Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4421/2025 12.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, İslamova Minayə Etibar qızının katibliyi ilə, İddiaçıun cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, dəymiş 50 000 (əlli min) manat mənəvi zərərin ödənilməsi vəzifəsini Müdafiə Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 14 mart 2024-cü il tarixli, 2-1(116)-1507/2024 nömrəli qərardadı ilə iş baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 aprel 2024-cü il tarixli, 2- 1(107)-257/2024 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-2122/2024 nömrəli qərardadı ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 may 2024-cü il tarixli, 2- 1(107)-257/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmamış, şikayətin qəbulundan imtina edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1979-cu il tarixində Azərbaycan Respublikası, Laçın rayon, Pircahan kəndində anadan olmuşdur. 1996-cı ildən 2013-cü ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət etmişdir. Xidmət müddətində Müdafiə Nazirliyinin tərkibində olan N saylı hərbi hissələrdə mayor rütbəsində zabit kimi müxtəlif vəzifələrdə xidmət etmişdir. Hal hazırda ehtiyyatda olan zabitdir, Prezident təqaüdçüsü, 2-ci qrup müddətsiz Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlildir. 2004-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001) yubley medalı ilə, 2008-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illik yubley medalı ilə, 2011-ci ildə 3-cü dərəcəli qüsursuz xidmətlərə görə medalı ilə təltif olunmuşdur. Qeyd etmək istəyir ki, xidmətinin axırıncı 8 ilini düşmənlə təmas xəttində olan cəbhədə Qazax rayon Daşsalahh, Kəmərli, Aslanbəyli, Qaymaqlı, Abbasbəyli, Fərəhli, Məzəm, Quşçuayrım, Cəfərli, Qızılhacılı kəndlərinin ərazilərində keçirmişdir. Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda aparılan 44 günlük X3, Tərtər və Murov dağ istiqamətlərində bir çox hərbi hissələrdə şəxsi heyyətə maddi və mənəvi dayaq olmaqla ehtiyatda olan zabit kimi əsgərlərin yanında olmuşdur. Beləliklə 3 il əvvəl Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3029/2021 nömrəli xx.xx.2021-ci il tarixli qanuni qüvvəsini almış və icra edilmiş qərarı ilə bağlı Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli icraatın təzələnməsinə dair ərizəsi yazmaqla Müdafiə Nazirliyi hüquqlarını pozmaqla qanunların aliliyinə biganə münasibət bəslədikləri üçün ona külli miqdarda mənəvi zərər vurmuşdur, yəni onun haqsız-əsassız olaraq qanuni qüvvəsini almış qərarı mübahisələndirdiyi, müraciətinə müsbət cavab verməməklə məhkəmə çəkişmələrinə cəlb edilməyi, yollarda qalmağı, əsəb-stres keçirməyi, həddindən artıq müalicələrdə olmağı, səhətinin zəifləməsinə gətirib çıxaran halların olması, daima həkim nəzarətində olmağı və sair digər bu kimi hallara yol verməkləri nəticəsində ona 50 000 (əlli min) manat mənəvi zərər vurmuşdurlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya xx.xx.2025-ci il tarixli yazılı etirazı məhkəməyə təqdim edilmişdir. Etirazda bildirilmişdir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 100-cü maddəsinə görə, qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, inzibati məhkəmə icraatının iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Həmin Məcəllənin 102-ci maddəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə vermiş şəxs (ərizəçi), habelə qərarına qarşı ərizə verilmiş məhkəmədə icraatın iştirakçıları olmuş başqa şəxslər, yeni açılmış hallar üzrə məhkəmə icraatının iştirakçıları sayılırlar. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə vermək hüququ inzibati məhkəmə icraatının iştirakçılarının məhkəməyə müraciət etmək hüququdur. Yeni açılmış hallarla bağlı cavabdeh də məhkəməyə ərizə verməklə müraciət hüqqundan istifadə etmişdir. Yuxarda qeyd edilənlərə əsasən iddiaçıya hər hansı maddi ziyan dəymədiyindən iddia tələbi təmin edilməməlidir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan iddiaya baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1- ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iş üzrə iddiaçı zərərin ödənilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Beləliklə, hazırkı iddiaya münasibətdə ümumi və xüsusi mümkünlük şərtləri ödənilir. İşin hallarından müəyyən olunur ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3029/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarı ilə İddiaçı xx.xx.2008-ci il tarixdə aldığı “Qapalı kəllə beyin travması, baş beyin silkələnməsi xəsarətinin səbəbli əlaqəsinin “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının üzərinə qoyulmuşdur. Məhkəmənin qərarı qanuni qüvvəyə minmiş və MN Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2021-ci il tarixli 195 nömrəli qərarı ilə məhkəmə qərarı icra olunaraq iddiaçı müvafiq qaydada şəhadətləndirilmişdir. Daha sonra Müdafiə Nazirliyi xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək iş üzrə icraatın təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3029/2021 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə mümkün sayılmamışdır. Müdafiə Nazirliyi xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək 2- 1(112)-3029/2021 nömrəli iş üzrə Müdafiə Nazirliyinin 3-cü şəxs qismində məhkəmə icraatına cəlb olunması, icraatın təzələnməsi və işə mahiyyəti üzrə qərar qəbul edilməsini xahiş etmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3029/2021 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə mümkün sayılmamışdır. İddiaçı Müdafiə Nazirliyi tərəfindən verilmiş ərizələr üzrə məhkəmə çəkişmələrində iştirak etməyi, sağlamlıq, əsəbilik, həyəcana məruz qaldığını iddia edir və mənəvi zərərin əvəzi olaraq ona 50.000 (əlli min) manat təzminatın ödənilməsini mübahisələndirir. Məhkəmə qeyd edir ki, inzibati orqanların qanunsuz qərarları və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyanın əvəzinin ödənilməsinə dair iddia qaldırmaq imkanı Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ abzasında, eləcə də “İnzibati icraat haqqında” Qanunda aydın şəkildə təsbit olunmuşdur. “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinə görə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Məhkəmə qeyd edir ki, inzibati orqanların ən mühüm vəzifələri qanuni davranış və inzibati fəaliyyətin həyata keçirilməsi zamanı vətəndaşların maraqlarının qorunmasıdır. Bu məqsədlə İİQ-nin 89.1-ci maddəsinə uyğun olaraq, inzibati orqan özünün qanunsuz hərəkətinə görə məsuliyyət daşıyır. Eyni zamanda qeyd edilməlidir ki, maddədə qeyd edilmiş “ziyan” anlayışı həm maddi və həm də mənəvi ziyanı nəzərdə tutur. Azərbaycan Respublikası Ali Məhkəməsinin 3 noyabr 2008-ci il tarixli 7 nömrəli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Plenum Qərarında göstərilmişdir ki, “Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.
4. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər.
8. Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.” Beləliklə, Plenum Qərarındakı mövqeyi və ziyan vurma ilə bağlı normaları ümumiləşdirərək qeyd etmək olar ki, inzibati hüququn ümumi prinsiplərinə əsasən, inzibati orqanların qanunsuz qərarları və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyanın əvəzinin ödənilməsinə dair iddialarda sübutetmə vəzifəsinə dair ümumi qaydalardan istifadə olunur. Bu halda iddiaçı inzibati orqanın daşıdığı vəzifə borcunu qanunsuz olaraq pozduğunu və ona həmin pozuntu ilə səbəbli əlaqədə olan zərər vurulduğunu sübut etməlidir. Başqa sözlə, dəymiş zərərin ödənilməsi o zaman əsaslı sayılır ki, bu zərər aşağıdakı halların vəhdət halında mövcudluğunda yaransın: -qanunsuz hərəkət və ya hərəkətsizlik -qanunsuz hərəkət və ya hərəkətsizlikdə təqsir -birbaşa mənəvi sarsıntı və fiziki iztirab keçirməyə gətirib çıxaran təqsirli qanunsuz hərəkət və ya hərəkətisizlik -təqsirli qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi ziyan arasında səbəbli əlaqə. Hazırkı işin hallarını şərh olunanlara uyğun qiymələndirildikdə cavabdeh inzibati orqanın birbaşa hərəkətləri ilə iddiaçıya mənəvi zərər vurulması müəyyən olunmur. Məhkəmə bu nəticəyə gələrkən o halları nəzərə alır ki, iddiaçının mənəvi zərər vurulduğunu iddia etdiyi iş üzrə iddiaçı ilə inzibati orqan arasında baş vermiş məhkəmə mübahisəsi iddiaçının şəhadətləndirilməsi ilə bağlı olmuşdur. Məhkəmə qeyd edir ki, qeyd edilən iddia üzrə iddiaçı hüququn realizə edilməsi üçün ilkin olaraq inzibati orqana müraciət etmiş, inzibati orqan iddiaçının müraciəti əsasında inzibati icraatı aparmış və yekun olaraq müraciəti təmin etməkdən imtina etmişdir ki, qeyd edilən imtina iddiaçı inzibati məhkəmə icraatında mübahisələndirmişdir. Həmin iş üzrə iddia tələbi məhkəmə qaydasında təmin edildikən və icra edildikdən sonra X1 Hərbi Həkim Komissiyasının tabeliyində olduğu Müdafiə Nazirliyi həmin iş üzrə yeni açılmış hallarla bağlı ərizə və ya üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmə ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan hərbi qulluq münasibətlərində dövlət siyasətini həyata keçirən, bu sahədə qəbul edilmiş hüquqi tənzimləmə vasitəsi olan hərbi qulluqçuların statusuna dair qanunvericiliyi bilavasitə tətbiq edən inzibati orqandır. İddiaçının publik hüququn müdafiəsi ilə bağlı məhkəməyə müraciət etmək, məhkəmə qərarlarından şikayət vermək hüququ olduğu kimi inzibati orqanın da inzibati məhkəmə icraatına cəlb edilmə ilə bağlı müraciətlər etmək, qəbul edilmiş məhkəmə aktlarından şikayət etmək imkanı mövcud olmuş, bu hüqu prosessual qanunvericiliklə məhdudlaşdırılmamış və inzibati orqan bu imkan və səlahiyyətdən qanunamüvafiq qaydada istifadə etmişdir. Qeyd edilən məhkəmə mübahisəsində çəkişmə prinsipinə uyğun aparılmış hərəkətlər inzibati orqanın iddiaçıya bilavasitə zərər vurulmasına yönəlmiş hərəkətləri kimi qiymətləndirilməməlidir. Odur ki, mənəvi zərərin ödənilməsi ilə bağlı iddia ilkin olaraq Müdafiə Nazirliyinin əməlində fərdi qaydada iddiaçı vətəndaşa qarşı bilavasitə zərər vurmaya yönəlmiş hərəkət və ya hərəkətsizlik olmadığından təmin edilməməlidir. Nəzərə almaq lazımdır ki, iddiaçının hüquqularının məhkəmə müdafiəsi iddiaçının sosial təminat hüquqlarının təmini ilə yekunlaşmış, məhkəmələrin qanuni qüvvəsini almış qərarları ilə qoyulmuş öhdəliklər inzibati orqan tərəfindən tam yerinə yetirilmişdir. Müdafiə Nazirliyi tərəfindən verilmiş ərizələr isə məhkəmənin qanuni qüvvəsini almış aktları ilə mümkün sayılmamışdır. Başqa sözlə, iddiaçının hüquqlarının təmini ilə başa çatmış məhkəmə müdafiəsi hüququ təkcə iddiaçının maddi anlamda hüququnun bərpası ilə deyil, həm də həmin hərəkətlərin məhkəmələr tərəfindən qanunsuz hesab edilməsi, pozulmuş hüququn bərpası, son olaraq isə ərizələrin mümkün sayılmaması mənəvi zərərin ödənilməsini də ehtiva etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 3 noyabr 2008-ci il tarixli 7 nömrəli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Plenum Qərarının 7-ci bəndinə əsasən (.....) məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər). İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmadığından təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Aygün Əhədova