Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4424/2022 20.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinə (üçüncü şəxslər: X8, X6, X16, X7 və X4) qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi:
1. İddiaçı (bundan sonra – İddiaçı) X5, X2, X11, X3 və X1 qeydiyyatdan çıxarılması barədə ərizə ilə Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinə (bundan sonra – Cavabdeh) müraciət etmiş, cavabdeh xx.xx.2021-ci il tarixli 059-45422B-3221 nömrəli məktub ilə iddiaçının tələbini təmin etməkdən imtina edərək, müvafiq sənədləri təqdim etməli olduğunu bildirmişdir.
2. Bundan sonra İddiaçı Cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2011-ci il təvəllüdlü X5, xx.xx.1999-cu il təvəllüdlü X2, xx.xx.1974-cü il təvəllüdlü X11, xx.xx.1998-cu il təvəllüdlü X3 və xx.xx.1968-ci il təvəllüdlü X1 ünvan 2ndan qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, ünvan 2 Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 670 nömrəli xx.xx.2000-ci il tarixli sərəncama əsasən onun şəxsi mülkiyyətindədir. X8, X6, X16, X7 və X4 onun xəbəri olmadan mülkiyyətində olan mənzilə qeydiyyata düşmüşlər. Həmin şəxslərin hazırda harada olması barədə məlumatı xxxxxxx. Mənzil onun isiifadəsində və sərəncamındadır və bütün kommunal xərclər iddiaçı tərəfindən ödənilir. Adıçəkilən şəxslərin bu mənzildə qeydiyyatda olması iddiaçıya bir sıra əlavə maliyyə çətinlikləri yaratmaqla digər hüquqlarının həyata keçirilməsinə mane olur.
4. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişdir.
5. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə X8, X6, X16, X7 və X4 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər.
6. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi.
7. Cavabdeh xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli məktublarla işə nüməyəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir.
8. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi).
9. Məhkəmə iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır.
10. Belə ki, Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
11. İPM-nin sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın.
12. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını yoxlamalıdır.
13. Məhkəmə hesab edir ki, hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur. Çünki iddiaçı hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqa malik deyildir.
14. Belə ki, iddiaçıya məxsus şəxsiyyət vəsiqəsindən görünür ki, o, ünvan 2nda qeydiyyatdadır.
15. İşdə olan fərdi uçot kartoçkalarından görünür ki, üçüncü şəxslər X16, X4, X6 və X7 da xx.xx.2018-ci il tarixdən ünvan 2nda qeydiyyatdadırlar. Həmin fərdi uçot kartoçkalarından görünür ki, kartoçkanın 19-cu qrafasının 6-cı sırasında yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd qeyd edilməli olduğu halda həmin qrafa boşdur və həmin şəxslərin hansı əsasla mübahisəli ünvana qeydiyyata alınması göstərilməmişdir.
16. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, X8 anası X16 və atası X1 qeydiyyat ünvanı üzrə ünvan 2na qeydiyyata alınmışdır.
17. İş materialları ilə müəyyən olunur, həmin fərdi yaşayış evi özbaşına tikili olmaqla daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır.
18. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.3-cü maddəsinə əsasən əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir.
19. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli **********22 nömrəli məktubunda göstərilmişdir ki, ünvan 2nın qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir.
20. İddiaçı hazırda üçüncü şəxslərin qeydiyyatda olduqları həmin ünvandan qeydiyyatdan çıxarılmasını xahiş etsə də, belə bir iddia qaldırmaq üçün hüququnun mövcud olmasını təsdiq edən hər hansı bir sənədi məhkəməyə təqdim etməmişdir. Çünki İddiaçının özbaşına tikili olan həmin əmlaka hər hansı bir hüququ mövcud deyil və mübahisəli əmlaka münasibətdə üçüncü şəxslərlə eyni hüquqi statusa malikdir. Onun həmin evdə qeydiyyatda olması isə öz-özlüyündə həmin evə səlahiyyət yaratmamaqla birlikdə hazırkı iddianı irəli sürmək imkanı da vermir.
21. İddiaçı tələbinin faktini əsası kimi Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli 670 saylı sərəncamına istinad etsə də, həmin sənəddən görünür ki, İcra Hakimiyyəti həmin sərəncamla şəhid atası X9 Binəqədi qəsəbəsində uzun müddət bağ bostan kimi istifadə etdiyi ərazidən fərdi yaşayış evinin tikintisi üçün 600 kv.metr torpaq sahəsi ayırmışdır.
22. Göründüyü kimi, bu sərəncam mübahisəli yaşayış sahəsi ilə bağlı deyil, ünvanı göstərilməyən torpaq sahəsi ilə bağlı olmuş və sərəncam iddiaçı barəsində deyil, onun atası X12 barəsində qəbul edilmişdir.
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalı” olmasını bildirib subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”.
24. Məhkəmə qeyd edir ki, məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir.
25. İddiaçı hazırkı mübahisə predmeti ilə bağlı cavabdehə qarşı öz hərəkətlərinə hüquqi ixtiyar, ondan tələb hüququ və müdafiə hüququ kimi üç elementin məcmusundan ibarət olan subyektiv hüquqa malik olmasını sübuta yetirə bilmir. Buna görə də məhkəmə hesab edir ki, onun bu iddiası mümkün sayılmamalıdır.
26. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
27. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim: Səlma Salahova