Məhkəmə qərarları › İş №2-1(112)-4412/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4412/2023

02.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4412/2023 02.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona pensiya təyin edilən zaman hesablanmamış 14 il 5 ay 17 gün əmək stajının hesablanması öhdəliyini cavabdeh Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, o, 01 Sentyabr 2021-ci ildə ona 60 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin edilərkən əmək stajı düzgün hesablanmamışdır. Belə ki, DSMF-nin 31 oktyabr 2022-ci il tarixli **********9 nömrəli arayışda pensiya təyin olunan zaman əmək stajının hesablanması göstərilmişdir. Ona hesablanmayan əmək stajı dövrləri aşağıdakılardan ibarətdir ki, bu stajlar əmək kitabçasında əks olunmuşdur: -xx.xx.1977- xx.xx.1982 (Azərbaycan Dövlət Universitetində əyani təhsil aldığı müddət. Bu haqda Bakı Dövlət Universitetindən xx.xx.2021 tarixli 01-TF/201 nömrəli arxiv arayışı) -xx.xx.1992-xx.xx.1992 (Rusiya Volqoqrad “Orqxim”) -xx.xx.1992-xx.xx.1995 (“Orxan” kiçik müəssisəsi Sumqayıt şəhəri. (Bu haqda Dövlət Vergi Xidmətindən xx.xx.2022 il tarixli **********933900 nömrəli arayış) -xx.xx.1995-xx.xx.2001 (Verxnedon RMSK Rusiya “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” 22 aprel 2022-ci il Müqavilə Maddə 9) Qeyd edilən dövr cəmi 14 il 5 ay 17 gün təşkil edir.

3. Bakı Dövlət Universiteti tərəfindən verilmiş arxiv arayışına əsasən, Bakı Dövlət Universitetinin arxiv sənədlərinə əsasən İddiaçı 1977-ci il 27 avqust tarixli 332 n/c nömrəli əmrlə Kimya fakültəsinin əyani şöbəsinə qəbul olunmuş, 1982-ci il 24 iyun tarixli 3/301 nömrəli əmrlə həmin fakültənin əyani şöbəsini “Kimyaçı, kimya müəllimi” ixtisası üzrə bitirmiş və ona 1982-ci il 08 sentyabr tarixində qeydiyyat nömrəsi 8232 olan ИВ seriyalı 042373 nömrəli adi diplom verilmişdir.

4. 2 saylı Ərazi Vergilər Baş idarəsi tərəfindən arayışa əsasən, 2 saylı Ərazi Vergilər Baş İdarəsində olan reyestr məlumatlarına əsasən “Orxan” Kiçik müəssisəsi Sumqayıt şəhər İcra Hakimiyyətinin xx.xx.1992-ci i! tarixli, 1109 nömrəli sərəncamı ilə qeydiyyatına alınmışdır. Bundan əlavə bildirilmişdir ki, “Orxan” Kiçik müəssisəsi xx.xx.1994-cü il tarixdə, 12296 nöməli şəhadətnamə ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır.

5. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçı 06 oktyabr 2022-ci il tarixdə Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək, ona təyin edilən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin müraciətin müsbət həllinin mümkün olmayacağı yazılı şəkildə bildirilmişdir. Bundan sonra, İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində ona güzəştli şərtlərlə yaşa görə pensiyası təyin edilərkən sosial sığorta stajına daxil edilməyən 14 il 05 ay 17 gün sosial sığorta stajının daxil edilərək yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. Qeyd edilir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iş yerindən güzəştli iş stajı barədə arayış təqdim edilməlidir. Arayış iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyi təqdirdə, məhkəmə İPM-nin 12.1-ci maddəsinə əsasən öz təşəbbüsü ilə arayışı tələb etməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu təsdiqləməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Eyni zamanda bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Göründüyü kimi, qanunvericilikdə təhsil müddəti əmək stajına daxil edilmir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Bununla əlaqədar olaraq qeyd edək ki, İddiaçı 26 yanvar 2022-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və pensiya hüququnun yarandığı 01 sentyabr 2021-ci il tarixdən hesablanmışdır. İddiaçı pensiya hüququnun yarandığı 01 sentyabr 2021-ci il tarixədək ümumi iş stajı 26 il 09 ay 19 gün təşkil edir. Eyni zamanda bildirilir ki, hazırda yenidən hesablanmadan sonra İddiaçı 26 il 09 ay 19 gün sosial sığorta stajı nəzərə alınaraq təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının məbləği dəyişdirilərək 325.68 manat müəyyən edilmişdir. Həmçinin iddiaçının əmək pensiyası yenidən hesablanarkən 2348.33 manat əskikvermə müəyyən edilmiş və hər ay pensiya məbləğinin üzərinə əlavə edilərək ödənilir. Beləliklə, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması barədə tələbi qanuni və əsaslı sayıla bilməz.

6. İddiaçı iddia tələbini xx.xx.1977-xx.xx.1982-ci illərdə Azərbaycan Dövlət Universitetində təhsil aldığı dövr, xx.xx.1992-xx.xx.1992-ci illərdə Rusiya Volqoqradda “Orqxim”də işlədiyi dövr, xx.xx.1995-xx.xx.2001-ci illərdə Rusiya “Verxnedon” RMSK-də işlədiyi dövr sığorta stajı kimi nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması kimi dəyişdirilmişdir.

7. İddiaçı dəyişdirilmiş iddia tələbinin məzmununa uyğun izahat verməklə tələbin təmin olunmasını xahiş etdi.

8. Cavabdehin nümayəndəsi (iddia tələbinin dəyişdirilməsinə etiraz etmədən) iddiaya yazılı etirazın məzmununa uyğun izahat verməklə iddianın təmin olunmamasını xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

9. İddia tələbi pensiyanın yenidən hesablanması ilə bağlıdır. Belə ki, ona 26 yanvar 2022-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və pensiya hüququnun yarandığı 01 sentyabr 2021-ci il tarixdən hesablanmışdır. İddiaçı pensiya hüququnun yarandığı 01 sentyabr 2021-ci il tarixədək ümumi iş stajı 26 il 09 ay 19 gün nəzərə alınıb, lakin qeyd edilən dövrlər əmək pensiyası təyin edilərkən sığorta stajına daxil edilməmişdir.

10. Qeyd edilən dövr iddiaçının sığorta stajına daxil edilərək əmək pensiyasının yenidən hesablanması nəticəsində iddiaçının (güzəştli şərtlərlə yaşa görə) əmək pensiyasında artım olacaqdır.

11. İddia mümkündür. III. Məhkəmənin mövqeyi

12. İddiaçı xx.xx.1960-cı ildə anadan olmuşdur və ona 26 il 09 ay 19 gün sığorta stajı nəzərə alınmaqla 60 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir.

13. İddiaçı 1977-1982-ci illərdə Azərbaycan Dövlət Universitetində əyani təhsil almışdır. Belə ki, Bakı Dövlət Universiteti tərəfindən təqdim edilmiş arxiv arayışına əsasən onun qeyd edilən dövrdə əyani təhsil aldığı müəyyən olunur.

14. Əmək kitabçasında xx.xx.1982-xx.xx.1985-ci illərdə Rostov-Don şəhəri Oktyabr İnqilabı adına Rostov Kimya zavodunda, eləcə də xx.xx.1985-xx.xx.1992-ci illərdə “Orqxim” trestinin Volqoqrad ixtisaslaşdırılmış istehsalat idarəsində, xx.xx.1992-xx.xx.1995-ci illərdə “Orxan” kiçik müəssisəsində, xx.xx.1995-xx.xx.2001-ci illərdə Verxnedon RMSK-da, xx.xx.2004-xx.xx.2004-cü illərdə “Diatonit” Elmi-İstehsalat Birliyində, xx.xx.2005xx.xx.2008-ci illərdən ən azı pensiya təyin olunan tarixədək Heydər Əliyev adına Bakı Neft Emalı zavodunda işləməsinə dair qeydlər var.

15. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, xx.xx.1977-xx.xx.1982-ci illərdə kimyaçı ixtisası üzrə əyani ali təhsil aldığı müddət, “Orqxim” trestinin Volqoqrad ixtisaslaşdırılmış istehsalat idarəsində işlədiyi müddətin xx.xx.1992-xx.xx.1992-ci illərdə olan hissəsi, xx.xx.1995-xx.xx.2001-ci illərdə Verxnedon RMSK-da işlədiyi dövr sığorta stajı kimi nəzərə alınmamışdır.

16. “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” 2022-ci il aprelin 26-da Bakı şəhərində imzalanmış Müqavilə 8 iyul 2022-ci il tarixli №579-VİQ Qanunla təsdiq edilmişdir. Həmin Müqavilənin 9-cu maddəsinin 2-ci bəndinə əsasən, Razılığa gələn Tərəflər pensiya hüququnun müəyyən edilməsi zamanı onların ərazisində, habelə keçmiş Azərbaycan Sovet Sosialist Respublikasının və X3 Sosialist Respublikasının ərazisində əldə edilən sığorta stajını (və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq toplanmış pensiya kapitalını - Azərbaycan Respublikası üçün) nəzərə alırlar.

17. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, 5 vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

18. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 3-cü hissəsinin ğ) bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir.

19. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının ali təhsili əyani olaraq aldığı, eləcə də vaxtilə Rusiya SSR-də fəaliyyət göstərmiş müəssisələrdə işlədiyi müəyyən olunur, iddiaçının müvafiq dövr üzrə işləməsi əmək kitabçasında əksini tapmış və iddiaçının işlədiyi həmin qurumların mövcudluğu hər hansı şübhə doğurmur. Odur ki, arxiv sənədlərin olmamağı və ya faktiki və arxiv sənədlərin saxlanıldığı ünvanın məlum olmaması həmin dövrün iddiaçının sığorta stajına daxil edilməsini istisna edə bilməz. xx.xx.2002-ci ildən qüvvədə olan qanunvericiliyə əsasən məcburi dövlət sığorta stajının ödənilməsi tələb olunmuş olsa da, 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borclar tam məbləğdə silinmişdir.

20. Odur ki, iş stajını sübut edən əsas sənəd əmək kitabçası olduğundan iddiaçının həmin illərdə sığorta stajını müəyyən etməyin mümkün olmamasına və ya nəzərə alınmamasına dair dəlili məhkəmə əsassız hesab edir.

21. Nəticə etibarilə əlilliyə görə əmək pensiyası təyin edilməsi (yenidən hesablanması) hüququ və bununla bağlı “qanuni gözləntisi” var.

22. Odur ki, məhkəmə cavabdehin imtinasının iddiaçının qanunla qorunan hüquqlarını pozduğunu müəyyən edir.

23. İPM-in 67.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər.

24. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

25. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. xx.xx.1977-xx.xx.1982-ci illərdə kimyaçı ixtisası üzrə əyani ali təhsil aldığı müddət, “Orqxim” trestinin Volqoqrad ixtisaslaşdırılmış istehsalat idarəsində işlədiyi müddətin nəzərə alınmamış xx.xx.1992-xx.xx.1992-ci illərdə olan hissəsi və xx.xx.1995-xx.xx.2001ci illərdə Verxnedon RMSK-da işlədiyi dövr sığorta stajı kimi nəzərə alınmaqla İddiaçı təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına həvalə edilsin. Qərardan təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar