə, taktiki maskalanma, mühəndis təminatı, radiasiya, kimyəvi və bioloji qoruma, topogeodeziya və naviqasiya təminatı, hidrometeoroloji (meteoroloji) təminatı. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə isə qeyd etmək zəruridir ki, iş materiallarından məlum olur ki, mərhum baş leytenant X2 yaranan problemlərlə bağlı 11 iyun 2013-cü il tarixdən 13 iyul 2013-cü il tarixədək Silahlı Qüvvələrin Baş Klinik Hospitalında, 15 iyul 2013-cü il tarixdən 23 oktyabr 2013-cü il tarixədək Gülhanə Hərbi Tibb Akademiyasında, 24 oktyabr 2013-cü il tarixdən yenidən Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müayinə və müalicədə olmuş, 15 iyul 2013-cü il tarixdən Türkiyə Respublikasının Gülhanə Tibb Akademiyasına göndərilmiş, əməliyyat olunmuş, 24 oktyabr 2014-cü il tarixdə SQBKH hospitalizə olunmuş, 26 iyun 2015-ci il tarixdə vəfat etmişdir. İnzibati iş materiallarında olan 27 noyabr 2013-cü il tarixli xəstəlik haqqında Şəhadətnamənin surətindən görünür ki, iddiaçının oğlu mərhum baş leytenant X9 Silahlı Qüvvələrin Baş X7 Profilli Hospitalının hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilmiş hərbi xidmətə yararsız hesab edilmişdir. Bununla belə mərhum Y.İddiaçı xəstəliyi hərbi xidmət dövründə alınsa da ölümü döyüş tapşırığı və ya döyüş təminatı ilə əlaqədar olmadığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın 1.2.6.-cı bəndində təsbit edilən “şəhid” statusunun verilməsinə dair təsbit olunan əsaslar mövcud deyildir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və bu barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı Mehdi oğlunun nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə işin materiallarını araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını dinləyərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İPM-nin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İş materiallarında olan; İddiaçıya məxsus AZE seriyalı 0******* №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1961-ci ildə Ermənistanın, Ararat rayonunda doğulmuşdur. ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya X1 tərəfindən verilmiş 28.06.2013-cü il tarixli 9692/2013 saylı pataloji rapordan müəyyən olunur ki, X3 diaqnoz kimi sol oma-qalça bitişməsinin törətməsi. yuinq sarkoması. Diaqnoz isə xondrosarkoma, Grade İİ qeyd olunmuşdur. Silahlı Qüvvələrin Baş Klinik Hospitalı tərəfindən verilmiş 27.11.2013-cü il tarixli N nömrəli xəstəlik haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, diaqnoz və yaralanmanın, xəstəliyin səbəb əlaqəsi haqqında HHK-nın qərarı (12-ci bənd) ilə Sola oma-qalça bitişməsinin xondrosarkomasına görə aparılmış oma və qalça sümüklərinin geniş radikal və metal konstruksiya ilə osteosintezindən (30.09.2013) sonrakı vəziyyət; diskogen soltərəfli L5, sağtərəfli S1 radikulopatiyası, natamam remissiyamərhələsində xəstəlikdir, hərbi xidmət dövründə almışdır. 13-cü bəndə əsasən “Xəstəliklər ccədvəlinin 9 a maddəsinin İİİ qrafasına və ƏTC-ə əsasən Həbbi uçotdan çıxarılmaqla hərbi xidmətə yararsızdır. Silahlı Qüvvələrin Baş X8 bölməsi tərəfindən 06.12.2013-cü il tarixdə tərtib olunmuş 9029 nömrəli xəstəlik tarixində qeyd olunmuşdur ki, N saylı hərbi hissənin leytenantı X6 diaqnoz: Sol oma-qalça birləşməsinin mezenximal xondrosarkomasına görə apanlmış oma və qalça sümüklərinin geniş və ya radikal rezeksiyası və metal konstruksiya ilə osteosintezi (30.09.2013) cərrahi əməliyyatından sonrakı vəziyyət; diskogen soltərəfli L5, sağtərəfli Sİ radikulopatiya, alt çənənin ocaql alopesiyası. Xəstəliyin gedişi və yazıldığı günə vəziyyəti: xəstə kafi vəziyyətdə stasionardan öz hərbi hissəsinə yazılır. Xəstəliklər cədvəlinin 9a maddəsinin İİİ qrafasına əsasən hərbi uçotdan çıxarılmaqla hərbi xidmətə yararsızdır. Xəstənin Türkiyə Respublikası Gülhanə Hərbi Tibb Akademiyasında təkrar müayinə olunması tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissə tərəfindən verilmiş tibbi xasiyyətnamənin surətində qeyd olunmuşdur ki, hərbi hissədə xidmət etdiyi müddət ərzində baş-leytenant X9 bir neçə dəfə xəstəliyi ilə əlaqədar olaraq hospitallarda stasionar müalicədə olmuşdur. Belə ki, hərbi qulluqçu 11.01.2013-cü il tarixdən 22.01.2013-cü il tarixədək “diskogen mənşəli bel-oma radikuliti” diaqnozu ilə SQ. Baş Kliniki Hospitalında vg 04.02.2013-cü il tarixdən 10.02.2013-cü il tarixədək “diskogen mənşəli bel-oma radikuliti” diaqnozu ilə N saylı hərbi hissədə stasionar müalicədə olmuşdur. Hərbi qulluqçu təkrar xəstəliyi ilə əlaqədar olaraq 10.06.2013-cü il tarixdə “sol tərəfli sakroileit” diaqnozu ilə SQ. Baş Kliniki Hospitalına stasionar müalicəyə qəbul olmuşdur. Tibbi xasiyyətnamə hərbi qulluqçunun hərbi xidmətə yararlılıq dərəcəsinin təyini məqsədi ilə SQ. Baş Kliniki Hospitalının Hərbi Həkim Komissiyasına təqdim edilməsi üçün verilir. Abşeron rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbə İnzibati ərazi dairəsi üzrə İcra nümayəndəliyi tərəfindən 06 iyul 2015-ci il tarixdə verilmiş AZ -İ seriyalı 728370 №li ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X9 26 iyun 2015-ci il tarixdə ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında 2015-ci ilin iyul ayının 06-cı günündə 35 nömrə ilə qeyd edilmişdir. Ölümün səbəbi “Kaxeksiya” kimi qeyd olunmuşdur. İddiaçı hazırki tələblə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ərizə ilə müraciət etmiş, onun müraciətinə 01.09.2020-ci il tarixli 1/A-11605 saylı məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 №-li qərarı ilə təsdiq edilmiş "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının 1.2.6-cı maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Mərhum baş leytenant X5 döyüş tapşırığı və ya döyüş təminatı ilə bağlı tapşırıqları bilavasitə icra etmədiyi zaman vəfat etdiyi üçün onun şəhid hesab edilməsi qanuna müvafiq deyil. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hüquq idarəsi tərəfindən verilmiş 06.09.2021-ci il tarixli 11/4251 nömərli məktubda qeyd olunmuşdur ki, baş leytenant X9 24 iyun 2011-ci il tarixdən N fevral 2014cü il tarixədək N nömrəli hərbi hissədə xidmət keçmiş, N fevral 2014-cü il tarixdən istefaya buraxılmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinə əsasən vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin üçüncü hissəsinə müvafiq olaraq ehtiyatda xidmət – toplanışlar keçmək və müharibə zamanı səfərbərlik üzrə çağırış qaydalarını yerinə yetirməkdən ibarət olan xidməti fəaliyyətdir “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin birinci hissəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Həmin Qanunun 3-cü maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı Qərarının 1.2.6-cı yarımbəndinə əsasən, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Bu Qərarın 4.1-ci bəndinə əsasən, şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Məhkəmə qeyd edir ki, işin araşdırılan halları ilə iddiaçının mərhum oğlu X5 döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olması iş materialları ilə təsdiq olunmur. Belə iş materiallarından da göründüyü kimi, mərhum baş leytenant X9 24 iyun 2011-ci il tarixdən N fevral 2014-cü il tarixədək hərbi hissədə xidmət keçmiş, N fevral 2014-cü il tarixdən istefaya buraxılmış və 26 iyun 2015-ci il tarixdə ölmüşdür. İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmişdir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı Qərarı ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdır İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdır. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olmadığından təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-4408/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4408/2021
09.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver