Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4422/2020 02.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X12 iştirakı ilə iddiaçı – İddiaçı (yaşayış yeri: Bakı şəhəri, Nəsimi rayonu, S.Salayev küçəsi, ev 37A, mənzil 10) cavabdeh – Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (yerləşdiyi yer: Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, 13) qarşı «cavabdehin imtinasının qanunsuz sayılması, iddiaçıya məxsus yaşayış sahəsinin qeyri-yaşayış sahəsi kimi qeydiyyata alınması, bu barədə reyestrdən çıxarışın və texniki pasportun verilməsi»nə dair iddia tələbi üzrə inzibati mübahisəyə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «cavabdehin imtinasının qanunsuz sayılması, iddiaçıya məxsus yaşayış sahəsinin qeyri-yaşayış sahəsi kimi qeydiyyata alınması, bu barədə reyestrdən çıxarışın və texniki pasportun verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində qeyd edilir ki, ünvan 1 ünvanındakı 45,7 kv.m ölçüdə sahə iddiaçının (İddiaçı) mülkiyyətindədir və bu barədə xx xxxxx 2010-cu il tarixli reyestrdən çıxarış verilmişdir. Bakı şəhəri Nərimanov RİH-in komissiyasının tərtib etdiyi xx xxxxx 2018-ci il tarixli texniki rəydə göstərilir ki, həmin ünvandakı fərdi yaşayış evi onun (iddiaçının) mülkiyyətindədir. Mənzilin birinci mərtəbədə yerləşməsi, ümumi sahəsi 52,95 kv.m olması öz əksini tapmışdır. Bakı şəhəri Nərimanov RİH-in 229 saylı x xxxx 2018-ci il tarixli sərəncamına əsasən həmin fərdi yaşayış evinin təyinatının dəyişdirilməsinə icazə verilmişdir. Yerində baxış zamanı müəyyən edilmişdir ki, həmin ünvanda yerləşən fərdi yaşayış evinin 45,7 kv.m sahəsi xx xxxxx 2010-cu il tarixli reyestrdən çıxarışa əsasən iddiaçıya mülkiyyətindədir. Uzun müddət öncə mənzildə aparılmış əlavə tikinti işləri nəticəsində küçə tərəfdən giriş qapısı olan 52,95 kv.m sahənin qeyri-yaşayış sahəsi kimi istifadə olunması müəyyən edilmişdir. Bakı şəhəri Nərimanov RİH-in 229 nömrəli x xxxx 2018-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Ak. H.Əliyev küçəsi, 21 ünvanında yerləşən 52,95 kv.m sahəsi olan evin təyinatının dəyişdirilməsinə icazə verilmişdir. Bununla bərabər, həmin fərdi yaşayış evinin iddiaçıya məxsus olan hissəsinə xx xxxxx 2010-cu il tarixli reyestrdən çıxarışda qeyd olunan digər payçıların (Qurbanova Qönçəgül Ağaniyaz qızı, X17, X18, X19, X13, X14 və X20) qeyri-yaşayış sahəsi kimi istifadəsinə etiraz etmədiklərinə dair ərizələr mövcuddur. Göstərilənlərə və İPM-in 2.2., 33, 45, 46, 70-cı maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 24-cü maddəsinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsaslanaraq, cavabdehin imtina qərarının ləğv edilməsi və iddiaçıya məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ak. H.Əliyev küçəsi, 21 ünvanında yerləşən 52,95 kv.m ölçüdə fərdi yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməklə reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə cavabdehə təqdim edilmişdir. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi məhkəməyə iddiaya qarşı yazılı etirazını təqdim etmişdir. Etirazda aşağıdakılar qeyd olunur: - İddiaçı iddiası etirazla qarşılanır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 135 saylı xx xxxxxxx 2014-cü il tarixli Fərmanına əsasən Dövlət reyestrinin bölmələri daşınmaz əmlakın dövlət reyestri nömrələri ilə nömrələndiyindən və dövlət reyestrinin bölmələrinə konkret daşınmaz əmlak növünün adı verildiyindən, fərdi yaşayış evinin və qeyri-yaşayış sahəsinə eyni reyestr nömrəsinin verilməsi nəzərdə tutulmamışdır. Fərdi yaşayış evinin bir hissəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Belə ki, fərdi yaşayış evinin tam olaraq mövcud vəziyyətdə çoxmərtəbəli yaşayış binasına keçirildikdən sonra qeyri-yaşayış sahələrinə ayrıca daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilə bilər. Hal-hazırda sözügedən fərdi yaşayış evi X19, X13, X15, X14, X18, X24, X11, İddiaçı, X17, Əliyev Akif Böyükkişi oğlu, X1 paylı mülkiyyətindədir. Göstərilənlərə və İPM-in 48.2-ci maddəsinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 135 saylı xx xxxxxxx 2014-cü il tarixli Fərmanının 10, 18.4-cü bəndlərinə əsaslanaraq, İddiaçı iddiasının təmin edilməməsi məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclas təyin edilmiş və iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X22 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətin (etirazın) məzmununda göstərilənləri təsdiqlədiyini bildirdi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci madfdəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İş materiallarında olan olan DİDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı ******* nömrəli reyestrdən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən yaşayış evi İddiaçı, X4, X5, X6, X7, X3, X8, Əliyeva Qönçəgül Ağaniyaz qızının, X16, X2, X9 ümumi paylı mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, Bakı şəhəri Nərimanov RİH-in müvafiq tərkibdə yaradılmış komissiyası tərəfindən xx xxxxx 2018-ci il tarixdə aşağıdakılar müəyyən edilərək texniki rəy tərtib edilmişdir: - Nərimanov rayonu, Ak. H.Əliyev küçəsi, 21 ünvanında xx xxxxx 2010-cu il tarixli ******* nömrəli çıxarışa əsasən İddiaçı Nizamı oğlunun mülkiyyətindədir. Mənzil birinci mərtəbədə yerləşir, ümumi sahəsi 52,95 kv.m təşkil edir. Ev hal-hazırda qeyri-yaşayış sahəsi kimi istifadə olunur. Vətəndaş İddiaçı xahişini, təqdim edilmiş sənədləri və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 20 və 21-ci maddələrini nəzərə alaraq, komissiya mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsini mümkün hesab edir. İş materiallarından görünür ki, Bakı şəhəri Nərimanov RİH başçısının 229 nömrəli x xxxx 2018-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Nərimanov rayonu, Ak. H.Əliyev küçəsi, 21 ünvanında yerləşən 52,95 kv.m ölçüdə evin mövcud istifadə vəziyyətində təyinatının dəyişdirilməsinə icazə verilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ak. H.Əliyev küçəsi, 21 ünvanında olan 52,95 kv.m ölçüdə qeyri-yaşayış sahəsinə dair Bakı şəhəri Nərimanov RİH tərəfinfən x xxxx 2018-ci il tarixdə 52 nömrəli “Tikinti obyektinin istismarına icazə” tərtib olunaraq təsdiqlənmişdir. İş materiallarından görünür ki, X14, X10 nümayəndəsi X15, X17, X13, X21, Qurbanova Qönçəgül Ağaniyaz qızı və X19 Bakı şəhəri, Nərimanov rayonu, Ak. H.Əliyev küçəsi, 21 saylı evin İddiaçı məxsus hissəsinin qeyri-yaşayış sahəsi kimi fəaliyyət göstərməsinə etiraz etmədiyi barədə notarial qaydada yazılı razılıq ərizələri vermişlər. İş materiallarında olan “X30” MMC-nin xx xxxxxxxx 2020-ci il tarixli ƏEM/S61- 483/20 saylı mütəxəssis rəyinin nəticə hissəsində aşağıdakılar qeyd olunmuşdur: - Mütəxəssis qarşısında qoyulmuş sualın həlli ilə bağlı tədqiqat obyektinə "X30" MMC-nin mütəxəssisləri tərəfindən təqdim edilən sənədlər nəzərdən keçirilmiş, obyekt üzrə texniki vizual baxış keçirilmişdir.Müəyyən edilmişdir ki, ünvan 5 saylı ünvanda yerləşən yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla (çıxarış MA 0062749) mülkiyyət hüququ əsasında 52,95 kv.m sahəsi İddiaçı məxsusdur. Həmin evə dair DƏDRX, Bakı Şəhər Ərazi İdarəsi tərəfindən 11/1084 nömrəlixx xxxxx 2010-cu il tarixli “texniki pasport” tərtib edilmişdir. Texniki pasporta əsasən əmlakın ümumi sahəsi 52,95 kv.m, evin yerləşdiyi torpaq sahəsi isə, dövlət istifadəsində və paylı olmaqla 0,06829 ha təşkil edir. Texniki pasportda əks edilən "A" tikilisinin (1-d mərtəbə) planına istinadən İddiaçı məxsus pay bir dam altında olan ümumi fərdi yaşayış evinin 52,95 kv.m sahəsini təşkil etsə də, həmin obyektə Ak.H.Əliyev küçəsi istiqamətindən 3 ədəd ayrı giriş qapısı qoyulmuşdur. İki hissədə obyektin divarlarının qalınlığı 0,4 sm, digər 2 hissədə isə bu göstərici 0,20 qalınlıqlı divarlarla əvəz edilmişdir.Müayinə zamanı müəyyən edilmişdir ki, göstəricilər üzrə faktiki vəziyyətdə heç bir dəyişiklik edilməyib, daxili planlaşdırmada arakəsmələr götürülərək rekonstruksiya işləri apanlmış, giriş bir alüminium cəbhə qapı ilə əvəz edilmişdir.Hazırda obyekt digər yaşayış evlərindən təcrid olunmuşdur, qeyri-yaşayış sahəsi kimi istifadə edilir və bu təyinatla istismara tamamilə yararlıdır. Kommunal xidmətlərə görə ayrıca müqavilələr bağlanmışdır və hər ay elektrik, su və digər kommunal xidmətlərə görə ayrı qaydada pul ödənilir. DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən tərtib edilmiş “texniki pasport”a əsasən və faktiki vəziyyətdə hər bir yaşayış evinin aynca girişi və bütün kommunal şəraiti olan bir-birindən təcrid edilmiş yaşayış evləri yerləşir. Bu fakt hesabatda əks edilmiş fototəsvirlərlə də sübut olunur.Bütün payçıların hissələrinin bir çıxarışda əks edilməsinə baxmayaraq, faktiki olaraq İddiaçı məxsus pay ayrı bir obyektdir və alternativ istifadə imkanlarına malikdir.Təqdim edilmiş sənədlərdən göründüyü kimi, daşınmaz əmlakın birtipli layihə üzrə inşa edilməsinə, bir damın altında digər yaşayış sahələrinin də mövcudluğuna, iki hissədə vahid konstruktiv yükgötürən divarlara malik olmasma baxmayaraq, aparılan texniki müayinələr hüquq obyektinin ayrı-ayrılıqda digər təyinatla istismarını məqsədəuyğun hesab edir. Ayrı-ayrı hissələrə bölünmüş kimi qəbul edilməsini istisna etmir.Tədqiqat predmeti olan daşınmaz əmlaka yerində baxış keçirilərkən eyni zamanda müəyyən olunmuşdur ki, İddiaçı mülkiyyətində olan daşınmaz əmlak yaşayış evi kimi qeydə alınsa da, faktiki olaraq birmərtəbəli, aynca qeyri-yaşayış sahəsidir. Qonşuluğunda yerləşən evlə tədiqat obyektinin bir divarının ortaq olması və bir damın altında yerləşməsinə baxmayaraq, hər əmlakın ayrıca giriş-çıxışı və qapısı vardır. Qonşuların evlərinə giriş ayrıca həyətyanı sahədəndir. İddiaçı daşınmaz əmlakdakı ona məxsus paydan maneəsiz, qonşu sahələrdən istifadə etmədən sərbəst surətdə istifadə edə bilir. Beləliklə tədqiqatçı-mütəxəssis hesab edir ki, Bakı şəhəri, Nərimanov rayonu, Ak. H.Əliyev küçəsi, 21 saylı ünvanda yerləşən, 52,95 kv.m olan fərdi yaşayış sahəsinin İddiaçı məxsus hissəsi digər payçılara aid hissələrlə bir dam altında yerləşməsinə və onlarla vahid konstruktiv yükgötürən divarlara malik olmasına baxmayaraq, ona məxsus paya münasibətdə ayrı-ayrılıqda və qeyri-yaşayış sahəsi kimi istifadə etmək imkanlarına malikdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - (8.0.1) qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; - (8.0.10) Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: - (8.0.10.1) tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2-ci maddəısinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Həmin Məcəllənin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Həmin Məcəllənin 215.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. MPM-in 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21.1-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun qərarı əsasında həyata keçirilir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 5.1, 5.1.10-cu maddələrinə əsasən tikinti obyektlərinin istismarına icazə verilməsi şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlətin səlahiyyətlərinə aiddir. Həmin Məcəllənin 101-cü maddəsinə əsasən tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. Tikinti obyektinin (tikintisinə icazə tələb olunan reklam qurğuları istisna olmaqla) istismarına icazə müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum, tikintisinə icazə tələb olunan reklam qurğularının istismarına icazə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən verilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2008-ci il tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları»nın 3.2-ci bəndinə görə daşınmaz əmlak obyektinə ünvan aşağıdakı hallarda verilir və ya dəyişdirilir: (3.2.1) qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahəsi ayrıldıqda torpaq sahəsinə, (3.2.2) qanunvericiliyə uyğun olaraq daşınmaz əmlak obyektinin inşası və ya quraşdırılması aparıldıqda və ya obyekt müvafiq qaydada istismara qəbul edildikdə, (3.2.3) Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüququ tanındıqda, (3.2.4) daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alındıqda, (3.2.5) daşınmaz əmlak obyekti ayrı-ayrı hissələrə bölündükdə, (3.2.6) daşınmaz əmlak obyektlərinin birləşməsi nəticəsində yeni daşınmaz əmlak obyekti yarandıqda. Hazırkı inzibati məhkəmə icraatında sübut və dəlillər çərçivəsində işin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, Bakı şəhəri, Nərimanov rayonu, Ak. H.Əliyev küçəsi, 21 ünvanında yerləşən yaşayış evi ümumi paylı mülkiyyətdədir və evin 45,7 kv.m hissəsi daşınmaz əmlakın dövlət reyestrində İddiaçı mülkiyyəti kimi qeydiyyat alınmışdır. Sonradan evin iddiaçıya məxsus hissəsində dəyişiklik edilmiş və yaşayış sahəsinin müvafiq ölüdə genişləndirilərək (sahənin ölçülərinin dəyişdirilməsinin başqa şəxslərin mənafeyinə zidd olmasına dair xüsusatlar ortaya çıxmamışdır) qeyri-yaşayış sahəsinə keçirilməsi barədə səlahiyyətli orqan kimi Nərimanov RİH tərəfindən qərar – sərəncam qəbul edilmişdir. Bundan sonra, həmin dövrdə səlahiyyətli olan Nərimanov RİH tərəfindən iddiaçıya məxsus 52,95 kv.m ölçüdə olan həmin daşınmaz əmlakın istismarına icazə sənədi də verilmişdir. İddiaçı daşınmaz əmlakın dövlət reyestrində həmin əmlakın qeyriyaşayış sahəsi kimi qeydiyyata alınması ilə bağlı cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. İşdə olan mütəxəssis rəyindən görünür ki, evin iddiaçıya məxsus hissəsindən qeyri-yaşayış sahəsi kimi ayrılıqda istifadə olunması imkanları mümkündür. Məhkəmə belə olan halda hesab edir ki, iş üzrə müəyyən edilən həmin hallar iddiaçıya məxsus əmlaka həm yeni ünvan verilməsi, həm də onun ölçüləri genişləndirilməklə və qeyri-yaşayış sahəsi statusu ilə yenidən qeydiyyatının aparılması üçün əsas yaradır. Odur ki, məhkəmənin qənaətinə görə cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxxx 2015-ci il tarixli 319 nömrəli qərarı ilə «Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları» təsdiq edilmişdir. Qaydaların 4cü bəndinə görə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 gün müddətində icra edilir. Mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur. Məhkəmə həmçinin qeyd edir ki, qeyri-yaşayış sahəsinə hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı halda, mövcud qanunvericilik bu barədə reyestrdən çıxarışın və “texniki pasport”ün verilməsini birmənalı şəkildə nəzərdə tutur. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətkərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istfadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə İPM-in 13, 52-ci maddələrinə əsaslanaraq, iddia ərizəsindəki cavabdehin imtina barədə qərarının “ləğv edilməsi” ifadəsini “qanunsuz sayılması” kimi qəbul etmiş, digər qeyri-müəyyən ifadələr formal xəta kimi qiymətləndirmişdir. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunsuz sayılmalı, İddiaçı Nazim oğlunun ona məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ak. H.Əliyev küçəsi, 21 ünvanında yerləşən 52,95 kv.m yaşayış sahəsi qeyri-yaşayış sahəsinə keçirilməklə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunsuz sayılsın. İddiaçı Nazim oğlunun ona məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ak. H.Əliyev küçəsi, 21 ünvanında yerləşən 52,95 kv.m yaşayış sahəsi qeyri-yaşayış sahəsinə keçirilməklə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-4422/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4422/2020
02.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver