Məhkəmə qərarları › İş №2-1(112)-4410/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4410/2024

09.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4410/2024 09.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əlilliyə görə əmək pensiyasının ödənilməsi” tələbi dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilə qədər ödənilməli olan əlilliyə görə əmək pensiyasının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi xx.xx.2024-cü il tarixində “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçıya xx.xx.2020-ci ildən xx.xx.2023-cü ilədək ödənilməli olan əlilliyə görə əmək pensiyasının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” kimi müəyyən edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. Daha sonra iddiaçı xx.xx.2024-cü il tarixdə yenidən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iddiaçıya xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilə qədər ödənilməli olan əlilliyə görə əmək pensiyasının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.2018-ci il tarixdə müddətsiz olaraq 3-cü dərəcəli əlillik təyin edilmişdir. Həmin təyin edilmiş əlillik əsasında iddiaçıya cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixdən etibarən əlilliyə görə əmək pensiyası təyin edilmiş və onun ödənişinə başlanılmışdır. Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi tərəfindən iddiaçıya təyin edilmiş 3-cü dərəcəli əlillik xx.xx.2019-cu il tarixdə əlillik altsistemində etibarsız hesab edilmişdir. Bundan sonra cavabdeh tərəfindən iddiaçıya ödənilən əlilliyə görə əmək pensiyasının ödənişi xx.xx.2020-ci il tarixdən dayandırılmışdır. Daha sonra iddiaçı tərəfindən Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə qarşı ona təyin edilmiş əlilliyin etibarsız hesab edildiyi tarixdən bərpa olunmasına dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-8217/2023 saylı qərarı ilə iddia tələbi təmin edilmiş və iddiaçıya təyin edilmiş pensiyanın etibarsız hesab edildiyi xx.xx.2019-cu il tarixdə bərpa edilməsi vəzifəsi Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Adıçəkilə məhkəmə qətnaməsi həmin Agentlik tərəfindən icra edilmiş və iddiaçıya təyin edilmiş 3-cü dərəcəli əlillik altsistemdə dayandırıldığı tarixdən bərpa edilmişdir. Bundan sonra iddiaçı cavabdeh orqana müraciət edərək ona əlilliyə görə əmək pensiyasının dayandırıldığı tərixdən bərpa edilməsi, cari pensiya ilə yanaşı ödənilməmiş qalan məbləğlərin ödənilməsi xahiş edimişdir. Cavabdeh orqan tərəfindən iddiaçının müraciəti qismən təmin edilmişdir. Belə ki, iddiaçıya əlilliyə görə təyin olunmuş cari pensiya, o cümlədən xx.xx.2020-ci ildən etibarən ödənilməli olan pensiya məbləğinin ödənişinin həyata keçirilməsinə başlanmışdır. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinin qimən təmin edilməsi əsassızdır. Belə ki, cavabdehin imtina məktubundan görünür ki, pensiya ödənişinin dayandırldığı tarixdən ödənilməməsi “Əmək pensiyaları haqqında” AR Qanununun 32.1.1-ci maddəsi ilə əsaslandırılmışdır. Halbuki hazırkı mübahisədə cavabdeh orqan bir məsələni nəzərdən qaçırmışdır. İddiaçı vaxtında ona pensiya təyin olunması ilə bağlı cavabdehə müraciət etmiş bir müddət həmin pensiyanı almaqda davam etmiş daha sonra reablitasiya agentliyinin qanunsuz hərəköətləri nəticəsində onun əliliyi etibarsız hesab edilmiş həmin hərəkətlərin qanunsuz olması məhkəmənin qanuni qüvvəsini almış qərarı ilə təsbit edilmiş və bundan sonra ödənişlər bərpa edilmişdir. İddiaçının pensiyasının 3 il 3 ay ərzində dayandırılmasında onun hər hansı bir təqsiri mövcud olmamışdır. Bu əsasdan cavabdeh inzibati orqanın hazırkı mübahisəyə münasibətdə “Əmək pensiyaları haqqında’’ AR Qanununun 32.1.1-ci maddəsinə istinad etməsi məntiqli olmamışdır. Qeyd edilən faktlardan görünür ki, iddiaçıya ödənilməli olan pensiya məbləği xx.xx.2020-ci ildən ödənilməli olduğu halda xx.xx.2020-ci ildən ödənilməsinə başlanmışdır. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında iddianın təmin edilməməsini xahiş etmiş və imtina məktubunda göstərilənlərdən əlavə olaraq qeyd etmişdir ki, İddiaçı 18 aprel 2018-ci il tarixdə orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə (İİİ dərəcəli) əlilliyi müəyyən olunmuş şəxs kimi əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Belə ki, İddiaçı əlilliyi yenidən qiymətləndirildiyi üçün pensiyasının ödənişi aydınlaşma səbəbindən xx.xx.2020-ci il tarixdən dayandırılmışdır. Bundan sonra Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin müvafiq məktubuna və Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-8217/2023 nömrəli qərarına əsasən orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə (İİİ dərəcəli) əlilliyi xx.xx.2019-cu il tarixdən bərpa edilmişdir. “Əmək pensiyaları haqqında" Qanunun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Belə ki İddiaçı pensiya işində olan sənədlərin surətlərinə əsasən, onun xx.xx.2006-cı il tarixədək 13 il 03 ay 10 gün sığorta stajı, xx.xx.2006-cı il tarixdən 01.04 2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 55053,45 manat pensiya kapitalı əsasında əmək pensiyasının məbləği yenidən hesablanaraq xx.xx.2020-ci il tarixdən (məhkəmənin qanuni qüvvəyə minmiş qərarından 3 il əvvəl) 920,06 manat müəyyən edilmişdir. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müayyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qeyd olunan maddənin tələblərinə əsasən İddiaçı əmək pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2021-ci il tarixdən 1024,95 manata, xx.xx.2022-ci il tarixdən 1059,80 manata çatdırılmışdır. Ötən dövr üzrə (xx.xx.2023-cu il tarixdən) hesablanmış məbləğ və 2022-ci il üzrə ödənilməli olan maddi yardım (200 manat) İddiaçı pensiyasının üzərinə əlavə edilməklə 2023-cü ilin sentyabr ayından ödənilir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspertiza Komissiyasının xx.xx.2018-ci il tarixli qərarından görünür ki, iddiaçıya həmin tarixdən gözdən əlillik səbəbindən “astiqmatizm, mürəkkəb hpermetropik astiqmatizm, sağda H4.0 və 6.0 oxlarla, solda H 1.0 və 2.0 oxlarla.OD-cərrahi əməliyyat olunmuş, resiaivli daxili çəpgözlü, ambliopiya, VİSOD=0.02 k/etmir(yüzdə iki), VİSOS = 0.6 k/etmir (onda altı) = 0.8(onda səkkiz).TOD = 24 mm c.s.TOS=21mrn c.s” diaqnozu təyin olmuş və müddətsiz üçüncü dərəcə əlillik müəyyən edilmişdir. Diaqnozun öz təsdiqini tapmaması səbəbindən xx.xx.2024-cü il tarixində həmin qərarın ləğv edilməsi qərara alınmışdır. Dövlət Sosial Müdafiə Fondunun Qaradağ şöbəsinin əmək pensiyası təyin edən komissiyanın xx.xx.2018-ci il tarixli, 307 nömrəli qərarından görünür ki, iddiaçıya “Əmık pensiyaları haqqında“ Azərbaycan Respublikası Qanunun 11-14 maddələrinə müvafiq olaraq 3-cü qrup əlilliyə görə xx.xx.2018-ci il tarixindən ömürlük 763,49 manat pensiya təyin edilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-1/2-137256/2024 saylı məktubundan görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixindən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Əlillik təyinatının əsaslılığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədi ilə adıçəkilən şəxs xx.xx.2023-cü il tarixində əyani müayinəyə dəvət edilsə də, müayinədə iştirak etmədiyindən və mövcud sənədlər əsasında aparılan araşdırmanın nəticəsinə uyğun olaraq xx.xx.2018-ci il tarixli müayinə zamanı diaqnozun öz təsdiqini tapmadığı qərarı qəbul edilmişdir. Bu səbəbdən İddiaçı əmək pensiyasının ödənişi xx.xx.2023-cü il tarixindən dayandırılmışdır. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8217/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, iddia tələbi təmin edilmiş, İddiaçı xx.xx.2018ci il tarixdən təyin olunmuş əlillik dərəcəsinin etibarsız hesab edildiyi xx.xx.2019-cu il tarixdən bərpa edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8217/2023 saylı, xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)- 8217/2023 nömrəli qərarı ilə iddia tələbi təmin olunmuş, İddiaçı xx.xx.2018-ci il tarixdən təyin olunmuş əlillik dərəcəsinin etibarsız hesab edildiyi xx.xx.2019-cu il tarixdən bərpa edilməsi vəzifəsi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-8217/2023 nömrəli qərarı xx.xx.2023-cü il tarixdən qanuni qüvvəsini almışdır. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8217/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı icra edilərək vətəndaş İddiaçı xx.xx.2018-ci il tarixdə müddətsiz təyin edilmiş İİİ dərəcə əlillik xx.xx.2019-cu il tarixdən bərpa edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş “Pensiya” altsistemndən çıxarışdan görünür ki, iddiaçıya əlilliyə görə pensiya xx.xx.2020-ci il tarixdə ödənilmiş, daha sonra ödəniş olmamış, həmin tarixdən sonra ilk ödəniş xx.xx.2023-cü il tarixdə edilmişdir. İşdən görünür ki, cavabdeh iddiaçıya əlilliyin bərpa edilməsi ilə bağlı ödənilməyən keçmiş dövr üçün ödəniş edərkən xx.xx.2020-ci il tarixdən, yəni məhkəmənin qanuni qüvvəyə minmiş qərarından 3 il əvvəldən ödəniş etmişdir. İddiaçı hazırda ona əlilliyinin etibarsız hesab edilməsi ilə bağlı sonuncu ödənişin xx.xx.2020-ci il tarixdə edildiyini, əlilliyi bərpa olunduqdan sonra isə keçmiş dövrə görə ödənişin xx.xx.2020-ci ildən başlandığını bildirməklə, xx.xx.2020-xx.xx.2020-ci illərdə ödənilməli olan məbləğin də verilməsini xahiş edir. Məhkəmə iddiaçının bu tələbi ilə razılaşaraq qeyd edir ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 3.1-ci maddəsinə əsasən şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra -ƏPQ) 11.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki pozuntulara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Orqanizmin funksiyalarının pozulması faizi, əlilliyin səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. ƏPQ-nin 12.1-ci maddəsinə görə əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. ƏPQ-nin 32.2-ci maddəsinə görə əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi əlillik dövrü üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. ƏPQ-nin 41-ci maddəsinə əsasən əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir. İşdən görünür ki, iddiaçıya xx.xx.2018-ci il tarixdən müddətsiz üçüncü dərəcə əlillik təyin edilmiş, xx.xx.2019-cu ildə ona təyin edilmiş əlillik etibarsız hesab edilmiş, buna görə də xx.xx.2018-ci il tarixdə iddiaçıya təyin edilmiş əlilliyə görə əmək pensiyası xx.xx.2020-ci il tarixdə dayandırılmışdır. Lakin qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə iddiaçıya təyin edilmiş əlillik dərəcəsi etibarsız hesab edildiyi xx.xx.2019-cu il tarixdən bərpa edilmiş, Agentlik tərəfindən həmin qərar icra edilmiş, iddiaçının əlilliyi xx.xx.2024-cü il tarixində ləğv edilmişdir. Deməli, iddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2024-cü il tarixədək əlilliyi olan şəxs olmuşdur. ƏPQ-nin 32-ci maddəsinə əsasən şəxsə əlilliyə görə əmək pensiyası onun bütün əlillik dövrü üçün təyin edilməklə ödənildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tələbində haqlıdır, buna görə də təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir (iddiaçı tələb kimi imtinanın etibarsızlığını qeyd etsə də, iddia ərizəsindən görünür ki, o həmin imtinanın qanuna uyğun olmadığını nəzərdə tutmuşdur). İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ödənilməli olan əlilliyə görə əmək pensiyasının ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar