Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4415/2022 30.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, o, 1981-cu ilin 23 oktyabr tarixində həqiqi hərbi xidmətə çağırılmış, 1983-ci ilin 30 aprel tarixinə qədər Sovet Ordusu sıralarında xidmət etmişdir. 1983-cü ildə N nömrəli hərbi hissənin nəzdində tank tağımı komandiri ixtisası üzrə ehtiyat zabitlər hazırlayan 2 aylıq kurslarda iştirak etmişdir. SSRİ Müdafiə Nazirinin 23 iyul 1983-cü il tarixli 168 nömrəli əmrinə əsasən ona 1-ci dərəcəli ehtiyatda olan zabit kimi leytinant rütbəsi verilmişdir. O, 1992-ci iyul ayının 25-də Suraxanı rayonu hərbi komissarlığı tərəfindən, ehtiyatda olan zabit kimi, erməni təcavüzünə qarşı döyüşlərdə iştirak etmək üçün səfərbərliyə çağırılmışdır. Səfərbərliyə çağrıldıqdan sonra əvvəlcə “Salyan kazarması” adlanan hərbi hissədə və Üçtəpə təlim mərkəzində hərbi-hazırlıq tədbirləri keçdikdən sonra Kəlbəcər rayonu Qılınclı kəndindəki hərbi hissədə tank komandiri vəzifəsində erməni işğalçılarına qarşı döyüşlərdə iştirak etmişdir. Daha sonra döyüş şəraiti ilə əlaqədar olaraq tank tağım komandiri kimi döyüşlərdə iştirakını davam etdirmiş, Ağdaban, Qozlu Körpü, Qozlu, Artunaqamer, Atek və digər kəndlərin alınmasında, habelə Dranbon kəndi istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. O, 17 avqust 1992-ci il tarixdə Artunaqamer kəndinin alınması uğrunda gedən döyüşlərdə, hücum zamanı erməni işğalçılarının atəşi nəticəsində tankın içərisində yaralanmış, 22 sentyabr 1992-ci il tarixdə ordudan tərxis olunmuşdur. O, dəfələrlə cavabdehə müraciət etsə də, müharibə veteranı və vəsiqəsinin verilməsi ilə bağlı müraciətindən imtina edilmişdir. Hərbi bilet və hərbi hissənin arayışları ilə təsdiq edilir ki, o, Dağlıq Qarabağda gedən döyüşlərin iştirakçısı olmuşdur. Bakı şəhəri Suraxanı rayon hərbi komissarlığının verdiyi 04 yanvar 1997-ci il tarixli 675 nömrəli arayışla təsdiq edilir ki, o, həqiqətən də 1992-ci iyul ayının 21-dən 1992-ci il sentyabr ayının 22-dək Azərbaycan Respublikası Silahlı Qüvvələri sırasında xidmət etmiş, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir, Göründüyü kimi, cavabdehin imtina məktubları ilə iddiaçının təqdim etdiyi sənədlər arasında kəskin ziddiyyətlər vardır. Belə ki, onun təqdim etdiyi sənədlərlə sonuncunun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 sentyabr 1995-ci il tarixli 216 saylı Qərarı ilə müəyyən edilmiş güzəştlərdən istifadə etmək hüququ olması və qanuni əsaslarla tərxis olunması tam təsdiq edildiyi halda, cavabdeh imtina məktubunda N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrlərində və zabil heyətinin əlifba qeydiyyatı kitabında onun xidməti və qanuni əsaslarla tərxis olunmağı barədə məlumat olmadığını bildirmişdir. Cavabdehin imtinası əsassızdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək onun təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə dair yazılı etirazını məhkəməyə təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnamənin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci ilin fevralın 1-dən 1994-cü ilin mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində-Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla) keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan(Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu , Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığınının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçularamüdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı təsdiq edən başqa sənədlər əsasında verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Müdafiə Nazirliyi Mərkəzi Arxivinin 17 dekabr 2019-cu il tarixli 9/2-20033 nömrəli arayışına əsasən N nömrəli hərbi hissə komandirinin 1992-ci il nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə və qanuni əsaslarla tərxis olunmağı barədə məlumat aşkar edilməmişdir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin qeyd hissəsinə əsasən bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası cinayət-prosessual məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Beləliklə də Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən "Veteran” adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyası məhz bu əsaslarla 18 noyabr 2019-cu il tarixli qərarı ilə iddiaçıya “Müharibə veteranı” vəsiqəsinin verilməsindən imtina etmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd olunur: Sizə "Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2019-cu i! tarixli iclasında baxılmış və 657 nömrəli protokol ilə barənizdə müsbət qərar qəbul edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2019-cu il tarixli, 1/H-18832 saylı iddiaçıya ünvanlanmış məktubundan görünür ki, Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2019-cu il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. Mərkəzi Arxivin xx.xx.2019-cu il tarixli 9/2-20033 nömrəli arayışına əsasən N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrlərində və zabit heyətinin əlifba qeydiyyatı kitabında xidmətiniz və qanuni əsaslarla tərxis olunmağınız barədə məlumat olmadığına görə Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyil. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Katibliyi Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, N nömrəli hərbi hissə komandirinin iyul-sentyabr 1992-ci il tarixli nizami hissə üzrə əmrlərində və şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Katibliyi Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, N nömrəli hərbi hissə komandirinin oktyabr-dekabr 1991-ci il, yanvar-dekabr 1992-ci il tarixli nizami hissə üzrə əmrlərində və şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin 1-ci hissəsinin 8-ci abzasına əsasən müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyi üçün ona «Müharibə Veteranı» adının verilməsini tələb edir. Lakin iş materiallarında olan sənədlər əsasında iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi öz təsdiqini tapmadı. Bundan başqa, iddiaçının hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılması da iş materialları ilə öz təsdiqini tapmadı. İddiaçı qeyd olunan hallarla əlaqədar sübutları məhkəməyə təqdim edə bilmədi. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş hərbi biletin surəti isə hərbi xidmət keçməsini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edilmədiyi üçün sübut kimi qəbul edilə bilməz. Məhkəmə işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi, eləcə də hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılması təsdiq olunmadığından, iddia təmin edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-4415/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4415/2022
30.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver