Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4412/2024 02.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı, cavabdeh 2 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinə qarşı “adın verilərək doğumun dövlət qeydiyyatına alınması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi Nümayəndə, cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinə qarşı “adın verilərək doğumun dövlət qeydiyyatına alınması” tələbinə inzibati işə 02 may 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinə (bundan sonra mətndə Qeydiyyat şöbəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yeni doğulmuş övladının doğumunun dövlət qeydiyyatına alınması və oğluna “Alp Arslan” adının verilməsi vəzifəsinin cavabdeh Qeydiyyat şöbəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, X8 ilə 16 fevral 2016-cı il tarixdə rəsmi nigaha daxil olmuş və 16 noyabr 2023-cü il tarixdə ikinci övladı (oğlu) doğulmuşdur. Onlar yeni doğulmuş oğlunun doğumunun dövlət qeydiyyatına alınması və oğluna “Alp Arslan” adının verilməsi arzusunu həyata keçirmək məqsədi ilə müvafiq sənədləri aidiyyəti üzrə Qeydiyyat şöbəsinə təqdim etmiş, sonuncunun 29 noyabr 2023-cü il tarixli 3-16-5/8- 15xx-xx/2023 saylı məktubu ilə ona imtina verilmişdir. Belə hesab edir ki, iş üzrə cavabdeh Qeydiyyat şöbəsinin imtinası əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsində konkret olaraq adın, ata adının və soyadın bir sözdən ibarət olmalı olması qeyd edilməmişdir. Əlbəttə şəxsin bir adı olmalıdır, amma həmin adın bir kökdən ibarət sözdən olması və ya ayrı yazılan sözlərdən ibarət ola bilməməsi barədə heç bir norma yoxdur. Eyni zamanda, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.1-ci maddəsinə əsasən uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. Uşağın ad almaq hüququ, həmçinin bilavasitə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquqi aktlarda ifadə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2023-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdehin etirazları: Cavabdeh inzibati orqanın iddiaya dair yazılı etirazı (münasibət) məhkəməyə daxil olmamışdır. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh Qeydiyyat şöbəsinin nümayəndəsi X6 iddia tələbini qəbul etməyərək və imtinaya uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”ndan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri inzibati orqan kimi təsnif olunmuşlar. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı qanunvericiliyin müddəalarına əməl edərək, əvvəlcə eyni tələblə cavabdeh inzibati orqana, daha sonra isə hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. Faktiki hallar və sübutlar: AA ******* №-li şəxsiyyət vəsiqəsi və şəxsiyyət vəsiqəsi barədə məlumatdan müəyyən olunur ki, xx.xx.1992-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında pasport qeydiyyatındadır. AA ******* №-li şəxsiyyət vəsiqəsi və şəxsiyyət vəsiqəsi barədə məlumatdan müəyyən olunur ki, xx.xx.1991-ci il təvəllüdlü X14 ünvan 1 ünvanında pasport qeydiyyatındadır. 5 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş, AZ-İİ seriyalı 108712 №li “Nikah haqqında şəhadətnamə”nin surətindən müəyyən olunur ki, İddiaçı ilə X4 arasında xx.xx.2016-cı il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2016-cı ilin fevral ayının 16-cı günündə 606 № ilə qeyd edilmişdir. xx.xx.2023-cü il tarixdə “X5” MMC tərəfindən verilmiş “Doğum haqqında tibbi şəhadətnamə”nin surətindən müəyyən olunur ki, atası İddiaçı və anası X8 olan kişi cinsinə mənsub uşaq xx.xx.2023-cü il tarixdə doğulmuşdur. Məhkəmənin müvafiq sorğusu əsasında verilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx.xx.2024-cü il tarixli, 3-16-5/4-13-1987/2024 saylı cavab məktubunda göstərilmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemindəki məlumatlara görə 2 (iki) nəfər şəxsə “Alp Arslan” adı verilməklə doğumu qeydə alınmışdır. Həmçinin “Azərbaycan Dilinin Böyük X9”ndə “Alp Arslan” adına, onun mənşəyinə, alındığı dilə və tarixən hansı dilə mənsubluğuna, eləcə də bu adın oğlan və ya qız uşaqlarına verilməsinə dair hər hansı məlumat qeyd edilməmişdir. İnternet üzrərindən araşdırma aparılarkən “Alp Arslan” adının türk mənşəli oğlan adı olduğu, “igid”, “cəsur” və “ürəkli” mənasını ifadə etdiyi məlum olmuşdur. Məlum olduğu kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26-cı maddəsinə əsasən hər bir fiziki şəxsin adı addan, ata adından və soyaddan ibarətdir. Hazırkı iddia tələbi ilə bağlı iddiaçının müraciətinə cavab olaraq cavabdeh inzibati orqan Qeydiyyat şöbəsinin 3-16-5/8-15xx/xx/2023 saylı xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin adı addan, ata adından və soyaddan ibarətdir. Seçdiyi ad iki addan ibarət olduğuna görə, xahişini təmin etmək imkanları xaricindədir. Adın verilməsindən imtina edilməsi barədə qeydiyyat orqanının qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsi. Maddə 26. Ad hüququ. 26.1. Hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsi. Maddə 53. Uşağın ad, ata adı və soyad daşımaq hüququ. 53.1. Uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. 53.2. Uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir. … Maddə 158. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması. ... 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə 159. Vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlar. 159.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. 159.2. Müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”. 1.3. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin adı addan, ata adından və soyaddan ibarətdir. 1.4. Uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir. 1.5. Adın verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi barədə qeydiyyat orqanının qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. 2.1. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.2-ci maddəsinə müvafiq olaraq uşağa ad valideynlərin razılığı ilə verilir. İnzibati icraat haqqında” Qanun. 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. 10.3. Bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. 14.1.İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2.Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. 16.2. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Məhkəmənin mövqeyi. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Göründüyü kimi Azərbaycan Respublikasının qanunvericiliyində ad hüququ birbaşa olaraq bir sıra qanunlarda (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsi; Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.1-ci maddəsi) təsbit olunmuşdur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsi uşağın ad almaq hüququnun həyata keçirilməsi qaydasını tənzimləyir. Uşağın ad almaq hüququ, həmçinin bilavasitə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq-hüquqi aktlarda ifadə olunmuşdur. Belə ki, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 24-cü maddəsinə əsasən, hər bir uşaq doğulduqdan sonra dərhal qeydə alınmalı və ada malik olmalıdır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 7ci maddəsinə müvafiq olaraq, uşaq doğulduqdan sonra dərhal qeydə alınır və doğulduğu andan ad və vətəndaşlıq əldə etmək hüququna, habelə mümkün olduğu dərəcədə öz valideynlərini tanımaq və onlardan qayğı görmək hüququna malikdir. Ad hüququnun Konstitusiyanın mətnində birbaşa təsbit edilməməsinə baxmayaraq, bu hüquq Əsas Qanunun müddəalarının məzmunundan irəli gəlir. Belə ki, Konstitusiyanın 34-cü maddəsinin İV hissəsinin ikinci cümləsinə uyğun olaraq, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Həmin konstitusion müddəa valideynlər və uşaqlar arasındakı münasibətlərin tənzimlənməsinə yönələrək valideynlərin öz uşaqlarına qayğı göstərmək və onları tərbiyə etmək hüququnu təmin edir. Göstərilən konstitusion hüquq, ilk növbədə, uşağın rifahına xidmət etməlidir. Valideynlərin övladına qayğı göstərmək hüququnun məzmununa valideynlərin övladına ad qoymaq (vermək) hüququ da daxildir. Konstitusiyanın 32-ci maddəsinin İİ hissəsinə əsasən, qanunla nəzərdə tutulan hallardan başqa şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Həmin müddəadan göründüyü kimi, bu hüququn əsas məqsədi şəxsi və ailə həyatı hüququnun həyata keçirilməsinə qanunsuz (özbaşına) müdaxilənin qarşısını almaqdan ibarətdir. Beləliklə, o, ilk növbədə dövlətin neqativ öhdəliyi kimi ifadə olunur. Lakin burada dövlətin pozitiv öhdəliklərinin mövcudluğu da istisna edilmir. Şəxsi ad fərdin özünümüəyyənetməsinin fundamental amillərindən biridir, onun başqalarından fərqləndirilməsi məqsədlərinə xidmət edir. Ad, şəxsiyyətin fərdiləşdirilməsinin əsas təzahürlərindən biri olaraq şəxsi həyat sahəsinə daxildir. Ad hüququ həm də ona görə əhəmiyyətlidir ki, insan öz adı ilə ictimai münasibətlərdə iştirak edir və onun olmaması şəxsiyyəti hüquq və vəzifələri əldə etmək və həyata keçirmək imkanından məhrum edə bilər. Belə ki, Mülki Məcəllənin 26.2-ci maddəsinə əsasən, fiziki şəxs hüquq və vəzifələri öz adı ilə əldə edir və həyata keçirir. Digər tərəfdən ad hüququnun təzahürü kimi ad almaq hüququ mütləq deyil və məhdudlaşdırıla bilər. Konstitusiyada hüquqlara dair məhdudiyyətlərin hədləri dəqiq müəyyən olunmuşdur (Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsi və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3-cü maddəsi). Belə ki, hüquqların məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüquqlarının mahiyyətini dəyişməməlidir. Ad almaq hüququnun məhdudlaşdırılması üçün məqbul sayılan əsas kimi uşağın mənafeyinin qorunması çıxış edə bilər. Bu mənada qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 1.4-cü bəndinə müvafiq olaraq uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir. Eyni zamanda ad almaq hüququ dövlət dilinin işlənməsinə və qorunmasına dair ümumi maraqların təmin olunması üçün də məhdudlaşdırıla bilər. Qeyd etmək lazımdır ki, ad təkcə şəxsin fərdiləşdirilməsi və eyniləşdirilməsi məqsədlərinə xidmət etmir, eyni zamanda onun sosiallaşmasına, yəni cəmiyyətə inteqrasiya olunmasına istiqamətlənmişdir. Nəzərə almaq lazımdır ki, müvafiq şəxsi addan təkcə onun sahibi tərəfindən deyil, həm də yaşadığı ictimai mühitdə digərləri tərəfindən geniş istifadə olunur. Buna görə də, şəxs adları ilə bağlı məsələlər, cəmiyyətin maraqları və digər şəxslərin hüquqlarının müdafiəsi baxımından da nizamlanmalıdır. Baxılan məsələ ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra - Avropa Məhkəməsi) təcrübəsi də çox əhəmiyyətlidir. Belə ki, Konstitusiyanın həm də məhkəmələrə yönələn 12-ci maddəsinin İİ hissəsində təsbit olunmuş tələbə əsasən, Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Avropa Məhkəməsi baxdığı bir sıra işlərdə müəyyən etmişdir ki, adın verilməsi və dəyişdirilməsi ilə əlaqədar məsələlər Konvensiyanın 8-ci maddəsində təsbit edilmiş şəxsi və ailə həyatına hörmət hüququnun təsir dairəsinə düşür (X7rşı iş üzrə 2008-ci il 21 oktyabr tarixli Qərar, §43 və Macalin X1rşı iş üzrə 2015-ci il 15 sentyabr tarixli Qərar, §21). Göstərilənlərin hazırkı işə tətbiqi ilə bağlı olaraq aşağıdakılar nəzərə alınmalıdır. Qanunvericiliyin istinad olunan müddəalarından göründüyü kimi Mülki Məcəllə ad və soyadın dəyişdirilməsi hüququnun qanunla müəyyənləşdirilmiş qaydada həyata keçiriləcəyi müəyyən edir. Qanunla müəyyənləşdirilmiş həmin “qayda” isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının müddəalarını nəzərdə tutur. İnzibati orqan da hazırkı işdə məhz sözügedən Qaydaların tələblərinə (seçilmiş adın iki addan ibarət olması) istinadla iddiaçının tələbini təmin etməkdən imtina etmişdir. Hazırkı işin halları baxımından qiymətləndirilməli olan növbəti məsələlər müdaxilənin “legitim məqsədə” yönəlib-yönəlmədiyinin, eləcə də onun “demokratik cəmiyyətdə zəruri” olub-olmadığının müəyyənləşdirilməsidir. Bununla məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh inzibati orqan iddiaçı tərəfindən seçilmiş “Alp Arslan” adının iki addan ibarət olmasına istinad edərək, iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Bu mövqeydən çıxış edərək, məhkəmə onu diqqətə çatdırır ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemindəki məlumatlara görə 2 (iki) nəfər şəxsə “Alp Arslan” adı verilməklə doğumu qeydə alınmışdır. Məhkəmə tərəfindən belə bir nəticəyə gəlinir ki, hazırkı mübahisə üzrə mövcud qanunvericilikdə adın verilməsindən imtina üçün əsas kimi nəzərdə tutulan hallar mövcud olmadığından, lakin Qaydaların 3.7-ci bəndi ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticəsinə iş üzrə riayət edilmədiyindən, cavabdeh inzibati orqanın imtinası formal tələblərə əsaslanır. Odur ki, cavabdehin imtinası iddiaçının konstitusion hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilə bilər. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınması məqsədlərinə xidmət edir. Nəzərə alınmalıdır ki, bərabərlik prinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin prinsiplə ehtiva olunan bərabər yanaşma tələbi diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin ilkin şərti kimi çıxış edir. Belə ki, inzibati orqan diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı vətəndaş qarşısında bərabər yanaşma prinsipini təmin etmək öhdəliyi daşıyır. Bundan başqa, inzibati orqan tərəfindən hazırkı mübahisəyə münasibətdə eyni zamanda istinad olunan Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi də də pozulmuşdur. Həmin prinsipə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin normaya görə, inzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, inzibati orqan bir tərəfdən eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün (o cümlədən və xüsusilə də məhkəmə qərarı əsasında) formalaşdırdığı inzibati praktikaya, yəni hüququn tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxslərin analoji vəziyyətlərdə həmin praktikanın onlara da tətbiq olunacağına dair əsaslı qanuni gözləntilərinə və həmin praktikaya etimadına bağlıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun və artıq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. Məhkəmə xüsusilə qeyd edir ki, publik hüquq sahəsində həyata keçirilən idarəçilik fəaliyyəti zamanı inzibati orqanların konstitusion prinsipləri, o cümlədən bərabər yanaşma və hüquqi dövlət prinsipindən irəli gələn etimadın qorunması prinsiplərini birbaşa tətbiq etməyə borclu olduğu da nəzərə alınmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddiaçının tələbi əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməlidir.
NƏTİCƏVİ HİSSƏ Şərh edilənlərə əsasən və İPM-nin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. İddiaçı ilə X3 birgə nikahlarından xx.xx.2023-cü il tarixdə doğulmuş kişi cinsinə mənsub uşağın doğumunun doğum akt qeydləri kitabında “Alp Arslan” adı ilə qeydiyyata alınması öhdəliyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinə həvalə edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim: Nəriman Abıyev