Məhkəmə qərarları › İş №2-1(112)-4418/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4418/2022

17.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4418/2022 17.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı X1 iştirakı ilə, İddiaçılar İddiaçı, X2, X1 cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “qaraşa plan cizginin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 03.06.1999-cu il tarixli 1141 nömrəli sərəncamına əsasən həyat yoldaşı X3 verilmiş Əmircan qəsəbəsi, 87 nömrəli məktəbin yanında qaraın Baş planından çıxarışın mövcud tikiliyə uyğun çəkilməsi öhdəliyinin cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı istifadəsində olan qarajın faktiki ölçüləri əsasında yeni plan-cizginin verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, qaraj onun mərhum həyat yoldaşına qanuni əsaslar ilə ayrıldığından, həmçinin qarajın faktiki ölçülərinin artımı ilə bağlı eskiz layihəsi tərtib olunduğundan, cavabdeh əsassız olaraq onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək məhkəmədən, İddiaçı ilə yanaşı X2, X1 da iddiaçılar qismində tanınmasını və cavabdehin 03 iyun 1999-cu il tarixli sərəncamına əsasən X3 verilmiş Əmircan qəsəbəsi 77 №-li məktəbin yaxınlığında yerləşən qaraja plan-cizginin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Baki İnzibati Məhkəməsinin 17.03.2022-ci il tarixli qərardadı ilə X5 və X1 iddiaçılar qismində icraata cəlb edilməsi, ərizənin “Cavabdehin 03 iyun 1999-cu il tarixli sərəncamına əsasən X3 verilmiş Əmircan qəsəbəsi 77 №-li məktəbin yaxınlığında yerləşən qaraja plan-cizginin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” formasında icraata qəbul edilməsi qərara alınmışdır. İddiaçı X4 idddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin:

1. Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyi şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edir. 5.1.4. Tikintiyə icazə verilməsi şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlətin səlahiyyətlərinə aiddir 47.1.Bu Məcəllənin 79.2-ci və 80-ci maddələrinə əsasən barəsində məlumatlandırma icraatının tətbiq olunduğu tikinti obyektləri, habelə reklam qurğuları istisna olmaqla sifarişçi tikinti obyekti üzrə layihəçini və podratçını müəyyənləşdirir. 47.4.5. Sifarişçi müvafiq icra hakimiyyəti orqanından və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan (reklam qurğularının tikintisi zamanı isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan) tikintiyə icazə alır. 74.1. Bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. 75.1. Barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Reklam qurğularının tikintisinə icazənin verilməsi qaydası bu Məcəllənin 81-ci maddəsi ilə müəyyən edilir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. 75.2. Sifarişçi tikintiyə icazə almaq üçün müraciət etməzdən əvvəl tikinti aparmaq istədiyi ərazidə aparılacaq tikintinin icazə verilən parametrlərini (ərazinin tikinti əmsalı, ərazinin tikinti sıxlığı əmsalı, tikinti obyektlərinin hündürlüyü və s.) öyrənmək məqsədi ilə obyektin təyinatını göstərməklə, müvafiq icra hakimiyyəti orqanına (quruma) sorğu ilə müraciət edə bilər. Həmin müraciətə 10 gün müddətində əsaslandırılmış cavab verilməlidir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 dekabr tarixli 460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsi” Qaydasının: 1.5. Bu Qayda əsasında tikintiyə icazə tikinti obyektinin inşası, əsaslı təmiri, yenidən qurulması, bərpası və ya sökülməsi üçün verilir. 3.1. Sifarişçi obyektin tikintisinə icazəni almaq məqsədilə Məcəllənin 75-ci maddəsinə uyğun olaraq “bir pəncərə” prinsipi əsasında icazə verən orqana elektron və ya yazılı qaydada müraciət edir. Müraciətdə həyata keçirilməsi nəzərdə tutulan tikinti fəaliyyətinin (tikinti obyektinin inşası, yenidən qurulması, bərpası, əsaslı təmiri və ya sökülməsi) növü və ya növləri dəqiq göstərilməlidir. Müraciət tikintiyə icazə verən orqana daxil edildiyi gün tikintiyə icazə verilməsi icraatı başlanılmış hesab olunur. 3.2. Müraciətə aşağıdakı sənədlər əlavə edilir: 3.2.1. torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti; 3.2.2. tikinti layihəsi kağız (yazılı qaydada müraciət etdikdə) və elektron formada (hər biri 1 nüsxədə); 3.2.3. sifarişçi hüquqi şəxs olduqda hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti, fiziki şəxs olduqda şəxsiyyətini təsdiq edən sənədin surəti; 3.2.4. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun əlavəsində göstərilən fəaliyyət növləri üzrə layihələrin ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi və həmin sənədin dövlət ekoloji ekspertizasının rəyi. Şərh olunan qanunvericiliyin müddəalarından görünür ki, tikintiyə icazə verilməsi üçün (hazırki halda yenidən qurulması) icraat qaydaları, təqdim olunmalı sənədlərin əhatə dairəsi, tikintiyə icazə verilməsinin ümumi qaydaları və digər prosedurların təşkili Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 14-cü fəslində geniş olaraq təsvir olunmuşdur. Nəzərə alınmalıdır ki, bu zaman qanunvericilik bir mənalı olaraq tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət etməyi və həmin ərizəyə zəruri sənədlərin əlavə edilməsini şərtləndirmişdir ki, həmin sənədlər aşağıdakilardı: -torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti; -tikinti layihəsi; -sifarişçi hüquqi şəxs olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti fiziki şəxs olduqda, şəxsiyyətini təsdiq edən sənədin surəti. Göründüyü kimi tikintiyə icazə verilməsi ilə bağlı ərizəyə əlavə olunmalı sənədlər məhz sifarişçisinin tikinti nəzərdə tutulan torpaq sahəsinə münasibətdə hüquqlarını təsdiq edən və tikintinin layihəsini əks etdirən sənədlərdir. Məhkəmə diqqətə çatdırır ki, iddaçıların hazırki iddia tələbi ilə reallaşdırmaq istədikləri hüquq məhz qaraş sahəsinə münasibətdə faktiki ölçülərə uyğun plan-cizginin verilməsi ilə bağlıdır. Təkzib olunmaz haldır ki, Bakı şəhər Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının 1141 saylı, 03.06.1999-cu il tarixli Sərəncamı ilə vətəndaş X3 VAZ- 21011 markalı, İODİ287 nömrəli şəxsi minik avtomobilini saxlamaq üçün razılaşdırılmış cizgi əsasında Əmircan qəsəbəsi, 87 №-li məktəbin yanında 6 m x 4 m ölçüdə qaraj tikintisinə icazə verilmişdir. Göründüyü kimi, vaxtı ilə mərhum X3 razılaşdırılmış cizgi əsasında qarajın tikintisinə icazə verilərkən, qarajın ölçüsü 6 m x 4 m müəyyən edilmiş, sonradan iddiaçılar tərəfinfən qarajının rekonstuksiyası həyata keçirimiş və ölçülər artırılaraq 7,90 m x 4,80 m çatdırılmışdır. Məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, ümumiyyətlə yuxarıda bəhs olunan qanunvericiliyin və normativ hüquqi aktların normalarına görə tikilinin yenidən qurulması, yəni rekonstruksiyası ilə bağlı tələblər cəmləşdirilmiş və ümumi norma olaraq tikintiyə icazə almaq üçün nəzərdə tutulmuş tələblərdə ehtiva olunmuşdur. Bu konteksdə Məhkəmənin formalaşdırdığı mövqeyi odur ki, hər nə qədər də mübahisə predmetini təşkil edən qaraj iddiaçıların qanuni istifadəsində olsa da, tikintinin (qarajın) rekonstruksiyası və sahə ölçülərinin artırılması həyata keçirildiyi zaman cavabdeh inzibati orqana müraciət olunmamışdır. İddiaçıların istifadəsində olan qarajın rekonstruksiyası işlərinin aparılaraq sahə ölçülərinin 7,90 m x 4,80 m artımı ilə bağlı yeganə dəlil hüquqi şəxs tərəfindən tərtib olunmuş eskiz layihəsi çıxış edir. Halbuki, həmin eskiz layihəsi iddiaçıların istifadəsində olan qaraj sahəsinə yeni plan-cizginin verilməsinə əsas vermir, əksinə həmin eskiz layihəsi məhz tikintiyə icazənin verilməsi (rekonstruksiya işlərinin aparılmasına) üçün əsas yaradır ki, bu zaman mütləq qaydada cavabdehin tikintinin ölçülərinin artımına münasibətini öyrənilməliydi. Başqa sözlə desək, iddiaçılar istifadəsində olan qarajın rekonstruksiyası ilə bağlı cavabdeh inzibati orqana müraciət etməmiş, bununla da tikintiyə icazə sənədi olmadan tikilinin ölçülərini artırmışdılar. Məhkəmə qeyd edir ki, qarajın ölçülərinin artırılması ilə bağlı hüquqmüəyyənedici sənəd kimi Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən tikintiyə icazənin verilməsi ilə bağlı Sərəncam qəbul olunsa idi, bu Sərəncam əsasında hazırda iddiaçıların faktiki istifadəsində olan ölçüləri artırılmış qaraja münasibətdə yeni plan-cizgisinin verilməsini tələb etmək hüquqları yaranardı. Məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, hazırda iddiaçıların istifadəsində olan artırılmış qarajın yerləşdiyi torpaq sahəsinin (artırılmış hissədə) kimin mülkiyyətində olub-olmamasını araşdırmaq zərurəti olmamışdır. Belə ki, mübahisə predmetini təşkil edən əmlaka münasibətdəartım qanuni əsaslar ilə həyata keçirilmədiyindən və bunun əsasında iddiaçıların yeni ölçülərə uyğun plan-cizgi əldə etmək hüquqları olmadığından, torpaq sahəsi ilə bağlı araşdırmanın aparılmasının zəruriliyi istisna olunur. Belə ki, hər bir halda həmin torpaq sahəsinə iddiaçıların hər hansı qanuni əmlak hüquqlarının mövcud olmadığı müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar