Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4408/2024 13.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Bağırova Ayla Fuad qızının katibliyi İddiaçı, cavabdehin nümayəndəsi X6 iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı «iddiaçının yetkinlik yaşına çatmayan övladlarının soyadının dəyişdirilməsi» tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı RİH-ə qarşı «iddiaçının yetkinlik yaşına çatmayan övladlarının soyadının dəyişdirilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, İddiaçıh oğlu və X7 faktiki ailə münasibətlərindən iki övladı doğulmuşdur: 8 oktyabr 2013-cü il tarixdə X9 və 1 noyabr 2008-ci il tarixdə X8. Onların rəsmi nikahı olmamışdır və uşaqların doğumu ilə bağlı o (iddiaçı) rəsmi şəkildə atalıq vermişdir. Nikahın olmaması səbəbi ilə X9 və X3 analarının soyadına əsasən Nuriyev və Nurizadə olaraq qeyd edilmişdir. Uşaqların anası X11 23 iyul 2023-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. İddiaçı uşaqların soyadının dəyişdirilməsi ilə bağlı cavabdeh Bakı şəhəri Suraxanı RİH-ə müraciət edərkən, hər iki valideynin razılığı tələb olunmuşdur. X7 vəfatı ilə əlaqədar iddiaçı övladlarının soyadlarının dəyişdirilərək “Pirəliyev” kimi yazılmasına nail ola bilmirəm. O (iddiaçı), X7 vəfatının səbəbibdən uşaqlara ailə başçısının itirilməsinə görə müavinətin verilməsi ilə bağlı müraciət etmək istəyir. Lakin övladları X9 və X1 onun soyadı ilə eyni olmaması səbəbindən müavinət üçün müraciət edə bilmir. Məhkəməyə müraciət etməkdə məqsədi 2008-ci il və 2013-cü il təvəllüdlü övladlarının soyadlarının dəyişdirilərək “Pirəliyev” kimi yazılması ilə bağlıdır. Göstərilənlərə və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45, 54-cü maddələrinə, İPM-in 2.1, 14.1, 45 – 47-ci maddələrinə əsaslanaraq, iddiaçı övladları 2013-cü il təvəllüdlü X5 və 2008-ci il təvəllüdlü X1 “Pirəliyev” olaraq dəyişdirilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Suraxanı RİH-in üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahuş olunur. Cavabdeh Bakı şəhəri Suraxanı RİH-in iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı münasibətində (etirazında) bildirilir ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.7-ci maddəsinə əsasən diskresion səlahiyyətlər – qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. Həmin Qanunun 14-cü maddəsinə görə inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Vətəndaş İddiaçıh oğlu yetkinlik yaşına çatmayan övladları 2008-ci il təvəllüdlü X8 və 2013-cü il təvəllüdlü X10 üzərində atalıq faktının tanınmasına köməklik göstərilməsi barədə ərizə ilə Bakı şəhəri Suraxanı RİH-ə müraciət etmiş və ona RİH-in 20 sentyabr 2023-cü il tarixli məktubu ilə cavab verilmişdir. Cavab məktubunda onun aidiyyəti üzrə məhkəməyə müraciət etməyi məqsədəuyğun hesab edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. İPM-in 73.3.1-ci maddəsinə görə, inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə məhkəmə bir qayda olaraq iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. Göstərilənlərə əsaslanaraq, iddianın rədd edilməsi xahiş olunur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X12 iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.4-cü maddəsinə görə ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.4-cü maddəsinə görə ana öldükdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, ananın yerini müəyyən etmək mümkün olmadıqda və ya o, valideynlik hüquqlarından məhrum edildikdə, atalıq müvafiq icra hakimiyyəti orqanının razılığı ilə uşağın atasının ərizəsi əsasında, bu razılıq olmadıqda isə məhkəmənin qərarı ilə müəyyən olunur. Həmin Məcəllənin 46.3-cü maddəsinə görə uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Həmin Məcəllənin 53.5-ci maddəsinə görə atalıq müəyyən olunmadıqda uşağa ad ananın göstərişi ilə, ata adı bu Məcəllənin 46.3-cü maddəsinə uyğun olaraq uşağın atası kimi qeydə alınan şəxsin adına görə, soyad isə ananın soyadına görə verilir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1-ci maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun 13.2-ci maddəsinə görə əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 33.1-ci və 33.2-ci maddələri tətbiq oluna bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçıh oğlunun iddiası mahiyyətcə mərhum X11 ilə aralarında nikah olmadığı halda doğulmuş övladları – 2008-ci il təvəllüdlü X8 və 2013-cü il təvəllüdlü X2 “Nuriyev” və “Nurizadə”dən “Pirəliyev”ə dəyişdirilməsi barədədir və bu qəbildən olan iddialar “öhdəliyin icrası haqqında” iddialara aiddir. Məhkəmə qeyd edir ki, hazırkı iddianın qaldırılmasından əvvəl iddiaçının inzibati orqan Bakı şəhəri Suraxanı RİH-ə həmin məzmunda müraciət etməsi məhkəmə icraatında təsdiqini tapmır. İddiaçının cavabdehə müraciətinin məzmunu uçaqlar barədə atalıq faktının tanınması ilə bağlı olmuşdur. Bu hal isə belə nəticə yaradır ki, iddiada qaldırılan məsələ üzrə iddiaçı və cavabdeh arasında inzibati mübahisə yaranmamışdır. Bundan başqa nəzərə alınmalıdır ki, İddiaçıh oğlu ilə mərhum X11 arasında nikah bağlanmadığından, bu nikah olmadan doğulmuş uşaqlar barədə atalıq müəyyən olunmadığından, Ailə Məcəlləsinin 53.5 və 46.3-cü maddələrinin tələblərinə görə uşaqların soyadının onların atası kimi hazırkı iddiaçının soyadına dəyişdirilməsi mümkünsüzdür. Belə olan halda məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqan tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmır. Odur ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı mıəhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23, 35-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim: Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-4408/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4408/2024
13.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver