Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4411/2021 26.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Vəliyeva Ayla Fuad qızının katibliyi ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “torpaq sahəsinin müəyyən olunmuş tariflə dəyərini ödəməklə özəlləşdirilməsinə sərəncam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivinin şimalqərbində, Kənar Dairəvi küçəsində istehsalat bazası layihələşdirilməsi və tikintisi üçün İddiaçı MMC-yə ayrılmış 0.646 ha torpaq sahəsinin müəyyən olunmuş tariflə dəyərini ödəməklə özəlləşdirilməsinə sərəncam verilməsi öhdəliyinin cavabdeh Xidmətin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 31.07.2000-ci il tarixli, 707 saylı sərəncamı ilə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivinin şimal-qərbində, Kənar Dairəvi küçəsində istehsalat bazası layihələşdirilməsi və tikintisi üçün 0.646 ha torpaq sahəsi İddiaçı MMC-nin istifadəsinə verilmişdir. İstifadəyə verilən torpaq sahəsinin ayrıc aktı və ayrılmış torpaq sahəsinin cizgisi tərtib edilərək təsdiq edilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi İddiaçı MMC-yə cizgidə göstərilən sərhədlər daxilində torpaq sahəsində istehsalat fəaliyyəti üçün 10993 saylı inşaat pasportu verilmişdir. Göstərilən torpaq sahəsi 20 ildən çoxdur ki, İddiaçı MMC-nin qanuni istifadəsindədir və orada istehsalat bazası yaradılaraq fəaliyyət göstərir. Cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinə ərizə ilə müraciət edərək İddiaçı MMC-nin qanuni istifadəsində olan torpaq sahəsi ilə bağlı lazımi sənədləri əlavə edib, müəyyən olunmuş tariflərə əsasən dəyərini ödəməklə özəlləşdirilməsinin təmin olunmasına dair müvafiq Ərazi Xidmətinə lazımi göstəriş verilməsi xahiş edilmişdir. Lakin Xidmət **********57 saylı, 15.10.2020-ci il tarixli məktubla bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 19 dekabr tarixli 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərin, habelə dövlət torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”nin tələblərinə uyğun sənədlər tam təqdim olunduqdan sonra müraciətdə qeyd olunan məsələyə baxılacaqdır. İddiaçı hesab edir ki, cavabdeh həmin əsasla torpaq sahəsinin özəlləşdirilməsindən imtina etməkdə haqlı olmamışdır. Göstərilən torpaq sahəsi İddiaçı MMC-nin qanuni istifadəsindədir və həmin torpaq sahəsi ayrılandan sonra orada təmizlik işləri apararaq oranı yararlı vəziyyətə gətirmək üçün xeyli miqdarda vəsait sərf edilmişdir. Hal-hazırda isə ərazidən daha səmərəli istifadə etmək məqsədilə torpaq sahəsinin özəlləşdirilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İnzibati Prosessual Məcəllənin 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddia əsassızdır və rədd edilməlidir. Belə ki, iddiaçı 01.10.2020-ci il tarixli, 10/01 nömrəli məktubla Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edərək, qeyd edilən torpaq sahəsinin özəlləşdirilməsinin həyata keçirilməsini xahiş etmişdir. Əmlak Məsələləri Dövlət Xidmətinin 19.10.2020-ci il tarixli, **********57 nömrəli cavab məktubunda Azərbaycan Respublikası Prezidentinin 19.12.1997-ci il tarixli, 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”nin tələblərinə uyğun sənədlər tam təqdim olunduqdan sonra qeyd olunan məsələyə baxılacağı iddiaçıya bildirilmişdir. Beləliklə, Xidmət tərəfindən torpaq sahəsinin özəlləşdirilməsindən qanunsuz olaraq imtina edilməmiş, yalnız qanunvericiliklə tələb olunan sənədlərin tam təqdim edilməsinin vacibliyi iddiaçıya bildirilmişdir. Bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin 19.12.1997-ci il tarixli, 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”nin 12-ci bəndinə əsasən torpaq sahəsini almaq məqsədilə onun üzərində yerləşən özəlləşdirilmiş müəssisənin və ya obyektin mülkiyyətçisi Əmlak Məsələləri Dövlət Xidmətinə bir sıra sənədləri, o cümlədən müəssisə və ya obyektin üzərində mülkiyyət hüququnu təsdiq edən sənədin surətini təqdim etməlidir. İddiaçı Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edərkən, torpaq sahəsinin ayrılması barədə sənədi, inşaat pasportunu və bir sıra digər sənədləri təqdim etsə də, özəlləşdirilməsi tələb olunan torpaq sahəsində yerləşən və iddiaçının mülkiyyətində olan hər hansı müəssisə və ya obyektə dair hüquqmüəyyənedici sənəd (mülkiyyət hüququ haqqında şəhadətnamə, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və s.) təqdim etməmişdir. Halbuki, yuxarıda qeyd edilən Əsasnaməyə uyğun olaraq Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən dövlət mülkiyyətində olan torpaq sahəsinin özəlləşdirilməsi o halda həyata keçirilir ki, həmin torpaq sahəsində hər hansı fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan müəssisə və ya obyekt mövcud olsun. İddiaçı tərəfindən belə bir sənəd Xidmətə təqdim edilmədiyindən, müvafiq torpaq sahəsinin özəlləşdirilməsinin həyata keçirilməsi qanunvericiliyə əsasən mümkün olmamış və buna görə sənədlər tam təqdim edildikdən sonra iddiaçının müvafiq müraciətinə baxıla biləcəyi ona bildirilmişdir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən iddiaçının müraciətinin təmin olunmasından qanunsuz olaraq imtina olunmamışdır. Qeyd edilən səbəbdən iddia əsassızdır və onun rədd edilməsi xahiş edilir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X1 iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X3 iddia tələbinə etirazı müdafiə edərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarına əlavə olunmuş Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 31.07.2000ci il tarixli 707 saylı torpaq sahəsinin istifadəyə verilməsi haqqında sərəncamından müəyyən olunur ki, İddiaçı firmasının 16.05.2000-ci il tarixli, 006/V.Q saylı məktubu və Yasamal Rayon İcra Hakimiyyəti Başçısının 13.07.2000-ci il tarixli 104/D-MS saylı məktubu nəzərə alınaraq Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivinin şimal-qərbində, Kənar Dairəvi küçəsində istehsalat bazası layihələşdirilməsi və tikintisi üçün 0,646 ha torpaq sahəsi İddiaçı firmasına istifadəyə verilmişdir. İş materiallarına əlavə edilmiş “Azəriqaz” Səhmdar Cəmiyyəti Bakı şəhəri İstehsalat Qaz İdarəsinin 02.08.2000-ci il tarixli, 139/00 nömrəli məktubunda Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış sahəsinin Kənar Dairəvi küçəsində tikiləcək İddiaçı firmasının istehsalat sahəsinin qaz təchizatının layihəsinin həmin məktubda sadalanan texniki şərtlər daxilində yerinə yetirilməli olduğu bildirilmişdir. İş materiallarına əlavə olunmuş X6 Su Cəmiyyəti ilə razılaşdırılmış 02.08.2000-ci il tarixli, 226 nömrəli texniki şərtə əsasən İddiaçı firması üçün Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış sahəsi, Kənar Dairəvi küçədə tikiləcək istehsalat sahəsinin su təchizatının şərtləri müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi Şəhər ərazisinin tikinti planlaşdırma idarəsinin 06.12.2000-ci il tarixli, 10993 nömrəli inşaat pasportundan müəyyən olunur ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 31.07.2000-ci il tarixli 707 saylı sərəncamına əsasən Bakı şəhəri, Yasamal rayonu, Kənar Dairəvi küçəsində yerləşən 0,646 ha torpaq sahəsi istehsalat fəaliyyəti üçün İddiaçı firmasına verilib. İş materiallarında olan Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 2000-ci il tarixli, 2000/222 nömrəli istifadəyə (icarəyə) verilən torpaq sahəsinin ayrıc aktına əsasən Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 31.07.2000-ci il tarixli 707 saylı sərəncamı ilə İddiaçı firmasına istehsalat sahəsinin tikintisi üçün ayrılmış torpaq sahəsinin cizgisi hazırlanmış və Memarlıq və Şəhərsalma Baş İdarəsinin möhürü ilə təsdiqlənmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 04.06.2021-ci il tarixli, **********66 nömrəli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi küçəsində yerləşən 0,646 ha torpaq sahəsinin İddiaçı MMC-nin adına qeydiyyatdan keçməsinə dair məlumat (sənəd) idarənin arxivində aşkar edilməmişdir. Məlumat üçün bildirilir ki, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi 12.08.2005-ci il tarixdə İddiaçı MMC-nin adına ilkin qeydiyyata alınan zaman təqdim edilən sənədlər arasında Bakı Şəhər İcra Hakimiyyətinin Başçısı tərəfindən İddiaçı MMC-yə verilmiş 707 nömrəli 31.07.2000-ci il tarixli Torpaq sahəsinin istifadəyə verilməsi haqqında sərəncamın təsdiq edilmiş surəti arxiv qovluğunda mövcuddur. Sözügedən qeyri-yaşayış sahəsi 9 saylı DNK-nın 19.08.2005-ci il tarixli 4Ə-3/511 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 01.07.2021-ci il tarixli, **********96 nömrəli məktubunda bildirilmişdir ki, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi ilkin olaraq 12.05.2005-ci il tarixində İddiaçı firmasının adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri, 9 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş, 19.08.2005-ci il tarixli, 4-Ə-3/511 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 31.08.2005-ci il tarixində X2 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Sorğu ilə əlaqədar olaraq sözügedən ünvana dair təqdim edilmiş sənədlərdən görünür ki, 19 avqust 2005-ci il tarixli AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC-nin təsisçisi X4 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 221.95 kv.m, əsas sahəsi 138,24 kv.m qeyri-yaşayış sahəsini alıcı X2 mülkiyyətinə verir. Həmin müqavilənin 2-ci maddəsindən görünür ki, satılan qeyri-yaşayış sahəsi Azərbaycan Respublikası Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən reyestr kitabı 05, səhifə 731, qeydiyyatı 30/731, 12.08.2005ci il tarixdə verilmiş qeydiyyat vəsiqəsi əsasında satıcıya məxsusdur. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddianın mümkünlük şərtlərindən biri iddiaçının subyektiv hüquqa malik olmasıdır. İnzibati Prosessual Məcəllənin istinad olunan 35.1-ci maddəsinə əsasən iddiaçının subyektiv hüququ o vaxt yaranır ki, o, inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırsın. Bununla bağlı olaraq “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı Qərarının 4.1, 4.2, 5.1, 5.2 və 5.3-cü bəndlərində göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 4 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı” olmasını bildirib subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”. Beləliklə, iddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə hüquq və qanunla qorunan maraqlarının pozulduğunu bildirsin. Bu şərt hər hansı şəxsin heç bir əsas olmadan başqalarının adından iddia qaldırmasının qarşısının alınmasına xidmət edir. İddiaçı yalnız öz (subyektiv) hüquqlarının pozulduğunu bildirməlidir. Subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnamənin: -2-ci bəndinə görə özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri dedikdə dövlət müəssisə və obyektlərinin özəlləşdirilməsi zamanı onların texniki pasportlarında göstərilmiş hüdudlar daxilində istifadəsində olan torpaqlar nəzərdə tutulur. -3-cü bəndinə əsasən özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satın alınmasının subyektləri (alıcıları) qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının fiziki və hüquqi şəxsləri ola bilərlər. -4-cü bəndinə görə özəlləşdirilmiş müəssisə və obyektlərin mülkiyyətçilərinin torpaq sahələrini ilk növbədə satın almaq hüququ vardır. -6-cı bəndinə əsasən özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələri Azərbaycan Respublikasının qanunvericiliyində göstərilən hallar istisna olmaqla satınalma obyektləri sayılır. -11-ci bəndinə görə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi əvvəl torpaq sahəsinin satın alınmasını həmin sahənin üstündə yerləşən özəlləşdirilmiş müəssisə və obyektin mülkiyyətçisinə təklif etməlidir. Əgər həmin mülkiyyətçi torpaq sahəsini satın almaqdan imtina edirsə, onda bu sahə qanunvericilikdə müəyyən olunmuş qaydada onun satınalma hüququ ilə icarəsinə verilir. -12-ci bəndinə əsasən torpaq sahəsini almaq məqsədilə onun üzərində yerləşən özəlləşdirilmiş müəssisənin və ya obyektin mülkiyyətçisi Əmlak Məsələləri Dövlət Komitəsi aşağıdakı sənədləri təqdim edir: -Ərizə; -Hüquqi şəxsin nizamnamə kapitalında 75 faizdən az olmayan hissənin xüsusi mülkiyyətdə olmasını təsdiq edən səhmdarların reyestrindən çıxarış (açıq səhmdar cəmiyyətidirsə); -Müəssisə və obyektin üzərində mülkiyyət hüququnu təsdiq edən şəhadətnamənin surəti; -Özəlləşdirilmiş müəssisə və obyektin texniki pasportu (yarımçıq və başa çatdırılmamış tikililər üçün inşaat pasportu) və torpaq sahəsinin müəssisə və obyektin istifadəsində və ya icarəsində olmasını təsdiq edən sənəd (torpaq sahəsinin ayrılması haqqında qərar və ya icarə müqaviləsi). Torpaq sahəsinin ayrılmasını təsdiq edən sənədlərin əldə edilməsi mümkün olmadıqda Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi müvafiq yerli icra hakimiyyəti orqanları ilə birlikdə özəlləşdirilmiş müəssisə və obyektlərin faktiki istifadəsində olan torpaq sahəsini müəyyən edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sadalanan qanunvericilik normalarından müəyyən olunur ki, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin mülkiyyətçiləri həmin müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrini satın almaq hüququna malikdirlər. Bunun məntiqi davamıdır ki, torpaq sahəsini almaq məqsədilə onun üzərində yerləşən özəlləşdirilmiş müəssisənin və ya obyektin mülkiyyətçisi Əmlak Məsələləri Dövlət Xidmətinə bir müəssisə və ya obyektin üzərində mülkiyyət hüququnu təsdiq edən sənədin surətini təqdim etməlidir. İş materiallarından müəyyən olunur ki, iddiaçı "xxxx" MMC torpaq sahəsinin ayrılması barədə sənədi, inşaat pasportunu təqdim etsə də, lakin MMC hazırkı halda həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsinin mülkiyyətçisi deyildir. Qeyd edildiyi kimi mübahisəli torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış sahəsi ilk növbədə 12.05.2005-ci il tarixdə "xxxx" MMC-nin adına qeydiyyatdan keçsə də, lakin 19.08.2005-ci il tarixdə MMC-nin təsisçisi həmin qeyri-yaşayış sahəsini daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında X2 mülkiyyətinə vermiş və sonuncunun adına dövlət reyestrində qeydiyyatdan keçmişdir, hazırda da qeyri-yaşayış sahəsi həmin fiziki şəxsin mülkiyyətindədir. Məhkəmə yuxarıda qeyd edilən normaları işin faktiki hallarına tətbiq etdikdə müəyyən edir ki, iddiaçı "xxxx" MMC-nin Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi küçəsi, 25 ünvanında yerləşən qeyri-yaşayış sahəsini digər fiziki şəxsə ötürdüyündən o, həmin qeyri-yaşayış sahəsi ilə bağlı hüquqa, o cümlədən həmin obyektin yerləşdiyi mübahisəli torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı subyektiv hüquqa malik deyildir. Belə olan halda məhkəmə iddianın mümkün hesab edilməməsi nəticəsinə gəlir. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “torpaq sahəsinin müəyyən olunmuş tariflə dəyərini ödəməklə özəlləşdirilməsinə sərəncam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-4411/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4411/2021
26.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver