Məhkəmə qərarları › İş №2-1(112)-4418/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4418/2024

10.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4418/2024 10.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X3 və Hüseynova Günel Mahmud qızı cəlb edilməklə) “qeydiyyatın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-4964/2021 saylı qətnaməsi ilə İddiaçı ilə Hüseynova Günel Mahmud qızı arasında bağlanmış və 53 saylı Notariat ofisində təsdiq edilmiş - Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsinin 1/2 hissəsinə, Bakı şəhəri, Səbai rayonu, 10-cu Kiçik Qala küçəsi, 11 saylı evin 1/4 hissəsinə , Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, İstiqlal küçəsində olan 10 saylı yaşayış evinin 1/2 hissəsinə, Bakı şəhəri Xəzər rayonun Qala qəsəbəsi sahə 126D ünvanında ümumi sahəsi 0,12 ha torpaq sahəsinin 1/2 hissəsinə Hüseynova Günel Mahmud qızı arasında bağlanmış müqavilələr etibarsız hesab edilməsi ilə əlaqədar həmin əmlaklara dair Hüseynova Günel Mahmud qızının adına verilmiş çıxarışların ləğv edilməsi və göstərilən daşınmaz əmlaklara vərəsəlik hüququnun təmin edilməsi, həmin əmlakların 1/2 hissəinə mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarış verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkilinin ərizəsi nəzərə alınaraq məhkəmənin müvafiq qərardadı ilə iddia tələbi “Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)-4964/2021 saylı Qətnaməsi ilə İddiaçı ilə Hüseynova Günel Mahmud qızı arasında bağlanmış və 53 saylı Notariat Ofisində təsdiq edilmiş daşınmaz əmlakın bağışlanması müqavilələri əsasında - Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsinin 1/2 hissəsinə, Bakı şəhəri, Səbai rayonu, 10-cu Kiçik Qala küçəsi, 11 saylı evin 1/4 hissəsinə, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, İstiqlal küçəsində olan 10 saylı yaşayış evinin 1/2 hissəsinə dair Hüseynova Günel Mahmud qızının adına verilmiş xüsusi mülkiyyətə dair qeydlərin (Çıxarışların) ləğv edilməsi barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 2164/2020 saylı xx.xx.2020-ci il tarixli Qətnaməsi ilə iddiaçının cavabdeh Hüseynova Günel Mahmud qızına qarşı “vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, nəticələrin ləğv edilməsi” tələbi üzrə Bakı şəhəri 12 saylı notariat kontorundan 12/2018 saylı vərəsəlik işi üzrə xx.xx.2018-ci il tarixdə verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin və xx.xx.2018-ci il tarixdə verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında" şəhadətnamənin etibarsız hesab edilməsi, Hüseynova Günel Mahmud qızının Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində 0,03 ha torpaq sahəsinə, Bakı şəhəri, Səbai rayonu, 10-cu Kiçik Qala küçəsi, 11 saylı evə, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, İstiqlal küçəsində olan 10 saylı yaşayış evinə, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, sahə 126D ünvanında ümumi sahəsi 0,12 ha torpaq sahəsinə, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yaşayış evi üzrə mülkiyyət hüququna dair qeydin ləğv edilməsi barədə iddia tələbi təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)-4964/2021 saylı Qətnaməsi ilə İddiaçı ilə Hüseynova Günel Mahmud qızı arasında bağlanmış və 53 saylı Notariat ofisində təsdiq edilmiş, Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsinin 1/2 hissəsinə dair xx.xx.2018-ci il tarixli bağışlanma müqaviləsinin, Bakı şəhəri, Səbail rayonu, 10-cu Kiçik Qala küçəsi , 11 saylı evin 1/2 hissəsinə dair 04 may 2018-ci il tarixli bağışlanma müqaviləsinin, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, İstiqlal küçəsində olan 10 saylı yaşayış evinin 1/2 hissəsinə dair 04 may 2018-ci il tarixli bağışlama müqaviləsinin, Bakı şəhəri Xəzər rayonun Qala qəsəbəsi sahə 126D ünvanında ümumi sahəsi 0,12 ha torpaq sahəsinin 1/2 hissəsinə dair 22 iyun 2018-ci il tarixli bağışlanma müqaviləsinin ləğv edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-25/2022 saylı xx.xx.2022-ci il tarixli X13 Mahmud qızının kassasiya şikayəti təmin edilməmiş və iş üzrə Bakı Apellyasiya Məhkəməsini Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-4964/2021 saylı Qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sonradan iddiaçı ərizə ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək göstərilən əmlaklara mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmişdir. Lakin Reyestr Xidməti xx.xx.2023-cü il tarixli məktubunda bildirmişdir ki, həm Bakı Apellyasiya Məhkəməsinin (2(103)-4964/2021 saylı xx.xx.2021-ci il) qətnaməsində, həm də Azərbaycan Respublikası Ali Məhkəmsinin (xx.xx.2022-ci il 2( 102)-25/2022 saylı qərarında 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə hər hansı bir öhdəlik qoyulmadığı bildirilmişdir. İddiaçı hesab edir ki, cavabdehin ona vermiş olduğu cavabı əsasızdır və məhkəmə qərarı ilə daşınmaz əmlaka iddiaçının mülkiyyət hüququnun qeydə alınmasından imtinası AR MM-139-1.1.4-cü maddəsinin tələblərinə ziddir. Eyni zamanda qeyd edilmişdir ki, Bakı İnzibati Məhkəməsinin Qərarı ilə iddia tələbi təmin edilmiş və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsinin 1/2 hissəsinə dair - Bakı şəhəri, Səbail rayonu, 10-cu Kiçik Qala küçəsi, 11 saylı evin 1/4 hissəsinə dair Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, İstiqlal küçəsində olan 10 saylı yaşayış evinin 1/2 hissəsinə dair - Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, sahə 126D ünvanında ümumi sahəsi 0,12 ha torpaq sahəsinin 1/2 hissəsinə dair daşınmaz əmlaka mülkiyyət hüququnun qeydə alınması vəzifəsinin Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Lakin hazırda cavabdeh mübahisəli daşınmaz əmlakların guya başqa bir şəxsin - Hüseynova Günel Mahmud qızının adına olması və bu vaxta kimi daşınmaz əmlaklara dair qeydlərin və Çıxarışların ləğv edilmədiyi üçün mübahisə predmetinə çevrilmiş əmlaklara onun 1/2 paya mülkiyyət hüququnun təmin edilməsi üçün qeydə alınmaması və çıxarışın verilməməsi qanunsuzdur. Ona görə də, iddiaçı məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə və üçüncü şəxslərə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaya etiraz edilərək bildirilmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)- 4964/2021 saylı icra vərəqəsinə əsasən İddiaçı ilə Hüseynova Günel Mahmud qızının arasında bağlanmış, Bakı şəhəri 53 saylı Notariat Kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş aşağıda göstərilən müqavilələr etibarsız hesab olunmuşdur: 1) Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsinin 1/2 hissəsinə dair xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsi; 2) Bakı şəhəri, Səbail rayonu, 10-cu Kiçik Qala küçəsində yerləşən 11 nömrəli evin 1/4 hissəsinə dair xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsi; 3) Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi,İstiqlal küçəsində yerləşən 10 nömrəli evin 1/2 hissəsinə dair xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsi; 4) Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi sahə 126 D ünvanında yerləşən 0.12 ha torpaq sahəsinin 1/2 hissəsinə dair xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsi. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-4964/2021 saylı icra vərəqəsi ilə 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə öhdəlik qoyulmamışdır. Məlumat üçün bildirilir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0.03 ha ünvanında yerləşən torpaq sahəsi Hüseynova Günel Mahmud qızının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı şəhəri, Səbail rayonu, 10-cu Kiçik Qala küçəsində yerləşən 11 nömrəli fərdi yaşayış evi X1 (1/2 hissə) və Hüseynova Günel Mahmud qızının (1/2 hissə) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və hal-hazırda paylı mülkiyyətlərindədir. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, İstiqlal küçəsində yerləşən 10 nömrəli fərdi yaşayış evi Hüseynova Günel Mahmud qızı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, sahə 126D ünvanında ümumi sahəsi 0.12 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi ilə birlikdə vahid əmlak olaraq **********84-10301 reyestr nömrəsi əsasında X7 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Hal-hazırda "xxxx" ASC-nın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Həmçinin İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı imtinanın qanunsuz hesab edilməsi və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0.03 ha torpaq sahəsinin 1/2 hissəsinə; Bakı şəhəri, Səbail rayonu, 10-cu Kiçik Qala küçəsində yerləşən 11 nömrəli evin 1/4 hissəsinə və Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, İstiqlal küçəsində yerləşən 10 nömrəli evin 1/2 hissəsinə dair iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-9478/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-9478/2023 nömrəli qərarından İdarə tərəfindən apellyasiya şikayəti verilmiş, lakin yekun məhkəmə aktı İdarəyə daxil olmamışdır. Yuxarıda qeyd olunanlara əsasən, vərəsəlik hüququnun təmin edilməsi tələbinə münasibətdə iddianın mümkünsüz sayılmasını, digər hissədə isə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə X11, xx.xx.2024-cü il tarixli qərardadı ilə X3 və Hüseynova Günel Mahmud qızı üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, sahə 126D ünvanında ümumi sahəsi 0,12 ha torpaq sahəsinin 1/2 hissəsinə Hüseynova Günel Mahmud qızı ilə X12 arasında bağlanmış müqavilələrin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsi hissəsində iddia tələbindən imtina etdiyini bildirmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının qeyd olunan hissədə tələbdən imtinası qəbul edilərək iş üzrə icraata həmin hissədə xitam verilmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə həmçinin, X7 hazırkı iş üzrə üçüncü şəxs qismində prosessual iştirakına xitam verilmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi və iş üzrə üçüncü şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə qeyd olunan şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili dəqiqləşdirilmiş iddia tələbinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndə-vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 4964/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsi ilə 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə hən hansı öhdəlik qoyulmadığı bildirilərək, müraciətin təmin edilməsindən imtina edilmişdir. -02 may 2018-ci il tarixli, 2 V-46 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2017-ci il tarixdə ölmüş X2 vərəsələri övladları İddiaçı və X10 miras əmlakdan bərabər pay almalıdırlar. Şəhadətnamə verilən miras əmlak: ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə X4 verilmiş ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Sahə 126D ünvanında yerləşən ümumi sahəsi 0.12 ha torpaq sahəsindən ibarət olmuşdur. -27 mart 2018-ci il tarixli, 2V-25 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Şəhadətnaməyə əsasən xx.xx.2017-ci il tarixdə ölmüş X2 vərəsələri övladları İddiaçı, Hüseynova Günel Mahmud qızı miras əmlakdan bərabər hissədə pay almalıdırlar. Şəhadətnamə verilən miras əmlak: ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə X4 verilmiş ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin mərhuma məxsus 1/2 hissəsindən; ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə X4 verilmiş ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsindən; ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2015-ci il tarixdə X5 verilmiş ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0.03 ha sahəsindən və ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2003-cü il tarixdə X4 verilmiş 30/8438 saylı qeydiyyat vəsiqəsinə əsasən ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 69, kv.m olan fərdi yaşayış evindən ibarət olmuşdur. -Bakı şəhəri 53 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş aşağıda göstərilən müqavilələrin təsdiq edilmiş surətindən görünür ki, iddiaçı vərəsəlik hüququ əsasında ona keçmiş əmlakları bacısı Hüseynova Günel Mahmud qızına bağışlamışdır: 1. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsinin 1/2 hissəsinə dair xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsi; 2. Bakı şəhəri, Səbail rayonu, 10-cu Kiçik Qala küçəsində yerləşən 11-li evin 1/4 hissəsinə dair xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsi; 3. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, İstiqlal küçəsində yerləşən 10 №-li evin 1/2 hissəsinə dair xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsi; 4. Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Sahə 126 D ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin 1/2 hissəsinə dair xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsi. -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsi Hüseynova Günel Mahmud qızının mülkiyyətindədir. -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, İstiqlal küçəsində yerləşən 10 №-li fərdi yaşayış evi Hüseynova Günel Mahmud qızının mülkiyyətindədir. -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, 10cu Kiçik Qala küçəsində yerləşən 11-li fərdi yaşayış evi ½ hissədə Hüseynova Günel Mahmud qızının, digər ½ hissədə isə X1 paylı mülkiyyətindədir. -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Sahə 126 D ünvanında yerləşən 0,12 ha torpaq sahəsi ½ hissədə Hüseynova Günel Mahmud qızının, digər ½ hissədə isə İddiaçı paylı mülkiyyətindədir. -Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4964/2021 saylı xx.xx.2021ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Hüseynova Günel Mahmud qızı arasında bağlanmış, Bakı şəhəri 53 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş aşağıda göstərilən müqavilələrin etibarsız hesab olunması qərara alınmışdır: 1. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsinin 1/2 hissəsinə dair xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsi; 2. Bakı şəhəri, Səbail rayonu, 10-cu Kiçik Qala küçəsində yerləşən 11-li evin 1/4 hissəsinə dair xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsi; 3. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, İstiqlal küçəsində yerləşən 10 №-li evin 1/2 hissəsinə dair xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsi; 4. Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Sahə 126 D ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin 1/2 hissəsinə dair xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsi. -Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-25/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, cavabdeh Hüseynova Günel Mahmud qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4964/2021 nömrəli iş üzrə 18 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. -ünvan 10 ünvanlanmış xx.xx.2023-cü il tarixli, 1269 nömrəli məktubda bildirilmişdir ki, Bakı şəhəri, 53 saylı Notariat ofisində xx.xx.2018-ci il tarixdə 4-Ə-473 reyestr nömrəsi ilə, xx.xx.2018-ci il tarixdə 4Ə-474 reyesytr nömrəsi ilə, xx.xx.2018-ci il tarixdə 4Ə-475 reyestr nömrəsi ilə və xx.xx.2018-ci il tarixdə 4Ə-735 reyestr nömrəsi ilə təsdiq edilmiş daşınmaz əmlakın bağışlanması müqavilələri Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-25/2022 nömrəli Qərarına əsasən ləğv edilmişdir. Göstərilənlərlə əlaqədar Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemində və notariat hərəkətlərinin 4Ə reyestr kitabında qeydlər aparılmışdır. Xahiş edirik qeyd olunanları nəzərə alıb müvafiq qeydlər aparasınız. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, hazırkı iddia üzrə iddiaçının hüquqi marağı Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsinin 1/2 hissəsinə, Bakı şəhəri, Səbai rayonu, 10-cu Kiçik Qala küçəsi , 11 saylı evin 1/4 hissəsinə, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, İstiqlal küçəsində olan 10 saylı yaşayış evinin 1/2 hissəsinə dair Hüseynova Günel Mahmud qızının adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış mülkiyyət hüququna dair qeydiyyatın ləğv edilməsindən ibarətdir. Məhkəmə aşağıda göstərilən qanunvericilik normalarının tələblərinə əsasən iddia tələbinin qanuni olduğu nəticəsinə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. -2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. -2.3-cü maddəsinə əsasən, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. -2.4-cü maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. İPM-in 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə qeyd olunan hüquq normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, mübahisələndirilən daşınmaz əmlakların Hüseynova Günel Mahmud qızının adına qeydiyyata alınması üçün əsas olmuş xx.xx.2018-ci il tarixli və xx.xx.2018-ci il tarixli bağışlama müqavilələri qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə etibarsız hesab olunduğundan həmin müqavilə əsasında dövlət reyestrində müvafiq şəxsin adına aparılmış qeydiyyat da əsassız sayılmalıdır. Bu baxımdan, cavabdehin imtinası iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməli və iddia təmin edilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı ilə Hüseynova Günel Mahmud qızı arasında xx.xx.2018-ci il tarixdə bağlanmış, Bakı şəhəri 53 saylı Notariat ofisində təsdiq edilmiş daşınmaz əmlakın bağışlanması müqavilələri əsasında Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsinin 1/2 hissəsinə, Bakı şəhəri, Səbail rayonu, 10-cu Kiçik Qala küçəsi, 11 saylı evin 1/4 hissəsinə, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, İstiqlal küçəsində olan 10 saylı yaşayış evinin 1/2 hissəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində Hüseynova Günel Mahmud qızının adına aparılmış mülkiyyət hüququna dair qeydiyyatın ləğv edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar