Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-441/2020 03.03.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, iddiaçı-İddiaçı nümayəndəsi və vəkili X2 iştirakı ilə, iddiaçı-İddiaçı cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı “ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatın fərdi şəxsi hesaba daxil edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı-İddiaçı cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı “ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatın fərdi şəxsi hesaba daxil edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sığortaedən tərəfindən onun fərdi şəxsi hesabına hesablanmış və 2018-ci il 07 fevral və 2018-ci il 06 mart tarixində ödənilmiş 720 manat və 270 manat məcburi dövlət sosial sığorta haqları barədə məlumatın fərdi şəxsi hesabına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, xx.xx.1957-ci il təvəllüdlüdür və 24 may 1976-cı ildən əmək fəaliyyətinə başlamışdır. Həmin vaxtdan müxtəlif idarə və təşkilatlarda çalışmışdır. Sonuncu iş yeri 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin 112 saylı MKİS olmuş və mühasib vəzifəsində çalışmışdır. 21.11.2010-cu il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. Çalışdığı dövrlərdə ümumilikdə 26 il 11 ay 16 gün əmək stajı qazanmışdır və qeyd etdiyi əmək satjı əmək kitabçasında öz əksini tapmışdır. 23.01.2018-ci il tarixdə DSMF-nin Binəqədi rayon şöbəsinə yaşa görə əmək pensiyasının təyinatı ilə bağlı müraciət etmiş, həmin şöbədən ona 2 saylı Xüsusi Təyinatlı Kommunal Təsərrüfat Birliyində 01.01.2006-cı il tarixdən 21.11.2010-cu il tarixədək çalışdığı dövrün əmək stajı kimi qəbul edilmədiyi, belə ki, adıçəkilən Birlik tərəfindən 2006-2010-cu illər üzrə təqdim edilmiş “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığorta olunanlar haqqında məlumatlarda” (Forma B3) onun sosial sığorta şəhadətnaməsinin nömrəsi qeyd olunmadığından fərdi şəxsi hesabında məlumatların aşkar edilmədiyi bildirilmişdir. Bununla bağlı 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinə müraciət etmiş, həmin Birlik tərəfindən ona ünvanlanmış 19.04.2018-ci il tarixli cavab məktubunda ərizəsi ilə bağlı araşdırma aparıldığı və əmək haqqından 25 % tutularaq 06.02.2018-ci il tarixli 11 saylı ödəniş tapşırığına əsasən 720 manat və 05.03.2019-cu il tarixli, 26 saylı ödəniş tapşırığına əsasən 270 manat, cəmi 990 manat sosial sığorta haqqının hesabına köçürüldüyü bildirilmişdir. DSMF-nin 25 iyun 2019-cu il tarixi məktubunda göstərilmişdir ki, 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin DSMF-yə 2018-ci ilin 1 oktyabr tarixinədək 830.713,46 manat məbləğində sosial sığorta haqqı üzrə debitor borcu yarandığından 07.02.2018-ci il tarixli, 11 saylı ödəniş tapşırığına əsasən 720 manat və 06.03.2019-cu il tarixli, 26 saylı ödəniş tapşırığına əsasən 270 manat, cəmi 990 manat “X1 Sisteminin” “Sığorta AS (Hesabat)” alt sistemində “X5”da sığortaolunanlar arasında proporsional qaydada bölüşdürülmüşdür. 2006-2010-cu illərdə işlədiyi müəssisənin DSMFyə debitor borcu olduğundan sığortaedən tərəfindən ona görə ödənilən vəsait onun fərdi şəxsi hesabına ödənilməmişdir. Bununla da o, əmək pensiyası almaq hüququndan məhrum olmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçı-İddiaçı nümayəndəsi və vəkili X3 iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İş materiallarında olan: iddiaçıya məxsus AZE seriyalı 0******* №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1957-ci ildə Tovuz rayonu, Düzcırdaxan kəndində doğulmuşdur. İddiaçıya məxsus İT seriyalı ******* №li əmək kitabçasının surətindən müəyyən olunur ki, İddiaçı 03.07.2002-ci ildən Xüsusi Təyinatlı Mənzi-Kommunal Təsərrüfat Birliyi 112 saylı MKİS-nə mühasib vəzifəsinə təyin edilmiş və 21.11.2010-cu il tarixdə həmin vəzifədən azad edilmişdir. Bakı şəhər İcra hakimiyyəti başçısı aparatının Mənzil-Kommunal Təsərrüfatı Departamenti 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən İddiaçı ünvanlanmış B-02 №li 19.04.2019-cu il tarixli məktubda göstərilmişdir ki, 06.02.2018-ci il tarixli, 11 saylı ödəniş tapşırığına əsasən 720 manat və 05.03.2018-ci il tarixli 26 saylı ödəniş tapşırığına əsasən 270 manat əmək haqqından 25 % tutularaq, sosial sığorta hesabına cəmi 990 (doqquz yüz doxsan) manat vəsait köçürülmüşdür. Bakı şəhər İcra hakimiyyəti başçısı aparatının Mənzil-Kommunal Təsərrüfatı Departamenti 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Departamentinə ünvanlanmış 61 №li 30.04.2019-cu il tarixli məktubda göstərilmişdir ki, İddiaçı 2006-cı ilin noyabr ayından 2010-cu ilin noyabr ayına kimi 2 saylı Xüsui Təyinatlı MKTB-nin nəzdində olan 113 saylı MKİS-də mühasib vəzifəsində işləmişdir. Həmin işlədiyi dövrlərdə əmək haqqı aşağıdakı kimi olmuşdur: 2006-60 manat; 2007-705,55 manat; 2008-830,96 manat, 2009-912 manat; 2010-757,53 manat, cəmi 3.266 manat təşkil edir. İddiaçı əmək haqqından 25%-i, yəni 816,50 manat hesablanmış, 06.02.2018-ci il tarixdə 11 nömrəli ödəniş tapşırığında 720 manat və 05.03.2018-ci ildə 26 nömrəli ödəniş tapşırığı ilə 270 manat olmaqla, cəmi 990 manat hesabına vəsait köçürülmüşdür. 06.02.2018-ci il tarixli və 05.03.2018-ci il tarixli müvafiq olaraq 11 və 26 nömrəli ödəniş tapşırıqlarından müəyyən olunur ki, 720 manat və 270 manat olmaqla, cəmi 990 manat 2 saylı Xüsui Təyinatlı MKTB tərəfindən DSMF Bakı şəhəri üzrə Hüquqi şəxslərlə iş Departamentinə köçürülmüşdür. Qeyd olunan ödəniş tapşırıqlarında “Ödənişin təyinatı və əsas”ı kimi İddiaçı üçün 25 % məcburi dövlət sosial sığorta haqqı olaraq ödənildiyi qeyd olumuşdur. İddiaçının hazırkı tələblə cavabdeh orqana etdiyi müraciətə cavab olaraq, DSMF tərəfindən verilmiş 25.06.2019-cu il tarixli **********9 №li imtina məktubunda göstərilmişdir ki, sığortaedən “2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi” tərəfindən 2006-2010-cu illər üzrə təqdim olunmuş “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”larda (Forma B3) İddiaçı sosial sığorta şəhadətnaməsinin nömrəsi qeyd olunmadığı üçün vətəndaşın fərdi şəxsi hesabında müvafiq məlumatlar əks olunmamışdır. Sığortaedən 2 Saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin DSMF-yə 2018-ci il 01 oktyabr tarixədək 830.713,46 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı üzrə borcu yaranmışdır. 2018-ci il 07 fevral və 2018-ci il 06 mart tarixində sığortaedən tərəfindən köçürülmüş 720 və 270 manat məcburi dövlət sosial sığorta haqları Bakı şəhər İdarəsinin xəzinə hesabına daxil olmuş və həmin məbləğlər “X1 Sistemi”nin “Sığorta AS (Hesabat)” alt sistemində “X5”da sığortaolunanlar arasında proporsional qaydada bölüşdürülmüşdür. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının qanunvericilikdə nəzərdə tutulan hüquqlarını pozur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİhissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinəçatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 4.1-ci maddəsinə görə bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. İşin mübahisələndirilməyən hallarına görə sığortaedən tərəfindən 07 fevral 2018-ci il və 06 mart 2018-ci il tarixlərində 720 (yeddi yüz iyirmi) manat və 270 (iki yüz yetmiş) manat məcburi dövlət sosial sığorta haqları ödənilmişdir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 21 noyabr 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə-Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür (3.1-ci bənd); Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir (3.1.1-ci bənd); Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur və “Sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə arayış” müvafiq formada təsdiq olunur (3.1.2-ci bənd); “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığortahaqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə görə məcburi dövlət sosial sığortanın məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdim etdiyi məlumatlar əsasında sığortaedənlərin və sığortaolunanların uçotunu aparmaq sığortaçının vəzifəsidir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 04 №li 18 noyabr 2014-cü il tarixli qərarı ilə təsdiq olunmuş “Məcburi dövlət sosial sığorta haqqının toplanması Qaydaları” və “Məcburi dövlət sosial sığortası üzrə sığorta iştirakçılarının uçotu Qaydaları”nın 7.1-ci bəndinə görə sığortaedənlər tərəfindən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasının və ödənilməsinin uçotu aparılmalıdır. Qaydaların 7.11-ci bəndinə görə məcburi dövlət sosial sığortası üzrə hesabat və sığortaolunanlar haqqında məlumat təqdim edildikdən sonra ödənilmiş məcburi dövlət sosial sığorta haqları fərdi uçot sistemində uçota alınan sığortaolunanların fərdi şəxsi hesabında qanunvericilikdə müəyyən olunmuş qaydada nəzərə alınır. Qaydaların 7.22-ci bəndinə görə sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının məcburi dövlət sosial sığortası üzrə fərdi uçot sistemində nəzərə alınması məqsədi ilə DSMF orqanları hər bir sığortaedən üzrə “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat" formasını tərtib edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməklə 07 fevral 2018-ci il və 06 mart 2018-ci il tarixlərində sığortaedən (2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi) tərəfindən ödənilmiş 720 (yeddi yüz iyirmi) manat və 270 (iki yüz yetmiş) manat məcburi dövlət sosial sığorta haqlarının İddiaçı fərdi şəxsi hesabına daxil edilməsi öhdəliyi cavabdeh DSMF-nin üzərinə qoyulmalıdr. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. 07 fevral 2018-ci il və 06 mart 2018-ci il tarixlərində sığortaedən (2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi) tərəfindən ödənilmiş 720 (yeddi yüz iyirmi) manat və 270 (iki yüz yetmiş) manat məbləğində məcburi dövlət sosial sığorta haqlarının İddiaçı fərdi şəxsi hesabına daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-441/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-441/2020
03.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver