Məhkəmə qərarları › İş №2-1(112)-4417/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4417/2023

10.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4417/2023 10.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə dair yeni çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X41 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə dair yeni çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1xaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Yasamal rayonu, A.Ağayev küçəsində yerləşən 18 nömrəli fərdi yaşayış evinin 1-ci mərtəbəsində yerləşən 17 və 19 saylı yaşayış otaqlarının, 13, 14 və 15 saylı yardımçı sahələrinin üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq ona yeni çıxarış və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, A.Ağayev küçəsində 0,03995 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 29 otaqlı, 506,7 kv.m yaşayış sahəsi, 275,4 kv.m köməkçi sahədən ibarət olan 18 saylı fərdi yaşayış evi 1950ci ildə vəfat etmiş babası, X23 məxsus olmuşdur. Babasından miras qalmış həmin fərdi yaşayış evi vərəsəlik qaydasında qəbul edilərək paylı mülkiyyət hüququ üzrə X13 (3 otaq-y/s-64,4 kv.m; k/s-91,5 kv.m), X3 (22 otaq), qardaşı X8 və ona 4 otaq olmaqla, Daşınmaz Əmlakın Dövlət Reyestrində 39 nömrəli reyestr kitabının 3643 nömrəli vərəqində ümumi paylı mülkiyyət kimi qeydiyyata alınmış və xx.xx.2007-ci il tarixli, ******* nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Onunla qardaşı X16 arasında 23 may 2008-ci il tarixli “real bölgü haqqında" notarial qaydada təsdiqlənmiş müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən, Bakı şəhəri, Yasamal rayonu, A.Ağayev küçəsində yerləşən 18 nömrəli fərdi yaşayış evinin paylı mülkiyyət hüququ üzrə onlara məxsus olan 4 otağı və köməkçi sahələri aşağıdakı kimi müəyyən etməklə, gələcəkdə həmin sahələrə dair birbirilərinə qarşı heç bir iddiaları olmayacağı barədə öhdəlik götürmüşlər. X8, № 8-də sahəsi 13,5 kv.m olan otaq, № 9-da sahəsi 13,9 kv.m olan otaq və 9-li otağın qarşısındakı həyətyanı sahə; ona № 17-də sahəsi 13,0 kv.m olan otaq, № 19-da sahəsi 15,5 kv.m olan otaq, №15-də sahəsi 8,9 kv.m olan mətbəx, №13-də sahəsi 3,2 kv.m olan köməkçi sahə, №14-də sahəsi 3,2 kv.m olan köməkçi sahə. Bundan sonra o, X8 və X13 qarşı “paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi” tələbi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmə tərəfindən onun iddia tələbi təmin edilərək, bu barədə 2(004)-50/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnamə qəbul edilib. Həmin qətnamə ilə Bakı şəhəri, Yasamal rayonu, A.Ağayev küçəsində 0,03995 ha torpaq sahəsində yeriəşən 2 mərtəbəli, 29 otaqlı 506,7 kv.m yaşayış sahəsindən və 275,4 kv.m köməkçi sahədən ibarət olan 18 nömrəli fərdi yaşayış evinin, 1-ci mərtəbəsində yerləşən 17 və 19 saylı yaşayış otaqlarının, 13, 14 və 15 saylı yardımçı sahələrinin ona ayrılmaqla, payının naturada ayrılması qət edilmişdir. Hal-hazırda o, yuxarıda qeyd etdiyi ünvanda məhkəmə qətnaməsi ilə ona ayrılan 2 mərtəbəli, 29 otaqlı 506,7 kv.m yaşayış sahəsindən və 275,4 kv.m köməkçi sahədən ibarət olan 18 nömrəli fərdi yaşayış evinin, 1-ci mərtəbəsində yerləşən 17 və 19 saylı yaşayış otaqlarının, 13, 14 və 15 saylı yardımçı sahələrinin mülkiyyət hüquqlarının tam olaraq ona məxsus olmasına dair yeni çıxarış almaq məqsədilə cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə rəsmi qaydada ərizə ilə müraciət etmişdir. Cavabdeh onun müraciətinə xx.xx.2022-ci il tarixli **********58 saylı cavab məktubu ilə müraciətindən imtina etmiş və imtinanı belə əsaslandırmağa çalışmışdır ki, guya Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-50/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsi ilə İdarənin üzərinə öhdəlik qoymamışdır. Həmçinin qeyd edilmişdir ki, İdarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilən zaman məlum olmuşdur ki, A tikilisinin 1-ci mərtəbəsində yerləşən 13,14,15, 17 və 19 saylı sahələri digər payçı tərəfindən istifadə edildiyindən yoxlama-ölçü işlərinin aparılması mümkün olmamışdır. Bildirir ki, cavabdeh bu cavabını ilə onun mülkiyyət hüquqlarını qeydə almaqdan faktiki imtina edir və onun bu hərəkətləri onun Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulan mülkiyyət hüquqlarını pozur.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

3. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

4. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

5. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

6. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi ü/birgə 4 otaq X5, ü/birgə 4 otaq İddiaçı, 22 otaqdan 1/4 hissə X6, 22 otaqdan 1/4 hissə X7, 22 otaqdan 1/4 hissə X4, 22 otağın 1/4 hissəsindən 2-ci mərtəbədə 1 otaq y/s 20.8 kv.m, k/s 6.8 kv.m X9, 22 otağın 1/4 hissəsindən qalan hissə X17, 22 otağın 1/4 hissəsindən qalan hissəsindən 1 otaq X10, 22 otağın 1/4 hissəsindən qalan hissəsindən 1 otaq X14, 3 otaq-y/s-64.4 kv.m, ü/s 91.5 kv.m X18 mülkiyyətindədir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-50/2022 saylı icra vərəqəsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, A.Ağayev küçəsində 0.03995 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 29 otaqlı 506,7 kv.m yaşayış sahəsi, 275,4 kv.m köməkçi sahədən ibarət olan 18 nömrəli fərdi yaşayış evi, A literli yaşayış evinin 1-ci mərtəbəsində yerləşən 17 və 19 saylı yaşayış otaqları, 13, 14 və 15 saylı yardımçı sahələr İddiaçı ayrılmaqla onun payının naturada ayrılması qət edilmiş və Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-50/2022 saylı icra vərəqəsi ilə İdarənin üzərinə öhdəlik qoyulmamışdır. Bundan başqa, mütəxəssislər tərəfindən ünvana texniki baxış keçirilən zaman məlum olmuşdur ki, iddiaçı tərəfindən göstərilən A tikilisinin 1-ci mərtəbəsində yerləşən 13,14, 15, 17, və 19 saylı sahələri digər payçı tərəfindən istifadə edildiyindən yoxlama-ölçü işlərinin aparılması mümkün olmamışdır. Qeyd olunanlarla yanaşı fərdi yaşayış evi vahid konstruktiv yükgötürən divarlara malik olmaqla qonşu fərdi yaşayış evi ilə bir dam altında yerləşir. Konstruktiv cəhətdən vahid olan bina iki əsas tikiliyə bölünə bilinmədiyindən qaldırılan məsələnin həlli mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.6-cı maddəsinə əsasən əşyalar bölünər və bölünməz ola bilər. Təyinatı dəyişdirilmədən bölünə bilməyən və ya qanunun göstərişinə görə bölünməli olmayan əşyalar bölünməz əşyalardır. Bu səbəblərə görə ərizənin icrası tərəflərindən mümkün olmamış və bu barədə iddiaçıya xx.xx.2022-ci il tarixli, **********58 nömrəli cavab məktub ünvanlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.4-cü maddəsinə əsasən hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.5-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 4 aprel 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması və pul kompensasiyasının (dəyərinin) ödənilməsi qaydasında həyata keçirilə bilər. Əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə ağlabatan üsulu pul kompensasiyasının ödənilməsidir. Qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2-242/2005 saylı 24 yanvar 2005ci il tarixli qiyabi qətnaməsinə əsasən X11 və İddiaçı Bakı şəhəri, Ağayev küçəsi, 18 saylı evin 4 otağına vərəsəlik hüququ tanınmışdır.

8. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, A.Ağayev küçəsində istifadədə olan 0.03995 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 29 otaqlı, 506.7 kv.m yaşayış, 275.4 kv.m köməkçi sahədən ibarət 18 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə X12 3 otaq –y/s-64.4 kv.m; köməkçi sahə - 91.5 kv.m, X2 22 otaq, X5 və İddiaçı 4 otaq adlarına daşınmaz əmlakın dövlət reyestrində 39 nömrəli reyestr kitabının 3643 nömrəli vərəqində **********29-10301 reyestr nömrəsi, ********* qeydiyyat nömrəsi, xx.xx.2007-ci il qeydiyyat tarixi ilə qeydiyyata alınmışdır.

9. Fərdi yaşayış evinin texniki pasportuna əsasən Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixdə ünvan 2 ünvanında yerləşən, hüquq subyekti X16, X19, X15, X20, X24, X27 və İddiaçı olan fərdi yaşayış evinin xx.xx.2007-ci il tarixə texniki pasportu tərtib olunmuşdur.

10. Notarial qaydada təsdiq edilmiş “real bölgü haqqında” 23 may 2008-ci il tarixli müqaviləyə əsasən X16 və İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2007-ci il tarixli ******* nömrəli çıxarışına əsasən Bakı şəhəri, Yasamal rayonu, A.Ağayev küçəsində yerləşən 18 nömrəli fərdi yaşayış evinin paylı mülkiyyət hüququ üzrə onlara məxsus olan 4 otağın sahələrinin aralarında bölünməsi ilə bağlı razılığa gəlmişlər.

11. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-50/2022 saylı xx.xx.2022ci il tarixli qətnaməsinə əsasən İddiaçı cavabdehlər X8 və X13 qarşı “paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi” tələbinə dair iddia ərizəsi və dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, A.Ağayev küçəsində 0.03995 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 29 otaqlı, 506.7 kv.m yaşayış sahəsini, 275.4 kv.m köməkçi sahədən ibarət olan 18 saylı fərdi yaşayış evinin “A” tikilisinin İ mərtəbəsinin Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, MH ******* nömrəli çıxarışa əsasən iddiaçının payının naturada bölgüsünün həyata keçirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin sözügedən qətnaməsinə əsasən, iddia ərizəsi təmin edilmiş, Bakı şəhəri, Yasamal rayonu, A.Ağayev küçəsində 0.03995 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 29 otaqlı 506.7 kv.m yaşayış sahəsi, 275,4 kv.m köməkçi sahədən ibarət olan 18 nömrəli fərdi yaşayış evi, A letirli yaşayış evinin 1-ci mərtəbəsində yerləşən 17 və 19 saylı yaşayış otaqları, 13, 14 və15 saylı yardımçı sahələr İddiaçı ayrılmaqla onun payının naturada ayrılması qət edilmişdir.

12. cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2022ci il tarixli **********58 nömrəli imtina məktubuna əsasən iddiaçıya bildirilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-50/2022 saylı icra vərəqəsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, A.Ağayev küçəsində 0.03995 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 29 otaqlı 506.7 kv.m yaşayış sahəsi, 275.4 kv.m köməkçi sahədən ibarət olan 18 nömrəli fərdi yaşayış evi, A literli yaşayış evinin 1-ci mərtəbəsində yerləşən 17 və 19 saylı yaşayış otaqları, 13, 14 və 15 saylı yardımçı sahələr İddiaçı ayrılmaqla onun payının naturada ayrılması qət edilmişdir. Sözügedən icra vərəqəsi ilə İdarənin üzərinə öhdəlik qoyulmamışdır. Məlumat üçün bildirilmişdir ki, İdarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilən zaman məlum olmuşdur ki, A tikilisinin 1-ci mərtəbəsində yerləşən 13, 14, 15, 17 və 19 saylı sahələri digər payçı tərəfindən istifadə edildiyindən yoxlama-ölçü işlərinin aparılması mümkün olmamışdır. Bununla bağlı Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinə xx.xx.2022-ci il tarixli **********42 nömrəli cavab məktubu ünvanlanmışdır.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

13. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

14. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

15. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

16. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

17. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

18. Məhkəmə işdə iştirak etmiş proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

19. Belə ki, məhkəmə araşdırması zamanı işin hallarından müəyyən edilmişdir ki, əsasən Bakı şəhəri, Yasamal rayonu, A.Ağayev küçəsində istifadədə olan 0.03995 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 29 otaqlı, 506.7 kv.m yaşayış, 275.4 kv.m köməkçi sahədən ibarət 18 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə X12 3 otaq – y/s-64.4 kv.m; köməkçi sahə - 91.5 kv.m, X2 22 otaq, X5 və İddiaçı 4 otaq adlarına daşınmaz əmlakın dövlət reyestrində 39 nömrəli reyestr kitabının 3643 nömrəli vərəqində **********29-10301 reyestr nömrəsi, ********* qeydiyyat nömrəsi, xx.xx.2007-ci il qeydiyyat tarixi ilə qeydiyyata alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 50/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddiaçının digər mülkiyyətçilər olan X8 və X13 qarşı iddia tələbi təmin olunaraq Bakı şəhəri, Yasamal rayonu, A.Ağayev küçəsində 0.03995 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 29 otaqlı 506.7 kv.m yaşayış sahəsi, 275,4 kv.m köməkçi sahədən ibarət olan 18 nömrəli fərdi yaşayış evi, A letirli yaşayış evinin 1-ci mərtəbəsində yerləşən 17 və 19 saylı yaşayış otaqları, 13, 14 və15 saylı yardımçı sahələr İddiaçı ayrılmaqla onun payının naturada ayrılması qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra olunması barədə xx.xx.2022-ci il tarixli 2(004)-50/2022 saylı icra vərəqəsi tərtib olunaraq Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinə göndərilmiş, sonuncu tərəfindən həmin sənəd icra olunması üçün cavabdehə göndərilsə də, cavabdeh tərəfindən icra sənədi üzrə onların üzərinə hər hansı bir öhdəlik qoyulmadığına istinad edilməklə icra sənədinin icrasından və iddiaçının müraciətindən imtina edilmişdir.

20. Beləliklə işin hallarından göründüyü kimi, mübahisəli mənzil iddiaçının paylı mülkiyyətində olmasına, məhkəmə qətnaməsinə əsasən onun payı naturada ayrılmasına baxmayaraq, cavabdeh tərəfindən heç bir qanuni əsas gətirilmədən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtinanın əsasında mübahisəli sahələrin digər payçı tərəfindən istifadə edilməsi səbəbindən yoxlama-ölçü işlərinin aparılmasının mümkün olmaması, fərdi yaşayış evinin vahid konstruktiv yükgötürən divarlara malik olmaqla qonşu fərdi yaşayış evi ilə bir dam altında yerləşməsi səbəbindən konstruktiv cəhətdən vahid olan binanın iki əsas tikiliyə bölünə bilməməsi əsas gətirilsə də, məhkəmə həmin imtinanın dəlillərini iddiaçıya məxsus mübahisəli sahələrin naturada ayrılması barədə qüvvədə olan məhkəmə qətnaməsinin olması səbəbindən əssasız hesab edir. Digər tərəfdən cavabdeh məhkəməyə təqdim etdiyi etirazının hüquqi əsasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.5-ci maddəsinə və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 4 aprel 2014-cü il tarixli qərarına istinad etsə də, həmin qanunvericilik normaları hazırki mübahisənin predmeti ilə bağlı olmayıb, artıq digər mülki məhkəmə icraatında baxılaraq hüquqi qiymət verilmiş mübahisənin predmeti ilə bağlıdır.

21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.4-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 15-ci maddəsinin (Hüquqların dövlət qeydiyyatından imtina) tələblərinə əsasən: 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

22. Beləliklə, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və iddiaçı sözügedən fərdi yaşayış evinə dair naturada ona ayrılmış payına dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün müraciət etməkdə haqlı olmuşdur.

23. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

24. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir».

25. Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir.

26. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir.

27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir.

28. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X22 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərəzsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərçivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir.

29. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiq olunması üçün” Ali Məhkəmə Plenumunun 30 mart 2006-cı il tarixli, 6 saylı qərarının 2-ci bəndinin 3-cü hissəsində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər.

30. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68).

31. Həmin Məhkəmənin «Qavazov Bolqarıstana qarşı» 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

32. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

33. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

34. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

35. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

36. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğun təmin edilməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, A.Ağayev küçəsində yerləşən 18 nömrəli fərdi yaşayış evinin 1-ci mərtəbəsində yerləşən 17 və 19 saylı yaşayış otaqlarının, 13, 14 və 15 saylı yardımçı sahələrinin üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq ona yeni çıxarış və texniki pasportun verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar