Məhkəmə qərarları › İş №2-1(112)-4417/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4417/2020

16.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4417/2020 16.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı «iddiaçıya məcburi köçkün statusu və vəsiqəsinin verilməsi»nə dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı «iddiaçıya məcburi köçkün statusu və vəsiqəsinin verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddia ərizəsində bildirir ki, o, x xxxx 1972-ci il tarixdə Laçın rayonunun Cağazur kəndində doğulmuşdur və həmin kənd sakini Nəzərov Əliqəmə Göyüş oğlu ilə xx xxxxxx 1990-cı il tarixdə rəsmi nikaha girərək ailə qurmuşdur. Birgə nikahdan onların üç övladı doğulmuşdur. Onlar məlum hadisələrlə bağlı 1992-ci ildə Laçın rayonundan məcburi köçkün düşmüş və ilkin olaraq Bakı şəhərinin Binəqədi rayonu ərazisində məskunlaşmışlar. Yaşayış yerləri olmaması və maddi vəziyyətin ağır olması səbəbindən 1996-cı ildə ailə üzvləri ilə birlikdə Rusiya Federasiyasına getmiş və orada da müəyyən problemlərlə üzləşdikdən sonra 2014-cü ildə Azərbaycana geri qayıtmışlar. X13 Göyüş oğlu Rusiya Federasiyasının vətəndaşlığını qəbul etmişdir. Lakin o (iddiaçı) özü və övladları Rusiya Federasiyasının vətəndaşlığını qəbul etməmişlər. O, dəfələrlə hazırkı cavabdehə və digər qurumlara müraciət edərək, onlara (iddiaçıya və uşaqlarına) məcburi köçkün statusunun verilməsini xahiş etmişdir. Lakin ona məcburi köçkün statusu və vəsiqəsinin verilməsinin imkan xaricində olması barədə cavab verilmişdir. O, ərindən faktiki olaraq ayrılmışdır, uşaqları ilə birlikdə kirayədə yaşayır və bu da onlar üçün ciddi çətinliklər törədir. Qeyd olunduğu kimi, onlar digər ölkənin vətəndaşlığını qəbul etməmişlər və Azərbaycan Respublikasının vətəndaşlarıdır. Həmçinin Laçın RİH başçısının Cağazur kənd X10 üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışlarda da onların məcburi köçkün olduqları qeyd edilmişdir. Onun övladı X6 xx xxxx 2019-cu il tarixdə AR Səfərbərlik və HXÇDX Laçın Rayon Bölməsi tərəfindən müddətli həqiqi hərbi xidmətə göndərilmişdir. Onların müvəqqəti olaraq başqa yerə getməsi məcburi köçkün statusunun ləğvi üçün əsas olmamalıdır və bu statusun bərpa edilməməsi onlar üçün həddindən artıq problemlər törədir. Yaşayış yeri olmadığından uzun müddətdir ki, kirayələrdə yaşayırlar, məcburi köçkünlər üçün nəzərdə tutulmuş güzəştlərdən istifadə edə bilmirlər və bu hal getdikcə onların vəziyyətini daha da ağırlaşdırır. O (iddiaçı), uzun müddətdir xəstədir, müalicələr alır, ailənin bütün yükü onun üzərindədir.«Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» AR Qanunun 1-ci maddəsinə əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) – Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Başqa ölkədəki daimi yaşayış yerini bu maddənin birinci hissəsində göstərilən əsaslara görə tərk etməyə məcbur olub Azərbaycan Respublikasına gəlmiş Azərbaycan Respublikası vətəndaşına müvafiq icra hakimiyyəti orqanının qərarı ilə məcburi köçkün statusu verilə bilər. O, məcburi köçkün statusunun verilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdehin cavab məktubunda ona və uşaqlarına ərinin Rusiya Federasiyası vətəndaşı olması səbəbindən məcburi köçkün statusu və vəsiqəsinin verilməsinin imkan xaricində olması bildirilmişdir. Halbuki, cavabdeh tərəf ona məcburi köçkün statusunun verilməsi ilə bağlı tədbir görməli idi. Cavabdeh tərəf onun hüquqları pozulmuşdur, belə olan halda cavabdeh tərəf ona kompensasiya ödənilməsində borcludur. Göstərilənlərə və İPM-in 33.2, 34.1, 68-ci maddələrinə əsaslanaraq, ona (iddiaçıya) məcburi köçkün statusu və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbini irəli sürür. Cavabdehin nümayəndəsinin İPM-in 47-ci maddəsinə uyğun olaraq məhkəməyə təqdim edilmiş yazılı etirazında aşağıdakılar bildirilmişdir: - İddiaçı iddia tələbi tam əsassızdır. «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» AR Qanununun müddəalarından görünür ki, məcburi köçkün statusunun verilməsi barədə qərarların qəbul edilməsi AR Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilir. İddiaçı Nəzərova X3 müraciət edərək, özünə və övladları x xxxx 1992-ci il tarixli X4 və x xxx 1991-ci il təvəllüdlü X2 məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsini xahiş etmişdir. Təqdim edilmiş sənədlər Komitənin Status sektorunda araşdırılmış və müəyyən olunmuşdur ki, İddiaçı xx xxxxxx 1990-cı il tarixdə Nəzərov Əliqəmə Göyüş oğlu ilə nikaha daxil olmuşdur. xx xxx 1992-ci il tarixdə Laçın rayonunun işğalından sonra 1996-cı ildə iddiaçı ailəsi ilə birlikdə Rusiya Federasiyasına getmiş və 2014-cu ildə övladları ilə birlikdə geri qayıtmışdır. Onun əri X12 Federasiyası vətəndaşlğını qəbul etmiş və hazırda orada yaşayır. Əliqəmə Nəzərov Azərbaycan Respublikasının vətəndaşı olmadığından və hazırda işğal olunmuş Laçın rayonunda qeydiyyatda olmadığından, iddiaçıya və onun övladlarına məcburi köçkün statusunun verilməsindən imtina edilmişdir. Komitənin 2013-cü il 23 may tarixli 1 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar»ın 4.1.1-ci bəndinə əsasən, sakini olduqları rayon işğal olunanadək daimi yaşayış yeri həmin rayon olan Azərbaycan Respublikasının vətəndaşlarına məcburi köçkün vəsiqəsi verilir. Bu Qaydalarda nəzərdə tutulan daimi yaşayış yeri dedikdə, sakini olduğu rayon və ya şəhər işğal edilənədək, həmin rayon və ya şəhərdə yaşayış yeri üzrə daimi qeydiyyatda (pasport, hərbi) olmaqla yaşadığı yer başa düşülür. Qaydaların 2.4.3-cü bəndinə əsasən, rayonun işğalından əvvəl nikaha daxil olmuş qadınlar üçün aşağıda qeyd olunan sənədlər təqdim edilməlidir: ərizə forması, şəxsiyyət vəsiqəsinin surəti (əsli ilə birlikdə), nikah haqqında şəhadətnamənin surəti (əsli ilə birlikdə), nikaha daxil olduğu şəxsin (ərinin) şəxsiyyət vəsiqəsinin və hərbi biletinin surətləri (əsli ilə birlikdə), Nikaha daxil olduğu şəxsin (ərinin) hərbi bileti itirildiyi halda ərinin işğal zamanı məcburi köçkün düşdüyü rayonda hərbi və ya pasport qeydiyyatında olması barədə SHXÇDX-nin rayon şöbəsi və ya DİN-nin rayon şöbəsi tərəfindən verilmiş arayış, Nikaha daxil olduğu şəxsin (ərinin) məcburi köçkün düşməsi barədə işğal nəticəsində məcburən tərk etdiyi rayonun icra hakimiyyətinin başçısı və ya müavini tərəfindən verilmiş arayış, 2 ədəd 3x4 ölçüdə rəngli fotoşəkil. Qeyd olunduğu kimi, iddiaçı hazirda Əliqəmə Nəzərovla nikahdadır. Odur ki, Qaydanın 2.4.3-cü bəndində göstərilən sənədləri təqdim edə bilməmişdir. Qaydaların 4.1.6-cı bəndinə əsasən valideynlərindən yalnız atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış (16 yaşlı) uşaqlara məcburi köçkün statusu verilir. İddiaçı RF vətəndaşı Əliqəmə Nəzərov ilə nikahda olduğundan və sonuncunun Laçın rayonunda qeydiyyatı olmadığından, o, Qaydaların 2.4.3-cü bəndində tələb olunan sənədləri təqdim etməmiş və bu səbəbdən ona məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə verilməmişdir. Göstərilənlərə və «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» AR Qanununun 1-ci maddəsinin 3-cü bəndinə, 9, 10, 12-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin x xxxx 1999-cu il tarixli 148 nömrəli Fərmanın 2-ci bəndinə əsaslanaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddiaya qarşı məhkəməyə təqdim edilmiş yazılı münasibətdə göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 2.2.2-ci maddəsinə görə isə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati icraat qaydasında baxılır. MPM-in 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. «İnzibati icraat haqqında» AR Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 13-cü maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» AR Qanununun 1-ci maddəsinə görə məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) – Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Həmin Qanunun 9-cu maddəsinə əsasən qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər. Həmin Qanunun 12-ci maddəsinə əsasən qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. Həmin Qanunun 14-cü maddəsinə görə məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu vətəndaş aşağıdakı hallarda itirir: əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildikdə, bu mümkün olmadıqda, dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edildikdə. “«Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin x xxxx 1999-cu il tarixli 148 nömrəli Fərmanın 2-ci bəndinə əsasən “«Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini AR Dövlət Miqrasiya Xidməti və AR Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər. «Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar»ın 2.4-cü bəndinə görə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqəni almaq niyyətində olan şəxs ərizə ilə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: (2.4.3. Rayonun işğalından əvvəl nikaha daxil olmuş qadınlar üçün) ərizə forması, şəxsiyyət vəsiqəsinin surəti (əsli ilə birlikdə), nikah haqqında şəhadətnamənin surəti (əsli ilə birlikdə), nikaha daxil olduğu şəxsin (ərinin) şəxsiyyət vəsiqəsinin və hərbi biletinin surətləri (əsli ilə birlikdə), nikaha daxil olduğu şəxsin (ərinin) hərbi bileti itirildiyi halda ərinin işğal zamanı məcburi köçkün düşdüyü rayonda hərbi və ya pasport qeydiyyatında olması barədə SHXÇDX-nin rayon şöbəsi və ya DİN-nin rayon şöbəsi tərəfindən verilmiş arayış, nikaha daxil olduğu şəxsin (ərinin) məcburi köçkün düşməsi barədə işğal nəticəsində məcburən tərk etdiyi rayonun icra hakimiyyətinin başçısı və ya müavini tərəfindən verilmiş arayış, 2 ədəd 3x4 ölçüdə rəngli fotoşəkil. İşin məhkəmə araşdırması ilə müəyyən edilir ki, iddiaçı x xxxx 1972-ci il tarixdə laçın rayonunda doğulmuşdur və 1990-cı ildə həmin rayonun sakini Nəzərov Əlqəmə Göyüş oğlu ilə aralarında rəsmi nikah bağlanmışdır. Onun hazırda qeydiyyat ünvanı da Laçın rayonunun Cağazur kəndidir. X14 hazırda Rusiya Federasiyası vətəndaşıdır. İddiaçı ona və övladlarına “məcburi köçkün” statusu və vəsiqəsinin verilməsi ilə bağlı hazırkı cavabdeh AR Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət etmişdir. Cavabdeh onun ərinin Rusiya Federasiyası vətəndaşlığını qəbul etməsini əsas gətirərək, məsələnin həllindən imtina etmişdir. İddiaçı onunla (əri ilə) faktiki olaraq birlikdə yaşamadığını bildirərək, cavabdehin imtinasını mübahisələndirir və ona “məcburi köçkün” statusu və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Məhkəmənin qənaəti belədir ki, iddiaçı ona “məcburi köçkün” statusu və vəsiqəsinin verilməsi ilə bağlı mövcud qanunvericilikdə, yəni «Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar»ın 2.4.3-cü bəndində nəzərdə tutulan sənədləri tam şəkildə cavabdehə təqdim etmədiyindən, cavabdeh onun qaldırdığı məsələnin həllindən imtina etməkdə haqlı olmuşdur. Odur ki, cavabdehin imtinası qanuna zidd qiymətləndirilə bilməz. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəzticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh AR Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı «iddiaçıya məcburi köçkün statusu və vəsiqəsinin verilməsi» tələbinə diar iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78–79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh AR Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı «iddiaçıya məcburi köçkün statusu və vəsiqəsinin verilməsi» tələbinə diar iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar