Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4411/2025 29.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı və nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh “Təhsildə Keyfiyyət Təminat Agentliyi” publik hüquqi şəxsin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh “Təhsildə Keyfiyyət Təminat Agentliyi” publik hüquqi şəxsə qarşı “diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin iddiaçı X1 xarici ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilməsi barədə xx.xx.2024-cü il tarixli NA00033410 nömrəli qərarının ləğv olunması və cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə iddiaçı X1 xarici ali təhsilə dair magistr kvalifikasiyasının tanınması öhdəliyi qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X2 2020-2023-cü illərdə Rusiyada Rusiya Federasiyası Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət xidməti Akademiyasında distant (məsafədən) təhsil almışdır. İddiaçının aldığı təhsil Rusiya Federasiyasının tətbiq oluna bilən qanunvericiliyinə uyğundur və səlahiyyətli orqan tərəfindən verilmiş diplomla təsdiqlənir. xx.xx.2023-cü il tarixli, 107724 ******* nömrəli maqistr diplomuna əsasən İddiaçı Rusiya Federasiyası Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət xidməti Akademiyasında “37.04.01 Psixilogiya” ixtisası üzrə magistratura proqramını uğurla mənimsəmiş və yekun dövlət attestasiyasını müvəffəqiyyətlə keçmişdir. Dövlət imtahan komissiyasının qərarı ilə İddiaçıya “37.04.01 Psixilogiya” ixtisası üzrə magistr kvalifikasiyası verilmişdir. İddiaçı X2 Təhsildə Keyfiyyət Təminatı X10 Şəxsinə (bundan sonra “Cavabdeh” adlanır) müraciət edərək, Rusiya Federasiyası Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət xidməti Akademiyası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 107724 ******* nömrəli (qeydiyyat nömrəsi MOH-2023-0013) diplomu ilə verilmiş maqistr kvalifikasiyasının tanınmasını xahiş etmişdir. Lakin, Cavabdehin xx.xx.2024-cü il tarixli NA00033410 nömrəli qərarı ilə İddiaçının xarici ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilmişdir. İmtinanın əsası kimi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydalan”nın (bundan sonra - Qaydalar) 3.10.1 və 4.1.5-ci bəndlərinə istinadən ərizəçinin xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi üçün hüquqi əsas yarandığı göstərilir. Bununla yanaşı, Cavabdehin imtina qərarında Azərbaycan Respublikası Nazirlər Kabinetinin (NK) xx.xx.2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqranın”nın (bundan sonra - “Proqram”) 8.7.2-ci bəndinə istinad edilmişdir. Cavabdehin xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi barədə qərarı aşağıdakılara görə əsassızdır və ləğv olunmalıdır.
3. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçı X3 Rusiya Federasiyası Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət Xidməti Akademiyası tərəfindən verilmiş № 107724 ******* nömrəli xx.xx.2023-cü il tarixli diplom üzrə “Psixologiya” (magistratura/qiyabi) üzrə aldığı kvalifikasiyanın Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Cavabdeh iddiaçının müraciəti üzrə inzibati icraat apararaq iddiaçının təhsil aldığı ölkədə aşağıdakı müddətlərdə olduğunu müəyyən etmişdir: 2020/2021-ci tədris ili üzrə - getməyib, 2021/2022-ci tədris ili üzrə - getməyib, 2022/2023-cü tədris ili üzrə - getməyib. Ərizəçinin təhsil aldığı ölkədə olduğu müddət onun diplom əlavəsində göstərilən tədris yükünün yerinə yetirilməsi üçün kifayət deyildir. Belə ki, sözügedən müddət ərzində iddiaçının tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər həmin ölkədə olmadığı və ona təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü dövlət standartlarının tələblərinə uyğun yerinə yetirməsinin qeyri-mümkün olması müəyyən edilmişdir. Bu səbəbdən iddiaçının ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilmiş və xx.xx.2024-cü il tarixdə inzibati akt tərtib edilərək onun elektron kabinetində yerləşdirilmişdir. Cavabdeh hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslıdır. İddia tələbi aşağıdakı əsasa görə təmin edilməməlidir: - Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.3-cü maddəsinin tələblərinə əsasən inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə və ya hər hansı hüquq normasının tətbiqi ile bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz; - cavabdeh orqan inzibati aktı qəbul edərkən diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl etmiş və diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməsini təmin etmişdir. Belə ki, Azerbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası oxşar işlər üzrə qərarlarında dəfələrlə (2-1(102)-265/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli, 2-1(102)- 251/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qərarlar) xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və onların ekvivalentliyinin müəyyən edilməsinin cavabdeh inzibati orqanın diskresion səlahiyyətlərinə aid olmasını vurğulamışdır. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyaları tanınması Qaydalarr(bundan sonra- Qaydalar)na uyğun olaraq həyata keçirilir. Sözügedən qaydaların 1.4-cü bəndinə əsasən tanınma Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunu, Azərbaycan Respublikasının digər qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, bu qaydalar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər qərarları, həmçinin sərəncamları, habelə Azərbaycan Respublikasının digər hüquqi aktlarının tələbləri nəzərə alınmaqla həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydalan”nın 4.1.4-ci yarımbəndinə əsasən tanınma üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli, 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifıkasiyalar Çərçivəsi” üzrə orta ixtisas təhsili, bakalavriat və magistratura səviyyəsinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçi hər bir tədris ili ərzində müvafiq kvalifıkasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmalıdır. Qaydaların 4.1.5-ci yarımbəndinə əsasən digər tələblərdən biri Milli Kvalifıkasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunmasıdır (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunmasıdır). Həmin Qaydaların 3.10-cu bəndinə əsasən bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda kvalifikasiyanın tanınmasından imtina haqqında qərar qəbul edilir. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cu il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azerbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.2.3-cü yarımbəndinə əsasən qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cu il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydalarımın 3.2.4-cü yarımbəndinə əsasən ixtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə magistraturada təhsilin normativ müddəti 1,5 il olduğu halda 90, 2 (iki) il olduğu halda isə 120 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 12 may tarixli, 88 nömrəli qərarı ilə təsdiq edilmiş “ Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydalarrnın 1.6-cı yanmbəndinə əsasən magistratura səviyyəsində qiyabi forma üzrə təhsil müddəti əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddətindən altı ay artıqdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramının 8.7.1-ci yarımbəndinə əsasən həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.2-ci yarımbəndinə əsasən qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 120-160 saat nəzərdə tutulur. Belə ki, bakalavr (magistratura) səviyyəsinə uyğun kvalifıkasiyalara münasibətdə ərizəçi təhsil müddətində hər bir tədris ili üzrə tələb olunan normativ müddətə riayət etməlidir. Göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat (magistratura) səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydalarının 3-cü bölməsinə əsasən, ərizəçinin aldığı təhsilin müddəti Azərbaycan Respublikasında ona ekvivalent ixtisas üzrə təhsilin müddətinə uyğun gəlmir. Bununla yanaşı son dövrlərdə oxşar işlər üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati Kollegiyasının qərarlarını diqqətinizə çatdırmaq istəyirik. Bildirilir ki, bu qərarlar artıq formalaşmış vahid məhkəmə təcrübəsinin təzahürüdür. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının oxşar məsələ ilə bağlı ən son qərarlarından olan xx.xx.2024-cü il tarixli, 2-1 (102)-1306/2024 saylı qərarının 28 və 29-cu bəndlərində qeyd olunmuşdur ki: “ Kollegiya qeyd edir ki, iddiaçının təhsil aldığı ölkədə olma müddəti nəzərə alındıqda onun tərəfindən tədris yükünün yerinə yetirmədiyi və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərə uyğun olmadığı müəyyən edilir.” “Belə ki, ölkəmizdə bakalavriat təhsilinin qiyabi formada həyata keçirilməsinə münasibətdə hər il müəyyən tədris yükünü yerinə yetirmək, eləcə də müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirak tələb olunur. Belə olan halda, xaricdə alınmış qiyabi formada bakalavriat təhsili üzrə ixtisasın ölkəmizdə tanınması və ekvivalentliyinin müəyyən edilməsi məhz Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğunluğun müəyyən olunmasından asılıdır”. Yekun olaraq qeyd edilir ki, Cavabdeh inzibati orqan tərəfindən tanınma üzrə inzibati icraatın aparılması zamanı Azərbaycan Respublikası İnzibati İcraat haqqında Qanunun 14.1-ci bəndinə uyğun olaraq diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində və ona verilmiş səlahiyyətlər daxilində çərçivəsində həyata keçirdiyindən və Azərbaycan Respublikası İnzibati Prosesual Məcəlləsinin 73.3.1- ci yarımbəndinə uyğun olaraq inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildiyi üçün Məhkəmə məcburetmə haqqında iddiaya dair iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. Cavabdeh hesab edir ki, qiyabi təhsilalma formasında tədris olunan təhsil programları üzrə tədris yükünün qeyd olunmuş müddətlərdə yerinə yetirilməsinin faktiki olaraq mümkünsüzlüyü nəzərə alınaraq,habelə, iddia tələbi həm həm maddi, həm də prosessual normalarla ziddiyət təşkil etdiyi üçün üçün rədd edilməlidir.
4. “Xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi barədə” xx.xx.2024-cü il tarixli Qərara əsasən ərizəçinin müraciətinə baxılaraq onun ali təhsilin magistratura səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmaması müəyyən edilmişdir. Beləliklə, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydalarının 3.10.1-ci və 4.1.4-cü bəndlərinə əsasən ərizəçinin xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi üçün hüquqi əsas yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsil pilləsinin dövlət standartı və proqramı"nın 8.7.2-ci bəndinə əsasən qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi magistratura səviyyəsində ildə 120-160 saat nəzərdə tutulur. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"nın 4.1.5-ci bəndinə əsasən xarici dövlətlərdə əldə olunan ali təhsilə aid kvalifikasiyaların tanınması üçün Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması) tələb olunur. Yuxarıda göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydalarının 3.10.1-ci bəndinə əsasən ərizəçinin xarici ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilsməsi qərara alınmışdır.
5. “Rusiya Federasiyası Prezidenti yanında X8 və Dövlət Xidməti Akademiyası” Federal dövlət büdcə ali təhsil müəssisəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 107704 195109 nömrəli (qeydiyyat nömrəsi ИОН-2023-0013) Magistr Diplomuna əsasən İddiaçı 37.04.01 Psixologiya hazırlıq istiqaməti üzrə magistratura proqramını mənimsəmiş və dövlət yekun attestasiyasından müvəffəqiyyətlə keçmişdir. Dövlət İmtahan Komissiyasının qərarı ilə Magitrs ixtisası verilmişdir.
6. “Rusiya Federasiyası Prezidenti yanında X8 və Dövlət Xidməti Akademiyası” Federal dövlət büdcə ali təhsil müəssisəsi tərəfindən ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, “Rusiya Federasiyası Prezidenti yanında X11 və X7” Ali təhsil üzrə federal dövlət büdcə təhsil müəssisəsi xx.xx.2024-cü il tarixli sorğuya cavab olaraq təsdiq edir ki, tələbə İddiaçı sorğusunda sadalanan bütün tədbirlər elektron təlim və/və ya distansion təhsil texnologiyalardan istifadə edilməklə aparılmışdır. Əsas: “xx.xx.2022-ci ildən təhsil prosesinin təşkili haqqında” 05 mart 2022-ci il tarixli 02- 193 savlı əmr.
7. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tibb Xidməti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışa əsasən Tibb Xidmətinin Tibb Mərkəzinin Psixoloji yardım şöbəsinin psixoloqu kapitan İddiaçı ondan ötrü ki, o, Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq Fövqəladə Hallar Nazirliyinin əmrinə əsasən Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə 11 fevral 2023-cü il tarixindən 01 mart 2023-cü il tarixinədək Türkiyə Respublikasının Adana şəhərinə ezam edilmişdir.
8. Elektron sistemdən Çıxarışa əsasən: № Müraciət Status Alt Qərar Qərar Soya Ölkə Universitet İxtisas Təhsil Müraciə nömrəsi status nömrəsi tarixi dı, istiqamə səviyyəsi t tarixi adı ti və atası nın adı 1 10E1EF58 Şəhadətn 3814 xx.xx.2 İddia Rusiya M.V.Lomon Psixolog Bakalavri xx.xx.2 52C amə 016 çı Federasi osov adına iya at 016 verildi yası Moskva 13:30 Dövlət Universiteti 2 **********5 İmtina Sərhəd 3-29- xx.xx.2 İddia Rusiya Rusiya Psixolog Magistrat xx.xx.2 edildi xidməti 61/3-2- 024 çı Federasi Federasiyas iya ura 024 nin 153F/2 yası ı Prezidenti 09:45 məlum 024 yanında atı Xalq Təsərrüfatı və Dövlət Xidməti Akademiyas ı
9. Şifahi məhkəmə dinləmələri zamanı (şifahi məhkəmə baxışı zamanı) izahat verən iddiaçı və nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək onun məzmununa uyğun izahat verdi.
10. Şifahi məhkəmə dinləmələri zamanı (şifahi məhkəmə baxışı zamanı) izahat verən cavabdehin nümayəndəsi iddia tələbinə yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın rədd edilməsini xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
11. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).
12. Mübahisələndirmə və məcburetmə haqqında iddialar arasındakı münasibət müvafiq hüquqi müdafiə marağı və hüquqi müdafiə tələbindən asılı olaraq müəyyənləşdirilə bilər. Əgər şəxs hər hansı bir inzibati aktdan qorunmaq istəyirsə, nəzəri cəhətdən belə bir əlverişsiz inzibati aktın ləğv edilməsinə dair məcburetmə haqqında iddia da qaldıra bilər. Lakin bu, mübahisələndirmə haqqında iddiadan fərqli olaraq, inzibati aktın birbaşa ləğv edilməsi ilə deyil, yalnız aralıq addım kimi inzibati orqanın öz hərəkətini yenidən gözdən keçirməsi zərurətinin yaranması ilə nəticələnəcəkdir. Əgər inzibati orqan şəxs üçün əlverişli inzibati aktın qəbul edilməsinə dair ərizəni rədd edərsə, bu zaman inzibati akt olan bu qərara qarşı mübahisələndirmə haqqında iddianın qaldırılması barədə düşünmək mümkündür. Lakin qeyd olunan halda, şəxs bu iddia növü ilə məqsədinə çata bilməyəcək. Belə ki, o, mübahisələndirmə haqqında iddia ilə yalnız ərizəsinin rədd edilməsi barədə inzibati aktın ləğvinə nail ola bilər. İnzibati orqanın müəyyən hərəkətləri etməsi üçün isə, şəxs yalnız məcburetmə haqqında iddia qaldırmalıdır. Həmin iddia vasitəsilə şəxs həm ərizəni rədd edən qərarın ləğv edilməsini, həm də özünün xeyrinə inzibati aktın qəbul edilməsini tələb edə bilər.
13. Odur ki, hazırki iddia zahirən məcburetməyə dair iddia olsa da, məhkəmə hesab edir ki, tələb şəxsin həyatı boyu onu müşayiət edən hüququn təmin edilməsi ilə bağlı olduğundan öhdəliyin icrasına dair iddiadır.
14. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
15. Məhkəmə iddia tələbinə qiymət verməzdən öncə, iddiaçının aldığı təhsillərin ölkə ərazisində tanınması üçün hansı əsasların olmasına münasibət bildirir. Təhsil hüququnun və həmin hüququn həyata keçirilməsi aşağdaki qanunvericilik normaları ilə tənzimlənir.
16. Belə ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.34. magistratura - ali təhsilin ikinci səviyyəsi; 1.0.35. magistr - magistraturanı bitirmiş şəxslərə verilən ali elmi-ixtisas dərəcəsi; 1.0.36. xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası – xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilən və verildiyi ölkədə ali təhsil pilləsinə qəbul olunmaq və ya ali təhsilin növbəti səviyyələri üzrə təhsilini davam etdirmək və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verən, həmçinin şəxsin müvafiq standartlara uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik olduğunu təsdiq edən təhsil haqqında sənəd; 13.1. Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: 13.1.1. əyani; 13.1.2. qiyabi; 13.1.3. distant (məsafədən); 13.1.4. sərbəst (eksternat). 27.4. xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir; 29.0.21. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur; 44.2. maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir.
17. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 156 nömrəli Fərmanının 2.2-ci bəndində əsasən Qanunun 29.0.21 (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarının müəyyən olunması üzrə) və 44.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.
18. “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın 1.2-ci maddəsinə əsasən ərizənin baxılması zamanı hər bir Tərəf ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir. 6-cı maddəsinə əsasən, “hər bir halda tanınma qərarı yalnız kəmiyyət meyarına (təhsil müddəti) əsaslana bilməz, keyfiyyət meyarı mütləq nəzərə alınmalıdır”. Məzunun keyfiyyət meyarı isə onun bilik və bacarıqlarının qiymətləndirilməsi ilə müəyyən edilə bilər. Bilik və bacarıqlara əsaslanan ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər (ixtisasın məzmunu və ya profili, dərs yükünün həcmi, diplom işi və ya disertasiyanın yazılması tələbləri) aşkar edildikdə ixtisasın tanınmasından imtina edilə bilər.
19. Qüvvədən düşmüş Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”: 1.1. Bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır. 1.2. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. 1.6. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. 3.6. Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: - təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; - təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; - Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7. 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: - xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; - təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); - xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. 20.2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərman ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”: 4.1.Tanınma üzrə ümumi tələblər aşağıdakılardır: 4.1.4. Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi (bundan sonra – Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması);
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 aprel 2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”: 5.5. Ali təhsil pilləsinin müvafiq səviyyələri üzrə təhsil müddətləri təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat səviyyəsində əyani forma üzrə təhsil müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Magistratura səviyyəsində əyani forma üzrə həmin müddət 1,5-2 (qiyabi forma üzrə təhsil müddəti altı ay artıqdır) ildir. 8.7. Ali təhsil müəssisələri tələbələrinin tədris yükünün ümumi həcmi və normaları aşağıdakı kimi müəyyənləşdirilir: 8.7.1. Ali təhsil müəssisəsi tələbələrinin həftəlik maksimal tədris yükünün həcmi 45 saatdır (auditoriya və auditoriyadankənar məşğələlər nəzərə alınmaqla). Həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır. Tədris planında tədris işinin həcmi kredit vahidləri ilə müəyyənləşdirilir və bir kredit 30 saata bərabərdir. 8.7.2. Əyani forma üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları ilə müəyyənləşdirilir. Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240, magistraturada isə 120-160 saat nəzərdə tutulur. 8.7.5. Əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2010-cu il tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”: 1.6. Bakalavriat səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 4-5 ildir (qiyabi forma üzrə təhsil müddəti əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddətindən bir il artıqdır). Əsas (baza ali) tibb təhsili səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 5-6 ildir. Təhsilin normativ müddəti ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsində əyani təhsilalma formasının tədrisə qismən cəlb olunma (parttime) növü üzrə isə təhsilin müddəti təhsilalanın fərdi tədris planına uyğun olaraq müəyyənləşdirilir. 2.8. Əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. 2.9. Tələbənin auditoriya və auditoriyadankənar həftəlik yükünün həcmi 45 saatdır. Bu zaman auditoriya saatları 30-dan çox olmamalıdır. Əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları ilə, tədrisə qismən cəlb olunma (parttime) növü üzrə isə ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları və təhsilalanın fərdi tədris planına uyğun olaraq müəyyənləşdirilir. Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi ildə 180- 240 saat nəzərdə tutulur. Hər tədris ilində təlim müddəti sentyabrın 15-dən başlanır və ixtisas üzrə tədris planına müvafiq olaraq yekunlaşır.
IV. Qeyd edilənlərin hazırki işə tətbiqi
23. “X5 yanında X8 və Dövlət Xidməti Akademiyası” Federal dövlət büdcə ali təhsil müəssisəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 107704 195109 nömrəli (qeydiyyat nömrəsi ИОН-2023-0013) Magistr Diplomuna əsasən İddiaçı 37.04.01 Psixologiya hazırlıq istiqaməti üzrə magistratura proqramını mənimsəmiş və dövlət yekun attestasiyasından müvəffəqiyyətlə keçmişdir. Dövlət İmtahan Komissiyasının qərarı ilə Magitrs ixtisası verilmişdir.
24. İddiaçı qeyd olunan diplomun tanınması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçının təhsil aldığı ölkədə olma müddəti onun diplom əlavəsində göstərilən tədris yükünü yerinə yetirmək üçün kifayət hesab edilməməsi səbəbi ilə müraciətin təmin edilməsindən imtina etmişdir.
25. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı tərəfindən tədris yükünün yerinə yetirilməsi və konkret müddət ərzində mənimsənilməsi səviyyəsinin qiymətləndirilməsinin müvafiq ali təhsil müəssisəsinin müstəsna qiymətləndirmə səlahiyyətinə aid olduğu diqqətə alınmalıdır. Başqa sözlə, iddiaçının tədris yükünü yerinə yetirməsinin müəyyən olunması və qiymətləndirilməsi müstəsna olaraq onun təhsil aldığı təhsil müəssisəsinin səlahiyyətlərinə və məsuliyyət sferasına aiddir.
26. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, İddiaçı “X5 yanında X8 və Dövlət Xidməti Akademiyası” Federal dövlət büdcə ali təhsil müəssisəsi tərəfindən magistr proqramını bitirdiyindən ona xx.xx.2023-cü il tarixli, 107704 195109 nömrəli (qeydiyyat nömrəsi ИОН-2023-0013) Magistr Diplomu verilmiş, həmin diplom səlahiyyətli orqan – Dağıstan Respublikası Təhsil və Elm Nazirliyi tərəfindən xx.xx.2023-cü il tarixdə 677866 nömrəsi ilə xx.xx.1961-ci il tarixli Haaqa Konvensiyasına əsasən apostil edilmişdir.
27. Məhkəmə hesab edir ki, tədris yükünün yerinə yetirilməsi ilə bağlı tədris normativi müddətinə, o cümlədən hazırkı mübahisəyə münasibətdə iddiaçının tələb olunandan daha qısa müddət ərzində həmin ölkədə olmasına əlahiddə olaraq deyil, şəxsin təhsil proqramları üzrə tədris olunan fənlərə ümumiyyətlə hazırlaşması və həmin fənlərin məzmununu mənimsəməsi imkanları baxımından qiymət verilməlidir. Belə ki, təhsil alan şəxsin hazırlıq səviyyəsini artırması və tədris yükünü mənimsəməsi imkanları yalnız cavabdehin imtinasında istinad etdiyi müddətlə məhdudlaşmır. Bu zaman onun həmin müddətdən əlavə vaxtlarda və tədris müəssisəsindən kənarda da tədris olunan fənlər üzrə hazırlaşmaq imkanları da nəzərə alınmalıdır. Hər bir halda, tədris yükünün yerinə yetirilibyetirilməməsi halı ayrılıqda götürülməklə yalnız ölkədə faktiki olma müddəti əsas götürülməklə qiymətləndirilə bilməz.
28. Məhkəmə ilk növbədə müəyyən edir ki, iddiaçının təhsil müddətinin əhəmiyyətli hissəsi Covid-19 pandemiyası ilə eyni vaxta təsadüf edir. Qlobal miqyasda olduğu kimi, iddiaçının təhsil aldığı Rusiya Federasiyasında da ali təhsil müəssisələri həmin dövrdə tədris prosesinin elektron və distant formada həyata keçirməyə məcbur olmuşdur. “X5 yanında X8 və Dövlət Xidməti Akademiyası” Federal dövlət büdcə ali təhsil müəssisəsi tərəfindən ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, “Rusiya Federasiyası Prezidenti yanında X11 və X7” Ali təhsil üzrə federal dövlət büdcə təhsil müəssisəsinin tələbəsi İddiaçı münasibətdə tədrislə bağlı bütün tədbirlər elektron təlim və/və ya distansion təhsil texnologiyalardan istifadə edilməklə aparılmışdır. Əsas olaraq “Rusiya Federasiyası Prezidenti yanında X11 və X7” Ali təhsil üzrə federal dövlət büdcə təhsil müəssisəsinin “xx.xx.2022-ci ildən təhsil prosesinin təşkili haqqında” 05 mart 2022-ci il tarixli 02-193 saylı əmrə istinad olunmuşdur. Nəticə olaraq, tələbənin təhsil aldığı ölkədə fiziki olaraq qala bilməməsi onun şəxsi iradəsi və təhsildən yayınması deyil, obyektiv şəraitin və beynəlxalq vəziyyətin nəticəsi olmuşdur.
29. Məhkəmə eyni zamanda müəyyən edir ki, sonuncu tədris ilində (2022/2023-cü il tədris ilində) Rusiya Federasiyasında olmamasının səbəbi Rusiya-Ukrayna münaqişəsi ilə bağlı olmuşdur. Belə ki, həmin dövrdə Rusiya-Ukrayna münaqişəsi ilə əlaqədar bir çox xarici tələbələr universitet tərəfindən ölkəsinə geri qaytarılmışdır. Diplom müdafiəsi isə onlayn formada həyata keçirilmişdir. Belə ki, iddiaçı diplom müdafiəsi dövründə Azərbaycan Respublikası Prezidentinin əmri ilə Kahramanmaraşda baş vermiş zəlzələdən əziyyət çəkmiş şəxslərə psixoloji yardım göstərmək məqsədilə Türkiyəyə ezam olunmuşdur. Bununla əlaqədar Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tibb Xidməti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışda qeyd olunmuşdur ki, Tibb Xidmətinin Tibb Mərkəzinin Psixoloji yardım şöbəsinin psixoloqu kapitan İddiaçı ondan ötrü ki, o, Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq Fövqəladə Hallar Nazirliyinin əmrinə əsasən Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə 11 fevral 2023-cü il tarixindən 01 mart 2023-cü il tarixinədək Türkiyə Respublikasının Adana şəhərinə ezam edilmişdir.
30. Odur ki, məhkəmə hesab edir ki, belə bir şəraitdə tələbənin (iddiaçının) təhsil prosesində iştirak etməməsi onun təhsil prosesindən yayınması kimi deyil, özündən asılı olmayan səbəblərlə iştirak imkanlarının məhdudlaşması kimi qiymətləndirilə bilər.
31. Digər tərəfdən məhkəmə iclasında iştirak edən iddiaçı “X5 yanında X8 və Dövlət Xidməti Akademiyası” Federal dövlət büdcə ali təhsil müəssisəsi tərəfindən verilmiş döş nişanını məhkəməyə təqdim etmiş və məhkəmə iclasında müvafiq döş nişanına baxış keçirilmişdir.
32. Məhkəmə xüsusilə qeyd edir ki, xarici dövlətdə əldə edilmiş ali təhsilə dair kvalifikasiyanın tanınması dedikdə şəxsin həmin kvalifikasiyaya Azərbaycan Respublikası ərazisində ekvivalent (bərabərhüquqlu) hesab edilən kvalifikasiya üzrə təhsilini yerli ali təhsil müəssisələrindən birində davam etmək və (ya) həmin kvalifikasiya üzrə əmək fəaliyyəti ilə məşğul olmaq üçün hüquq əldə etməsi başa düşülür. Belə ki, kvalifikasiyanın tanınmasında əsas məqsəd şəxsin həmin ixtisas (təhsil proqramı) üzrə təhsilini yerli ali təhsil müəssisələrindən birində davam etmək və (ya) həmin kvalifikasiya üzrə əmək fəaliyyəti ilə məşğul olmaq üçün kifayət qədər bilik və bacarıqları mənimsəmiş olduğuna əmin olmaqdır.
33. Məhkəmə müəyyən edir ki, İddiaçı M.V.Lomonosov adına Moskva Dövlət Universitetində “Psixologiya” ixtisası üzrə bakalavr təhsili almış və Bakalavr Diplomu üzrə aldığı ixtisas (“Psixologiya”) Azərbaycan Respublikasının ərazisində tanınmış, ekvivalentliyi müəyyən edilərək xx.xx.2016-cı il tarixdə müvafiq şəhadətnamə verilmişdir. Eyni zamanda nəzərə alınır ki, İddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tibb Xidmətinin Tibb Mərkəzinin Psixoloji yardım şöbəsinin psixoloqu vəzifəsində işləyir.
34. Məhkəmə qeyd edilən faktiki halları məcmu halında qiymətləndirərək hesab edir ki, İddiaçı “psixologiya” ixtisası üzrə kifayət qədər bilik və bacarıqlara sahib olduğu məhkəmədə şübhə yaratmır. Belə olan təqdirdə iddiaçının həmin ixtisas üzrə bakalavr təhsilinin olması və eyni ixtisas üzrə əmək fəaliyyəti ilə məşğul olması nəzərə alınaraq onun hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmaması əsası ilə həmin eyni ixtisası mənimsəməsinin mümkünsüzlüyü ilə bağlı qənaət qanuni hesab edilə bilməz.
35. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, “X5 yanında X8 və Dövlət Xidməti Akademiyası” Federal dövlət büdcə ali təhsil müəssisəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 107704 195109 nömrəli (qeydiyyat nömrəsi ИОН-2023-0013) Magistr Diplomu üzrə aldığı ixtisasın (37.04.01 Psixologiya) Azərbaycan Respublikasının ərazisində tanınması və müvafiq şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Təhsildə Keyfiyyət Təminat Agentliyinə həvalə edilməlidir.
36. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
37. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
38. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia tələbi təmin edilsin. “Rusiya Federasiyası Prezidenti yanında X8 və Dövlət Xidməti Akademiyası” Federal dövlət büdcə ali təhsil müəssisəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 107704 195109 nömrəli (qeydiyyat nömrəsi ИОН-2023-0013) Magistr Diplomu üzrə aldığı ixtisasın (37.04.01 Psixologiya) Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentliyi müəyyən edilərək müvafiq şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Təhsildə Keyfiyyət Təminat Agentliyinə həvalə edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva