Məhkəmə qərarları › İş №2-1(112)-442/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-442/2025

02.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-442/2025 02.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Vəkil Şahin qızının, Cavabdehin nümayəndəsi X6, Üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər X3, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “X5 və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsi) qarşı “torpaq sahəsinə icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) xx.xx.2023-cü il tarixli ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – Cavabdeh) müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağ massivində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli, **********63 nömrəli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi bələdiyyə mülkiyyətində olmamaqla Pirşağı bağ massivinin ərazisində, bir hissəsi isə yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Həmçinin göstərilən sahəyə digər şəxsin müraciəti olmuşdur. Bundan başqa, yerləşmə cizgisində istinadlar və məsafələr qeyd edilməmiş, eləcə də cizgi ilə faktiki vəziyyət arasında perimetrik ölçü və konfiqurasiya fərqi mövcuddur. Sabunçu Rayon Pirşağı Bələdiyyəsinin qərarı təqdim edilməmişdir. Eyni zamanda icarə müqaviləsinin qüvvədə olma müddəti xx.xx.2015-ci il tarixində bitmişdir. İdarənin mütəxəssisləri tərəfindən müvafiq daşınmaz əmlaka texniki baxış keçirilən zaman torpaq sahəsinin qonşu sahə ilə ümumi hasar daxilində yerləşdiyi müəyyən edilmişdir. Cavabdehin imtinasını qanunsuz hesab edən iddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağ massivində yərləşən 1225 kv.m torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrden çıxarışın və torpaq sahəsinin planı va ölçüsünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X3, xx.xx.2024-cü il tarixli qərardadı ilə isə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “X5 və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsi üçüncü şəxs qismində hazərkı inzibati məhkəmə icraatına cəlb edilmişdir. İİ. Tərəflərin əsaslandırması: İddia tələbi bununla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağ massivində yərləşən 1225 kv.m torpaq sahəsi Bakı şəhəri Sabunçu rayonu Pirşağı Bələdiyyəsinin 831 nömrəli, xx.xx.2005-ci il tarixli icarə müqaviləsinə əsasən bağçılıq məqsədi ilə iddiaçıya icarəyə verilmişdir. Həmin torpaq sahəsinin cizgi planı Bakı şəhəri Sabunçu rayon Pirşağı Bələdiyyəsi tərəfindən təsdiq edilmişdir. Həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması və müvafiq qaydada rəsmiləşdirilməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixdə tələb olunan sənədlərlə birlikdə cavabdeh təşkilata müraciət etmiş, müraciəti qəbul olunaraq qeydiyyata alınmış və xx.xx.2023-cü il tarixli, 3- 21-3-30/2-33263/2023, **********63 saylı məktubla müraciətinin icrasından imtina edilmişdir. İcarəyə götürdüyü torpaq sahəsi heç bir tərəfdən yüksək gərgirlikli elektrik xəttinin mühafizə zonasında yerləşmir. Həmçinin göstərilən sahəyə digər şəxsin müraciətinin olması iddiaçının müraciətinə imtina cavabının verilməsi üçün əsas ola bilməz. Belə bir müraciət ümumiyyətlə mövcud deyildir. Bundan başqa, yerləşmə cizgisində istinadların və məsafələrin qeyd edilməməsi iddiaçının iradəsindən asılı olmayan səbəbdir və söhbətin hansı istinadlar və məsafələrdən getməsi da aydın deyildir. Yəni inzibati orqan bu cavabı verərkən hər hansı bir sübuta istinad etməmişdir. Bunlardan əlavə, imtina da qeyd olunmuşdur ki, Sabunçu Rayon Pirşağı Bələdiyyəsinin qərarı idarəyə təqdim edilməmiş, eyni zamanda icarə müqaviləsinin qüvvədə olma müddəti xx.xx.2015-ci il tarixdə bitmişdir. Mübahisə olunan torpaq sahəsi iddiaçıya qərarla deyil, icarə müqaviləsi əsasında icarəyə verilmişdir. Həmin müqaviləni də İdarəyə rəsmi qaydada təqdim etmişdir. Bağlanmış icarə müqaviləsinin müddətinə gəldikdə isə, müqavilənin 3.2-ci bəndinə əsasən istifadəçi öhdəliklərini göstərilən müddətdə yerinə yetirdikdə, müqavilənin müddəti yenidən artırılır. İddiaçı tərəfindən öhdəliklər yerinə yetirildiyindən hazırki müqavilənin müddəti artırılmış hesab edilməlidir. Eyni zamanda həmin torpaq sahəsi qonşu sahəsi ilə ümumi hasar daxilində yerləşmir. Cavabdeh imtinada qeyd etdiyi xüsusatlara dair və ya onları təsdiq edə biləcək heç bir sənəd (yazılı sübut) imtinaya əlavə etməmişdir. Cavabdeh “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında bildirmişdir ki, Sabunçu Rayon Pirşağı Bələdiyyəsinin qərarı təqdim edilməmişdir. Eyni zamanda iddiaçı tərəfindən təqdim edilən icarə müqaviləsinin qüvvədə olma müddəti xx.xx.2015-ci il tarixində bitmişdir. Həmçinin vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsinin bələdiyyə ərazisi olması barədə məlumat aşkar olunmamışdır. Əlavə olaraq, göstərilən sahə Pirşağı bağ massivinin ərazisidir, çox hissəsi uşaq bağçasının ərazisində və bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Bundan başqa, yerləşmə cizgisində istinadlar və məsafələr qeyd edilməmiş, eləcə də cizgi ilə faktiki vəziyyət arasında perimetrik ölçü və konfiqurasiya fərqi mövcuddur. Həmçinin göstərilən sahəyə digər şəxsin (X4) müraciəti olmuşdur. xx.xx.2023-cü il tarixdə İdarənin mütəxəssisləri tərəfindən əmlaka texniki baxış keçirilən zaman məlum olmuşdur ki, torpaq sahəsi qonşu sahə ilə ümumi hasar daxilində yerləşir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin və üçüncü şəxsin nümayəndələri iddiaya ayri-ayrılıqda etiraz edərək, onun təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia torpaq sahəsinə hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia həm də əsaslıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Sabunçu rayonu Pirşağı bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 12 saylı protokolundan çıxarışdan görünür ki, İddiaçı ərizəsinə əsasən Bələdiyyə statusu haqqında qanunun 8-ci maddəsinə əsasən onun istifadəsində olan torpaq sahəsi müddətli icarə müqaviləsi ilə ona icarəyə verilməsi qərara alınmışdır. Bakı şəhər Sabunçu rayonu Pirşağı Bələdiyyəsinin bələdiyyə mülkiyyətində olan (yaşayış və qeyri-yaşayış) torpaq sahəsinin İcarəyə verilməsi haqqında 831 nömrəli, xx.xx.2005-ci il tarixli icarə müqaviləsindən görünür ki, icarəverən Bakı şəhəri Pirşağı bələdiyyəsi bələdiyyənin xx.xx.2005-ci il tarixli 12 saylı ümumi iclasının qərarına əasən İddiaçı Pirşağı bağ massivi ünvanında yerləşən ümumi sahəsi 1225 kv.m təşkil torpaq sahəsini bağçılıq məqsədilə müddətli icarəyə vermişdir. Müqavilənin 3.1-ci maddəsinə əsasən icarə müqaviləsinin müddəti 10 il, xx.xx.2005ci ildən xx.xx.2015-ci ilədək müəyyən edilmişdir. Müqavilənin 3.2-ci bəndinə əsasən istifadəçi öhdəliklərini göstərilən müddətdə yerinə yetirdikdə müqavilənin müddəti yenidən artırılır. Bakı şəhəri Sabunçu rayonu Pirşağı Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 51/tx-24 nömrəli məktubundan görünür ki, İddiaçı Pirşağı bələdiyyəsi ilə bağladığı xx.xx.2005-ci il tarixli 831 nömrəli icarə müqaviləsində olan 1225 kv.metr torpaq sahəsi vətəndaş İddiaçı istifadəsindədir, müqavilə bağlanıldığı gündən icarə haqqı ödənilmiş, müqavilə hal hazırda qüvvədədir. İcarə müqaviləsi bağlanıldığı gündən 2023-cü ilə qədər icarə haqqı ödənilmişdir. Son ödəniş tarixi 2023-cü il tarixində 129 (yüz iyirmi doqquz) azn ödənilmişdir. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli müayinə aktından görünür ki, 1 tərəf dalan 2 tərəf yol 1 tərəf qonşudur. Ümumi hasar daxilindədir (1 hasar daxilində 2 torpaq sahəsi). İcazəsiz tikili yoxdur. Torpaq sahəsinin koordinat cadvəli akta əlavə edilmişdir. Şərq tərəf sərhəddən 6 KV-lıq YGEX xətti keçir (6.5- 7.0 metr məsafədən). İddiaçı hazırda bu müqaviləyə istinad edərək, Pirşağı bələdiyyəsi tərəfindən onun icarəsinə verilmiş 1225 kv.metr torpaq sahəsinə icarə hüququnun qeydə alınmasını xahiş edir. Məhkəmə qeyd edir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. Göründüyü kimi, qanunverici bələdiyyəyə məxsus əmlakın icarəyə verilməsinə dair aktı, daşınmaz əmlaka hüququn dövlət reyestrində qeydə alınması üçün əsas kimi müəyyən etmişdir. İşdən görünür ki, mübahisəli torpaq sahəsi iddiaçıya Pirşağı bələdiyyəsinin iclasının qərarı ilə ayrılmış, daha sonra iddiaçı ilə icarə müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.3-cü maddəsinə əsasən əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66.1-ci maddəsinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 19.1-ci maddəsinə görə daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. İcarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınması barədə ərizəni daşınmaz əmlakın icarə (istifadə) müqaviləsi üzrə tərəflərdən biri verə bilər. Daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) hüququ, daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) müqaviləsi bağlamaq hüququ olan müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında dövlət reyestrində qeydiyyata alınır. İstinad olunan normalardan görünür ki, əgər torpaq sahəsinə dair icarə müqaviləsi on bir aydan artıq müddətə bağlanmışdırsa, icarə hüququ qeydə alınmalıdır. Deməli, iddiaçı onunla bağlanmış müqavilə əsasında yaranmış icarə hüququnun qeydə alınmasını tələb etməkdə haqlı olmuşdur. İşdən görünür ki, cavabdeh iddiaçının bu tələbini təmin etməmiş, bu zaman aşağıdakı dəlillərə istinad etmişdir:

1. Sabunçu Rayon Pirşağı Bələdiyyəsinin qərarı təqdim edilməmişdir;

2. göstərilən torpaq sahəsinin bələdiyyə ərazisi olması barədə məlumat aşkar olunmamışdır;

3. göstərilən sahə Pirşağı bağ massivinin ərazisidir, çox hissəsi uşaq bağçasının ərazisində və bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir;

4. yerləşmə cizgisində istinadlar və məsafələr qeyd edilməmiş, eləcə də cizgi ilə faktiki vəziyyət arasında perimetrik ölçü və konfiqurasiya fərqi mövcuddur;

5. göstərilən sahəyə digər şəxsin (X4) müraciəti olmuşdur;

6. iddiaçı tərəfindən təqdim edilən icarə müqaviləsinin qüvvədə olma müddəti xx.xx.2015-ci il tarixində bitmişdir;

7. torpaq sahəsi qonşu sahə ilə ümumi hasar daxilində yerləşir. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən cavabdehin bu dəlilləri ilə razılaşmır. Birincisi, “Bələdiyyələrin statusu haqqında” Qanununa əsasən: “Bələdiyyələrin statusu haqqında” Qanununa əsasən: -maddə 16.4.Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin İİ hissəsinə uyğun olaraq, bələdiyyə iclaslarında baxılan məsələlərə dair bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qərarlar qəbul edilir. - maddə 16.5. Bələdiyyənin iclası bələdiyyənin sədri, sədr olmadıqda isə sədr vəzifəsini icra edən şəxs tərəfindən aparılır. İclasın katibi bələdiyyə üzvləri sırasından seçilir. Bələdiyyə sədri, sədr olmadıqda isə onun müavini bələdiyyə üzvlərinin və ya bələdiyyə ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların azı iyirmi beş faizinin təşəbbüsü ilə çağırılan iclasa sədrlik etməkdən boyun qaçırdığı halda iclasın sədri iclasda iştirak edən bələdiyyə üzvləri tərəfindən bələdiyyə üzvləri sırasından seçilir. -Maddə 16.6. Bələdiyyənin bütün iclasları protokollaşdırılır. Protokol iclasın sədri və katibi tərəfindən imzalanır və bələdiyyənin möhürü ilə təsdiqlənir. İclasın protokolunda onun nömrəsi (hər ilin əvvəlində nömrələr yenilənməlidir), iclasın keçirildiyi yer, tarix, iclasda iştirak edən və etməyən bələdiyyə üzvlərinə və dəvət olunan şəxslərə dair məlumat, iclasın sədri, katibi, iclasın gündəliyi, gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticəsi, məruzəçilərin adları, soyadları, məruzənin qısa məzmunu, çıxışların qısa məzmunu, müzakirə olunmuş məsələlərə dair qəbul edilmiş qərar, habelə bununla bağlı keçirilən səsvermənin nəticəsi göstərilməlidir. Protokol təsdiqlənənədək bələdiyyə üzvünün onun mətni ilə tanış olmaq və öz yazılı qeydlərini bildirmək hüququ vardır. Bələdiyyənin iclas protokolu müvafiq kitabda qeydiyyata alınır, həmin kitab üzrə verilən nömrə protokolun nömrəsi hesab olunurişdə Pirşağı bələdiyyəsinin qərarı olmasa da, bələdiyyə iclasının protokolu təqdim edilmişdir, hansı ki, həmin protokoldan görünür ki, iddiaçıya mübahisəli torpaq sahəsinin ayrılması qərara alınmışdır. İşdən görünür ki, xx.xx.2005-ci ildə Pirşağı bələdiyyəsinin iclası keçirilmiş, iddiaçıya mübahisəli torpaq sahəsinin ayrılması barədə qərar qəbul edilmiş, bu iclas protokollaşdırılmışdır. Həmin iclasında qəbul edilmiş qərarın rəsmi formalı sənəd kimi tərtib edilməsi isə iddiaçının səlahiyyətində və məsuliyyətində olmamışdır. Pirşağı bələdiyyəsi həmin iclasda qəbul edilmiş qərar əsasında iddiaçı ilə icarə müqaviləsi bağlamış, iddiaçı da həmin müqavilə əsasında ödənişləri həyata keçirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, rəsmi rekvizitlərə malik ayrıca qərar formasında inzibati aktın tərtib edilməməsi bələdiyyə iclası ilə mübahisəli torpaq sahəsinin iddiaçının icarə verilməsini təkzib edə bilməz. İkincisi, Azərbaycan Respublikası Torpaq Məcəlləsinə əsasən: -maddə 5.1. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur. -maddə 47.1. Torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır. - maddə 47.2. Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır. Cavabdeh hazırda mübahisəli torpaq sahəsinin bələdiyyə ərazisi olmasının müəyyən edilmədiyinə istinad etsə də, bələdiyyə ərazisinin sərhədlərini müəyyən edən xəritəni təqdim etməmiş, bununla da mübahisəli ərazinin bələdiyyə ərazisi olmadığını sübuta yetirə bilməmişdir. Üçüncü dəlilə münasibətdə məhkəmə qeyd edir ki, işdə olan "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, qeyd olunan torpaq sahəsi "xxxx" ASC-nin balansında olan 10 KV-luq elektirik verilişi xəttinin mühafizə zonasında yerləşir. Lakin qeyd olunan torpaq sahəsi elektrik verilişi xəttinə texniki xidmət göstərilməsinə, istismarına hər hansı bir maneçilik törətmir. Həmçinin iddiaçının naturada istifadə etdiyi torpaq sahəsinə baxış keçirən cavabdehin sonuncu dəfə məhkəməyə təqdim etdiyi xx.xx.2025-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsi faktiki olaraq 1225.0 kv.m təşkil edir. Vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi Pirşağı bağ massivində yerləşir. Bağların bölgüsünə dair sxematik xəritəsində bu hissədə bağ nömrəsi qeyd olunmamışdır. Sahənin bələdiyyəyə ayrılması nəzərdə tutulan ərazi hüdudlarında yerləşibyerləşməməsi barədə məlumat aşkar edilməmişdir. Torpaq sahəsi “yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aiddir. Göstərilən sahə ərazidən keçən elektirik xəttinin mühafizə zonasına düşmür. Göründüyü kimi, cavabdeh sonuncu dəfə mübahisəli torpaq sahəsinə baxış zamanı elektirik xəttinin mühafizə zonasına düşmədiyini qəbul etmiş, həmçinin torpaq sahəsinin uşaq bağçasının ərazisində yerləşməsi barədə dəlilini irəli sürməmişdir. Məhkəmə qeyd edir ki, işdə olan yay uşaq bağçasının yerləşdiyi torpaq sahəsinin şərti istinad planından da görünür ki, 6225 kv.metr sahəsi olan torpaq sahəsinin iki tərəfindən bağ sahəsi yerləşir, digər iki tərəfindən isə yol keçir və vahid hasar daxilindədir. Lakin cavabdehin təqdim etdiyi ortofoto görüntüsündən görünür ki, orada uşaq bağçasının ərazisi kimi iki hissə göstərilmişdir, hansı ki, həmin hissələrin yerləşmə yeri yuxarıda göstərilən torpaq sahəsinin şərti istinad planındakı yerləşmə yeri ilə uyğunsuzluq təşki edir. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin bu dəlili də əsasızıdır. Bundan əlavə, cavabdeh həmçinin göstərilən torpaq sahəsinə X2 müraciətinin daxil olduğunu bildirmiş, məhkəmə tərəfindən əldə edilmiş həçmin müraciətdən müəyyən edilmişdir ki, F.Dürüstkar 1192z saylı bağ sahəsinə hüququnun qeydə alınmasını xahiş etmişdir. İşdə olan ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 1129Z saylı bağ sahəsi X1 mülkiyyət hüququ xx.xx.2019-cu il tarixə qeydə alınmışdır. Belə olan halda isə aydın olur ki, F.Dürüstkarın iddia etdiyi, sonradan mülkiyyət hüququ ilə qeydə alınan torpaq sahəsi iddiaçının istifadəsinə olan sahə deyil, digər bir ərazi olmuşdur. İcarə müqaviləsinin qüvvədə olma müddətinin bitməsinə gəldikdə, məhkəmə qeyd edir ki, “Torpaq icarəsi haqqında” Qanunun 15-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsinin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı Azərbaycan Respublikasının qanunvericiliyində və müqavilədə nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 719.2-ci maddəsinə görə torpaq icarəsi müqaviləsi azı üç il müddətinə bağlandıqda bu müqavilə üzrə hüquq münasibətləri o halda qeyri-müəyyən müddətə uzadılır ki, iştirakçılardan biri bu barədə sorğu verdikdən sonra digər iştirakçı həmin münasibətlərin davam etdirilməsindən üç ay ərzində imtina etməsin. İşdən görünür ki, Pirşağı bələdiyyəsi icarə müqaviləsinin müddətinin uzadıldığını və müqavilənin hazırda qüvvədə olduğunu bildirmiş, bununla bağlı müqavilədə müvafiq qeydlər aparmışdir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətini təmin etməkdən imtina edərkən istinad etdiyi dəlillər əsassız olmaqla, formal mülahizələrdən ibarət olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olmuş, cavabdehin dəlilləri əsassız olmaqla formal xarakter daşımışdır. İddiaçı qanunvericiliklə zəruri olan hüquqmüəyyənedici sənədləri təqdim etdiyindən belə formal əsaslar onun hüquqlarının qeydə alınmasından imtina üçün əsas kimi qiymətləndirilə bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,

qərara aldı:

İddia təmin olunsun. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağ massivində yerləşən 1225 kv.metr torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Qənbərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar