Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-442/2024 13.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İ İşin halları İddiaçı (bundan sonra – İddiaçı) xx.xx.2022-ci il tarixdə ərizə ilə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – Cavabdeh) müraciət edərək, təyin edilmiş pensiyanın azaldığı tarixdən əvvəlki vəziyyətinə bərpa edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********3 nömrəli məktubla iddiaçıya bildirmişdir ki, iddiaçının pensiya işinə aid sənədlərdə ona Fondun Binəqədi rayon şöbəsi tərəfindən 12 mart 2013-cü il tarixindən sabiq dövlət qulluqçusu kimi İİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edildiyi qeyd olunub. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, 12 mart 2013-cü il tarixində İddiaçı vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 560,00 manat, qulluq stajına görə vəzifə maaşının 10 faizi miqdarında əlavəsi 56 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 faizi miqdarında əlavəsi 84 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 186,67 manat olmaqla orta aylıq əmək haqqısı 886,67 manat təşkil edib. Bununla əlaqədar İddiaçı əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.2-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 7 il 11 ay 28 gün qulluq stajına uyğun olaraq (xx.xx.1984-xx.xx.1992-ci il tarixləri arasındakı dövr) orta aylıq əmək haqqısının (886,67 manat) 49 faizi-434,47 manat məbləğində hesablanmalı olduğu halda, 798,93 manat məbləğində müəyyən edilməklə xx.xx.2013-xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına köçürülüb. Buna görə də, həmin dövr üzrə adıçəkilən şəxsə 3150,81 manat artıq pul vəsaiti ödənilib. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 dekabr 2013-cü il tarixindən İddiaçı vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 770,00 manat, qulluq stajına görə vəzifə maaşının 10 faizi miqdarında əlavəsi 77,00 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 faizi miqdarında əlavəsi 115,50 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 256,67 manat olmaqla orta aylıq əmək haqqısı 1219,17 manat təşkil edib. Bununla əlaqədar İddiaçı əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2- ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 7 il 11 ay 28 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqısının (1219,17 manat) 49 faizi-597,39 manat məbləğində hesablanmalı olduğu halda, 1178,52 manat məbləğində müəyyən edilməklə xx.xx.2013-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına köçürülüb. Buna görə də, həmin dövr üzrə adıçəkilən şəxsə 29.637,63 manat artıq pul vəsaiti ödənilib. "Əmək pensiyaları haqqında” Qanunun 26.3-cü maddəsinə əsasən 2017ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017- ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.2.3-cü bəndinə əsasən əmək pensiyası orta aylıq əmək haqqının sonrakı artımları zamanı, həmin bənddə nəzərdə tutulmuş şəxslərin qulluq dövrü 5 il və daha çox, lakin 15 ildən az olduqda (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), onların pensiyalarına qulluq stajına görə əlavə, Qanunun 20- ci maddəsinə uyğun olaraq bu əlavəni almaq hüququ verən minimum qulluq stajına (15 il) əsasən götürülür. Bu zaman minimum qulluq stajına görə müəyyən edilmiş orta aylıq əmək haqqının 50 faizinin 15 ilə nisbətinin faktiki qulluq dövrünün aylarının sayına hasili nəticəsində müəyyən edilən faiz dərəcəsi orta aylıq əmək haqqının artım məbləğinə vurulur və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar İddiaçı 7 il 11 ay 28 gün qulluq stajına görə əmək pensiyasının hesablanması üçün vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqısının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 26,39 faiz təşkil edir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-ci il tarixindən İddiaçı vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 845,00 manat, qulluq stajına görə vəzifə maaşının 10 faizi miqdarında əlavəsi 84,50 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 faizi miqdarında əlavəsi 126,75 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 281,67 manat olmaqla orta aylıq əmək haqqısı 1337,92 manat təşkil edib. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək İddiaçı vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqısı (1219,17 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqısı (1337,92 manat) arasındakı fərq məbləğinin (118,75 manat) 26,39 faizi-31,34 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyasının (597,39 manat) üzərinə əlavə olunmaqla 628,73 manat məbləğində hesablanmalı olduğu halda, 1257,43 manat məbləğində müəyyən edilməklə xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına köçürülüb. Buna görə də həmin dövr üzrə adıçəkilən şəxsə 11.316,60 manat artıq pul vəsaiti ödənilib. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən İddiaçı vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 1270,00 manat, qulluq stajına görə vəzifə maaşının 10 faizi miqdarında əlavəsi 127,00 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 faizi miqdarında əlavəsi 190,50 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 423,33 manat olmaqla orta aylıq əmək haqqısı 2010,83 manat təşkil edib. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək İddiaçı vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqısı (1337,92 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqısı (2010,83 manat) arasındakı fərq məbləğinin (672,92 manat) 26,39 faizi-177,58 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyasının (628,73 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 806,31 manat məbləğində hesablanmalı olduğu halda, 1645,60 manat məbləğində müəyyən edilməklə xx.xx.2019-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına köçürülüb. Buna görə də, həmin dövr üzrə adıçəkilən şəxsə 16.785,80 manat artıq pul vəsaiti ödənilib. Əlillik müddətinin bitməsi ilə əlaqədar İddiaçı pensiya ödənişi 1 may 2021-ci il tarixindən dayandırılıb. Qeyd olunanlara əsasən İddiaçı xx.xx.2013-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 60890,84 manat artıq pul vəsaiti ödənilib. Eyni zamanda, İddiaçı təkrar müayinədən keçməsi ilə əlaqədar 10 mart 2022-ci il tarixindən İİİ dərəcəli əlilliyi müəyyən edildiyindən əmək pensiyası cari ilin iyun ayında avtomatik bərpa olunaraq ona 2022-ci ilin iyun və iyul ayları ərzində (aprel və may ayları üzrə ödənilməli olan pensiya məbləğləri daxil olmaqla) ümumilikdə 3225,24 manat pul vəsaiti ödənilməli olduğu halda, 6582,40 manat ödənilib. Nəticədə adıçəkilən şəxsə həmin dövr üzrə ümumilikdə 3357,16 manat artıq pul vəsaiti ödənilib. Həmçinin İddiaçı cari ilin mart ayı (22 gün üçün) üzrə ödənilməli olan 572,22 manat pensiya məbləği hesablanıb. Həmin 572,22 manat pul vəsaiti ona artıq ödənilmiş 64.248,00 (60.890,84+3357,16) manat pul vəsaitindən çıxılaraq büdcəyə bərpa edilib. Qalan 63.675,78 manat artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması məqsədilə İddiaçı əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığını qısa müddətdə Mərkəzi Filiala təqdim etməsi xahiş olunmuşdur. Əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəkdir. 10 mart 2022-ci il tarixindən hesablanmaqla İddiaçı “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli 3173 nömrəli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi miqdarında maddi yardım ödənilir. Cavabdehin bu məktubu ilə razılaşmayan iddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təyin edilmiş pensiyanın azaldılmasında ifadə olunan hərəkətlərin əsassız hesab edilməklə, pensiyanın əvvəlki vəziyyətinə bərpa edilməklə ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehin xx.xx.2022-ci il tarixli **********8 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İİ Tərəflərin əsaslandırması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, xx.xx.1955-ci ildə doğulmuşdur. Uzun müddət müxtəlif işlərdə işləmiş və DSMF-nin Binəqədi rayon Şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixdən sabiq dövlət qulluqçusu kimi 2-ci dərəcəli əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. Həmin dövrdə şəxsin əmək pensiyası məbləği 798,93 manat təşkil etmişdir. Sonradan dövlət qulluqçularının əmək haqqlarındakı artımlar nəzərə alınmaqla 1.645,60 manat olmuşdur. Daha sonra şəxsə təyin olunmuş əlillik müddəti bitdiyindən ona verilən pensiya ödənişi xx.xx.2021-ci il tarixdən dayandırılmışdır. İddiaçının təkrar müayinədən keçməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixdən 3-cü dərəcə əlilliyin müəyyən edildiyindən onun əmək pensiyası 2022-ci ilin iyun ayında avtomatik olaraq bərpa olunmuş və 2022-ci ilin aprel, may və iyul ayları üzrə ödənilməli olan pensiya məbləği ödənilmişdir. Lakin cavabdeh inzibati orqan tərəfindən aparılmış araşdırılmalar nəticəsində iddiaçıya əmək pensiyası təyin olunan zaman onun pensiya məbləğinin düzgün şəkildə hesablanmadığı səbəbindən pensiya azaldılmışdır. Pensiyasının azaldılmasında ifadə olunan bu hərəkətlər qanunsuzdur və pensiyanın əvvəlki vəziyyətinə bərpa edilərək ödənilməsi zərurət təşkil edir. İddiaçının nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə xx.xx.2024-cü il tarixdə ərizə təqdim edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli iddiaya etirazda iddiaçıya ünvanlanmış imtina məktubunda qeyd olunanları təkrarlayaraq iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazı müdafiə edərək, iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə ərizə təqdim edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİİ Məhkəmənin mövqeyi Məhkəmə tərəfi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan iddiaçıya məxsus ******* nömrəli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1977-ci il tarixdə Azərbaycan SSR MN-nin xx.xx.1977-ci il tarixli 385 nömrəli vəsiqəsinə sərəncama göndərilmiş, ali təhsilli müəllim Sərçuvar kənd orta məktəbinə ixtisası üzrə müəllim təyin edilmiş, xx.xx.1984-cü il tarixdə ərizəsinə əsasən başqa işə keçməsi ilə əlaqədar xx.xx.1984-cü il tarixdən rayon müəllimliyindən azad edilmişdir. İddiaçı xx.xx.1984-cü il tarixdə Azərbaycan SSR “Azərtəchizkom”da aparatın nəqliyyat şöbəsinə mühəndis vəzifəsinə təyin edilmiş, xx.xx.1986-cı il tarixdə aparatın Texniki İdarəetmə şöbəsinə rəhbər vəzifəsinə keçirilmiş, xx.xx.1992-ci il tarixdə vəzifədən azad edilmişdir. xx.xx.1992-ci ildə X3 sərnişin şöbəsinə inspektor təyin edilmiş, xx.xx.1993-cü il tarixdə X1 postuna böyük inspektor vəzifəsinə köçürülmüş, xx.xx.1993-cü il tarixdə Biləsuvar Gömrükxanasına köçməsi ilə əlaqədar tutduğu vəzifədən azad edilmişdir. xx.xx.1993-cü il tarixdə Biləsuvar Gömrükxanasının sərnişin şöbəsinin baş inspektoru vəzifəsinə keçirilmiş, xx.xx.1993-cü il tarixdə Biləsuvar Gömrükxanasının sərnişin şöbəsinin baş inspektoru vəzifəsindən azad edilərək Astara Gömrükxanasının sərnişin şöbəsinin baş inspektoru vəzifəsinə təyin edilmiş, xx.xx.2002-ci il tarixdə Azərbaycan Respublikası Gömrük orqanlarında xidmət haqqında Əsanamənin 120-ci maddəsinə əsasən (4-cü bənd) tutduğu vəzifədən azad edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2022-ci il tarixli, 1000- 180/1xx-xx/011705 nömrəli məktubdan görünür ki, İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.2002-ci il tarixədək gömrük orqanlarında xüsusi rütbəli vəzifələrdə xidmət etmişdir. İşdə olan 31 nömrəli Tibbi Sosial Ekspert Komissiyası tıərəfindən verilmiş 021117 nömrəli TSEK-də müayinə aktından çıxarışdan görünür ki, İddiaçı xx.xx.2013-cü ildə müayinə olunmuş ona ümumi xəstəlik səbəbindən 1 il müddətinə ikinci qrup əlillik təyin edilmiş, növbəti müayinə tarixi xx.xx.2014-cü il müəyyən edilmişdir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının xx.xx.2013-cü il tarixli, 664 nömrəli qərarından görünür ki, İddiaçı xx.xx.2013-cü il tarixdən xx.xx.2014-cü il tarixə kimi dövlət qulluqçusu kimi İİİ qrup əlilliyə görə 582,40 manat məbləğində pensiya təyin edilmişdir. Cavabdehin “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2022-ci il tarixli, **********8 nömrəli qərarından görünür ki, İddiaçı Əlyar oğluna xx.xx.2013-cü il tarixdə təyin edilmiş 1645,60 manat məbləğində əmək pensiyası yenidən hesablanaraq pensiya faizi 26,39 faiz müəyyən edilməklə 806,31 manata azaldılmışdır. İddiaçı hazırda cavabdehin bu qərarını mübahisələndirir. Məhkəmə hesab edir ki, iddiaçının bu tələbi əsaslıdır, çünki cavabdeh həm pensiya qanunvericiliyi üzrə maddi, həm də inzibati icraat çərçivəsində prosessual normaların tələblərini pozmuşdur. Belə ki, həmin qərarda iddiaçıya təyin edilmiş pensiya məbləğinin hansı əsasla azaldılması göstərilməmiş, yəni qərar əsaslandırılmamışdır. Məsələ ilə bağlı məhkəmə tərəfindən cavabdehə dəfələrlə sorğu göndərilmiş, lakin cavabdeh hər dəfə eyni hallara istinad edərək, hansı əsasla iddiaçıya təyin edilmiş pensiya məbləğinin azaldılması barədə məlumatı məhkəməyə təqdim etməmişdir. Yalnız məhkəmə iclasında cavabdehin nümayəndəsinin verdiyi izahatdan müəyyən olunmuşdur ki, iddiaçıya ilk dəfə 2013-cü ildə dövlət qulluqçusu kimi əlilliyə görə əmək pensiyası təyin edilərkən onun həm Azərbaycan Respublikasının Dövlət Maddi-Texniki Təchizat Komitəsində, həm də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində işlədiyi müddət dövlət qulluğu stajı kimi qəbul edilsə də, sonradan aparılmış araşdırma nəticəsində iddiaçının yalnız Azərbaycan Respublikasının Dövlət Maddi-Texniki Təchizat Komitəsində işlədiyi 7 il 11 ay 28 gün xidmət müddətinin dövlət qulluğu stajına daxil edilməli olduğu müəyyən edilmiş və iddiaçıya təyin edilmiş əmək pensiyası həmin staj nəzərə alınmaqla yenidən hesablanmışdır. Belə olan halda müəyyən edilir ki, cavabdehin iddiaçıya təyin edilmiş əmək pensiyasını yenidən hesablamaqla azaltmasının səbəbi, iddiaçının xx.xx.1992-xx.xx.2002ci illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində işlədiyi 10 il 1 ay 12 gün iş dövrünün dövlət qulluğunun xüsusi növü olması səbəbi ilə onun dövlət qulluğu stajına daxil etməməsi olmuşdur. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, cavabdehin gəldiyi bu nəticə əsasızdır. Belə ki, Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli, 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 1-ci hissəsinə əsasən gömrük orqanlarında xidmət - Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan gömrük orqanlarının vəzifə, funksiya və hüquqlarını öz peşəkar fəaliyyətləri ilə həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra “vətəndaşlar” adlanacaq) dövlət qulluğunun xüsusi növüdür. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 31 may tarixli 340-VİQD nömrəli Qanununu ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilmiş və Qanuna aşağıdakı məzmunda 22.7-1-ci və 22.7-2-ci maddələr əlavə edilmişdir: “22.7-1. Dövlət qulluqçusunun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir. 22.7-2. Qulluğun (xidmətin) xüsusiyyətləri nəzərə alınaraq, dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir.” Göründüyü qanunvericiliyə xx.xx.2021-ci il tarixdə edilmiş dəyişiklikdən sonra dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin şəxsin dövlət qulluğu stajına daxil edilməsi nəzərdə tutulmuşdur. İşdən görünür ki, cavabdeh iddiaçının dövlət qulluğunun xüsusi növündə işlədiyi müddəti çıxmaqla yalnız dövlət qulluğu stajına əsasən ona təyin edilmiş əmək pensiyasını yenidən hesablayarkən yuxarıda göstərilən norma qüvvədə olmuş, buna baxmayaraq cavabdeh həmin müddəti qulluq stajı kimi nəzərə almamışdır. Halbuki işdə olan Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin xx.xx.2024cü il tarixli, 9-3/2-288/2024 nömrəli məktubundan da görünür ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən xüsusi (hərbi, diplomatik) rütbə nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanlarında dövlət qulluğunda çalışan şəxslərin dövlət qulluğu keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin bu Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir və bu orqanlarda qulluq dövlət qulluğunun xüsusi növüdür. Adıçəkilən Qanunun 22.7-1-ci maddəsinə əsasən dövlət qulluqçusunun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir. Azərbaycan Respublikasının 7 dekabr 1999-cu il tarixli 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 1-ci maddəsinə əsasən gömrük orqanlarında xidmət Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan gömrük orqanlarının vəzifə, funksiya və hüquqlarını öz peşəkar fəaliyyətləri ilə həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. Qeyd edilənlərə əsasən 1992-2002-cı illərdə gömrük orqanlarında müxtəlif vəzifələrdə iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınır. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən İddiaçı 1992-2002-ci illərdə Dövlət Gömrük Komitəsində işlədiyi müddətin 2022-ci ildə onun dövlət qulluğu stajına aid olmaması barədə nəticəyə gələrək təyin edilmiş pensiya məbləğinin azaldılması qanunsuz olmuşdur. Bundan başqa, cavabdeh həm də inzibati icraat üzrə prosessual normaların tələblərini pozmuşdur. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - maddə 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. - maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. - maddə 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; - maddə 51.1. İnzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. - maddə 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. - maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. - maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. - maddə 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. - maddə 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. - maddə 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. İşin istinad olunan hallarından görünür ki, cavabdeh iddiaçıya ilk dəfə pensiya təyin edilərkən onun dövlət qulluğu stajının düzgün müəyyən edilməməsi qənaətinə gəlsə də, həmin aktın qəbul edildiyi tarixdən 1 ildən artıq vaxt keçdiyini nəzərə almamış, iddiaçıya təyin edilmiş pensiya məbləğinin azaldılması barədə qərar qəbul edərkən onu inzibati icraata cəlb etməmiş, dinlənilmək hüququnu təmin etməmişdir. Beləliklə, göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh xx.xx.2022-ci il tarixli qərarı qəbul edərkən qanunvericiliyin tələblərinə uyğun hərəkət etməmişdir, bu səbəbdən iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2022-ci il tarixli **********8 nömrəli qərarı ləğv edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-442/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-442/2024
13.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver