Məhkəmə qərarları › İş №2-1(112)-4416/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4416/2020

29.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4416/2020 29.07.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Bayramova Ləman Əlvan qızının katibliyi, İddiaçı iştirakı ilə iddiaçı – İddiaçı (yaşayış yeri: Bakı şəh., Nizami r-u, K.Balakişiyev küçəsi, ev 35, mənzil 13) cavabdeh – Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X5 X4 İdarəsinə (yerləşdiyi yer: Bakı şəhəri, Z.Bünyadov prospekti, 43) qarşı «hərbi xidmət və təhsil illəri sosial sığorta stajına daxil edilməklə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi» barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X5 (bundan sonra – DSMF) Xüsusi X1rşı «hərbi xidmət və təhsil illəri sosial sığorta stajına daxil edilməklə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilmişdir ki, o (iddiaçı), xx xxxxxx 1963-cü il tarixdə doğulmuşdur. xx xxxxxxxx 1980-ci il tarixdə 36 nömrəli Texniki Məktəbinə qəbul edilərək xx xxx 1981-ci il tarixdə həmin məktəbi xüsusi rəngsaz ixtisası üzrə bitirmişdir. xx xxx 1981-ci il tarixdən xx xxxxxxxx 1983-cü il tarixədək Sovet Ordusunda hərbi xidmət keçmişdir. Həmin vaxtdan sonra o, əmək fəaliyyətinə başlamışdır. xx xxxxxxxx 1983-cü il tarixdən Heydər Əliyev adına X7 koks istehsalı üzrə 41 nömrəli texnoloji qurğuların operatoru, 13 nömrəli və 7 nömrəli sexlərdə istehsalatda elektrik sahəsində, elektromexaniki sahəsində, elektrik avadanlıqlarının təmiri və xidməti üzrə ekektrik montyoru peşəsində işləmişdir. Bu peşələr «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiqlənmiş Siyahının 10.5-ci bəndində (bölməsində) nəzərdə tutulduğundan, güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verir. Onun güzəştli əmək şəraitində iş stajı 36 il, 4 ay, 12 gün təşkil edir. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün o, hazırkı cavabdeh DSMF X4 İdarəsinə müraciət etmişdir. Cavabdehin xx xxxxxx 2020-ci il tarixli cavab məktubu ilə x xxxxxx 2006-cı il tarixədək ümumi iş stajının 25 ildən az təşkil etdiyi və bununla yanaşı fərdi hesabın sığorta hissəsində qeydə alınmış, pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyi əsas gətirilərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə görə mülkiyyət və təsərrüfatçılıq formasından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi staja daxil edilir. Həmin maddənin üçüncü bəndinə görə iş stajına həmçinin ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və ya yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti də daxildir. Yaşa görə pensiya təyin olunandan sonrakı əmək fəaliyyəti ümumi əsaslarla iş stajına daxil edilir. Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən xüsusilə zərərli və ağır iş sahələri üzrə iş stajı hesablanarkən (Qanunun 13-cü maddəsinin “a” bəndi) həmin işdə alınmış əmək zədəsi və ya peşə xəstəliyi nəticəsində əlillik müddəti göstərilən staja daxil edilir. İşin hər ili üçün pensiyanın məbləği artırılan zaman yaşa görə pensiya təyin edildikdən sonrakı iş stajı nəzərə alınmır. Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla xx xxxxxx 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. xx xxxxxx 2002-ci ildək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci – yeddinci hissələrinə müvafiq olaraq hesablanır. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanunu xx xxxxxx 2006-cı il tarixədək qüvvədə olmuşdur ki, həmin Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi 2 nömrəli Siyahı üzrə kişilər 55 yaşa çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa güzəştli şərtlərlə pensiya təminatı hüququna malikdir. Qanunun tələbindən də göründüyü kimi, fərdi hesabın sığorta hissəsində qeydə alınmış, pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə, eləcə də İPM-in və «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun müddəalarına əsaslanaraq, ona (iddiaçıya) x xxxxxxxx 1980-ci il tarixdən xx xxx 1981-ci il tarixədək 36 nömrəli Texniki Məktəbdə təhsil aldığı müddət və xx xxx 1981-ci il tarixdən xx xxxxxxxx 1983-cü il tarixədək olan hərbi xidmət müddəti sosial sığorat stajına daxil edilməklə güzəştli şərtlərlə əmək pensiyası hüququ verən əmək stajı kimi qəbul edilərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh DSMF X4 İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş edilir. İddia ərizısi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. Cavabdeh DSMF X4 İdarəsinin iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazında aşağıdakılar bildirilmişdir: - DSMF X4 İdarəsi iddia ilə razılaşmır. Belə ki, iddiaçı iddia tələbini əsaslandırmaq məqsədi ilə əmək kitabçası və SOCAR tərəfindən tərtib olunmuş arayışı təqdim etmişdir. Təqdim olunmuş əmək kitabçası və digər sənədlərdən göründüyü kimi, iddiaçı əmək fəaliyyətinə xx xxxxxxxx 1983-cü il tarixdən başlamışdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək onun 22 il 03 ay 15 gün ümumi iş stajı olmuşdur. Bunadək x xxxxxxxx 1980-ci il tarixdən xx xxx 1981-ci il tarixədək X8ndə 6 ay 17 gün müddət ərzində təhsil almış və iki il Sovet Ordusunda hərbi xidmət keçmişdir. xx xxxxxx 2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci abzasının “b” yarımbəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahısı üzrə kişilər 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. Azərbaycan Respublikasının xx xxxx 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il altı ay artırılır. Beləliklə, istinad edilən normanı nəzərə almaqla iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilə bilməz. Belə ki, onun iş stajı Qanunda nəzərdə tutulmuş 25 ildən azdır, yəni onun X8ndə və hərbi xidmətdə olma dövrü nəzərə alınarsa belə onun ümumi iş stajı 24 il 10 aydır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Məlum olduğu kimi, Azərbaycan Respublikasının xx xxxx 2017-ci il tarixli 543-VQD nömrəli Qanunu ilə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir. Göründüyü kimi, qeyd olunan Qanunun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə əmək pensiyası almaq üçün 3 sığorta hadisəsinin baş verməsi zəruridir: yaş, staj və zəruri pensiya kapitalı. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi – əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən pensiya kapitalı müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. İddiaçının iddia ərizəsində göstərdiyi tələblə əlaqədar İdarə müraciət etdikdə aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, onun fərdi sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Qeyd olunanlara əsasən və İPM-in tələblərini rəhbər tutaraq, X2 iddiasının rədd edilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İPM-in 54.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “hərbi xidmət və təhsil illəri sosial sığorta stajına daxil edilməklə iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPMin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədiyini bildirdi, iddianın təmin olunması və ona hərbi xidmət və təhsil illəri sığorta stajına daxil edilməklə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Təqaüdlərin və sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına X9 tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli arayışında aşağıdakılar bildirilmişdir: - İddiaçı xx xxxxxxxx 1983-cü il tarixdən indiyədək Heydər Əliyev adına X7 işləyir. xx xxxxxxxx 1983-cü il tarixdən (işə qəbul barədə 426k saylı xx xxxxxxxx 1983-cü il tarixli əmr) indiyədək koks istehsalı üzrə 4 nömrəli texnoloji istehsalın koks istehsalı üzrə 41 nömrəli texnoloji qurğusunda texnoloji qurğuların operatoru, 13, 7 nömrəli sexlərdə, istehsalatda elektrik sahəsində, elektromexaniki sahəsində elektrik avadanlıqlarının təmiri və xidməti sahəsində, elektrik avadanlıqlarının təmiri üzrə xidmət sahəsində elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru işləyir. Bu peşələr «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiqlənmiş Siyahının 10.5-ci bəndində (bölməsində) müəyyən edilmiş qaydaya əsasən güzəştli şərtlərlə yaşa görə təqaüd hüququ verir. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Polis İdarəsi tərəfindən xx xxxxx 2013-cü il tarixdə verilmiş AZE seriyalı ******** nömrəli “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi”nin surətindən görünür ki, x xxxxxx 1963-cü il tarixdə Cəlilabad rayonunda doğulmuş İddiaçı yaşayış yeri Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, ev 35, mənzil 13-dür. İş materiallarında olan DSMF X4 İdarəsinin İddiaçı ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli məktubunda aşağıdakılar qeyd olunmuşdur: - «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən x xxxxxx 2006-cı il tarixədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. x xxxx 2007-ci il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 nömrəli Siyahıya görə 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi – əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Təqdim olunmuş sənədlərdən göründüyü kimi, Sizin (ərizəçinin) x xxxxxx 2006-cı il tarixədək iş stajınız 25 ildən az təşkil etməklə yanaşı, həmçinin fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Qeyd olunanları nəzərə alaraq, Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir. İş materiallarında olan Cəlilabad rayon Dövlət Arxivi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 23 nömrəli arxiv arayışında aşağıdakılar bildirilmişdir: - Cəlilabad rayon Dövlət Arxivində mühafizə olunan Cəlilabad rayon Səfərəliyev adına Sovxozun 1981-ci ilə aid olan şəxsi-hesab kitablarındakı məlumatlara əsasən İddiaçı xx xxxx 1981-ci il tarixli 31 nömrəli əmrlə “Səfərəliyev” adına Sovxozda 6 nömrəli briqadaya fəhlə qəbul edilmiş, xx xxx 1981-ci il tarixli 62 nömrəli əmrlə hərbi xidmətə getməsi ilə əlaqədar işdən azad olunmuşdur. İş materiallarında olan Cəlilabad şəhər 36 nömrəli X8 tərəfindən verilmiş 2011 nömrəli attestatın surətindən görünür ki, İddiaçı x xxxxxxxx 1980-ci il tarixdən xx xxx 1981ci il tarixədək həmin məktəbdə “rəngsaz” peşəsi üzrə təhsil almışdır. İş materiallarında olan HЗ ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı 1981-ci ilin may ayından 1983-cü ilin iyun ayınadək həqiqi hərbi xidmətdə olmuşdur. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı xx xxxxxx 1963-cü il tarixdə doğulmuşdur. 1980-ci ilin sentyabr ayından 1981-ci ilin may ayınadək – 8 ay 19 gün X8ndə təhsil almış, 1981-ci ilin may ayından 1983-cü ilin iyun ayınadək hərbi xidmətdə olmuşdur. xx xxxxxxxx 1983-cü il tarixdən x xxxxxx 2020-ci il tarixədək ARDNŞ Heydər adına X7 müxtəlif peşələrdə, o cümlədən koks istehsalı üzrə texnoloji qurğuların operatoru, elektrik avadanlıqlarının təmiri və xidməti sahəsində elektrik montyoru işləmişdir. Həmin müəssisədə xx xxxxxxxx 1983-cü il tarixdən 2006-cı ilin yanvar ayının 1dək 22 il 3 ay 14 gün əmək stajı toplamışdır. Həmin müddətin 12 il 6 aydan çox hissəsi isə sözügedən sahədə elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru peşəsində olmuşdur. İddiaçı X8ndəki təhsilin, hərbi xidmət dövrünün və 1983-cü il tarixdən adıçəkilən Zavoddakı fəaliyyəti üzrə iş illəri nəzərə alınmaqla ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı hazırkı cavabdeh DSMF X4 İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh məsələnin həllindən imtina etmiş və imtinasını onun (iddiaçının) ümumi iş stajının 2006-cı ilin yanvar ayınadək 25 ildən az toplanması ilə əsaslandırmışdır. İddiaçı hazırda imtinanın mübahisələndirir və ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Məhkəmə inzibati mübahisəyə qiymət verərkən aşağıdakı qanunvericilik normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil olunur. «İnzibati icraat haqqında» AR Qanununun 11.1-ci maddəısinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. «Əmək pensiyaları haqqında» AR Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının xx xxxx 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqust ayının 1-dən başlayaraq 2000-ci ilin avqust ayının 1dək hər il 6 ay artırılır. Həmin Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: “v” hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti, “ğ” ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti. Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla x xxxxxx 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. x xxxxxx 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin İ – Vİİ hissələrinə müvafiq olaraq hesablanır. AR Əmək Məcəlləsinin 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. AR Əmək və X3 Nazirliyinin Kollegiyasının 17 nömrəli xx xxxxxx 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “«Əmək pensiyaları haqqında» AR Qanununa əsassən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 1.3-cü bəndində göstərilmişdir ki, 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. Qaydaların 3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi, qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər. AR Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” təsdiq edilmiş və müəyyən edilmişdir ki, «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Həmin Qərarla təsdiqlənmiş 2 nömrəli Siyahının “İV. Koks, pekokoks, termoanaftrasit və koks-kimya istehsalatları. Kömürün hazırlanması” bölməsində hazırkı İddiaçı 2006-cı ilin 1 yanvar ayının 1-dək 12 il 6 aydan çox işlədiyi “elektrik avadanlıqlarının təmiri və xidməti sahəsində elektrik montyoru” peşəsi 2050000a – 861 kodla nəzərdə tutulmuşdur (iddiaçının işlədiyi peşənin qeyd olunan Siyahıdakı müvafiq peşəyə aid olması işin mübahisələndirilməyən halıdır). Məhkəmə qeyd edir ki, 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş qanunvericilik normaları («Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 67ci maddəsi) texniki peşə təhsili və hərbi xidmət müddətlərini də sosial sığorta stajı kimi nəzərdə tutduğundan, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən İddiaçı həmin tarixdən əvvəlki dövrdəki 8 ay 19 gün X8ndəki təhsil illəri və 2 il hərbi xidmət dövrü sosial sığorta stajı kimi qəbul olunmalıdır. İddiaçının 2006-cı ilin yanvar ayının 1-ədək əmək kitabçası və SOCAR NEZ-in x xxxxxx 2020-ci il tarixli arayışına əsasən xx xxxxxxxx 1983-cü il tarixdən əmək stajı 22 il 03 ay 14 gün təşkil etdiyindən, təhsil və hərbi xidmət müddətləri ilə birlikdə onun 25 ildən artıq ümumi iş stajı toplanmış sayılır. Belə olan halda, İddiaçı x xxxxxx 2006-cı il tarixədək güzəştli şərtlərlə pensiya hüququ verən 25 ildən artıq ümumi, o cümlədən 12 il 6 aydan artıq əmək şəraiti zərərli və ağır olan işlərdə iş stajına malik olduğundan, onun «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq 57 yaşı tamam olduğu vaxt, yəni xx xxxxxx 2020-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçıya X8ndəki təhsil və hərbi xidmət dövrləri sığorta stajına daxil edilməklə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdeh DSMF X4 İdarəsinin imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı onun x xxxxxxxx 1980-ci il tarixdən xx xxx 1981-ci il tarixədək X8ndəki təhsil müddəti və 1981 – 1983-cü illərdəki hərbi xidmət dövrü sosial sığorta stajına daxil edilməklə 57 yaşdan (x xxxxxx 2020-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh DSMF X4 İdarəsinin üzərinə qoyulmalıdır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Göstərilənlərə əsasən və İPM-in 4.1, 13, 23.1, 52, 58.7, 69, 75, 78 – 79, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı onun x xxxxxxxx 1980-ci il tarixdən xx xxx 1981-ci il tarixədək X8ndəki təhsil müddəti və 1981 – 1983-cü illərdəki hərbi xidmət dövrü sosial sığorta stajına daxil edilməklə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X5 X4 İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar