Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4414/2024 08.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi iddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh “Dənizkənarı Bulvar İdarəsi” publik hüquqi şəxsinə qarşı «müraciətə cavab verilməsi» barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh “Dənizkənarı Bulvar İdarəsi” publik hüquqi şəxsinə qarşı «müraciətə cavab verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, İddiaçı qanuni şəkildə faəliyyət göstərir və qeydiyyatdan keçmişdir. Qurum Bakı şəhərində elektrik samokatlarının icarəsyə verilməsi fəaliyyəti ilə məşğul olur. İddiaçıya məxsus olan 9 ədəd (Seg-ay Ninebot MAX G-30 3 ədəd və Broaden Q7-G 6 adəd) ümumi qiyməti 14.535 manat olan elektrik samokatları 23 avqust 2023-cü il tarixdə Dənizkənarı Bulvar ərazisindən oğurlanmışdır (iddiaçının qənaətinə görə). GPS koordinatlarının izlənməsi ilə məlum olmuşdur ki, cavabdeh “Dənizkənarı Bulvar İdarəsi” publik hüquqi şəxsinin əməkdaşları özbaşınalıqla (Cinayət Məcəlləsinin 322-ci maddəsi üzrə) MMC-yə məxsus olan elektrik samokatlarını mənimsəmişlər. İddiaçı rəsmi pretenziya ilə cavabdehə 16 oktyabr 2023-cü il tarixdə müraciət etmişdir. Lakin ona rəsmi cavab verilməmişdir. Bu günədək avadanlıq qaytarılmır və bu səbəbdən iddiaçıya təxminən 2.592 manat məbləğində maddi ziyan vurulmuşdur. Göstərilənlərə əsaslanaraq, cavabdeh tərəfindən müracətə rəsmi cavab verilməsi barədə qərar çıxarılmasına dair qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə cavabdehə təqdim edilmişdir. Lakin cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının nümayəndəsi gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsi rəhbər tutaraq, iclasın cavabdeh tərəfin iştirakı olmadan keçirilməsini mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddianın dəyişdrilməməsində israrlı olduğunu qeyd etdi və iddianı müdafiə edərək onun təmin olunmasını xahiş etdi. O, bildirdi ki, iddiaçıya məxsus 9 ədəd elektroskuter 23 avqust 2023-cü il tarixdə belə məlum olmuşdur ki, oğurlanmışdır. GPS avadanlığı vasitəsilə müəyyən olunmuşdur ki, həmin samokatlar Dənizkənarı Bulvar ərazisindədir. Sonradan bilinmşdir ki, İdarəsinin xidməti otağında saxlanılır. Bildirilmişdir ki, əvvəlcə Səbail RPİ-yə gedib cərimə yazılmalıdır. Dəfələrlə cavabdehə müraciət olunmuşdur, o cümlədən pretenziya məktubu təqdim edilmişdir, lakin heç bir cavab verilməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.4-cü maddəsinə görə ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Həmin Qanunun 13-cü maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. İPM-in 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə qeyd edir ki, hazırkı iddia üzrə cavabdeh publik hüquqi şəxsdir və iddiaçının tələbi formal olaraq “öhdəliyinin icrası haqqında” iddiaya aiddir. Lakin nəzərə alınmalıdır ki, iddiaçının məqsədi baxımından iddianı seçimi əlverişli qiymətləndirilə bilməz. Pretenziya məktubunun (hətta bu sənəd adi müraciət qismində qəbul oluns da) təqdim edilməsi, bundan sonrakı mərhələdə istər kommersiya mübahisəsi, istərsə də inzibati mübahisənin məhkəmə müstəvisinə keçirilməsinə xidmət edən vasitədir. Ona görə də iddiaçının bu müraciətə cavab verilməsi öhdəliyinin aidiyyəti qurumun üzərinə qoyulması tələbi ilə çıxış etməsi həm prosessual qənaət prinsipi ilə uzlaşmır, həm də cavabdehin publik fuksiyalarını əhatə etmir. İPM-in 13-cü maddəsinin tələbi baxımından tələbin və cavabdehin dəyişdirilməsinə gəldikdə isə, məhkəmə icraatında iddiaçı tərəf (nümayəndəsi) dəyişikliyin aparılmamasını bəyan etmirdir. Belə olan halda məhkəmənin qənaətinə görə hazırkı iddiaya inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Odur ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı mıəhkəməyə şikayət verilə bilər. Göstərilənlərə və İPM-in 23, 35-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-4414/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4414/2024
08.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver